Xan Nəvabın
sehirli rənglər dünyası
Haqqında söhbət açmaq istədiyimiz balaca rəssam - Xan Nəvab Bakının Xətai rayonundakı 63 saylı məktəbin 2-ci sinfində təhsil alır. Ona "balaca" deməyə adamın dili də gəlmir, çünki o, böyüklər kimi düşünür, gecə-cündüz daxilində yaratdığı rəngli dünyaların qarışıq harmoniyası içində dolaşaraq yaradıcılıq axtarışları aparır. O, yatanda da rəngli yuxular görür, al-əlvan rənglərdən toxunmuş göy qurşağının qızılı üfüqlərlə birləşməsindən vəcdə gələrək, müxtəlif süjet xəttinə fərqli kompozisiyalara malik olan rəsmlər yaradır.
Xan Nəvabın babası Qasım kişini 30 ildir tanıyıram. O zaman mən ali təhsil ala-ala toxuculuq kombinatında çalışırdım. Tale elə gətirdi ki, Qasımla bir neçə il dəmir briqadasında iş yoldaşı olduq. Qayğıkeşliyi, sadə, səmimi, mehriban rəftarı ilə hamının rəğbətini qazanmışdı. Mina xanımla da elə o zaman ailə qurmuşdu. Şirin-şəkər balalar dünyaya gəldikcə onların qayğıları da çoxalırdı. Quş qanadlı illər beləcə sürətlə gəldi keçdi. Bu şirin-şəkər balalardan biri olan Səbinə böyüyüb əslən pakistanlı olan Vasif Həyat Xanla ailə qurdu. Bundan sonra Səbinə xanım dönub Xan Səbinə oldu. Və bir müddətdən sonra onların ilk övladı - Xan Nəvab dünyaya gəldi.
Xan Nəvabla görüşəndə onun bir-birindən maraqlı rəsm əsərlərinin sehrinə düşüb ovsunlananda bir anlığa xəyal bizi uzaqlara apardı. Və nədənsə, o məqamlarda iki əsr əvvəl cənnət Qarabağımızda yaşayıb, yaratmış, şeir yazmaqla yanaşı, al-əlvan miniatürlər, bir-birindən maraqlı rəsm əsərləri çəkmiş Mirmöhsün Nəvvab Qarabaği və Mirzə Qədir İrəvaninin adlarını xatırladım. Düşündüm ki, Xan Nəvabın Mirmöhsün Nəvvabla yaxın qohumluğu olmasa da, ruhi, mənəvi doğmalığı şəksizdir.
Bu gün Xan Nəvab 7 yaşın içindədir. 2-ci sinifdə əla təhsil almaqla yanaşı, 40-a yaxın müxtəlif mövzulara, fərqli kompozisiyaya və süjet xəttinə malik olan rəsm əsərlərinin müəllifidir. O, iki ilə yaxındır ki, toxuculuq kombinatına məxsus olan mədəniyyət evinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin ən fəal üzvlərindəndir. Həm oxuduğu məktəbin, həm də mədəniyyət evinin dəhlizlərini istedadlı gənc rəssamların əsərlərindən ibarət maraqlı nümunələr bəzəyir. Xan Nəvabın əl işləri də bu nümunələr arasında nümayiş etdirilir.
O, rəsmlərini daha çox quaş və akvarellə işləyir. Anası Səbinə xanım deyir ki, "bu qabiliyyət ona daha çox məndən keçib. Belə ki, özüm də, əmim də boş vaxtlarımızda rəsm çəkməklə məşğul olmağı sevirik. Xan Nəvab isə öz gərgin əməyi sayəsində zaman-zaman püxtələşməyə, peşəkarlıq fəaliyyətini daha da təkmilləşdirməyə çalışır.
Nəvabın anası Xan Səbinə bir arzusunu da ifadə edib bildirdi ki, "mən oğlumu vaxtaşırı olaraq yeniyetmə və gənc rəssamların sərgi qalereyalarında keçirilən təqdimetmə mərasimlərinə aparmaq istəyirəm. Yəqin ki, məhz bundan sonra onun da əsərləri respublika miqyaslı peşəkar sərgilərə yol aça biləcək".
Xan Nəvabdan mədəniyyət evindəki dərnəkdə kimlərlə dostluq etdiyini soruşuruq. Sualımıza həvəslə cavab verir, deyir ki, "dərnəkdə daha çox Abdulla ilə, Nicatla dostluq edirəm. çünki onlar da bir-birindən maraqlı, mənalı rəsmlər çəkirlər. Dərnəyimizin rəhbəri Raziyə xanım Əliyeva, bizim qrupla fərdi şəkildə məşğul olan müəllimənin adı isə Sevinc xanım Kərimovadır. Mən dostlarımla onların hər ikisindən razıyıq".
Söhbətimizin sonunda Xan Nəvab mədəniyyət evinin direktoru Azad Aslanovun hədsiz mehribanlığından, səmimiliyindən çox razı qaldığını bildirdi, yaradıcılıq planlarından və arzularından söhbət açdı. Qeyd etdi ki, mənzərə və natürmort janrları ilə yanaşı, artıq portret janrına da müraciət etməyə başlayıb. Evdəkilərdən ağası ilə anasının şəkillərini çəkib, indi isə növbə nənəsi ilə babasınındır. Ən böyük arzusu isə yaxın gələcəkdə yağlı boya ilə işə başlamaqdan, daha mənalı və məzmunlu rəsm əsərləri yaratmaqdan ibarətdir.
Bayram Afurcalı,
Xəqani Nizami
oğlu
Təzadlar.-
2011.- 2 dekabr.- S.7.