"Azərbaycan
diasporasının fəal olduğu
ölkələrdən biri də
Rusiyadır"
Saleh
Şükürlü:"Ancaq gənclərimizin Güney Azərbaycanla
bağlı fəallığı o qədər də ürəkaçan
deyil"
"Mübariz Gənclər Təşkilatı"nın sədri Saleh Şükürlünün "Təzadlar"a müsahibəsi
- Saleh bəy, uzun müddət ölkənin fəal gənclərindən sayılmısınız. Hazırda gənclərimizin ictimai-siyasi fəallığı sizi qane edirmi?
- Böyük ümidlərlə baxdığımız gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir. Bunun üçün də gənclərimiz milli ruhda və milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Əvvəlki dövrlərlə müqayisədə, bu gün gənclərin fəallığı daha da artıb. Belə ki, çoxsaylı intellektli gənclərimiz xarici ölkələrdə, eyni zamanda beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir və bayrağımızı yüksəklərə qaldırırlar. Eləcə də ölkəmizin inkişafında elə bir sahə yoxdur ki, gənclər orada öz izlərini qoymasınlar. Gənclərimiz müstəqil Azərbayanın abadlaşdırılması, burda aparılan quruculuq işlərinə öz töhfələrini verməyə çalışırlar. Sevindirici haldır ki, bu gün gənclər ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Dövlət quruculuğunda gənclərin rolu artıb, daha çox gənc dövlət orqanlarında məsul vəzifələrə irəli çəkilib.
- Neçə illər idi ki, Rusiyada yaşayırdınız. ümumiyyətlə, Rusiyada Azərbaycan diasporunun durumunu necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycan diasporasının fəal olduğu ölkələrdən biri də Rusiyadı. Düzdür, başqa ölkələrdəki diasporlarımızda olan problemlər Rusiyadakı diasporamızda da mövcuddur. Bu problemlərə baxmayaraq, vətənpərvər soydaşlarımız müxtəlif adlarla diaspora fəaliyyəti göstərirlər, öz üzərilərinə düşən vəzifələri hər bir vəchlə yerinə yetirməyə çalışırlar. Diasporanın inkişafında gənclərin rolunu xüsusi qiymətləndirmək istəyirəm. Ancaq bütün bunlarla kifayətlənmək olmaz, daha da ciddi səylərlə çalışmaq lazımdır.
- Güney Azərbaycanda baş verən hadisələri izləyirsinizmi və sizcə, gənclərimizin Güney Azərbaycan məsələsində fəallığı hansı səviyyədədir?
- Əlbəttə, bütün prosesləri yaxından izləyirəm. Ancaq açığını deyim ki, bu gün gənclərimizin Güney Azərbaycanla bağlı fəallığı o qədər də ürəkaçan deyil. Demək istəmirəm ki, Güney Azərbaycan gənclərimizi maraqlandırmayan bir məsələdi. Sadəcə, demək istəyirəm ki, daha effektiv fəaliyyət göstərmək üçün sistemli işləmək lazımdır. Dağınıq fəaliyyət göstərəndə bunun effekti gözlənilən nəticəni vermir. Sırf Güney Azərbaycan məsələsi ilə məşğul olan təşkilatları çıxmaq şərtilə yerdə qalanlar mövsümi olaraq fəaliyyət göstərir. Siyasi partiyalar isə gündəmdə qalmaq məqsədilə yadlarına düşəndən-düşənə müəyyən məsələlərə münasibət bildirməklə kifayətlənirlər.
- Yenidən siyasi-ictimai proseslərə qoşulmağı planlaşdırırsınızmı?
- Bilirsiniz ki, politologiya ixtiası üzrə magistr təhsili almışam, Rusiyaya getməzdən əvvəl də ölkədə kifayət qədər ictimai-siyasi fəallığım olub. Respublika səviyyəli Mübariz Gənclər Təşkilatını yaratmışdıq, gəncliyin ilk müstəqil tribunası olan "Mübariz Azərbaycan" qəzetini nəşr edirdik. Bütün bunlar hamısı çətinliklər, əziyyətlər bahasına başa gəlsə də, öhdəsindən gəlirdik və öz sözümüzü deyə bilirdik. Rusiyada da aktiv olmuşam. Orada yaşayan aktiv, vətənpərvər azərbaycanlılarla daim kontaktda olmuşam. Müəyyən qədər orada da fəaliyyətim olub. Bildiyiniz kimi, artıq qayıtmışam ölkəyə, bundan sonrakı fəaliyyətimi də Azərbaycanda quracam və fikirləşirəm ki, ictimai-siyasi proseslərə aktiv qoşulüm.
Elnur Eltürk
Təzadlar.-
2011.- 23 dekabr.- S.7.