Ölməyəcək böyük əməlləriniz!

 

Xeyirxah, əməlisaleh insanların tutyaya çevirdiyi çağdaş dövrdə vaxtilə yaxından tanıdığım, biliyinə, insaniyyətinə, mərdliyinə dərin hörmət bəslədiyim mədəniyyət xadimlərinin tez-tez xatırlayır, onların örnək əməlləri haqqında cavanlara şövqlə danışıram. Bakı Dövlət üniversitetinin ünlü öryətmənləri Həsən Şahgəldiyevi, Əli Sultanlını, öyrətmənləri Əlövsət Abdullayevi, Aslan Aslanovu, Xarici Dillər və Xalq Təsərrüfatı institutularının rektorları Zemfira Verdiyevanı, Zeynal Ələkbərovu, professor Zülfəli İbrahimovu, Məmməd Qazıyevi, həmkarım Şakir Abdullayevi, müharibə qəhrəmanı "Bakılı Maresyev" kimi hallandırılan Mürsəl Mürsəlovu, polkovnik Səlim Səlimovu, uzun illər müəssisə direktoru olmuş Nadir Quliyevi, dostluqda sədaqətli olan hökməlili Əkbər kişini tez-tez yada salır, onlara qadir Allahdan rəhmət diləyirəm. Müəllimim, ustadım, xeyirxahım Nəsir İmanquliyevlə (1911-1998) isə hər gün təmasda oluram. Mətbuatımızın klassikini tanıyanlar məni dəqiq olmamağımda suçlaya bilərlər. Axı Nəsir müəllim on üç il öncə, 87 yaşında axirət dünyasına qovuşub. Amma bu şəxsiyyət mənim üçün əbədiyaşardır. Otuz il bir redaksiyada işləmişik. Xoş keçən günlərimiz, illərimiz gözlərim önündə canlanır: O, yenə də "Bakı" və "Baku" axşam qəzetlərinin redaktoru, mən isə partiya-siyasi şöbəsinin müdiri.

Ustadım yarım əsrdən artıq bir müddətdə müxtəlif qəzetlərdə, ali partiya orqanlarında yüksək vəzifələr tutub, respublika miqyasında tanınıb. Lakin mənə elə gəlir ki, İmanquliyevi ziyalıların hörmətlə hallandırdıqları "Nəsir müəllim" eləyən, onu şöhrətin zirvəsinə qaldıran "Bakı" və "Baku" qəzetləri olub. Onun haqqında, nurlu şəxsiyyətlə bağlı əhvalatlardan saatlarla, günlərlə danışa bilərəm. Dünyasını dəyişəndən sonra yazdığım məqalələrdən qalın bir kitab (kitab nəşr etdirmək üçün nüfuzlu bir qurumun rəhbərinə müraciət etdim ki, sponsorluq eləsin, lakin xahişimi qulaqardına vurdu. Halbuki Nəsir müəllim vaxtilə bu adama həm maddi, həm də mənəvi yardım göstərib) çıxar.

Bioqrafiyası, 1958-ci ilədək ("Bakı" həmin il yanvarın 10-da işiq üzü görüb) hansı vəzifələri tutması barədə çox yazıldığı üçün bu haqda danışmağa lüzum görmürəm. Onun peşəkarlığı, əməkdaşlara qayğı və tələbkarlığı, jurnalist kadrlar hazırlığı, təşkilatçılıq və tərbiyəçilik məharəti ilə bağlı bilavasitə şahidi olduğum əməllərdən söhbət açmaqbir neçə xatirə söyləmək istəyirəm.

