"Azərbaycanın
güclü dövlətə
çevrilməsi bizləri
çox sevindirir"
Kəmalə Hüseynova: "Danimarkalıların
Azərbaycan musiqisinə
maraqları gündən-günə
artır"
Azərbaycan musiqisini
Danimarkada yaşadan və onu sevərək
təbliğ edən Danimarka-Azərbaycan Dostluq
Cəmiyyətinin Mədəniyyət
Mərkəzinin rəhbəri
Kəmalə Hüseynovanın
"Təzadlar" qəzetinə
müsahibəsi.
- Kəmalə
xanım, öncə oxucularımıza özünüz
haqqında məlumat verməyinizi istərdik.
- Mən
1965-ci ildə anadan olmuşam. Bakıda o vaxtkı Dzerjinski adına 11 illik orta ixtisas musiqi
məktəbini, eyni zamanda Bakı şəhəri 12 nömrəli
orta məktəbi fərqlənmə ilə
bitirmişəm. 1986-cı ildə indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universitetini qırmızı
diplomla bitirmişəm.
Onu da qeyd
etmək istərdim ki, Adil Bəbirov,
Eldar Mansurov, Kamilə Qarabağlı, Gülarə Axundova, Dilarə Əliyeva kimi istedadlı bəstəkar və musiqiçilərin tələbəsi
olmuşam, bununla da fəxr edirəm,
əldə etdiyim nailiyyətlərdə onların
əməyi böyükdür.
Həmin ildən etibarən ixtisasım üzrə əmək fəaliyyətinə başlamışam.
1988-ci ildə
ailə qurmuşam və həyat yoldaşım sovet ordusunun zabiti olduğu üçün
Macarıstanda, Rusiyada
və Ukraynada orta və musiqi
məktəblərində çalışmışam.Təbii
ki, sovet dönəmində hərbi
orkestrlərlə və
coxmillətli uşaq və gənclərlə apardığım işlərdə
böyük təcrübə
əldə etmişəm.1991-ci ildə ermənilərin Azərbaycana təcavüzü
başlayan kimi həyat yoldaşım vətənə dönərək
döyüşlərə qatıldı, mən isə Azərbaycan Respublikası Bədii Gimnastika Federasiyasında musiqi tərtibatçısı
və pianoçu kimi fəaliyyət göstərməyə başladım.
2003-cü ildən
ailəmlə Danimarkanın
Fredensborq şəhərində
yaşayıram. Danimarka
dili məktəbini bitirmişəm, özəl
Danimarka məktəbində,
ixtisas musiqi məktəbində və
özəl türk məktəbində musiqi,
xor və fortepiano dərsləri verirəm. Bundan əlavə, danimarkalı vətəndaşlardan
ibarət "Hafla"
instrumental ansamblında və
Danimarkanın qədim
Renessans xorunda fəaliyyət göstərirəm.
Danimarka-Azərbaycan Dostluq
Cəmiyyətinin Mədəniyyət
Mərkəzinin rəhbəri
kimi daim fəaliyyət göstərirəm.
- Danimarkada
Azərbaycan musiqisinə
maraq necədir və xüsusilə, hansı janrlarla maraqlanırlar?
- Bir çox avropalılar kimi, danimarkalılar da əsasən müasir estrada musiqisinə, yaşlı nəsil isə dini musiqiyə üstünlük verirlər.
Ümumiyyətlə, danimarkalılar
təvazökar, işguzar
və xoşməramlı
xalqdır. Hər yeniliyə böyük maraq göstərirlər.
Azərbaycan musiqisinə
maraqları gündən-günə
artır. Çıxışlar
və konsertlerdən sonra mənə yaxınlaşıb ifa etdiyim musiqi və mahların qaynaqları ilə maraqlanırlar. Azərbaycan
bəstəkarlarının CD-sini və ya
internet ünvanını istəyirlər.
Hesab edirəm ki, Azərbaycanımızı
geniş tanıtmaq üçün musiqimizin
və ümumiyyətlə,
zəngin mədəniyyətimizin
təbliği birinci yerdə olmalıdır. Çünki bu, protokol tədbirlərdən
daha effektivdir.
- Ümumiyyətlə,
Qərb müsiqisi ilə Şərq müsiqisi arasında fərqli cəhətlər
coxdurmu, yoxsa prinsip etibarilə hər ikisinin fəlsəfi mahiyyəti eynidir?
- Təbii
ki, Qərb musiqisi ilə bizim musiqi arasında
olduqca böyük fərq var və
fəxrlə qeyd etmək istərdim ki, bizim musiqimiz
qərb musiqisindən
qat-qat zəngin və maraqlıdır, bununla danimarkalıların
özləri də razılaşır. Nəinki
qərb musiqisi, şərqdə Azərbaycan
musiqisindən zəngin
və gözəl musiqi yoxdur. Bunu dəfələrlə
mənimlə söhbətlərində
Turkiyənin, Misirin, İraqın, özbəkistanın,
İranın peşəkar
musiqişünasları təsdiq
ediblər. Təkrarolunmazlığı
və rəngarəngliyi
ilə seçilən
Azərbaycan musiqisinə
bir dəfə qulaq asan, ömürlük
onun heyranı olur.
