Həmidə
xanım Cavanşir xatirələrində
Böyük vətənpərvər, dəyərli ziyalı Mehriban Vəzirin ruscadan çevirdiyi və yenicə işıq üzü görmüş Həmidə xanım Cavanşirin "Xatirlərim" kitabını birnəfəsə oxudum. Oxuduqca mənə doğma olan o yerlər gözümün qarşısından bir kino lenti kimi keçirdi.
Qeyd edim ki, Mehriban xanım Həmidə xanım Cavanşirin 70-dən çox şagird dəftərinə yazılmış xatirələrini dilimizə çevirərkən böyük zəhmət, əmək sərf edib.
Məlum olduğu kimi, professor Abbas Zamanov 1967-ci ildə Həmidə xanımın "Xatirələrim" adlı əl yazmasından Cəlil Məmmədquluzadəyə aid hissəsini sərbəst tərcümə edib, dövrünün siyasətinə uyğunlaşdıraraq "Mirzə Cəlil haqqında xatirələrim" adı altında nəşr etdirmişdir.
Bu xatirələri yazmaq Həmidə xanıma 1930-cu ildə Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov tərəfindən sifariş verilmişdir. Həmidə xanımın "Mən görmədiklərimi yaza bilmərəm" deməsi bu xatirələrin işıq üzü görməsinə mane olmuşdur.
Bu xatirələr bir də ona görə çox qiymətlidir ki, o dövr Qarabağın tarixini öyrənmək, bəylər arasında olan ixtilafları və əlaqələri öyrənmək mümkündür. Bəlli olur ki, heç vaxt Qarabağ bəyləri ümumi düşmənə qarşı bir olmayıb, əksinə, həmişə bir-birini qırmaqla məşğul olublar. Mirzə Ələkbər Sabir demişkən: "öz millətimizin başına əngəl-kələfik biz".
Kim idi Həmidə xanım? Həmidə xanım Qarabağın xan nəslindən, hakim-xanədan ailəsindən çıxmış iri torpaq sahibi, ziyalı mülkədar təbəqəsinə mənsub idi. Atası Avropada təhsil almış görkəmli maarifçi, islahatçı, yazıçı Əhməd bəy Cavanşirdir. Elə ata və qızı xeyriyyəçi olduqları üçün ətraf bəylər onları qəbul etmirdi.
"Xatirələrim"i oxuduqca görürük ki, Əhməd bəy Cavanşir və qızı Həmidə xanım nə qədər şərəfli, şərəfli olduğu qədər də əzablı bir həyat yolu keçiblər. Əhməd bəyin təhsil almağa göndərilməsi də xan ailəsinin daxili çəkişməsinin nəticəsi idi. Qarabağın son hakimi Mehdiqulu xana rus çarından tələb gəlir ki, xan və daha bir neçə erməni məlikləri oğlanlarını təhsil almaq üçün imperiyanın mərkəzinə göndərməlidirlər. Xan ailə şurasını, yaxın əyanlarını toplayıb məsələni açır, deyir ki, "mənim oğlum yoxdur, sizlərdən biriniz oğlunuzu göndərməlisiniz, bu işin başqa çarəsi yoxdur". Hər kəs etiraz edir, heç kəs oğlunun gedib kafir olmasına, xristianlarla bir qabdan yemək yeməsinə, dini, imanı itirməsinə razı olmur. Əyanlardan biri deyir ki, xan sağ olsun, sən gəl, Mehralı bəyin törəmələrindən göndər, onsuz da onlar nadincdirlər, böyüyüb bir oyun qayıracaqlar, heç olmasa, bir-ikisi buralardan uzaq düşsünlər. Hamı bu fikrə "əhsən!" deyir.
