Borçalıda
elat bayramı
Xəbər
verdiyimiz kimi, "Borçalı" Cəmiyyətinin təşəbbüsü
və təşkilatçılığı ilə hər
il Gürcüstanın Dmanisi (Başkeçid) rayonunun Armudlu
yaylasında Elat bayramı- "Borçalı Türklərinin
Elat Mədəniyyəti Bayramı" keçirilir. Bu il isə
sayca 3-cü olan Elat bayramı tədbirlərinə "Təzadlar"ın
əməkdaşları-Asif Mərzili və İlham
Hacalı dəvət olunmuşdular. Aşağıda əməkdaşlarımızın
səfər təəssüratlarını özündə əks
etdirən yazısını təqdim edirik.
Zəlimxan Məmmədli:
"Bu tədbirin keçirilməsi bizim hər birimizin vicdan
və əxlaq məsələsidir!"
"Təzadlar"
qəzeti bu möhtəşəm tədbirdə xüsusi
mükafata layiq görüldü...
...Açıq deyək ki,
"Borçalı" Cəmiyyətinin sədri, Azərbaycanın
dəyərli ziyalılarından biri Zəlimxan Məmmədlinin
Gürcüstanda yaşayan azərbaycanlıların mənəvi
dayağına köklənmiş bu təşəbbüsü
ən bahalı alqışa layiqdir. O mənada ki, şəxsən
mən (Asif Mərzili.Red.) ötən il də keçirilən
tədbirdə iştirak etmişdim. Və Zəlimxan Məmmədlinin
keçirilməsinə ciddi səy göstərdiyi tədbirin
hansı zəhmət və çətinlik bahasına baş
tutduğunun şahidiyəm. Tədbirin baş tutmaması
üçün təxribatçıların ünvanı da
bəllidir. Maddi sıxıntı, dövlət səviyyəsində
köməyin olmaması və s. kimi səbəbləri də
əlavə etsək, "Borçalı" Cəmiyyətinin
rəhbərliyinin gördüyü işi ən yüksək
qiymətə layiq bilirəm. O işi ki, Gürcüstanda
yaşayan azərbaycanlıları hər il bir yerə
toplamaqla yaşadıqları yurdun onların dədə-baba
torpaqları olmasını anladır, onların arxasız
olmadıqlarını bir daha yada salır... Deyərdik
ki, əgər bu vacib iş vaxtilə Qərbi Azərbaycanda
yaşayan soydaşlarımızın yurd yerlərində də
keçirilsəydi, bəlkə də həmin məlum (son nəfərimizə
kimi köç) hadisələr ən azından o cürə
olmazdı. Yaxud, olsaydı, bəlkə də hadisələr
başqa səmtə yönələrdi. Bu
da bir sözdür deyirik... Çünki "Borçalı" Cəmiyyətinin
keçirdiyi "Borçalı Türklərinin Elat Mədəniyyəti
Bayramı" tədbirlərinə hər dəfə minlərlə
insan qoşulur və bu minlərin on minlərlə qohum-əqrabaları,
soydaşları başa düşürlər ki, artıq
onlarla maraqlanan var. Hətta bu tədbirlərə
Gürcüstanda yaşayan və yaşamış
tanınmış ziyalıların, rəsmi qonaqların
iştirakı da öz bəhrəsini vermişdir. Məsələn,
təkcə haqqında bəhs etdiyimiz bu sonuncu tədbirdə
məlum oldu ki, axırıncı iki-üç ildə
Gürcüstana qayıdan azərbaycanlıların sayı
xeyli artıb. Hətta yay istirahətini bu qardaş ölkədə
keçirən azərbaycanlıların da sayı dəfələrlə
çoxalıb. Bu barədə növbəti yazılarda bəhs
edəcəyik.
Hələlik isə tarixi
yurdlarımıza yenidən qayıdış barədə...
"Sınıq
körpü" Gömrük-Keçid Məntəqəsində
qələbəlikdir...
