"Azərbaycan
parlamenti ikili vətəndaşlıq
məsələsinə yenidən baxmalıdır"
Vüqar
Abbasov: "Avropada yaşayan türklərin çoxu vətəndaşlıq
almaqda maraqlı deyillər"
"Wereldregio" qəzetinin əməkdaşı, Hollandiyanın "On File" Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasovun "Təzadlar"a müsahibəsi
- Vüqar bəy, sizcə, Fransa parlamentinin qəbul etdiyi qərara qarşı türk dünyası vahid mövqeyini ortaya qoydumu?
- Fransanın qəbul etdiyi qərar bütün türk dünyasını hiddətləndirir. Əslində, türk dünyasi deyincə, mətbuatda və sosial şəbəkələrdə, eləcədə də türk televiziyalarında Türkiyə və Azərbaycandan başqa bu qərara etiraz edən digər bir dövlət görmədim. Ancaq etməli idilər. Türk dünyasi doğrudan da böyükdür. Sadəcə, bütün türklərin türk olduğunu dərk etməsi və bundan qürur duyması lazımdır. Bir məqam da var ki, istər Fransada, istərsə də Avropanın başqa dövlətlərində (eləcə də Amerika Birləşmiş Ştatlarında) biz türklərin, Azərbaycandan və Türkiyədən müxtəlif səbəblərdən köç etmiş türklərin sayı yetərincədir və mənfur ermənilərdən kifayət qədər çoxdur. Türk dünyasının əleyhinə qəbul edilmiş bu və digər qərarların siyasi məqsədlə, seçkilərdə səs toplamaq məqsədilə atıldığı da kimsəyə sirr deyil. Bu vasitə ilə ermənilərin səslərini almağa çalışır avropalı və amerikalı siyasətçilər. Yuxarıda qeyd etdiyim kimi, bizlərin sayı tarixi düşmənlərimizdən dəfələrlə çoxdur.
- Bəs nə üçün avropalı və amerikalı siyasətçilər bizlərin deyil, düşmənlərimizin səsinə ehtiyac duyur, onların könlünü xoş edib, səslərinə sahib çıxmaq istəyirlər? Nədir bu "sevgi"nin səbəbi?
- Gerçəklikdə, səbəb çox sadədir. Biz türklərin çoxu, sadəcə, müvəqqəti yaşayış şəxsiyyət vəsiqəsi ilə yaşamağa üstünlük vermişik. Qısaca, Türkiyədən olan türklər barədə öz subyektiv düşüncələrimi bildirmək istəyirəm ki, bunun reallığı əks etdirdiyinə şübhəm yoxdur. Yaxın vaxtlara kimi Türkiyədən olan türklər vətəndaşlığa önəm vermirdilər. Avropanın bir çox ölkələrində kiminsə vətəndaşlığa müraciət etməsi üçün mütləq vətəndaşlıq imtahanı verməsi və müvafiq diplomu təqdim etməsi tələb olunur. Qandaşlarımız isə dili öyrənib imtahan verməyə tənbəllik edir, sadəcə, pul qazanmağa üstünlük verirlər. Bunu mənim söhbət etdiyim bir çox Türkiyə türkü də təsdiq edir. Xüsusən qadınların əksəriyyəti kimsə ilə ünsiyyətdə olmur, yalnız öz həmyerliləri olan insanlarla kifayətlənirdilər. İşə getməkdən isə, əksər vaxtlarda söhbət belə gedə bilməzdi. Bu isə öz növbəsində dili öyrənməkdə müəyyən çətinliklər yaradır və lazım olan imtahanı vermək isə demək olar mümkünsüzləşir. Doğrudan da çox yaxşı haldır ki, son vaxtlar bu kimi halların getdikcə azalması müşahidə olunur. Təbii ki, burada Avropa dövlətlərinin qanunları sərtləşdirməsi də rol oynayır ki, bu da avropalılarin özləri də bilmədən bizim xeyrimizə işləyir.
- Maraqlıdır, bəs Azərbaycandan olan türklər nə üçün vətəndaşlığa baş vurmurlar?
- Bir məsələni etiraf etmək lazımdır ki, söhbətini açdığım insanlar imkan daxilində dili öyrənməyə çalışır və lazımi imtahanları verməyə səy göstərirlər. Bəziləri buna bir qədər tez, bəziləri isə bir qədər gec nail olurlar. Yəni əslində vətəndaşlığa müraciət etmək üçün heç bir problem qalmır. Sual olunur: bəs nə üçün əksər vaxt vətəndaşlığa müraciət etmilər? öz şəxsi təcrübəmdən və söhbət etdiyim bəzi insanların mənə dediklərindən gəldiyim nəticə odur ki, bizlər Azərbaycan vətəndaşlığımızı itirmək istəmirik. Türkiyədən fərqli olaraq, bizdə iki vətəndaşlıq yoxdur. Düşünürəm ki, Azərbaycan parlamenti bu barədə məsələyə yenidən baxmalıdır. Ancaq ümummili məsələlərdə bir qədər fərqli yanaşmaq lazımdır. Tam məsuliyyətimlə deyirəm ki, ikili vətəndaşlıq haqqında qanun qəbul olunarsa, tezliklə hər yerdə vətəndaşlığı olan insanlarımızın sayı artar. İnsanlarımız seçib-seçilmək hüququna nail olar. Bu isə öz növbəsində avropalı və amerikalı siyasətçilərin bizlərlə hesablaşmasına şərait yaradar. Sonda bundan bəhrələnən yenə də dövlətimiz, millətimiz, bütün türk dünyası, yəni bizlər olarıq. Daha oturub hansısa avropalı dövlətinin əleyhimizə çıxartdıqları qərarları müzakirə edib, qarşılıqlı addımlar atmaq barədə düşünmərik. Bir daha Azərbaycan Respublikasının Milli Məclisi bu haqda qanun qəbul etsə çox yaxşı olar. Bizlər, Avropada yaşayan türklər üçün deyil, Azərbaycan və bütün türk dünyası üçün.
Onu da əlavə edim ki, bununla bağlı mən Milli Məclisin üzvü Qənirə Paşayevanın facebookdakı səhifəsində ona müraciə etmişəm. Etiraf edirəm ki, Qənirə xanımın bir çox sahələrdə fəaliyyəti məni qane edir. Məndə bu, iqtidadırsa pis, müxalifətdirsə yaxşı və yaxud əksinə, müxalifətdirsə pis, iqtidardadırsa yaxşıdır, kimi kompleks yoxdur. Millətini sevən insana harada olmağından asılı olmayaraq hörmətlə yanaşmışam.
- Diaspor fəaliyyətində milli birlik yaratmaq üçün nə etmək lazımdır?
- öncə bildirim ki, diasporda iqtidar və müxalifət ayrı-seçkiliyinə son qoyulmalıdır. Bu olmasa, hansısa diaspor fəaliyyətindən danışmaq yersizdir. Necə deyərlər, "bizdən olmayan düşməndir" məsələsi aradan götürülməlidir.
Elnur Eltürk
Təzadlar.-
2011.- 29 dekabr.- S.10.