Sel ağzında söz
göyərdən şair
Haqqında söhbət açmaq istədiyimiz Ramiz Qusarçaylı vətənin, millətin, elin, obanın ağrı-acılarını içindən keçirib təsirli sözə çevirməyi bacaran qələm sahiblərindən biridir. Onunla tanışlığımızın, dostluq və qardaşlığımızın tarixi qırx ilə yaxındır. Keçən bu illər ərzində Ramiz yalnız bir məsləkə, bir əqidəyə qulluq elədi, hər zaman öz yazılarında ürəyi dağlı, əli qabarlı, sadə, səmimi zəhmət adamının haqqını müdafiə elədi. Son 20 il ərzində əyalət şəhəri olan Qubada yaşayan və qaynar ədəbi fəaliyyətlə məşğul olan Ramiz Qusarçaylı poetik fikirlərinin çəkisinə və sambalına görə öz yaşıdlarından daha tez müdrikləşmişdir. Bu fikrin təsdiqi kimi deyə bilərik ki, keçən illər ərzində neçə-neçə qüdrətli qələm sahibi onun yaradıcılığına biganə qalmamış, bu mövzuda yüzdən artıq samballı məqalə yazıb çap etdirmişdir. Belə qələm sahiblərindən biri olan filologiya elmləri doktoru Vaqif Yusiflinin Ramizin "Bir çiçək axşamı" adlı şeirlər kitabına yazdığı ön sözdə oxuyuruq: "Haqqında söz açdığım Ramiz Qusarçaylının bir çox şeirləri məhz publisistik ahəngi ilə seçilir. Və mən deyərdim ki, Ramiz bu gün öz yaşıdları arasında bəlkə elə bu cəhətinə görə daha artıq diqqəti cəlb edir. Onun mənsub olduğu ədəbi nəsil şərti olaraq "səksənincilər" adlanır. Bu nəsildən çoxlu sayda istedadlı şairlər yetişib. Ancaq Ramiz öz yazı tərzi, dünyanı, gerçəkliyi özünə məxsus poetik qavrayışı ilə onların heç birinə bənzəmir".
Ramizin şeilərini sakit, həyəcansız oxumaq qeyri-mümkündür. Onun "Baxsana" adlı şerində oxuyuruq:
Tamah döyəcləyir, boş adamları,
Göz-gözə dayanır, dil-dilə bişir.
Gəlir iş başına iş adamları,
Rüşvət nikah kimi qanuniləşir.
Həyatımızın bədnam və ayrılmaz tərkib hissəsi olan rüşvət haqda çox deyilib, çox yazılıb. Amma mənə ən çox təsir edəni Ramizin bu bəndi, bir də istedadlı şair, publisist İlham Qəhrəmanın bu misralarıdır:
Düşünmür başına gələn işləri,
Neyləyir, özünə millət eləyir.
Elə çiçəklənib ölkədə rüşvət,
Yanında qızılgül qələt eləyir.
Yaxud, Ramizin elə təsirli bəndləri və misraları var ki, burda bütöv bir poetik mənzərə ilə qarşılaşırıq:
Tarix süpürgəçi, -
Yaddaş süpürür.
Ürəkdə toz qatı, dərd qırıqları...
Gördüm nə çarx çəkir, nə yel üfürür
Yollara tökülən hıçqırıqları.
Ramiz Qusarçaylının yaradıcılığına kəskin publisistik ruh hakim kəsilib. Bu kəskin ruh onun satirik şeirlərində də özünü aydın büruzə verir. Bu barədə ayrıca bir yazıda ətraflı bəhs etmək fikrindəyik. İndi isə "Məmur eşşək" adlı şeirindən bir bəndi təqdim etməklə fikrimizi tamamlamağa çalışırıq:
Gələn kimi ucadan bir hava da
oxutdu,
Vətən deyib gözündən
"milli" yaş da axıtdı.
Sonra yerli atları işdən qovdu, dağıtdı,
Qalan uzunqulaqlar üzünə
qımışdılar,
Bir bazar eşşəyindən məmur
qayırmışdılar.
Beləliklə, 2007-ci il sentyabr ayının 16-da axşamüstü saat 4 radələrində Ramizin
Quba rayonu İH-nin binasında yerləşən xidməti
iş otağında görüşüb bu müsahibəni diktafonun yaddaşına köçürdük.İndiyə
kimi heç yerdə çap olunmayan həmin maraqlı müsahibəni
təqdim edirik:
- Ramiz bəy, əvvəlcə xahiş
edirik, deyin görək, Qubanı əyalət saymaq olarmı, əgər saymaq olarsa, siz bu əyalətdə
necə yaşayırsınız?
(Davamı növbəti sayda)
Bayram Afurcalı,
Aydan Telmanqızı
Təzadlar.- 2011.- 17 dekabr.- S.14.