...Bakıdan üzü Gürcüstana uzanan səfər
yolumuz "Sınıq körpü"
gömrük-keçid məntəqəsində mahiyyətini
də dəyişməli oldu. Bakıdan yola düşən və
biri kiçik, digəri böyük avtobusların biz sərnişinləri
sənədlərin yoxlanışından keçir.
Müqayisə üçün deyək ki, ötən ilə
nisbətən bizim gömrük və sərhəd
yoxlaması indi çox sadələşib, asanlaşıb. Təbii ki,
burada yeni istifadəyə verilmiş terminalın da rolu var. Hər
şey müasirdir, təzədir və yaxşıdı.
***
Avtobusumuz yoxlamadan keçəndən sonra
Gürcüstanın Marneuli rayonu istiqamətinə yola
düşürük. Nümayəndə heyətimizi
müşayiət edən Akif Məmmədli ilə qonşu
oturacaqlarda əyləşmişik. O, əslən
Borçalıdandır. Maraqlı söhbətlər
edir. Məlum olur ki, getdiyimiz istiqamətdə
təxminən 130-150 km coğrafiyada sağ və sol
bütün kəndlərdə yaşayanların
hamısı azərbaycanlılardır. Onların
bir sıra problemləri var ki, Gürcüstan rəhbərliyi
maliyyə problemləri üzündən onları həll edə
bilmir. Məsələn, elə bizim kəsə getdiyimiz
yolun (Tiflisi və Rustavini görmədən) təxminən
4-5 km hissəsi asfaltlanıb, sonrakı təxminən 7-8
km.-lik yol bərbad vəziyyətdədir. Maraqlıdır
ki, yolun bərbad olan hissəsində məhz azərbaycanlılar
yaşayır. Onların su problemi də
problem kimi başlarının üstündədir.
Hansı ki, əslən Gürcüstandandan olan onlarla
imkanlı soydaşlarımız var ki, Azərbaycanda iş
adamı və yaxud məmur kimi böyük maddi imkanlara malikdirlər.
Onların köməyinə indi hava-su kimi
ehtiyac var.
Haşiyə:
Gürcüstanda olanda onu da öyrəndim ki, ermənilərin
yaşadığı kəndlərə yol və su məsələsində
Ermənistandan xüsusi diqqət verilir. Hətta özü
iqtisadi məngənədə əzilən Ermənistanın
iş adamları bu kəndləri diqqətdən kənarda
saxlamırlar, maliyyə yardımları edirlər ki, orada
yaşayan ermənilər bu problemlərə görə kəndi
tərk etməsinlər...
***
...Akif bəy
yol boyu azərbaycanlıların həyat tərzi, məişət
problemləri və digər qayğıları barədə
danışır. Onun vətənpərvər
insan olduğunu bir daha yəqin etdim. Duyduğuma
görə onun özünün də elə bir maliyyə
imkanları yoxdur. Amma o, bütün var
gücü ilə səy göstərməyində idi ki, tədbirimiz
yüksək səviyyədə baş tutsun, qonaqlar təəssüratlı
olsunlar. Həmçinin burada yaşayan azərbaycanlılar
özlərini həyanlı və arxalı bilsinlər.
Deyir ki, biz hər birimiz əlimizdən gələni etməliyik
ki, buradakı insanlarımız özlərini tək-tənha
hiss etməsinlər: "...Hər kəs gücü daxilində
bu bölgəyə baş çəkib kömək etməlidir.
Biz onsuz da, müvəqqəti də olsa, Qarabağı
itirdik, Göycəni, Zəngəzuru itirdik, İrəvanda bir
nəfərimiz belə qalmadı... İndi ermənilərin
istəyi budur ki, Gürcüstanda yaşayan azərbaycanlılar
da seyrəlsinlər. Biz buna yol verə bilmərik...
Buradakı Azərbaycanlıların da üzərinə bir vəzifə
düşür: Gürcüstanı öz doğma dövlətləri
kimi sevmək və buradakı qanunlara hörmətlə
yanaşmaq, Azərbaycanla Gürcüstan arasında fərq
qoymamaq!".