Ötən əsrin əllinci illərinin axırlarından başlayaraq səksəninci illərin ortalarınadək olan müddəti, yəni redaksiyada Nəsir müəllim dövrünü Azərbaycan mətbuatının renesansı adlandırsam, yəqin ki, mübaliğəyə yol vermərəm. Həmin dövrdə axşam qəzetlərinin redaksiyası sözün həqiqi mənasında təcrübə məktəbi olub. Bu uğur ilk növbədə redaktorun kadr seçimi ilə bağlı idi. O, qəzet ətrafında istedadlı yazarlar toplaya bilmişdi. O vaxt universitetin jurnalistika şöbəsində dərs deyən N.İmanquliyev məşğələlər zamanı hər bir tələbəni diqqətlə öyrənir, özü üçün kadr seçirdi. 1960-cı ildə bizim qrupdan üç nəfəri, o cümlədən məni işə dəvət etmişdi. Sonrakı illərdə də bu ənənə davam edirdi. Müəllim redaksiyada gənc kadrlara praktik bilikləri aşılayır, düzgün, maraqlı yazmaq üsullarını öyrədirdi. İlk illərdə qüdrətli qələm sahibləri Cəmşid Əmirov, Rəfail Nağıyev, Şakir Abdullayev, Sabir Məmmədov, Şamil Şahməmmədov qəzeti oxuculara sevdirdilər. Az sonra Ərşad Əhmədovun, İsmayıl Kərimovun, Yusif Kərimovun, Şaban Şabanovun, Mülatif Adurovun, Aqil Dadaşovun, Qüdrət Piriyevin və başqalarının imzaları da tez-tez qəzet səhifələrini bəzəyirdi.

Redaktorumuz axşam qəzetlərinin (1963-cü ildə eyni zamanda rus dilində "Baku" qəzeti də nəşrə başlayıb) nüfuzunu, yazıların kəsərliyini artırmaq, onların daha çox mənzilə (ayrı-ayrı illərdə bu qəzetlərin gündəlik tirajı 120-140 min nüsxəyə çatırdı) yol tapmasına təkan vermək üçün səmərəli təşkilatçılıq işi aparırdı. Relaksiya nəzdində ikiillik müxbirlər universiteti yaradılmışdı. Məsul əməkdaşlarımız Bakının rayonlarında keçirilən seminarlarda müxbirlər qarşısında çaxış edir, ayrı-ayrı yazıları araşdırır, məqalə yazmağın sirlərini onlara öyrədirdilər. Universitetin fəaliyyəti Nəsir müəllimin gündəlik nəzarətində idi. Yaxşı yadımdadır, bir dəfə təcrübəli şöbə müdiri yatıb qaldığı üçün axşam saat 5-də başlanan məşğələyə getməmişdi. Bundan xəbər tutan redaktor bərk acıqlanmışdı. Ertəsi gün redaksiyada müşavirə çağırıldı. Nəsir müəllim şöbə müdirinin, necə deyərlər, aşının suyunu verdi. Bundan sonra universitetin məşğələləri heç vaxt pozulmadı.

Əməkdaşların hər birinin nəyə qadir olduğunu, hansı sahəyə daha çox meyl göstərdiyini yaxşı bilən redaktor əvvəllər partiya-siyasi şöbəsini sabiq partiya işçisi Cingiz Ələkbərova, sənaye şöbəsini radiodan gətirdiyi Səfər Məmmədova, şəhər təsərrüfatı və məişət şöbəsini bu sahənin bilicilərinə - əvvəlcə Kazım Ələkbərova, sonra isə Şakir Abdulalyevə, ədəbiyyat şöbəsini yazıçı-dramaturq Qeybulla Rəsulova tapşırmışdı. Bir neçə il sonra isə partiya şöbəsinə Əliabbas Əliyev, məktublar şöbəsinə Şaban Şabanov, ədəbiyyat şöbəsinə isə ədəbiyyatşünas Şamil Qurbanov rəhbərlik edirdilər.

Nəsir müəlim əməkdaşlara tez-tez deyirdi ki, yazıların üzərində diqqətlə işləsinlər, faktları dönə-dönə yoxlasınlar. Redaktor bizə tapşırırdı ki, müəllif yazılarına, xüsusilə, ziyalırın məqalələrinə hörmətlə yanaşaq, bu yazıları qəzet üçün hazırlayarkən onların üslubunu pozmayaq, qol-qanadını qırmayaq. Yadımdadır, bir dəfə şöbə müdiri məzuniyyətdə olan ədəbi işçiyə redaktor bir yazarın məqaləsini vermişdi ki, növbəti nörmə üçün hazırlasın. Hələ kifayət qədər təcrübəsi olmayan əməkdaşımıza elə gəlirdi ki, əgər o, redaksiyada işləyirsə, deməli, yazı üzərində hər cür əməliyyat apara bilər. Və məqaləni pis günə salıb makinada yazdıraraq redaktora vermişdi. Yazını oxuyan Nəsir müəllim təəccübləndi, orijinala baxdıqdan sonra ədəbi işçiyə bərk təpindi:

- Müəllif yazısına belə münasibət bəsləməyə redaksiya əməkdaşının heç bir haqqı yoxdur. Belə hərəkət etməklə təkcə həmin yazarı incitmirsən, həm də qəzeti oxucunun gözündən salırsan. Bu kişi çox gözəl bir məqalə yazıb, sən isə onu eybəcər hala salıbsan. Orijinalı apar, ver makinaya. Yazılandan sonra diqqətlə oxu ki, orfoqrafik səhvləri olmasın, sonra gətir ver mənə..

