MƏZARIN  NURLA DOLSUN

 

(Böyük Vətən müharibəsində mətanətlə döyüşən, Qarabağın müdafiəsi uğrunda  vuruşan əsgərlərimizə yaxından köməklik edən tanınmış təbib, müdrik el ağsaqqalı, gözəl şəxsiyyət Tələt Əliyevin unudulmaz xatirəsinə ithaf edirəm)      

 

Dünyaya göz açdın sən Quzanlıda,

Sənin həsrətini çəkirdi o da.

O gələ bilmədi, sən getdin ora,

Daha çəkilmədi varlığın dara!

Yanında uyudun doğma ananın,

Şirin laylasında sənə yananın.

Səni uşaq kimi basdı bağrına,

Elə bil dünyanı verdilər ona!

Qovuşdun istəkli qohum, qardaşa;

Ömrünü şərəflə sən vurdun başa!

Torpaqdan alırdın həyat ətrini,

Torpaq da sevirdi sənin xətrini.

Layiqli oğluydun elin, obanın,

Qədrini bilirdin yurdun, yuvanın.

Xalqa xidmət etdin ömrün boyunca,

Yaxşılıq elədin könlün doyunca.

Bir kimsə düşəndə çətinə, dara.

Özünü birinci yetirdin ora.

Qəlbini bir niskil alsa da hərdən,

Heç zaman qalmadın xeyirdən-şərdən.

Aradan qaldırdın hər bir çətini,

Göstərdin həmişə səxavətini!

Hikmətlə doluydu söhbətin, sözün;

Müdrik atalartək nurluydu üzün.

Şərəflə çəkilirdi hər yerdə adın,

Ucalıq gətirdi hər bir övladın.

Nazim layiq oldu elin adına,

Şan-şöhrət gətirdi öz soyadına!

Rasim sarsılmır darda, çətində;

Nümunə göstərir öz xidmətində!

Onların hər yerdən gəlir xoş səsi,

Budur zəhmətinin gözəl bəhrəsi.

Bunları el-oba çox yaxşı duyur,

Ruhuna ürəkdən "Rəhmət" oxuyur.

Tanrı dərgahında xoş yerin olsun,

Məzarın həmişə nur ilə dolsun...

 

 

 

 

 Əjdər Qiyaslı, 

iqtisadçı alim, şair

Təzadlar.- 2011.- 3 dekabr.- S.7.