Gecə yarısı Dmanisidə toyda
...Avtobus
gecə saat 24-00-da Dmanisiyə çatdı... Məlum
oldu ki, burada dəyərli ziyalı, Bakıda
çalışan Həsən bəyin oğlunun toyudur.
Təxminən yüzə yaxın qonaq bu toya xeyir-dua vermək
üçün onun həyətində sevincinə sevinc
qatdı... Toyun ən şirin yerində biz də
meydana atıldıq. El adəti ilə
keçirilən toyda qara zurna ilə nağaranın səsi
gecənin qaranlığında və səssizliyində bizi xəyalən
çox uzaqlara aparırdı. Akademik Cəlal
Allahverdiyevin, Telman Əliyevin, dəyərli ziyalılar Zəlimxan
Məmmədlinin, ümidvar Məmmədlinin, Rəhman
Babaxanlının, Azadə Abbasqızının, Zahid Quliyevin
və başqalarının toy sahibinə
gözaydınlığı verməsinin öz dəyəri
var idi. Bu toy bir daha onu deməyə əsas verirdi ki, toyumuz məhz
bu yurd yerlərində çalınmalıdır ki, yeni nəsil
bu torpaqları unutmasın... Bunun üçün isə Azərbaycanın
da bu yurdu unutmaması gərəkdir! Biz də borcumuzdan
çıxmış kimi Həsən bəyə
gözaydınlığı verərək onu ürəkdən
təbrik etdik...
Armudlu yaylasında qələbəlik...
Bu yaylağa gələn hər kəsi bir qürur hissi
ağuşuna alır. O mənada ki, əvvəla, bura Dmanisidə ən
hündür yaşayış-oylaq yeridir. İkincisi,
burada bizə məlumat verdilər ki, Armudlu yaylası dəniz
səviyyəsindən çox hündürdə yerləşir.
Bunu yaylağın qarşı tərəfində yerləşən
dağın ətəyində qarın hələ də əriməməsi
də təsdiqləyirdi... Bu yerləri görəndə
Kəlbəcərdə, Dəlidağda keçən
uşaqlıq illərimi xatırladım. Hər
qarış torpaqda min cürə gül-çiçək
boy vermişdi. Kəklikotunun ətri isə elə bizim
yaylaqlardakına çox oxşayırdı... Həvəsə
düşüb xeyli kəklikotu dərib Azərbaycana gətirmək
niyyətimi də gizlətmədim. Ən azından il boyu kəklikotu çayının ətrini
hiss etdikcə Qarabağdakı yaylaqlarımızı
başqa ovqatla xatırlamaq üçün...
***
...Artıq
"Borçalı Türklərinin Elat Mədəniyyəti
Bayramı" tədbirinin başlanmasına start verildi. Minlərlə yerli sakin və qonaqların cəm
olduğu yaylaqda hamının üzündə bir sevinc var
idi. Bu sevinc tarixi torpaqlarımıza
qayıdışımızın məsuliyyət
yükünü bizə bir daha hiss etdirməkdəydi. Tədbirə
Azərbaycandan, Türkiyədən, İrandan,
Qırğızıstandan, həmçinin Rusiyadan qonaqlar gəlmişdilər.
***
Tədbir
əvvəlcə ötən il Armudlu
yaylağında keçirilən tədbirlər vaxtı
Armudlu gölündə boğulan Mikayıl Orucovun xatirəsinə
qoyulan abidənin ziyarəti ilə başladı.
Budur, folklorşünas Elxan Məmmədli Elat günləri
mərasimini açıq elan edir. O, qonaqları, açıq meydana
toplaşan bütün insanları salamlayır, sonra tədbirin
təşkilatçısı, "Borçalı" Cəmiyyətinin
sədri Zəlimxan Məmmədliyə söz verir.
Z.Məmmədlinin sevincdən gözləri
yaşarır və o, bu sevinci ona yaşadan insanlara, dəyərli
qonaqlara, eloğullarına, el xanımlarına minnətdarlıq
edir. Sonra Azərbaycan-Gürcüstan
dostluğundan, bu dostluğun əbədi olacağına
inamından qürurlandığını deyən Zəlimxan
bəyin çıxışını, əslində, hər
birimizə bir müraciət kimi də qiymətləndirmək
olardı:
Əziz
soydaşlarımız!
