Yurd yeri...
Getməsək də, görməsək də, o yurd bizim yurdumuzdu...
Təcrübəli pedaqoq, dəyərli ziyalı, əməkdar müəllim Səlim Əzimov anadan olduğu Novruzlu kəndi haqqında gözəl bir kitab ərsəyə gətirib.
Füsunkar təbiəti, mənzərəli, mədəni-tarixi abidələrlə zəngin şəhərlərimiz, kəndlərimiz haqqında çoxsaylı əsərlər, məqalələr, elmi monoqrafiyalar, kitablar nəşr olunub. Təbii ki, hər bir müəllif doğma torpağını, doğuldu elini, obasını özünəməxsus üslubda təsvir edib.
Səlim müəllim də "Yurd yeri" kitabıyla sanballı, maraqlı bir əsəri oxuculara ərmağan edib. On səkkiz ildən çoxdur düşmən tapdağında inləyən Ağdam rayonunun Novruzlu kəndinə həsr olunmuş kitabda müəllif oxucuları xəyalən müqəddəs yurd yerlərinə aparır. Katabda həmçinin Novruzlu kəndinin tarixi, tanınmış insanları haqqında geniş məlumatlar yer alıb. Müəllif doğma yurd yerini oxucuya belə təqdim edir: "Novruzlu - qədim Qarabağın Cavanşir elinin tərkibində olub. Hələ XVII əsrin əvvələrində kənd camaatı iri torpaq sahibləri, mal-mülk, bağ-bağat yiyələri olub. Novruzlu kəndi Qaraqar çayının sağ sahilində yerləşirdi. Kənddə sayılıb-seçilən, adlı-sanlı adamlar vardı. XIX əsrin axırlarında Ağdamın heç bir yerində olmayan çoxmərtəbəli, üstü dəmirli binalar Novruzluda var idi..."
Təbii olaraq uzun illərin müəllimlik təcrübəsi kitabdakı bölümlər boyu özünü göstərir. "Novruzlu - qədim yurd yeri", "Novruzlunun ozü qədər qədim olan kişiləri", "Novruzlu məhlələri" və digər bölümlərdə oxucu Novruzlu kəndinə mənsub olan insanlar, yer adları, məhəllələr, kəhrizlər, bağlar haqqında ətraflı məlumat alır. Novruzlu kəndini elə təsvir edir ki, ömründə o yerlərdə olmayan adam üçün oranı gözünün önündə canlandırmaq heç də çətin deyil.
"Müasir Ağdam" və "Fəxr etdiyim insanlar" bölümlərində elm, mədəniyyət, istehsalat sahəsində çalışan insanlardan, həmçinin dünya şöhrətli alimlərdən Xudu Məmmədov, Rafiq Əliyev, uzun müddət məsul vəzifələrdə çalışmış şəxslərdən Feyruz Mustafayev, Sadıq Mürtuzayev, Həmzə Əliyev, Surxay Qurbanov, Səyyaf Əliyev, təcrübəli təhsil işçilərindən Qara Hüseynov, Xanış Məmmədov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Milli Məclisin baş eksperti İsaq Alməmmədov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədov, peşəkar jurnalistlərdən Bəbir Hüseynov, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, şair Şahmar Əkbərzadə, muğam ustadı Arif Babayev, tanınmış tarzən Ramiz Quliyev, ensiklopedik insan Zeynal Məmmədov, Mingəçevirdə Texniki Nəzarət İdarəsinin rəisi Əsgər Məmmədov haqqında söhbət açılır.
Kitabda Böyük Vətən müharibəsində və Qarabağ döyüşlərində həlak olmuş Novruzlu şəhidlərinin bir qisminin adları, eləcə də 1974-1993-cü illərdə Novruzlu kənd orta məktəbini bitirənlərin siyahısı öz əksini tapıb. Digər bir bölümdə isə müəllifin publisistik düşüncələri və ona həsr olunmuş yazılar yer alıb.
Ötüb keçən illər, fəsillər də doğmalaşan ağrıları Səlim müəllimə unutdura bilmir. Bəlkə də onu bu dünyaya bağlayan, illəri, ayları ilmə-ilmə yan-yana düzən də elə bu nisgildir... "...Yurd yerinə qayıdacağıq. Onda ilk getdiyim yer Novruzlu qəbiristanlığı olacaq. Ata-anamın, bacılarımın, qohumlarımın qəbirlərini ziyarət edəcək, dualar edib, rəhmət oxuyacağam..." deyən Səlim müəllim səksən ildir yol gəlir: "...Az gəlmişəm, çox gəlmişəm, bilmirəm, bircə onu bilirəm ki, mən bu yolu düz gəlmişəm. Gül kimi balalarım, nəvələrim nəticələrim var. Hamısı ilə fəxr edirəm. Amma hər gün yenə gözüm axtarır - doğma kəndimizi..."
Qeyd edim ki, Səlim müəllmin təhsil həyatı ilə bağlı "Müəllim ömrü" və "Kamillik zirvəsi" kitabları nəşr olunub.
Əminəm ki, Səlim müəllimin "Yurd yeri" kitabı oxucularda böyük maraq doğuracaq.
Yurd yerlərimizə dönmək arzusu ilə:
Elbar ŞİRİNOV
Təzadlar.-
2011.- 17 dekabr.- S.14.