Bu gün Azərbaycanın görkəmli alimi Xudu Məmmədovun doğum günüdür. 

Bu gün-dekabrın 14-ü görkəmli alim Xudu Məmmədovun ad günüdür

 

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də fərqli idi. O, sementin bərkiməsindən tutmuş kristollaqrafiya sahəsinə dair bir çox kəşfləri və məntiqləri ilə dünya alimlərini mat qoymuşdu.

Xudu Məmmədovu həm də özünəməxsus bir elmi-ədəbi istedada malik sadə insan idi. Onun hələ Sovetlər dönəmində SSRİ-nin dağılması, Türkiyə ilə sərhədlərin açılması barədə fikirləri zamanında çoxlarına xülya kimi gəlirdi. Amma türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin Xudu Məmmədov barədə söylədiyi bir xatirəsi hər halda nəticə çıxarmağa əsas verər.

Bəxtiyar müəllim deyirdi:

- 70-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə, söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun  Azərbaycanın cənublu-şimallı birliyində xoşbəxtliyini görmək olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi:

- Ən böyük arzum budur ki, bir gün qapımız döyülsüngedib açım, görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm... Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə...

Bəxtiyar müəllim bu arzuya şərh də verirdi:

- Xudu ötən əsrin 70-ci illərində onu görürdü və arzulayırdı ki, bir gün sərhədlər açılacaq, üzümüzə bağlı olan türk dünyası qucağımızda olacaq, Sovet quruluşu dağılacaq, bir gün isə türk əsgəri hətta Bakıya əlində silah gələ biləcək - Azərbaycanı düşmənlərdən qorumaq üçün, arxa durmaqdan ötrü...

Xatırladaq ki, 1927-ci il dekabrın 14-də Ağdamın Mərzili kəndində anadan olan Xudu Məmmədov bir sıra qeyri-adi kəşflərin müəllifi olmaqla yanaşı, həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edib. Vətənpərvər alim 1988-ci il oktyabrın 15-də Bakı şəhərində dünyasını dəyişib.

Ruhun şad olsun, Xudu müəllim!

Asif Mərzili

Aşağıda bu doğum günündə görkəmli alimin aforizmə çevrilmiş bəzi fikirlərini təqdim edirik:

Xudu Məmmədov deyirdi:

"Qonşu qonşuya baxar, özünü oda yaxar." - deyıblər. Ancaq "Qonşu qonşunun atasını yandırar," - deməyiblər.

Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.

Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.

Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.

Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılmışdır.

Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.

Onu xalqın pis münasibətindən qanun qoruyurdu.

Mürəkkəblik çətinlık olmasa belə, onu insanlar özləri üçün yaradırlar.

Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.

İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!

İnsanlar arasında olmayınca ölü və dıriliyini necə bilərsən?

Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.

Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi...

ömür yadda qalan günlərın sayı ilə ölçülür.

İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?

Məqsədə arzumu itirmiş gəldim...

Vəzifə verirlər, sonra axtarırlar...

Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.

Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.

üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.

İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.

Sözdən ürkək, qələmdən ürkək düşüncələr!

Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara cıx. Əl çatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!

Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin gözyaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy, taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı.

Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı.

Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum.

Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım.

Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur.

Təşkil olunmuş bekarçılıq...

Başa düşülmək üçün başa düşməyə çalış.

Yersiz görülmüş yersiz deyilmiş söz kimidir.

Yersiz lazımolma arzusu əl-ayağa dolaşmaqdan başqa bir şey deyildir.

Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır.

Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?

Əlaqələndirmə şurasının sədri öz əlaqəsiz çıxışında göstərdi ki...

Pislikdən danışmaq yaradıcılığı hamıya verilib.

Biz yalnız düşüncələrimizin formasını görə bilirik.

Nəcib qəlbli insanı özünə borclu etborcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!

İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur.

Sənin gözlərin taleyimin qaranlıq səmasında mənə yol göstərən ulduzlar oldu.

Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır.

Varlığımdan kənar varlığımsan mənim.

Sən dünyaya lazım olmayanda, dünya da sənə gərək olmur.

 

 

Təzadlar.- 2011.- 14 dekabr.- S.4.