Borçalı türkləri gürcü xalqı ilə
birlikdə separatçıları hökmən
Gürcüstandan qovacaqlar. O cümlədən Dağlıq
Qarabağda da ermənilər yaşayırlar... Nifrət edərək yaşamaq
qeyri-mümkündür. Bu gün
"Borçalı"nın onlarla
üzvü gürcülərdir. Onlarla bir yerdə
Qarabağı azad edəcəyik. Bu vəhdət bizi
Qarabağı azad etməyə aparır... Biləsiniz
ki, Gürcüstan demokratiyaya doğru gedər, Azərbaycan
yerində sayarsa, bu Cənubi Qafqazın fəlakətidir.
Azərbaycan Gürcüstanla həmişə
bir olmalıdır. Borçalı
türkünə yuxarıdan aşağı baxan insan deyil.
Hamı bilir və dərk edir ki, Azərbaycan
türkünün tarixində sevgi mühüm rol oynayıb.
Biz sevərək dövlətlər qurmuşuq.
Bir yerdə separatçılığa yox deməyə
gəldik. Gürcüstanı göz bəbəyi
kimi qorumaq hər kəsin borcudur. Burda
yaşayan hər bir türkü qorumaq da gürcü cəmiyyətinin,
Mixail Saakaşvilinin borcudur. Mən müraciət edirəm:
İlham Əliyev, Saakaşvili, əl-ələ verin bu millətin
bayramına sevinin. Bu yerə gəlin, bu tədbirə
qatılın! Adını məmur qoyub
qıraqda gəzənlər bizlik deyil. Məmur
millətin, elatın yanında olmalıdır...Neçə
ildir neft borularında bir dəfə də olsun insident olmayıb.
Hər ayın əvvəli və sonunda analoji
layihələrə dair Rusiya ilə Belorusiya arasında
yaşanan problemləri müşahidə edirik. Azərbaycana Gürcüstan qədər yaxın və
doğma qonşu yoxdur. Gürcüstanda yaşayan azərbaycanlılar
bu iki ölkə arasında körpüdur, bunu hamımız
bilməliyik...
***
Z.Məmmədlinin
müraciəti isə xüsusilə diqqəti çəkəndir:
Əziz
soydaşlar!
Qədim və zəngin soyumuzun, kökümüzün
bir mizan üzərində qurulan özəllikləri
bütün zamanlarda öz tarixi ömrünü
yaşamağındadır. Bu özəlliklərin içərisində
sədaqət, mərdanəlik, bərabərlik, dostluq
mühüm yer tutur... Gürcüstanla Azərbaycan
tarix yaranandan və bu millətlər (gürcülər və
Azərbaycan türkləri) mövcud olandan bir-biri ilə
qonşudurlar. Bu illər ərzində
bir-birinə sevgi və sayğı şəraitində
yaşamış hər iki millət bütün zamanların
ağrı-acılarına bərabər sinə gərmişlər.
Azərbaycanın dar günündə gürcülər
məyus olmuş, Gürcüstanın dar günündə Azərbaycan
qəmə batmışdır. Hər iki ölkənin
şad günləri də bir-birinin sevincinə sevinc gətirmişdir.
Hər iki xalq talenin onlara od-su qonşuluğu, yurd
qonşuluğu bəxş etməsi reallığını
müdrikcəsinə dərk etmiş və bu müqəddəs
vəzifəni layiqincə yaşadır.
Bu gün Gürcüstan və Azərbaycan müstəqil
dövlətlərdir. Hər iki ölkənin müstəqilliyinin
əbədiləşdirilməsində, hər iki xalqın
layiq olduğu daha firavan həyata qovuşmasında bu
dostluğun əsas amil olduğunu düzgün dərk edən
və yüksək qiymətləndirən
"Borçalı" İctimai Cəmiyyəti hər iki
ölkə xalqlarının bir-birinə daha da
yaxınlaşması yolunda çox uğurlu addımlar
atır.
