Ənənəvi aşıq
musiqisinin janr xüsusiyyətləri
"Aşıq musiqisi ilə
muğamlarımız arasında fundamental bir
bağlılıq var"
Milli musiqimizin hər bir janrı özündə yüksək professional dəyərlərlə yanaşı, həm də zəngin və fundamental ənənəvi xüsusiyyətlər əks etdirir. Yəni bu janrların hər biri tarix boyu ilk növbədə məhz milli klassik ənənələrə əsaslanmaqla şıfahi inkişaf yolu keçərək, bugünkü mükəmməl formasını almışdır. Təbii ki, bu janrlar arasında müəyyən qanunauyğunluqlara və normativ tələblərə uyğun muvafiq fərqlər də mövcuddur.
Lakin vahid Azərbaycan milli musiqisi kontekstində bu janrlara məxsus bütün musiqi nümunələri yalnız bir müstəvi üzərində yerləşir. Daha doğrusu, şifahi ənənəyə əsaslanan milli musiqi müstəvisi üzərində. O cümlədən şifahi-professional (muğamlar, təsniflər, rənglər), xalq (xalq mahnıları və oyun havaları) və xalq-professional (aşıq musiqisi) musiqi janrlarına mənsub bütün musiqi nümunələri.
Onu da qeyd etmək lazımdır ki, milli musiqimizin müxtəlif janrları arasında onlara məxsus nümunələrin metro-ritmik və melodik quruluşları, kompozisiyaları baxımından bir düzülüş sistemi də var. Təbii ki, burada iki janrın qovşağında yerləşən üçüncü bir janr nümunəsi daha səciyyəvi, həmçinin daha incə və mürəkkəb xüsusiyyətlərə malik olmalıdır. Bu, məhz xalq-professional musiqisi sayılan ənənəvi aşıq musiqisidir.
Yəni ənənəvi aşıq musiqisi bir tərəfdən professional, digər tərəfdən isə xalq yaradıcılığına bağlanmaqla özündə hər iki janra məxsus müəyyən dəyərləri əks etdirir. Onu da deyim ki, mən burada "ənənəvi" terminini təsadüfi olaraq işlətmirəm. Doğrudur, milli musiqimizin istənilən bir janrı haqqında danışarkən bu ifadəni təkrar işlətməyimin heç bir lüzumu yoxdur. Çünki qeyd etdiyim kimi, milli musiqimizin hər bir janrı özü-özlüyündə həm də ənənəvi xüsusiyyətlərə malikdir. O cümlədən də aşıq musiqisi. Lakin təəssüf doguran bir fakt da var ki, bu gün aşıq musiqisi ifaçılığında mövcud olan bir çox neqativ əlamətlər, həmçinin ayrı-ayrı bölgələr arasındakı fərqlər bu fikri milli musiqimizin məhz bu janrına bütövlüklə şamil etməyə imkan vermir.
Əks halda, biz butün ənənəvi aşıq mahnılari ilə yanaşı, onlarla bir növ qarışmış bütün popurrisayağı aralıq və bölgə səciyyəli mahnıları da ənənəvi aşıq musiqisi nümunələri adlandırmalıyıq. O cümlədən də bir çox Şirvan aşıqlarının yaradıcılıq fəaliyyətlərinin məhsulu kimi formalaşmış bir çox ümumi xarakterli mahnılardan tutmuş qərb bölgəsinin xüsusilə qadın aşıqları tərəfindən daha çox oxunan sevgi-məhəbbət nəğmələrinə qədər bütün musiqi nümunələrini. Həmçinin də konkret heç bir musiqi janrına aid olmayan "Saz havası" adı altında ifa edilən aşıq mahnılarının instrumental variantlarının hamsını. Necə ki, bir çox alim və mütəxəssislər bu ifa nümunələrini yalnış olaraq elə belə də adlandırırlar. Ona görə də "ənənəvilik" anlamını gündəmə gətirməkdə məqsədimiz ilk növbədə məhz çoxəsrlik ənənələri özündə yaşadan zəngin və vahid milli musiqi irsimizin tərkib hissəsi olan ümumtürk estetik dünyagörüşünə uyğun ənənəvi aşıq musiqisini digər bütün bayağı ünsürlərdən ayırmaq və onun real modeli haqqında tam və düzgün bir təsəvvür yaratmaqdır. Daha doğrusu, ənənəvi aşıq musiqisinin melodik və metro-ritmik quruluşu forma və məzmun dəqiqliyi, ifa üslubu, orijinallığl, bir sözlə, spesifik janr xüsusiyyətləri haqqında olan ən real və obyektiv bir təsəvvür. Güman edirəm ki, bunun üçün ilk növbədə ənənəvi aşıq musiqisinin digər janrlarla qarşılıqlı əlaqəsi və tarixi inkişaf xronologiyası haqqında qisa da olsa məlumat vermək daha effektli olar.
