20 Yanvar gecəsindən keçən yolumuz...
O gecənin
ağır yükü hələ də
ürəyimizdə qalıb
1941-ci ildə "vətən" deyilən məmləkətin müdafiəsi uğrunda digərləri kimi, mənim də iki dayım cəbhəyə getmiş və bir daha geri qayıtmamışdır. Bununla əlaqədar son illərdə Ağdam rayon Hərbi Komissarlığının arxivindən tapılmış sənədlər əsasında məlum oldu ki, dayım İsmayıl Barat oğlu Məmmədov Böyük Vətən müharibəsi illərində qəhrəmancasına həlak olmuş və Kursk şəhərinin qardaşlıq qəbiristanlığında dəfn edilmişdir.
Günün birində dayımın məzarının ziyarəti üçün yola hazırlaşmalı oldum. Yol xərci əldə etmək məqsədilə həyətyanı təsərrüfatımızda min-bir zəhmətlə yetişdirdiyimiz nar məhsulundan iri çamadanlara, kağız yeşiklərə qablaşdırıb satmaq üçün Bakı-Moskva sərnişin qatarı ilə yola düşdüm. Krasnodar vilayətinin Kavkazski (Kurapatkin) deyilən kiçik bir stansiyasında dayanan qatarı tərk edib Krasnodar şəhərinin kolxoz bazarına yollandım. Yüklərimi bazarın saxlama kamerasında yerbəyer edib, ertəsi gün səhərin ala-toranlığında bazarın piştaxtasında özümə yer tutub satışa başladım. Günortaya yaxın, nədənsə, bazarda bir mərəkə qopdu. Gözlənilmədən bazara doluşan milis işçiləri bütün azərbaycanlıları bir yerə topladılar. Bu toplantının səbəbini heç kəs bilmirdi. Ətrafda toplantıya göz qoyan asayiş keşikçilərinin bəziləri isə adi paltarda idilər. Milis işçilərinə rəhbərlik edən zahirən kobud və enlikürəkli bir general idi. Bir qədər sonra məharətlə maskalanmış həmin general xoş bir təəssüratla toplantı iştirakçıları qarşısında çıxışa başladı. O, heç bir açıqlama vermədə beş saat müddətinə Rusiya torpaqlarını tərk etmək üçün qəti tapşırıq verdi. Əks halda, o, cinayət xarakterli həbs cəzası ilə bizi hədələməklə çıxışını yekunlaşdırdı. Bu çıxışdan sonra soydaşlarımla gərgin narahatçılıq hissi keçirməyə başladıq. Və şəhərdən necə çıxmaq barədə çıxış yolu axtarırdıq. Vaxtın azlığından mallarımızı dərhal başqa millətdən olan alverçilərə topdan satıb kirayə qaldığımız mənzillərə yollandıq. Vaxt itirmədən pal-paltarımızı, ərzaq tədarükümüzü çamadanlara qablaşdırıb küçəyə çıxdıq. Doqquz nəfər idik. Quşbaşı qar yağırdı. Bütün şəhər ağappaq qar örtüyünə bürünmüşdü. Şaxtalı havada ayağımız altında qalan donmuş qarı xırçıldada-xırçıldada yaxınlıqdakı taksi dayanacağına gəlib çatdıq. Maşınlara oturub Krasnodar vilayətinin nəzdində olan Proxladnıy dəmir yol satansiyasına yollandıq. Bir neçə saatdan sonra stansiyaya çatıb dərhal kassadan Simferopol-Bakı sərnişin qatarına doqquz nəfərlik bileti götürüb, elə stansiyada qatarı gözləməli olduq. Bir az sonra qatar stansiyaya verildi. Vaqona qalxıb yerlərimizi tutduq. Vaqonda bizdən başqa kimsə gözə dəymirdi. Xeyli keçmişdi ki, vaqonun ara qapısı açıldı. Müvazinətini itirmiş halda bizə tərfə gələn vaqon bələdçisində, nədənsə, bir narahatlıq hiss etdik. Bu narahatlığın səbəbini soruşsaq da, heç nə demədi. O, bu susqunluqla elə bil qoynunda qorxulu bir sirr gizlətməyə çalışırdı. Artıq şübhələrim özlüyümdə get-gedə artmağa başlayırdı. Ağlıma min cür fikir gəldi. Bakıya qayıtmağımızı və bir də ki, nə baş verdiyini anlaya bilmirdim...
