Sel ağzında söz
göyərdən şair
(Əvvəli
ötən sayda)
Beləliklə, 2007-ci il sentyabr ayının 16-da axşamüstü saat 4:00 radələrində Ramizin Quba rayonu İH-nin binasında yerləşən xidməti iş otağında görüşüb bu müsahibəni diktafonun yaddaşına köçürdük. İndiyə kimi dərc olunmayan həmin müsahibəni təqdim edirik:
- Ramiz bəy, əvvəlcə xahiş edirik, deyin görək, Qubanı əyalət saymaq olarmı, əgər saymaq olarsa, siz bu əyalətdə necə yaşayırsınız?
- Onu deyim ki, bu tipli sual mənə dəfələrlə verilib. özünüz də yaxşı bilirsiniz ki, uzun illər bundan əvvəl biz ikimiz də Lenin adına mərkəzi şəhər kitabxanasında fəaliyyət göstərən ədəbi birlikdə bir-birimizi ilk dəfə görüb tanış olmuşuq. O dərnəyə gəlib sizi tanıyanda mən hələ orta məkəbin sonuncu sinfində təhsil alırdım. Qüdrətli şair Söhrab Tahir də bizim dərnəyə rəhbərlik edirdi. Sonalar hər ikimiz tədricən bişib formalaşdıq. Mən bundan əlavə, digər ədəbi məclislərin, dərnək və ədəbi birliklərin işinə də qatılırdım. Günlərin birində Bakıya, onun ədəbi məclislərinə sığmadım, özümü qərib, narahat hiss etdim. Odur ki, Ukraynaya gedib Donbas kömür şaxtalarında, yerin dərin qatlarında işləməli oldum. Kömür çıxarmaq əslində bəhanə idi, məni sıxan, burdan çıxmağa məcbür edən Bakının qeyri-sağlam ədəbi mühiti idi. 90-cı illərin əvvvəllərində Bakıya qayıdarkən qalıb şəhərdə işləyə bilərdim, mənə bir neçə yerdən iş təklif edənlər də oldu. Amma yenə paytaxtın ədəbi mühiti məni özündən uzaqlaşdırdı və mən doğma, sevimli Qubaya gəlməli oldum. Əyalətə gələn kimi burda Bakı ədəbi mühitinin bir parçasını yaratmaq qərarına gəldim. Düşündüm ki, bu vaxt ortada yaradıcılıq, kitablar, samballı əsərlər olmalıdır. Bu günün özündə isə mən Bakı ilə əyalətdə elə bir köklü fərq görmürəm. Burda ədəbi mühitin zəifliyi, qələm, yazı adamlarının barmaqla sayılacaq dərəcədə az olması, insanın vaxtında duyulmaması, mütərəqqi mahiyyət daşıyan əməllərə göz yumulması, süni maneələrin yaradılması xarakterik xüsusiyyətdir. Bu baxımdan, mən burda bütün çətinliklərə baxmayaraq, kiçik bir ədəbi mühit yaradıb formalaşdıra bilmişəmsə, öz taleyimdən gileylənməyə haqqım yoxdur.
- Ədəbiyyata az-çox bələd olan hər kəs yaxşı bilir ki, zaman-zaman Quba ədəbi mühiti öz təbiiliyi, gözəlliyi ilə, yüksək poetik dəyəri olan ədəbi məhsulları ortaya qoymağı ilə diqqəti cəlb edib, yaxşı mənada seçilib, fərqlənib. Vaxtilə zəngin ədəbi ənənələrə malik olan bu ədəbi mühit əvvəllər "Gülüstan", indi isə "Ay işığı" adlı birliklərin ətrafında formalaşmışdır. Son 30-40 ilin Quba ədəbi mühitinə nəzər salmalı olsanız, hansı ümdə cəhətləri qeyd edərdiniz?
