Stomatoloji xəstəliklər həm
də sosial xarakter daşıyır
Qabil
Sultanov:
"Ən
əsası, bu problemləri yaşamamaq üçün
öncə dişlərə qulluq etmək lazımdır,
yox, əgər artıq dişlərə müalicə
lazımdırsa, xəstəxanalarımızda hər cür
şərait yaradılmışdır"
Məkanından, zamanından asılı olmayaraq hamımıza məlumdur ki, insan orqanizminin ən dəyərli, vacib olan orqanlarından biri də dişlərdir. Bunun zamanından əvvəl xarab olmasının, tökülməsinin qarşısını almaq isə o qədər də çətin deyil. Dişləri hər zaman təmiz saxlamaq onun qulluğunda dayanmaq lazımdır ki, bu problemlərlə erkən qarşılaşmayasan.
Bütün bunlara aydınlıq gətirən Neftçala rayon mərkəzi
xəstəxanasının həkim-stomatoloqu Qabil
Sultanovdur.
Qabil həkim,
stomatologiya insanların
xidmətində necə
rol oynayır?
- ümumdünya miqyasında stomatoloji xəstəliklər ən
geniş yayılmış
xəstəliklərdəndir. Dünya əhalisinin təqribən
92-95 faizi bu xəstəliklərdən əziyyət
çəkir. Stomatoloji (diş
və ağız boşluğu) xəstəliyinin
əmələ gəlmə
səbəbləri çoxdur.
Bu faktorlardan ən birincisi suyun tərkibi (flüor və digər mineral maddələr və mikroelementlər), qidalanma,
irsiyyət, sinir-psixi sfera, stress, qadınlarda hamiləlik dövründə
sümük sistemində
mineral mübadilənin pozulması
(demineralizasiya), yaş
amili və s. böyük rol oynayır.
Həyat səviyyəsi aşağı
olan ailələrdə
bu göstərici daha yüksəkdir. Bu onu göstərir ki, stomatoloji xəstəliklər həm
də sosial xarakter daşıyır.
Diş xəstəliklərindən ən geniş yayılanları kariyes (diş çürüməsi), pulpit (dişin sinir hissəsinin iltihabı), periodontiddir (dişin kök nahiyyələrinin boşalması ilə müşayiət olunan diş laxlaması). Diş xəstəliklərindən ən ağrılısı isə diş sinirinin iltihabıdır. Pulpit xəstəliyinin əlamətləri xüsusilə gecələr artan kəskin tutma şəkilli ağrılardır. Pulpit xəstəliyi müalicə olunmursa, periodontitə, o da müalicə olunmursa, periostit adı ilə adlandırılan sümüküstlüyü xəstəliyinə - üz-çənə şişkinliyinə - absesə, bəzən də həyat üçün qorxulu olan fleqmona deyilən irinləməyə çevrilə bilər.
Unutmayaq ki, diş zərif olmaqla bərabər həm də çox mürəkkəb orqandır. Əgər dərinin 1 kvadratsantimetrində 200 sinir reseptorları (ağrıyan sinir ucları) vardırsa, dişin dentin toxumasında bu rəqəm 15-30 min təşkil edir. Professor V.Y.Qreçkonun məlumatına görə, həmin rəqəm mina-dentin sərhədində hətta 70 minə çata bilər. Bu isə dişlərə qarşı daha diqqətli olmağı, onları yaxşı saxlamağı tələb edir.
- Diş xəstəliklərinin müalicəsi üçün hansı imkanlar var?
- Hazırda diş xəstəliklərinin müayinəsi, diaqnostikası və müalicəsi üçün çox böyük imkanlar var. Yaponiyada, Almaniyada, Türkiyədə, İranda və digər ölkələrdə istehsal olunan bormaşınlar (turbin bormaşınları) və kompüter aparatları bu işdə çox mühüm rol oynayır. Respublikamızın paytaxtı Bakı şəhərinin mərkəzi klinikalarında xəstələrə dəqiq diaqnozların qoyulması və ən mürəkkəb əməliyyatların aparılması da məhz kompüter-diaqnostik aparatların köməyi ilə həyata keçirilir. İndi başqa plomb materialları ilə yanaşı, geniş istifadə olunan lazer metodu bu işi daha səmərəli və etibarlı şəkildə həyata keçirməyə imkan verir.
Şübhəsiz ki, stomatologiya sahəsindəki bu yenilikləri hazırlayanlar və tətbiq edənlər kadrlardır, mütəxəssislərdir. Bu kadrların və mütəxəssislərin yetişməsində mərhum professor Əliağa Əhmədovun əməyi böyükdür. ADTU-ti ortopedik-stomatologiya kafedrasında çalışmış tibb elmləri namizədi, dosent Sabir Əsgərov, DHTİ-nin stomatologiya kafedrasının müdiri, professor Oqtay Seyidbəyov, respublika Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva bunun üçün əllərindən gələni əsirgəməmişlər. Məhz belə mütəxəssislərin, alimlərin hesabına respublikamızda da müasir tenologiyalardan, yeni iş üsullarından bacarıqla istifadə olunur.
- Diş-çənə sistemində əmələ gələn qüsurları necə aradan götürmək olar?
- Son onillikdə metalaplastmas və metalakeramikadan (farfor dişlər) geniş istifadə olunması dediklərimizə əyani misaldır. Bakı şəhərindəki USM-də diş-çənə sistemində əmələ gələn qüsurların ortodontiya üsulu ilə bərpa edilməsi yetişməkdə olan gənc nəslin sağlamlığında mühüm rol oynayır. Bakı şəhərinin 1 saylı xəstəxanasında, Tibb Universitetinin cərrahi-stomatologiya kafedrasında çalışan Bilal Əliyev də bu sahədə gözəl mütəxəssisdir və əməliyyatları bacarıqla yerinə yetirir. Protezləmədə qarşıya çıxan problemləri aradan qaldırmaq üçün yüksək profilli yardımın - implantasiyanın tətbiqi də yaxşı nəticə verir. İmplantasiya süni dişlərin çənə sümüyünə bilavasitə əməliyyat yolu ilə birləşdirilməsi - əkilməsidir ki, bu da protez dişləri gəzdirə bilməyən şəxslər üçün çox əlverişlidir. Ən əsası, bu problemləri yaşamamaq üçün ilk öncə dişlərə qulluq etmək lazımdır. Yox, əgər artıq dişlərə müalicə lazımdırsa, düşünürəm ki, ölkəmizdə diş xəstəliyindən əziyyət çəkən insanlar üçün xəstəxanalarımızda hər cür şərait yaradılmışdır.
Nəzmiyyə Hicran
Təzadlar.- 2011.- 2011.- 23 dekabr.- S.7.