Məlumdur ki, milli musiqimizin hər bir janrı kimi aşıq musiqisi də muğamlar üzərində qurulmuşdur. Daha doğrusu, ayrı-ayrı muğamların eyniadlı lad-məqamları üzərində. Necə ki, ölməz şairimiz S.Vurgun demişdir: "Azərbaycan musiqisi muğamat üzərində qurulmuşdur, bu, Azərbaycan xalqının bədii zövqüdür".
Yəni aşıq musiqisi ilə muğamlarımız arasında fundamental bir bağlılıq var. Eyni lad-məqamlara əsaslanma, emosional intonasiya xüsusiyyətləri, həmçinin havaların xarakterindən asılı olaraq bəzən yuxarı və tədricən aşağı enən sekvensiyalı melodik hərəkətlərin başlanğıc tona qayıtma prinsipi hər iki janra xas olan ümumi əlamətlərdəndir. Məhz bu bağlılığın nəticəsidir ki, xüsusilə son tarixi dövrlərdə professional musiqinin, muğamların inkişafi ilə bağlı olaraq sazın Baş və Orta kökləri, həmçinin bu köklərə əsaslanan havalar daha çox inkişaf etmişdir. Yeni havaların böyük əksəriyyəti məhz bu köklər üzərində yaradılmışdır. O cümlədən Baş kökə ayaq verən bir çox mahnılar tədricən bu kökə keçərək məhz baş pərdəyə istinadən çalınıb oxumağa başlanmışdır. Bu havalardan "Dübeyti", "Baş Sarıtel", "Müxəyi", "Yurd Yeri" və digərlərini misal göstərmək olar. Yəni göründüyü kimi, tarix boyu muğamlarımızın inkişafı ilə əlaqədar və paralel olaraq aşıq musiqisində də müəyyən inkişaf prosesləri getmişdir. Bu da bir faktdır ki, bu cür proseslərdə professional musiqinin inkişafı ilə yanaşı, Baş və Orta köklərə uyğun "Segah" və "Mahur" muğamlarının xalq ruhuna yaxınlığı və bir növ şirinliyi də böyük rol oynamışdır. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, tək bu səpkili havalar deyil, ümumiyyətlə, bütün aşıq havaları orta dövrlərdə ümumi kök adlanan yalnız bir kökdə ifa edilmişdir. "Şah" - pərdəyə istinad edən bu kök sisteminə "Qaraçı" havasının adı ilə bağlı "Qaraçı kökü" də deyilmişdir.
Bir qədər elmi anlamda desək, bu sazda birinci oktavanın FA səsinə uyğun olan bir kök sistemidir.
Bu və digər faktlardan da göründüyü kimi, aşıq musiqisi tarix boyu həmişə milli musiqimizin digər janrları ilə qarşılıqlı və müəyyən dəyər intiqrasiyaları zəminində inkişaf etmişdir. Əlbəttə, zəngin musiqi irsimizin rəngarəng tərkib hissələrini özündə cəmləşdirən ayrı-ayrı janrlar arasında bu cür bağlılıqların olması təbii haldır. Cünki bu janr nümunələrinin hamısı yalnız bir xalqa, bir millətə xas olan bədii - estetik yaradıcılıqların məhsuludur. Lakin bu bağlılıq və yaxınlıq əlamətləri heç də onların janr hüdudlarının zəifliyi və lazım gəldikdə, süni şəkildə pozulması imkanlarının mövcudluğu demək deyil. Yəni bu o demək deyil ki, aşıq musiqisi istənilən zaman digər musiqi janrları, o cümələdən də muğamlarla müştərək şəkildə ifa edilə bilər. İstər vokal, istərsə də instrumental formada. Bir qədər konkret desək, milli musiqimizin janrları arasında nə qədər bağlılıq, oxşarlıq və yaxınlıq varsa, o qədər də ayrılıq, özünəməxsusluq və səciyyəvilik var. Biz Baş kökə istinad edən bütün havaların arasında "Segah" və ya Orta kökdəki havalarda isə "Mahur" muğamından bir parça oxuya bilərik. Bu, heç kimə yasaq olunmur. Lakin təəssüf doğuran odur ki, bununla biz oxuduğumuz muğamların emosional-obrazlı məzmununu, leytmotivini nə qədər açmış olarıqsa, aşıq mahnısını da o qədər pozmuş olarıq. Ona görə də ənənəvi aşıq musiqisi dedikdə, öz səciyyəvi tarixi mahiyyəti ilə yanaşı, həm də digər musiqi janrlarına folklor və professional dəyərləri ilə yalnız daxilən bağlanan orijinal ifa üslubuna və ifa tərzinə malik bir musiqi janrını nəzərdə tuturam. Muğamlara, mahnı və təsniflərə, oynaq nəğmələrə, instrumental ifalara, oyun havalarına zahirən bağlanan, onlara məxsus müxtəlif melodik və ritmik epizodları, komponentləri özündə bütöv şəkildə əks etdirən, sintezləşdirən "qarışıq" bir musiqi növünü yox.