Diqqət yetirin, bəlkə də başımıza gələn faciələrin ən əsası da elə bundadır. Xan nəslindən təhsil almaq üçün bir nəfəri çətinliklə tapırlar, başdan eləmək üçün göndərirlər. Erməni məlikləri 6 nəfəri asanlıqla təhsil almağa göndərirlər. Bizimkilər təhsil alıb gəlmiş Əhməd bəyi qəbul etmirlər, onu lağa qoyub "rus Əhməd" deyə çağırırlar, ermənilər isə 6 nəfəri 60 edirlər, onun ardınca yüzlərlə erməni uşağını Rusiyaya, Avropaya təhsil almağa göndərir.
çar Rusiyası dövründə Əhməd bəy Cavanşir bəylər tərəfindən qəbul olunmurdu ki, rusiyada təhsil alıb, maarifçidir, yenilikçidir, kəndlilərlə bir yerdə işləyir, xalqını ağ günə çıxartmağa çalışır. 1920-ci ildə Azərbaycanda sovet höküməti qurulandan sonra Həmidə xanım qəbul edilmirdi ki, xan törəməsidi, çoxlu mülkləri və sərvəti var, türk ordusu Qarabağa gələrkən onları düz-çörəklə qarşılamışdır və s.
Həmin vaxtlar "NKVD" zindanlarında azman kişilər özlərinin xan, bəy nəslindən olduğunu danır, başqalarının onlara böhtan atdığını sübut etməyə çalışırdı. Həmidə xanımsa xatirələrində atası Əhməd bəyin söy-kökünü sadalamaqla belə başlayır: "Əhməd bəyin atası Cəfərqulu bəy Cavanşir Pənah xan Cavanşirin uzaq qohumlarındandır. Daha dəqiq desək, Cəfərqulu bəy Məhəmməd bəy Cavanşirin yeganə oğlu, Mehrəli bəyin nəvəsidir".
Həmin vaxtlar hamı and-aman edirdi ki,
bir parça da torpaqları olmayıb. Həmidə xanım o zaman yazırdı: "Cəfərqulu
bəy Hindarx bölgəsinin Kəhrizli
kəndində sakin idi. Bu kəndin
ərazisi onun şəxsi mülkiyyəti
idi. Yaxud: "Şəxsi mülkiyyəti
olan dəyirmanı və Kəhrizli kəndindəki təsərrüfatının
idarəsini geri qaytarmadılar".
Türkəm deyənin, türkün
dostuyam söyləyənin
dili boğazından çıxarılan bir vaxta Həmidə xanım yazırdı:
"Təqribən mayın
ortalarında Mirzə
Cəlil adəti üzrə Ağdama getdi. Axşamçağı isə evə
tanımadağımız bir
gənclə qayıtdı.
Sən demə, bu, Nuru paşa imiş. Cəlil onunla Ağdamda tanış olmuşdu. Sözarası paşa ona demişdi ki, iki aydır istirahət görmür, çox yorğundur.
Paşa çox istəyirmiş ki, hardasa bir az dincəlsin. Belə də Mirzə Cəlil paşanı kəndə dincəlməyə
dəvət edir və onlar birlikdə
gəlirlər".
Hələ bu harasıdı:
"Nəhayət, söz-söhbət
dolaşdı ki, türklər gəlirlər.
Türklər ölkədə
nizam-intizam yaratmaq və Şuşa
yolunu açmaq üçün gəlirdilər.
Hər kəs türklərin gəlişini gözləyir
və Şuşada böyük bişavaz tədbirləri görülürdü.
Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı bəzədilmişdi.
Bu zəfər tağlarından
birini Şuşa
qadınları adından
mən ucaltmışdım.
Ağ kəlağayımın
üzərinə tikmə
naxışla hilal və ulduz salmış
və türkcə belə bir şuar
yazmışdım: "Gün
gələcək, həqiqət
günəşi doğacaq,
əsarətdə qalan
Ana - Şərq istiqlal
qazanacaq!"
Belə misallar çoxdur. Bunları
oxuduqca Həmidə xanımda olan cəsarətə adam heyran qalır. Onun damarlarında igid babamız batmanqılınc
Məhəmməd bəyin
qanı axır! Məhz o belə də olmalı idi...
(Davamı var)
Surxay Əlibəyli
Təzadlar.-
2011.- 24 dekabr.- S.7.