2009-2010-cu
illərdə Baş-keçiddə keçirilən Elat
Günləri, Gürcüstanın bir çox regionlarında
tarixi Novruz şənlikləri, Gürcüstanın müstəqillik
günü Tiflisdə keçirilən bayram
yürüşü, Gürcüstanın Azərbaycandakı
səfirliyinin nümayəndələrinin iştirakı ilə
9 aprel qurbanlarının xatirəsini anma mərasimi, Akaki
Sereteliyə həsr olunmuş toplantı, cəmiyyət
üzvlərinin Azərbaycanın Qax Georgoba törənində
iştirakı, Media Mərkəzində "Azərbaycan-Gürcüstan
münasibətlərinin inkişafında Borçalının
yeri və rolu", "Azərbaycanda yaşayan gürcülər
varlığımızın bir hissəsidir"
mövzularında dəyirmi masaların keçirilməsi,
Gürcüstanın bir çox məsul şəxsləri ilə
cəmiyyətin qərargahında görüslər,
"Borçalı -Azərbaycan-Gürcüstan arasında
strateji tərəfdaşlığın qa-rantı"
mövzusunda tədbir və s. və i.
"Borçalı" İctimai Cəmiyyətinin qısa
müddətdə atdığı təqdirəlayiq
addımlardandır. Bütün bunlar dostluq və
qardaşlıq tellərimizin bir-birinə nə qədər
bağlı olduğunu göstərir.
Bu gün yenə Başkeçidin Armudlu yaylasında
keçirdiyimiz III Elat Mədəniyyəti Günü hər
iki xalqın qostluq və qardaşlığını bir daha
nümayiş etdirir.
Bizim hər
birimiz "Borçalı" İctimai Cəmiyyətinin dəstəyi
ilə bu gözəl yaylaq havasında keçirilən
soya-kökə-yurda sevgi təqbirində iştirak etməyimizlə
çox iş görmüş olur və
bundan qürur duyuruq.
Əziz mərasim
iştirakçıları!
Üzümüzü
bu müqəddəs dostluğa xor baxanlara,
Gürcüstanı parçalamaq istəyənlərə,
xüsusən Abxaziya və Osetiya separatçılarına
tuturuq:
-
Gürcüstana Vətən deyin, ona sahib çıxın. Gürcüstan hamımızın göz bəbəyimizdir.
Cənubi
Qafqazda sülhün, əmin-amanlığın, birgəyaşayışın,
tərəqqinin, demokratiyanın memarları və
qoruyucuları biz olmalıyıq!
Niyyətimiz çox safdır, əziz
soydaşlarımız. Qoy bunu hamı bilsin. Biz
Gürcüstan, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının
daha da möhkəmlənməsi üçün nə qədər
fədakarlıq varsa, onu edəcəyik. Bunu
bizdən vicdanımız və əxlaqımız tələb
edir.
Təbriklər Azərbaycan-Gürcüstan
dostluğuna ünvanlı idi...
...Sonra təbrik
üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, akademik Cəlal Allahverdiyevə verildi.
Hörmətli Cəlal müəllim bu tədbirin tarixi əhəmiyyətindən
danışaraq onu Azərbaycanla Borçalının bir
meydanda döyünən ürəyinə bənzətdi:
- Əzizlərim!
Biz türkük. Gürcülərə
dərin hörmətimiz var. Gürcüstan SSRİ-nin tərkibindən
çıxandan sonra çox şeyləri yüksək səviyyədə
nümayiş etdirir. Gürcüstan
nümunə götürüləcək ölkədir.
Arzu edirəm ki, Gürcüstan ərazisində
yaşayan xalqlarla birgə yüksək səviyyədə
inkişaf etsin. İndi bizim nümunəmizdə Azərbaycanın
bütün təəssübkeş insanlarının ürəyi
bir yerdə döyünür... Mən bu tədbiri
yüksək qiymətləndirirəm və onu yurda
qayıdış, bir ziyarət kimi dəyərləndirirəm.
