Duyğu yarpaqlarında sıralanan insan yaşantıları
İstedadlı yazar Nailə İbrahimovanın "ürəklə
söhbət" kitabını oxuyarkən...
Yaradıcı adam üçün mühitin təsiri həmişə var. Heç başqa şeyi demirəm... Havanın necə olmasının da fərqi yaradıcılıq anında öz təsirini göstərir. Biri var, gözəl bir bahar çağında, günəşin isti şəfəqləri altında əlinə qələm götürəsən, biri də var, divarlara hopmuş soyuğu, rütubəti ciyərlərinə çəkə-çəkə hərarətli bir söz demək istəyilə qələm işlədəsən. Əlbəttə, bunlar fərqli duyğular bəxş edir insana. Ancaq həyat və insan təbiəti çox mürəkkəbdir. Böyük şairlər, yazıçılar qaranlıq və soyuq zindanlarda dünya ədəbiyyatının nadir inciləri sırasında dayana bilən əsərlər yaradıblar...
Bizim üçün isə yazmaq hər zaman çətindir, illah da qışın bu soyuğunda. Fəqət, elə duyğular, elə poeziya səhifələri var ki, onlar həmişə insanı isidə bilir, qəlbinə şəfəq saçır, bir sözlə, yaradıcı zəhmətlə onun içini doldurur.
Nailə İbrahimovanın poetik duyğuları onu oxuyanları bu barədə söz deməyə sövq edir, şairin yaratdıqları poeziya yarpaqlarına, poetik düşüncələr toplusuna münasibət bildirmək üçün poetik cazibə, ovqat yaradır. Nailə xanımın şeirləri barədə ayrı-ayrı qələm sahiblərinin yazılarını da oxumuşam. Ədəbiyyatşünasların, tanınmış tənqidçilərin bu barədə dedikləri də mənə tanış səhifələrdir. Və mən də öz növbəmdə onun şeirlərini oxuduqca səmimi hisslərlə ifadə etməyə çalışıram ki, həqiqətən yaratdığı poetik tablolarda daha çox nəyi görürəm. Tanınmış şair Musa Urud Nailə xanımı "səmimiyyət şairi", tənqidçi Vaqif Yusifli "baharlı duyğular şairi", filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı sözünün və səsinin rəngi olan şair kimi səciyyələndirir. Bütün bunlar doğrudur və mən də bura bir fikir əlavə etmək niyyətindəyəm. Həqiqətlər şairi kimi də Nailə xanımı oxuculara təqdim etmək olar. çünki onun yaratdığı bədii sənət nümunələri həyatın özündən doğulub. Bu şeirlərdə sevinc və kədər, həzz və istirab, xeyir və şər, ümumiyyətlə, insanın yaşadıqları, gördükləri və hiss etdikləri təbii boyalarla işlənərək poetik obrazlar səviyyəsinə qaldırılmışdır.
çox vaxt adama elə gəlir ki, o, beynindən, düşüncəsindən gələnləri deyil, ürəyindən gələnləri həyata keçirmk istəyir və yaxud obrazlı şəkildə desək, insan ürəyinin ardınca qaçır. Ancaq biz bilirik ki, insanı idarə edən şüurdur, onun zəkasıdır, ağlıdır. Digər tərəfdən bu mənzərə insanın səmimi və təbii ola bilməməsi ucbatından belə təsir bağışlayır. Əslində insan oğlu düşüncəsini masqalayanda ziddiyətli mövqedə görünür. Yəni onun ikili xarakteri üzə çıxır. Məncə, psixologiyada buna şəxsiyyətin ikiləşməsi deyirlər. Hətta klassik ədəbiyyatda bu məqamı incələyən misralar da yaddaşımızda qalıb. Məsələn, türk ədəbiyyatının görkəmli şairi Yunis İmrə "Bir mən vardır məndən içəri" deməkdə son dərəcə haqlı idi. Görünür, bu məsələlər Nailə xanımı çox düşündürmüş və o da özünəməxsus fikirlərlə insan münasibətləri torunda çabalayan sətirlər yazmışdır. İki bənddən ibarət olan həmin şeirə "ürək" adı verən şair deyir:
Nədir
istəyin sənin,
De, tələbin nədir,
nə?
Ağlımı, düşüncəmi
Qurbanmı verim sənə?
İkiniz
bir yol seçin,
O, beyin, o, sən, ürək.
Beyin dözür zülmünə,
Sən nə ürəksən, ürək.
Hər halda, maraqlıdır. İnsan nə vaxt ürəyinin hökmü,
nə vaxt zehnin, hafizəsinin tələbi ilə addım atır? Yəqin harda mənafe üstün gəlirsə, onda da müvafiq qərar qəbul edir...
