"Bu milləti zorla bir-birindən
ayırmaq mümkün olmayacaq"
Əbülfəz Səfioğlu: "Azərbaycanın birliyi və bütövlüyü xalqımızın tarixi haqqıdır"
Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri Əbülfəz Səfioğlunun "Təzadlar"a müsahibəsi
- Əbülfəz bəy, öncə sizi Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilarının sədri seçilməyiniz münasibəti ilə təbrik edirəm. Gələcəkdə hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?
- Təşəkkür edirəm. ümumilikdə, son zamanlar daha aktual olan cənub məsələsi ilə bağlı layihələr nəzərdə tutmuşuq. Bildiyiniz kimi, son vaxtlar Amerika və qərbin İrana qarşı münasibətlərində bir canlanma nəzərə çarpmaqdadır. İrana qarşı daha sərt sanksiyalar və s. amillər İrana qarşı yeni planlardan xəbər verir. Belə vəziyyətlərdə İran hökumətinin bizim oradakı soydaşlarımıza qarşı daha çox aqressiya nümayiş etdirməsi bir gerçəklikdir.
Bax bu vəziyyətlərin fonunda biz ordakı soydaşlarımıza necə kömək edə bilərik? Burada gənclərin bu işlərə qoşulmasını necə təmin edə bilərik və s. kimi işlər üzərində işləyirik. Daha əsas olaraq isə bu günlərdə 21 Azər hərəkatının ildönümünü təntənəli şəkildə qeyd etməyi nəzərdə tutmuşuq. çünki bu, bizim şanlı tariximizdir və XX əsr Azərbaycan xalqının azadlıq hərəkatının tarixində dərin iz qoydu. Təəssüf ki, S.C.Pişəvərənin rəhbərlik etdiyi bu hərəkat, baxmayaraq ki, ikinci dünya savaşının nəticəsindən asılı olan geopolitik vəziyyətdə uduzdu, ancaq milli hökumət qurmaq qədər çox möhtəşəm bir qələbəyə imza atmışdı. çalışacağıq ki, bu tədbirə daha çox ziyalılarımızı, tarixçilərimizi cəlb edək.
- Son günlər İranın dini dairələri ölkəmizə qarşı antiazərbaycan təbliğatını gücləndiriblər. Sizcə, İran Azərbaycandan nə istəyir?
- Bilirsiniz, tarixən İran Azərbaycana qarşı iddialı olub. Və müəyyən zamanlarda da buna qismən də olsa nail olub. Ancaq daha geniş tarixi və milli mənada uyğun tarixi şəraitlərdə İran bizdən çox şey alıb. Elə təkcə baş tacımız olan Təbriz daxil olmaqla, Güney Azərbaycanın itirilməsini desək, kifayətdir. Məncə, bu hər şeyi göstərir.
Qaldı ki, hazırkı şəraitdə, müstəqil və artıq dünyada güclü mövqelərə malik Azərbaycan Respublikasının varlığını İranın mollakratiya rejimi təhdid edir. İran anlayır ki, bu milləti zorla bir-birindən ayırmaq mümkün olmayacaq. Anlayır ki, burada xalqın ana dilində danışması, oxuması, yazması, öz bayrağı ilə qürur duyması və s. kimi amillər oradakı Azərbaycan türkləri üçün həmişə ruh qaynağı, stimul mənbəyidir. Xalq azadlığı, milliliyi görür, bunun çox vazkeçilməz olduğunu hiss edir və nəticədə bunu istəyir, və nail olur. İnşallah, bu, belə də olacaq. Birlik və bütövlük bizim haqqımızdır.
- Ölkəmizdə gənclər təşkilatının Güney məsələsində baxışı sizi qane edirmi?
- Ümumilikdə, bizim təşkilatı daxil etməklə ölkədəki gənclər təşkilatlatlarının birgə fəaliyyətini gücləndirmək lazımdır və bu istiqamətdə daha çox işlər görülməlidir. Güney məsələsində gənclərə xüsusi ağırlıq vermək əsas fəaliyyət xəttimiz olmalıdır.
- Dünya Azərbaycanlıları Konqresinin (DAK) birləşməsi ilə bağlı məsələnin gündəmdə olduğundan xəbərdarsınız. DAK-ların birləşməsi diaspor quruculuğuna nə verəcək?
- Məncə, bütün hallarda birləşmə güc deməkdir. Nəzərə alsaq ki, məqsəd eynidir. Ancaq hər kəs çox səmimi şəkildə qarşıya qoyulan məqsədə çatmaq üçün çalışmalıdır. Bilirsiniz, dünyada belə çox təşkilatlar var. Məsələn, yəhudilərin, elə ermənilərin də. Onlar hamısı ayrı olsalar da, ortaya qoyulan vahid ideya uğrunda çox səmimi çalışırlar. Və beləcə, çox da uğur qazanırlar. Məncə, birləşməyimiz bizim diaspor quruculuğuna güc verəcək.
Elnur Eltürk
Təzadlar.- 2011.- 13 dekabr.- S.6.