Görkəmli yazıçı-alim,
unudulmaz müəllim
Əməkdar elm xadimi, yazıçı-alim, böyük ədib, professor Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanda anadan olmuşdur.
Yunan ədəbiyyatının görkəmli nümayəndəsi Homerin "Odisseya" əsərinin qəhrəmanı Odissey çox gözəl demişdir: "Doğrudan da Allah əqil-düşüncəni, yaraşığı, xoş kəlamı hamıya bir bərabərdə, bir ölçüdə bəxş eləmir".
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, yazıçı-alim, gözəl pedoqoq, əsl insan Mir Cəlal müəllimə isə bu mənəvi keyfiyyətlərin hamısı bir ölçüdə, bir bərabərdə bəxş olunub.
Böyük ədib xalqımızın həyat və məişətini, adət və ənənəsini çox gözəl bildiyindən, həm də dili təmiz ədəbi dil olduğundan, həqiqi yazdığından oxucu da qəlbən o hisslərə şərik olur.
Azərbaycan ədəbi dilinin, xüsusən bədii dilin inkişafında Mir Cəlal müəllimin müstəsna rolu olmuşdur. Ədəbi dil məsələlərinə bir yazıçı kimi deyil, bir alim, bir dilçi kimi yanaşmışdır. Dilimizin təmizliyi uğrunda mübarizə aparmışdır.
Analitik təfəkkürə malik Mir Cəlal müəllimin qələmi çox güclü və iti idi.
Ədib qısa yazmağı təbliğ edirdi, sözü, mətləbi uzatmamağa çağırırdı. Qısa, ancaq mənalı - bu onun çağırışı idi. O, yazırdı ki, qısa, lakin müdrik misralar daimi olur.
Mir Cəlal müəllim sözün dəyərini gözəl bildiyi üçün yazıları da həddindən artıq təsirlidir. O, hər bir sözü, ifadəni öz məqamına görə işlədər, məntiqi vurğunu təsirli bir vasitəyə çevirərdi. İnsan həyatında, insan münasibətlərində, insanın cəmiyyətdəki mövqeyinin təyin edilməsində sözün əhəmiyyətini və rolunu yüksək qiymətləndirərdi, nitq və üslub məsələlərinə də toxunar, fikri yığcam şəkildə, az sözlə ifadə etmək haqqında danışar və bununla əlaqədar olaraq deyirdi ki, kəlamın yaxşısı odur ki, az sözlə təkrara yol vermədən, üslubi, məntiqi yerində geniş məna ifadə edəsən.
Yazıçı bədii yaradıcılığa mühüm əhəmiyyət verir, gənc yazıçılara da insanlar və həyat haqqında yazılan, sözü zərgər dəqiqliyi ilə işlədən, xalqın qəlbinə işıq saçan əsərlər yazmağı tövisiyə edərdi.
Ədib qeyd edirdi ki, qoy, hər yazıçının öz orijinal stili və stilistikası olsun. Qoy, hər yazıçı bədii dil xəzinəmizə öz cığırı ilə gəlsin və özünün yeni mirvarilərini gətirsin. Lakin bir şərt hamı üçün vacib və məcburidir: yazımız asan, aydın, sadə dildə yazılsın. Onu da göstərmişdir ki, biz də klassiklərimizdən dərindən öyrənməli, fəlsəfi fikri, lirikanı, satira və yumoru da dialoqlar vasitəsilə verə bilərik.
Böyük ədib Füzulinin "Şikayətnamə" adı ilə məşhur olan ilk bədii satirik nəsr əsərini sultanlara qarşı "lənətnamə", "nifrətnamə" adlandırsaq daha düz olar - demişdir.
H.Zərdabi demişdir: "Yaxşı kitab insan zəkasının qırılmaz qanadlarıdır. Yaxşı kitab qiymətli xəzinədir..."
Yazıçının "Dirilən adam" adlı məşhur tarixi romanı bu dövrün məhsuludur. "Bir gəncin manifesti", "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanları, "Füzulinin poetik xüsusiyyətləri" adlı əsəri və digər elmi-tətqiqat əsərləri, maraqlı hekayə və oçerkləri vardır.
Mir Cəlal müəllim özünü həm ədib, həm dilçi, həm müəllim, həm də alim kimi göstərmişdir. Professor Mir Cəlal müəllimin əsərləri minlərlə oxucunu öz ətrafına toplamış, xüsusən hekayələri geniş oxucu kütləsinin stolüstü kitabı olmuşdur. 70 ililk ömrünün yarım əsrini elmə, şərəfli pedoqoji və yaradıcılıq işinə həsr etmişdir. Əsl insan, dahi şəxsiyyət, böyük alim, qayğıkeş müəllim öz tələbələrini - xüsusən də qızları ata məhəbbəti ilə sevirdi. Əməkdar elm xadimi Mir Cəlal müəllim öz zəhmətsevərliyi, istedadı, işgüzarlığı sənətinə vurğunluğu sayəsində yüksəlmiş, tələbə ehtiramını, məhəbbətini qazanmışdır. Belə alicənab, xalqı üçün əzmlə çalışan mütəfəkkiri olan xalq xoşbəxtdir.
O, tələbələrə söz ehtiyatını zənginləşdirməyi tövsiyə edərdi və deyirdi ki, söz qızıldır, hər bir adam sözə dəyər verməli, sözü yerində və məqamında işlətməlidir.
Mir Cəlal müəllimin nəcib, alicənab insani keyfiyyətləri Paşayevlər nəslinin ümumi təlim-tərbiyəsi ilə bağlıdır. Onun övladları və nəvələrində də bu ziyalı keyfiyyətləri var, daima cücərib yeni nəslinə də sirayət edir. Mir Cəlal müəllim bizə - tələbələrinə övlad münasibəti bəsləməklə dərin bilik vermiş, xeyirxahlıq nümunəsi göstərmişdir. O, imkansızlara mənəvi dayaq olmuşdur. Görkəmli yazıçı, dahi şəxsiyyət Mir Cəlal müəllimin xatirəsi onu sevənlərin, tələbələrinin qəlbində yaşayacaq.
filologiya elmləri namizədi,
dosent
Təzadlar.- 2011.- 23-26 aprel.-
S.12.