Bu tədbir birlik, yurdsevərlik bayramıdır... Mən arzu edərdim ki, bu tədbirlərdən biri
də bir gün Cıdır düzündə keçirilsin və
biz hamımız orada birliyimizi bayram edək.
***
Sonra tədbirin
keçirilməsində əməyi olan bütün insanlara
dərin minnətdarlığını bildirən hörmətli
akademik daha bir arzusunu da bəyan etdi: "Allah bu
qayıdışı, bu birliyi bizə çox görməsin!"
Tədbirdən qürur və sevinc hissi
yaşadığını deyən "Kəpənəkçi"
Cəmiyyətinin sədri Rəşid Bədəlov
qonaqları salamladıqdan sonra ürəyində Vətən
və Azərbaycan məhəbbəti olan hər kəsi bu müqəddəs
niyyətə-Borçalı elini unutmamağa
çağırdı. Onun "Mən xoşbəxtəm ki, Azərbaycandan
boylanan sevgi payının dadını Armudlu yaylasında,
Borçalı elində duyuram..." istəyinə
alqış sədaları ilə bütün
iştirakçılar cavab verdilər.
"SOKAR"ın
Gürcüstan nümayəndəliyinin rəhbəri Arif Əliyev,
Qarabağ qazisi Həsən bəy, Gürcüstan Dövlət
Televiziyasının sədri, professor Tengiz Txilava, Kvemo-Kartli
rayonunun Borçalı bölgəsi üzrə qubernatorunun
müavini Hüseyn Yusifov, Türk İş Birliyi və
Kalkanma Acanlığının(TİKA) rəhbəri Rəsulbəy,
gürcü iş adamı Sandro Cavaneli, Ukrayna EA-nın
akademiki Telman Əliyev tədbirin əhəmiyyətindən,
Azərbaycan-Gürcüstan dostluğuna böyük töhfə
verəcəyindən, bu möhtəşəm şənliyin
hər il keçirilməsi vacibliyindən və əhəmiyyətindən
danışdılar.
Sonra aşıq Aslan Kosalı çıxış etdi,
öz musiqi payını qonaqların diqqətinə yetirdi,
salamlarını və arzularını bildirdi. Aşıq
hamını kövrəldən bir addım da atdı.
O, öz sazını yaşının dəyərli
vaxtında və səhhətinin problemlərinə baxmayaraq
Bakıdan Borçalı elinə gəldiyinə görə
akademik Cəlal Allahverdiyevə bağışladı.
Öz
çıxışı ilə tədbirin ovqatına
şirinlik qatan, "Qarabağdan, Şuşadan... sizlərə
salam gətirmişəm..." deyərək
çıxışa başlayan "Şuşa" Birlik Cəmiyyətinin
sədr müavini ümidvar Məmmədlinin, AzTV-nin əməkdaşı,
tanınmış tele-jurnalist Rəhman Babaxanlının, Təbrizli
qonaq seyid Məhəmmədin, iki dəfə Gürcüstan
parlamentinin deputatı olmuş Hidayət Hüseynlinin, Dərviş
Osman Əhmədoğlunun, Azərbaycanın
Gürcüstandakı səfirliyinin əməkdaşı
Şövqü Mehdizadənin, iş adamı Fəxrəddin
bəyin, "Şuşa" Birlik Cəmiyyətinin sədri
Zahid Quliyevin və başqalarının
çıxışları da Borçalı elinə salamlar
üstündə köklənmişdi. Natiqlər bir daha bu tədbirin
keçirilməsini yksək qiymətləndirərək onun
hər il bundan da möhtəşəm
keçirilməsini arzuladılar.
El-elat
şənliyində aşıq Tərmeyxanın, aşıq Əşrəfin,
aşıq Ziyəddinin, aşıq Əfqanın,
aşıq Orxanın, Qırğızıstandan gələrək
türk dilində şeir söyləyən Səkinə
İbrahimovanın, Tiflis "Ceyran" rəqs qrupunun
ifaları tədbirin gözəlliyini daha da
artırmış oldu. Tədbirdə at
yarışı keçirildi, pəhləvanlar güclərini
sınadılar, aşıqlar, muğam ustaları
çıxışlar etdilər.