- İçtimai
işlərdə necə,
fəalsınızmı və
diasporamızın işləri
ilə maraqlanırsınızmi?
- Əlbəttə,
amma daha çox Türk özəl məktəbində
və Danimarka "Kompas" gənclər mərkəzində geniş
fəaliyyət göstərirəm.
Hər il keçirilən Beynəlxalq
Türkcə Olimpiadalarının
Danimarka üzrə musiqi tərtibatçısı
və münsiflər
heyətinin üzvüyəm.
Danimarka-Azərbaycan Dostluq
Cəmiyyətinin mədəniyyət
mərkəzinin rəhbəriyəm.
ümumiyyətlə, musiqi
özü-özlüyündə içtimai işdir, insanlarin ortaq nöqtəsidir.
- Bu gün
danimarkalıların təsəvvüründə
Azərbaycanla bağlı
fikirləri necədir?
- Mən
Danimarkaya yeni gələndə ətrafımızdakı
insanların əksəriyyəti Azərbaycanın
harada yerləşdiyini
belə bilmirdi, hətta bu, mənim xətrimə dəyirdi. Amma gün-gündən vəziyyət
dəyişir. Azərbaycanın
güclü dövlətə
çevrilməsi, dünyada
artan nüfuzu bizləri çox sevindirir. Artıq bu gün Azərbaycanı
geniş Danimarka kütləsinə tanıtmağa
nail olmuşuq. Yaxınlarda
küçədə bir
danimarkalının "Əsmərim"
mahnısını özü-özünə
zümzümə etdiyini
eşitdim və bunu gördüyüm işlərin ən böyük bəhrəsi
kimi qəbul edirəm.
Musiqimiz o qədər
gözəldir ki, hətta bir qrup təqaüdçü
danimarkalı xor təşkil edərək
onlara azərbaycan mahnılarını öyrətməyi
məndən xahiş
ediblər. Çox gözəl də oxuyurlar, bizim xalq mahnılarını çox bəyənirlər.
Bu gün, demək olar ki, Hillerod
və Fredensborq şəhər bələdiyyələrinin
əsas dövlət və mədəniyyət
tədbirlərində Azərbaycan
musiqisi və mahnıları səslənir
və alqışlarla
qarşılanır.
- Əslində
siz böyük işlər görürsünüz,
danimarkalılara musiqimizi
öyrətməklə xalqımızın
milli mənəvi dəyərləri ilə
onları məlumatlandırırsınız.
Oxucularımız üçün
də maraqlı olardı ki, Danimarkada sizin kimi içtimai-inzibati, elm
tədris mərkəzlərində
çalışan insanlar
varmı?
- Danimarkada
azərbaycanlı çox
azdır. Yəqin ki böyüklü-kiçikli
60-70 insan var və onlar bütün
Danimarkaya yayılmışlar.
Demək istərdim ki, azərbaycanlılar oxuyur, çalışır
və nailiyyətlər
əldə edirlər.
Aramızda gözəl
mütəxəssislər, həkimlər, iş adamlari var və
əldə etdikləri
nailiyyətlər Azərbaycanımızı
bir çox sahələrdə tanıdır.
Amma hesab edirəm ki, Azərbaycanımızı tanıtmaq
üçün geniş
danimarkalı auditoriyası
vacibdir. Həyat yoldaşım Elxan Fredensborg bələdiyyəsinin
mədəniyyət və
ictimaiyyət bölməsində
fəaliyyət göstərir
və Danimarka-Azərbaycan
Dostluq Cəmiyyətinin
sədridir.
Cəmiyyətimiz Danimarka
dövləti tərəfindən
dəstəklənir, fəaliyyətimiz
gərəkli və əhəmiyyətli qəbul
olunur. Azərbaycanla bağlı bir çox layihələr həyata keçirmişik
və bu gün də bu layihələr davam edir. Mənə
gəldikdəisə, ən
böyük arzum yaratdığımız danimarkalılardan
ibarət "Hafla"
ansamblı ilə Azərbaycanda konsert proqramı ilə çıxış etmək,
ansambl üzvlərinə
qədim və gözəl Azərbaycanımızı
göstərməkdir.
- Kəmalə
xanım, suallarımızı
cavablandırdığınız üçün sizə təşəkkürümüzü bildiririk və gələcək işlərinizdə
uğurlar azru edirik.
- Vətəndən
uzaqda yaşayan azərbaycanlıların həyatı
ilə maraqlandığınız
üçün "Təzadlar"
qəzetinin kollektivinə
təşəkkürümüzü bildiririk. Ölkəmizi, milli - mədəni irsimizi Avropaya tanıtmaq və sevdirmək üçün
əlimizdən gələni
etməyə həmişə
hazırıq.
Elnur Eltürk
Təzadlar.- 2011.- 23-26 aprel.- S.12.