Nailə xanımın şeirlərində
insan yaşantıları
ayrıca bir duyğu yarpağıdır. Və mənə
elə gəlir ki, bu yarpağın
rəngi heç yaşıl deyil. Birdən düşünərsiniz ki,
bəlkə sarıdır.
Payız
yarpağına oxşayır.
Yox, belə də deyil. Sanki bizə
məlum olan rənglərin qarışığından
yaranıb şairin təsvir etdiyi həmin duyğuların rəngi.
İnsan müxtəlif səbəblərdən
kövrələr, ağlayar,
ağrı-acısını min bir sim üstə
dilləndirər. İnsanın içində gəzdirdiyi
dərdləri böyükdürsə
və o, həqiqətən
qəlbində ləyaqət
daşıyırsa onun
ağlamağı da,
göz yaşı axıtmağı da adi görünmür.
İnsana nəsə deyir
bu ağlamaq, bu göz yaşları.
İnsan
rəzalətdən, alçaqlıqdan,
şərəfsizlikdən də təmənnalı şəkildə göz yaşları axıda bilər. Lap kiminsə qarşısında
diz çöküb ağlaya da bilər. Bu, tamam başqa bir səhnədir.
Nailə xanımın "Bu qəfil
göz yaşları"
adlı şeirində
isə axıdılan
göz yaşları əzəmətli insan obrazı canlandıraraq oxucuda möhtəşəm
duyğular aşkarlayır.
Acıdır, qəhərlidir,
Elə bil zəhərlidir.
Yandırır gözlərimi,
İsladır dizlərimi
Bu qəfil göz
yaşları.
Hardan baş alıb gəlir,
Dolub, boşalıb
gəlir.
Gözlərdə sel olarmış,
Bulud tək boşalarmış
Bu qəfil göz
yaşları.
Axdı,
dincəldi qəlbim,
Özünə gəldi qəlbim.
Sən demə, sızlayırmış,
Ürəyimdən axırmış
Bu qəfil göz
yaşları.
Elə
ilk misralarda təzadlı
həyat səhnələrinin
verdiyi mənəvi işgəncələrlə qarşılaşır
adam. Göz
yaşlarının dizləri
islatması nələri
yada salmır ki, bir əyilməz
vüqarın bir amansız cəllad önündə sınması,
təpərli bir ürəyin mərhəmət
dolu guşələrinin
mənəvi təzyiqlərlə
işğal edilməsi,
bir məsum körpənin dünyada yeganə qüvvə hesab etdiyi anasını
gözləri qarşsında
ermənilərin əzabla
öldürdüyü səhnə
və o körpənin
ah-nalə dolu hıçqırtıları, göz yaşları. Yaxud, azad bir
düşüncənin qənimi
olan zəmanənin hədəf seçdiyi adamların iç dünyasından "çağlayan"
göz yaşları və s. bütün bunlar insan yaşantılarıdır,
insanın yaşadıqlarıdır.
ümumiyyətlə, şairin
mövzu dairəsi çox genişdir və zənnimcə, hər hansı bir mövzuda onun yaradıcılığından
nümunələr tapmaq
o qədər də çətin deyil. Daha çox insan xarakterləri şairi düşündürür. İçi rəzalətlə dolu olanlar bir şair
olaraq Nailə xanımın düşmənidir.
Bu düşmənçilik mövqeyi onun "Haqq nahaqdan aşağıda",
"Pulgir müdir",
"Yaltaq", "Kütbeyin",
"Lənət", "Şikayət edirəm dövranın, zamanın əlindən", "Xəbisliyin
üzə çıxar",
"Alçaqsan yaman",
"İkiüzlü" və s. şeirlərdə
açıq-aydın görünür.
Bir sözlə, Nailə xanımın yaradıcılıq
meydanı əslində
onun həyatla mübarizə səhnəsinin
görünən bir tərəfidir və o sanki bir sənət
səngəri yaradaraq
insanlığa ləkə
gətirənlərlə müharibə
cəbhəsi yaradıb.
Əlbəttə, bu cəbhədə
əsas güllə sözün daxili enerjisindən məharətlə
istifadə edən şairin bədii gücüdür. O şair
güclüdür ki,
sənət və şəxsiyyət vəhdəti
yarada bilir. Elə bu amalla şairə
yeni yaradıcılıq
uğurları və gözəl poetik ovqat arzulayırıq.
Müşfiq Borçali,
yazıçı-publisist,
AYB üzvü
Təzadlar.- 1 dekabr.-
S.7.