Sonra tədbir böyük ziyafət və birlik rəmzi
olan yallı rəqsi ilə davam etdirildi.
***
Qeyd
edək ki, bu tədbirin böyük tarixi əhəmiyyəti
və böyük dəyəri vardır. Bu tədbir bir daha
göstərdi ki, Borçalı elində gözü və
izi olan insanlar var. Bu yurd, bu el bizləri gözləyir-Azərbaycanın
gəlişi üçün qollarını açıb...
Burada hər dağ, hər bulaq, meşə, çəmən...
bizim üçün darıxıb. Burada
daddığımız balın da özgə tamı var,
burada kəklikotunun, quzuqulağının, gicitkanın, tər
çiçəklərin öz ətri, öz rəngi var...
Bu çiçəklər bizə çox tanış gəlir,
bizə çox doğmadır. Çünki bura Vətənimizin
bir parçasıdır, burada bizləri qoyub getmiş
babaların səsi və nəfəsi, ruhu var. Bu ruhlar
qarşısında gəlin borcumuzu sona qədər verək!
Bu tədbiri
həm də bir el-elat ziyarəti kimi qiymətləndirmək
olar. Çünki Borçalı insanları ilə
görüş həm də Vətən borcu və Vətənə
borc kimidir. Biz bu borcu heç vaxt unutmamalıyıq. Necə
ki, "Borçalı" Cəmiyətinin sədri, dəyərli
ziyalımız Zəlimxan Məmmədli onu bizlərə dəyərləndirir,
unutmağa qoymur. Əksinə, ildən-ilə bu ziyarətin-tədbirin
ovqatına yeniliklər qatır. çətin də olsa, əziyyətli
də olsa bunları edir. çünki o, bunu özünün
oğulluq borcu bilir. Salamlar olsun!
***
...Bir
də halal olsun o insanlara ki, Bakıdan Borçalı elinin
ziyarətinə getmişdilər. Onları siz də
tanıyın: Akademik Cəlal Allahverdiyev, tanınmış
şair Abbas Abdulla, akademik Telman Əliyev, tanınmış
ziyalılar - "Şuşa" Birlik Cəmiyyətinin sədri
Zahid Quliyev, "Şuşa" Birlik Cəmiyyətinin sədr
müavini ümidvar Məmmədli, "Qafqaz-Media" Mərkəzinin
rəhbəri Azadə-Taleh, AzTV-nin əməkdaşı,
tanınmış tele-jurnalist Rəhman Babaxanlı,
Göyçaydan Əfqan bəy, Asif Ata övladı Soylu
Atalı, tanınmış tərcüməçi-şair
Giya Paçxataşvili, Dərviş Osman Əhmədoğlu,
tanınmış şairə Qismət xanım Məhərrəmli,
tanınmış tarzən Gülağa Zeynalov, xanəndə
Etibar Rəhimov, "Yeni Müsavat" qəzetinin əməkdaşı
Leyla İlqar, Fəxrəddin Meydanlı, "Millətçilik"
qəzetinin əməkdaşları Pəpviz və Sevda
xanım və başqaları.
Tanrı
türkü qorusun, türk də Borçalını,
Qarabağı-külli Azərbaycanı, türk ellərini və
obalarını...
***
Sonda
onu da qeyd edək ki, tədbirdə Azərbaycan-Gürcüstan
dostluq əlaqələrini, həmçinin
"Borçalı" Cəmiyyətinin fəaliyyətini
müntəzəm işıqlandırdığına görə
"Təzadlar" qəzeti xüsusi priz-mükafata layiq
görüldü. Azərbaycan-Gürcüstan dostluğunun rəmzi
əks olunmuş priz-mükafat elat bayramında
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan
Məmmədli tərəfindən "Təzadlar" qəzetinin
baş redaktoru Asif Mərziliyə təqdim olundu.
Asif Mərzili,
İlham Hacalı
Bakı-Marneuli-Dmanisi-Bakı
Təzadlar.-2011.- 2 avqust.- S.9-10.