Rüstəm Behrudiyə açıq məktub

(Zəng etdim, telefonu götürmədin. Xətlərini kəsiblər, yoxsa dolanbaclarda qalmısan?)

 

Tanrı Dağından

            gəlib,

Haqqa sığınan

Dərviş,

Cismin Dağdan güc

Almış,

Ruhun göydən

        pərvəriş!

Götürüb babaların

söz dolu xurcununu

"Şaman duaları"nla

Düzəlmisən yollara,

Yolların oymaq-

     oymaq,

        yolların hey

Kəndbəkənd,

Ya Urmiya,

Ya Dərbənd!

Uşaqçın "Yurd

        nağılın",

Böyükçün "Qurd

      nağılın",

Anlayan kim,

qanan kim,

Haqq oduna yanan kim,

öz əslini danan

kim!?

Şair qardaş

      naola de

Sən "göydənmi gəlmisən?"

Haraya gəldiyini

Hələ bilməmisən?!

Tülkülü, canavarlı,

çaqqallı, havadarlı,

Bir az məmur

havalı,

Bir az da

deputatlı,

Bir az rüşvət

       soraqlı,

Məclisləri araqlı,

 

Katibəli, "oxranlı",

Kişilər zamanında

Sən haqqın sorağında?!

Haqqın yolu daş-kəsək

Göz yaşın ətək-ətək!

Efir məkanlarında

Vədə dolu siyasət

Siyasətin yanında

Rüşvət dolu cinayət!

Şairlər çaşıbdır

Bu savaş meydanında;

Beş mərtəbəli evin

Lap yeddinci qatında

Anar qibləni tapmır!

Zəlimxan isə yatmır;

İndi mədhlər yazır

Peyğəmbərin adına

Bəlkə tanrı yetişdi

Rəiyyətin dadına!

Rüstəm qardaş

       naola de,

Sən "göydənmi gəlmisən?"

Haraya gəldiyini

Hələ bilməmisən?!

Bu yer fərqli

      cahandır,

Hər bir

      imtahandır.

İmtahan götürənin

    sağ-soldışı

         şeytandır.! 

Şeytan dolu

     məkanda

Füzulilər döyülüb,

Nəsimilər soyulub.

ölməyini çox görüb

Doğmaca vətənində

Sibirə göndəriblər

Cavid əfəndini !!

Seyidi qanmayıblar,

Sabiri qanmayıblar,

Gizli qoqqalarıyla

Şıxəlini kül edib

Gör necə yandırıblar

Tarixi dondurublar!

Sənsə haqq axtarırsan

Dağda, daşda, kəsəkdə,

Göz yaşların ətəkdə!

Görə-görə dərdləri

Götürüb babaların

Söz dolu xurcununu

Düzəlmisən yollara.

Ah, bu necə sənətdir,

Sənə sənət qəhətdir?!

"Şaman duaları"nla

Bu millətin

       dərdini

Yaza-yaza gedirsən,

Gör ki, nələr

     edirsən!

Sənə salamlar olsun

Ey boz qurdlu ruhların

Nəğmə qoşan sirdaşı,

Millətin qan yaddaşı!i

Amma öz aramızdır,

"Göylərdən gələn" qardaş,

Bu yerlər çox gözəldir,

özəllikdə əzəldir!

Burda Nizami şeri,

Füzuli qəzəli var,

Sefidin kəlamları

Alimin muğamları,

Millətin haqq

      səsi var!

Qarabağ naləsi

            var!

Bura dahilər

     yurdu,

Qıratlar

     oylağıdır.

Mil-muğan,

Kəlbəcəri,

Bata-bat

     yaylağıdır.

Bu yerin

mayasında

Mübarizə

     dayanır-

Qılıncdan qələmədək!

Döyüş-vuruşlar

     bitməz

Millət oyananadək!

Tanrı dağından

     gəlib

Haqqa sığınan

Dərviş,

Cismin Dağdan

    güc almış,

Ruhun Göydən

   pərvəriş.

Götürüb

   babaların

Söz dolu

    xurcununu 

"Şaman duaları"nla

Düzəlmisən

Yollara-"qandal dəymiş qollara".

Babalar

   söykənmişkən

Dünya belə

    qalamaz

Dəyişəcəkdir

gərdiş,

Sənə uğurlar

     olsun

Bu savaş

     meydanına

Tanrı Dağından

       gəlib

Haqqa sığınan

Dərviş!

 

 

 

 

Mustafa Qulə Bala

Təzadlar.- 2011.- 27 dekabr.- S.15.