- Mən cəsarətlə deyərdim ki, "Gülüstan" Azərbaycanda yaranan ilk ədəbi məclislərdən biridir. Bu məclis ilk dəfə XIX əsrin ortalarında dahi mütəfəkkirimiz A.A.Bakıxanov tərəfindən yaradılıb. Bakıxanovun Avropada yaşayıb yaradan görkəmli ədiblərlə, hətta Puşkinin ailəsi ilə yaxın əlaqədə olması nəticəsində o, Avropa ədəbi mühitini Azərbaycana, eləcə də Qubaya gətirmişdi. Bu, çox ciddi bir tarixi faktdır. Mən deyərdim ki, "Gülüstan" ədəbi birilyi keçən əsrin 80-cı illərinə kimi adda-budda şeirlər, müxtəlif səpkili əsərlər ilə özünü büruzə verirdi. Amma mən Quba mühitinə qədəm qoyanda tamam iflasa uğramış ədəbi proses özünün tükənmək mərhələsini yaşayırdı. Mən əvvəlcə bu birliyin üzvü olan adamalrı bir yerə toplayıb ədəbi söhbətlər keçirməyə başladım. Sonra uzun-uzadı öz-özümə oturub düşündüm ki, bir "Gülüstan" da özüm yaratsam, deyəcəklər ki, bu adda birlik əvvəldən də mövcud idi, daha sən onu necə yarada bilərsən?! Buna görə də həmin birliyin bazası əsasında "Ay işığı" adlı yeni ədəbi birlik yaratmağa başladım. Ad qoymaq məqamında "Şahdağ", "Quba", "Qudyalçay" kimi adlar da müzakirə olundu, amma "Ay işığı" adı daha çox bəyənildi. Keçən bu on beş il ərzində bizim əllidən artıq kitabımız nəşr olunub, 15 nəfər üzvümüz Yazıçılar Birliyinə qəbul olunub, 4 almanaxımız nəşr olunub. Uğurlarımız çoxdur. Bakıda yaşayan və əslən Qubadan olan ziyalılarımız arasında professor Vaqif Arzumanlı bizimlə daha sıx, daha mütəmadi və məhsuldar əlaqə saxlayır. Həmçinin professor Nazif Ələkbərli də bizimlə sıx əməkdaşlıq edir. Nə gizlədim, bəzi hörmətli və imkanlı ziyalılarımız var ki, onlardan bir qədər gileyliyik. Zaman-zaman Məmməd Araz, Məmməd Aslan, Ramiz Rövşən, Şahmar Əkbərzadə, Kamil Vəli Nərimanoğlu, Nəbi Xəzri kimi qüdrətli qələm sahibləri qubaya gəlib "Ay işığı" ədəbi birliyinin üzvləri ilə görüşmüş, xeyir-dua və dəyərli məsləhətlərini bizdən əsirgəməmişlər. Bu yaxınlarda xalq şairi Zəlimxan Yaqub gəlib bizimlə maraqlı bir yaradıcılıq görüşü keçirdi və Bakıya qayıdan kimi zəngin təəssüratlarını iri bir məqalə şəklində yazıb "Ədəbiyyat" qəzetində çap etdirdi.
Dahi şair B.Vahabzadə bir samballı məqaləsində xüsusi şəkildə vurğulayır ki, mən Qubada olan sağlam ədəbi qüvvələri, poetik ruhu, nəfəsi respublikanın başqa heç bir bölgəsində görüb hiss etməmişəm. Yeri gəlmişkən deyim ki, o, öz yazılarında mənim bədii yaradıcılığıma da çox yüksək qiymət vermişdir. Bir dəfə Seyran Səxavət dedi ki, iniki qapaqap zəmanəsində belə sağlam bir ədəbi mühitin olmasına təəccüb edirəm və sizin qarşınızda baş əyirəm. Xülasə, böyük yazarlarımız həmişə bizim fəaliyyətimizə yüksək qiymət veriblər. Təkcə son aylar ərzində birliyimizin üç üzvünün kitabı çap olunub. Bunlar ağsaqqal alimimiz Şövkət Tacıbəy, Alpan kəndindən Firəngiz Əhmədova, Brinci Nüqədidən 1 nömrəli orta məktəbin müəllimi Sərvinaz Sərvərdir. İndi Xaçmazda yaşayan gözəl ziyalılarımızın kitabları çapa hazırlanır. Birliyimizin ən cavan üzvü Orxan Xalidoğlu 6 yaşından məclisə gəlib-gedir. İndi onun 2-ci kitabı çapa hazırlanır. Gələn ilin payızında sizin də iştirakınızla birliyimizin 15 yaşı xüsusi təntənə ilə qeyd ediləcək. Bu tədbirə ciddi hazırlıq işləri görülür. Bu məqsədlə üç kitab çap etməyi nəzərdə tutmuşuq. Birinci kitabda Azərbaycanın böyük, mütəfəkkir qələm sahiblərininn "Ay işığı" haqqında yazdığı məqalələr toplanacaq. İkinci kitabda bizim yazarların yeni ədəbi əsərləri çap olunacaq. 3-cü kitabda isə birlik üzvlərinin orijinaldan etdikləri tərcümə əsərləri toplanıb nəşr ediləcək.
- Ramiz bəy, Quba torpağının yetişdirdiyi ziyalılar haqda nə deyə bilərsiniz?
- Sadəcə onu demək olar ki, mən bir-bir məktub yazıb qubalı ziyalıları və alimləri Bakıdan bura dəvət edəsi deyiləm. Bilirsinizmi, Quba ilə paralel olaraq mən həm də Dərbənd, Bakı, Borçalı, Təbriz, Araz, Naxçıvan haqda daha çox düşünürəm. çünki Quba ilə yanaşı bu müqəddəs məkanlar da bizimkidir. Ancaq vətəni bölgələrə ayırmaq düzgün olmazdı.