Heyif ki, Nəsir müəllimin bu düzgün metodu çağdaş yazarlara çatdırılmayıb. Ona görə də qəzet səhifələrinə çiy yazılar da çıxarılır. Anlaşılmaz cümlələr, təkrar ifadələr, orfoqrafiya qüsurları adamı belə məqalələrdən çiyrindirir.

Peşənizin incəliklərinə yiyələnən, tapşırıqları vicdanlı yerinə yetirən, axşam qəzetlərinin şərəfini uca tutan, od püskürən məqalələr yazan əməkdaşları Nəsir müəllim doğma balası qədər sevir, onları irəli çəkir, hökümət təltiflərinə və digər mükafatlara təqdim edirdi. Məsələn, mən üç dəfə Ali Sovetin rəyasət heyətinin fəxri fərmanlarına və "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşəm. Redaktorun xeyir-duası ilə uzun illər partiya-siyasi şöbəsinə və partiya təkşilatına rəhbərlik etmişəm.

İşçiləri lazımınca qiymətləndirməklə bərabər, ağsaqqal heç kəsin ərköyünləşməsinə, intizamı pozmasına, qrupbazlığa dözmür, təqsirkarları dərhal qınaq, məzəmmət "atəşinə" tuturdu.

O, kin-küdurət saxlayan adam deyildi. Mənə elə gəlir ki, o dövrdə 30 il partiya qəzetlərinə rəhbərlik edə bilməsinin bir sirri bu idi.

Səksəninci illərlə "Bakı" qəzetinin ədəbiyyat incəsənət şöbəsinin müdiri olmuş rəhbərlik həmkarım dostum Ağəddin Mansurzadə "Nəsir İmanquliyev məktəbi" kitabında haqlı olaraq yazıb: "Elə adam var ki, Nəsir müəllimi tanımır, ömründə bir dəfə ona salam verməyib. Lakin indi onun haqqında xatirə yazır". 2006-cı ildə buraxılan "Mətbuatımızın klassiki" kitabını vərəqləsəniz, bunun şahidi olarsınız. Ustadımıza həsr olunmuş bu kitabda xatirə yapdıran bəzi müəlliflər Nəsir müəllimn kölgəsində fürsətdən məharətlə yararlanaraq öz uğurlarına geniş yer veriblər. Məddahlıq yarışında fərqlənmək istəyən azarkeşlər həqiqətləri bilərəkdən ayaqlayaraq redaktorumuzu az qala dissident səviyyəsinə qaldırırlar. Bu cızmaqalalardan elə çıxır ki, guya redaktor kommunist rejiminin əleyhidarı olub, o dövrün ictimai-siyasi əyintilərini qamçılayan yazıları yuxarıların rəylərini nəzərə almadan dərc edirmiş. Bu, yalandır, cəfəngiyatdır!

Qətiyyətlə deyə bilərəm ki, Nəsir müəllim şəxsiyyətini qondarma mülahizələrlə "yüksəltməyə" heç bir lüzum yoxdur. Əksinə, bu, çox ziyandır. Onunla birlikdə axşam qəzetlərini şöhrətləndirən sabiq əməkdaşları redaktorumuzu olduğu kimi görmək istəyirlər. Ustad zəhmətini layiqincə qiymətləndirən yetirmələri adından bir daha bəyan edirəm: ölməyəcək böyük əməlləriniz, Nəsir müəllim! Axirət dünyasında rahat uyuyun! Qəlbimizdə yaşayırsınız.

 

Allah sizə rəhmət eləsin!

 

 

 

 

Əliabbas Əlimədətoğlu,

əməkdar mədəniyyət işçisi

Təzadlar.- 2011.- 14 dekabr.- S.7.