Nəhayət, qatar yola düşdü. Yol uzunu yoldaşlarla yürütdüyümüz mülahizələr, şübhələr təxmini əsas üzərində yekunlaşırdı. ürəyimizdə donub qalan qarışıq fikirlər yuxumuza da haram qatmışdı. Günün necə gəlib keçdiyindən xəbərimiz olmadı. Bir də gördük ki, Bakı dəmir yol vağzalına çatmışıq. Məlum oldu ki, qatar Bakıya iki saat gecikib. Ətbəttə ki, bu, təəccüblü deyildi. Əsas təəccüblü o idi ki, yanvar ayının iyirmisində biz qatarı tərk edən zaman vağzalda bir nəfər də olsun insan gözə dəymirdi. Lakin atəş səsləri, barıt qoxusu şəhəri bürümüşdü. Nə baş verdiyi heç kimə məlum deyildi. Yüklərimizi götürüb sağzaldan çıxdıq. Şəhərdə vəziyyət gərgin idi. Hər şey bir-birinə qarışmışdı. Küçələrdə şütüyən tankların, BTR-lərin, zirehli maşınların uğultusu və bir də ki, başımız üzərindən vıyıltı ilə keçən güllə səsləri hamımızı vahiməyə salmışdı. Vağzalın üst tərəfindəki küçəyə çıxıb, ağır yükləri çəkə-çəkə üzüyuxarı qalxıb yolumuza davam etdik. Alçaq hasarlı bir həyətin yanından keçirdik ki, əlində benzin dolu butulka olan cavan bir oğlan yanımızda peyda oldu. O, özünü vətənpərvər, millətpərəst kimi qələmə verməyə çalışırdı və guya qisas almaq məqsədilə əlindəki butulkanın fitilinə od vurub yanımızdan keçən üstündə iriçaplı pulemyot, arxasında rus əsgəri dayanmış BTR-ə atmaq istəyirdi. Əslində məqsədi ehtirasları qızışdırmaqla qəsdən doqquz adamı qızğına vermək, özü isə yaxınlıqdakı hasardan aşıb, aradan çıxmaq idi. Bir təhər onu özümüzdən kənarlaşdırmağa nail olduq. Sanki düşüncəmiz də hisslərimiz kimi kütləşmişdi. Hara gedəcəyimizi bilmirdik. Bir müddət çarəsiz halda küçənin ortasında qalıb o tərəf, bu tərəfə boylandıq. özümüzü ələ alıb, yenidən ağır yüklər altında əks istiqamətə, metrostansiyaya tərəf yönəldik. Metrostansiyaya çatıb içəri daxil olduq. İçəridən səs-səmir gəlmirdi. Təkcə nəzarətçi öz postunda dayanmışdı. Qatarlar isə öz marşrutu ilə hərəkət etməkdə idi. Nəzarətçi baş verənlərin kimlər tərəfindən törədildiyini təfsilatı ilə bizə danışdı. Məlum oldu ki, şəhərdəki qarışıqlıq müstəqilliyimizə zərbə vurmağa çalışan rus imperiyasının vəhşilikləridir ki, bu da paytaxtda qanlı faciələrlə nəticələnib...
Avtovağzal yaxınlığındakı stansiyalardan birində düşüb küçəyə çıxdıq. Düzü, yüklərin ağırlığı bizi taqətdən salmışdı. Avtovağzal istiqamətində irəliləyərkən yaxınlıqda atəş səsləri eşidildi. Ayaq saxladıq, ətrafa baxanda tankların, BTR-lərin, zirehli maşınların bir ucu yoldan üzülməmiş, o biri ucu körpünün üstü ilə geri qayıdırdı. Hərbiçiləri duyuq salmamaq üçün səkinin üst tərəfindəki sıx ağaclar arasında gizlənməli olduq. İndiyədək tanımadığım yol yoldaşlarım Ağdam rayonunun İsmayılbəyli kəndindən idilər. Aralarında Baxış adında olan oğlan çox ayıq, diribaş idi. Onunla gizli yollarla Avtovağzala tərəf getməyə başladıq. Avtovağzala çatanda bir kimsə gözə dəymədi. Nəzarətsiz qalan Avtovağzal qarşısındakı taksi dayanacağında sək-səkəli halda dayanıb maşın gözləməli olduq. Nəfəsimiz təngimişdi, səbirsizliklə şəhərdən çıxmağa tələsirdik. Birdən gözləmədiyimiz bir hadisə baş verdi. Körpünün altından sürətlə keçən BTR-in səmtini dəyişərək bizə tərəf gəldiyini gördük.
BTR-in üstündəki iri çaplı pulemyotun arxasında oturan və qəzəblə bizə baxan sovet əsgəri pulemyotun lüləsini çevirərək dayandığımız istiqamətə tuşladı. Bu vaxt beynimdə yalnız bircə fikir dolandı. Ani olaraq əlimi cibimə salıb cib dəftərçəmin arasında hər zaman ürəyimin başında gəzdirdiyim, Qarabağda ağır seyid kimi tanınan Seyid Lazım ağanın şəklini əlimə aldım. Bu zaman sanki şəkil bütün bədənimə gumrahlıq gətirdi, dəyanətimi artırdı. Sonra şəkli ürəyimin başına qoyub, imdad dilədim...
(Davamı
sabahkı sayda)
Seymur Bayramov
Təzadlar.-
2011.- 14 dekabr.- S.7.