Rafiq Səməndər bir ziyalı və jurnalist kimi bizimlə sıx əlaqə saxlayır, Quba ictimaiyyəti qarşısında onun xidmətləri böyükdür. Rafiq ilk dəfə "Körpü" adlı 45 dəqiqəlik televiziya verilişini bizim "Ay işığı" ədəbi birliyinin üzvlərinə həsr elədi. Hər bir qələm sahibimiz Təngə dərəsində Vəlvələçayın üstündəki asma körpüdən keçdikcə mən onları təqdim edirdim. Burda körpü həm dərəmzi məna daşıyırdı, qələm adamları körpüdən keçdikcə elə bil ki, böyük sənətə vəsiqə alırdılar. ümumiyyətlə, digər telekanallar və radio studiyaları da indiyə kimi "Ay işığı"nın fəaliyyəti haqda 50-dən artıq veriliş hazırlayıblar. Mənim haqqımda hazırlanan iki saatlıq "Ovqat" verilişi televiziya ilə təkrar-təkrar yayımlanab. Bütün bu işlərdə Rafiq Səməndərin rolu böyükdür. Amma təəsüflər olsun ki, bu xoş sözləri tanınmış professorlar Azad Nəbiyev və Nizaməddin Şəmsizadə haqqında deyə bilməyəcəyəm. Bir cəhəti könül xoşluğu ilə deyə bilərəm ki, özəl televiziyalar həmişə bizə öz qucağını açıb. Bu baxımından, İT ilə bahəm, "Lider", "Space" və "ANS" telekanallarının fəaliyyətindən çox razıyıq. Quba ədəbi mühitinin yetişdirib formalaşdırdığı ziyalılardan bəzilərinin sonradan dönük çıxması əlbəttə ki, bizi daxilən ağrıdır.
- Xahiş edirik ki, şəxsən Ramiz Qusarçaylının fəaliyyəti və gələcək planları barədə məlumat verəsiniz.
- Bildiyiniz kimi, keçək il mənim "Bir çiçək axşamı" adlı şeirlər kitabım çap olundu. Bu kitab haqqında mətbuatda 15-20 müsbət ruhlu məqalə dərc edildi. Bu yaxınlarda mənim həm də "Eşşəknamə" adlı yeni satirik bir şeirlər kitabım da işıq üzü gördü. Bu kitab az bir zamanda geniş əks-səda doğurdu. Görünür ki, bizim ünlu ziyalılarımız, qədirbilən oxucularımız zaman-zaman satira janrına xüsusi maraqla yanaşıblar. Görürəm ki, oxucular kəm-kəsiri, ağrı-acını sənət dili ilə təqdim edəndə buna daha həssas yanaşırlar. Min tirajla çıxan kitab bir neçə həftənin içində bütünlüklə satılıb qurtardı. İndi həm o kitabı təkrar nəşr etmək, həm də bundan xeyli kəskin satirik ruhda qələmə alınmış yeni bir kitabı tamamlamaqla məşğulam. Bu satirik kitab "üç nöqtənamə" adlanacaq. "üç nöqtə"nin təsvir obyektləri eşşəkdən də aşağıda dururlar. Avropa və rus şairlərindən etdiyim tərcümələr kifayət qədər çox olduğu üçün indi onarı da ayrıca kitab halında çap etdirmək istəyirəm. Amma maddi sıxıntılar bu istəyi indi gerçəkləşdirməyə mane olur. Bütün bunlarla paralel mən həm də nəsrlə məşğul oluram, silsilə şəklində hekayələr yazıram. İndi həm də bu hekayələri kitab halında çapa hazırlamaqla məşğulam. Kitab belə adlanır: "Şeir yaza bilməyəndə qələmə aldığım hekayələr".
Tale qismət eləcə, gələn il mənim 50 yaşım tamam olacaq. Mən bu əlamətdar yubileyə daha bir neçə kitabla gəlmək istəyirəm. Mən ədəbi taleyimdən kifayət qədər razı admam, belə ki, şeirlərim sevilə-sevilə oxunur, kitablarıma təlabat kifayət qədər yüksəkdir, çap olunan əsərlərin dərhal satılır. Təsəvvür edin ki, mənə həsr edilər "Ovqat" verilişi efirə getdikdən sonra 200-dən artıq tamaşaçı məktub göndərmək və zəng etməklə mənə təşəkkürünü bildirdi ki, bu da məncə şair üçün xoşbəxtlik deməkdir. Artıq Qubada payızın nəfəsi duyulur. Saralmaqda olan yarpaqların tökümü məni yeni-yeni maraqlı şeirlər yazmağa təhrik edir. Bu baxımdan düşünürəm ki, mart ayına kimi "Azərbaycan", "Ulduz" və digər ədəbi orqanlarda bir sıra silsilə ədəbi materiallarla çıxış edim.
Bayram Afurcalı,
Aydan Telmanqızı
Təzadlar.- 2011.- 20 dekabr.- S.7.