Aşıq musiqisi sırf orijinal xususiyyətlərə və özünəməxsus ifa üslubuna malik müstəqil bir musiqi janrıdır. Daha konkret desək, o, vokal-instrumental səciyyəli ənənəvi aşıq mahnılarından ibarətdir. Bu mahnıları digər musiqi nümunələri ilə müştərək tərzdə ifa edib, həm də onun ənənəvi mahiyyətini qoruyub saxlamaq mümkün deyil. O cümlədən istər muğamlarımız, istərsə də digər ixtiyari musiqi nümunələri ilə.
Doğrudur, digər janrlara məxsus musiqi nümunələri və musiqi epizodları ilə müştərək ifa tərzi aşıq havalrına müəyyən qədər şirinlik və ya süni bir müasirlik ruhu gətirə bilir. Əslində bu proseslər, o cümlədən də digər musiqi alətlərinin aşıq sənətinə gətirilməsi də elə bu məqsədi güdür. Daha doğrusu, bu proseslər bəzən bir çox üzdəniraq "novator" sənətkarların istədikləri effekti verə bilir. Yəni bu cür ifalar zamanı bədii-ruhi təsir baxımından bir qədər xoşagəlimli olan müəyyən mahnılar yaranır. Lakin təəssüf doğuran odur ki, bu mahnılar özlərində ənənəvi aşıq musiqisinin normativ tələbləri, özünəməxsus ifa üslubu və ənənəvi xüsusiyyətləri ilə heç bir mütləq bağlılıq əks etdirmir.
Sadəcə olaraq, bu mahnılar milli musiqimizin hər üç janrına məxsus bir çox komponentləri özlərində birləşdirən və onların hər birinə bir qədər oxşar olan adi ara mahnılarına çevrilmiş olurlar. O cümlədən qeyd etdiyimiz kimi, Şirvan aşıqlarının repertuarlarındakı bir çox mahnılardan tutmuş Qərb bölgəsində baş alıb gedən sintetik xarakterli qeyri-standart ifa nümunələri: nəğmə və ara mahnılarına qədər.
Bir sözlə, ümumtürk estetik dəyərlərini özündə əks etdirən ənənəvi aşıq musiqisi dahi bəstəkarımız Ü.Hacıbəyovun da dediyi kimi, "türk üslubunda da" ifa edilməlidir. Yəni ilk növbədə, tək sazla özünümüşayiət prinsipinə əsaslanan bir üslubda. Bu aşıq musiqisinin ənənəvi tərzdə yeganə ifa yoludur. çox təəssüflər olsun ki, bu gün aşıq musiqisi ifaçılığında bu ənənəyə əməl etməyin özü bir problemə çevrilib. Bir çox sənətkarlar bu ənənəyə riayət edib onun sirlərinə yiyələnmək əvəzinə tamamilə uyğun olmayan bir növ kollaj sayağı variantlara əl atırlar. Daha doğrusu, sazın digər musiqi alətlərilə müştərək çalınması, sintezi variantına. Qəribədir ki, bu cür meyllər ilk dövrlər tək Şirvan bölgəsində olduğu halda, indi Borçalı bölgəsi istisna olmaqla bütün Qərb bölgələrində inkişaf etməkdədir, xüsusən də Gədəbəy bölgəsində. Ən dəhşətlisi isə odur ki, bir çox qocaman, yəni "fəxri ustad" aşıqlar da bu işə çox ürəkdən rəvac verirlər. Ona görə də mən bu sənəti sevən və ona qəlbən bağlı olan bütün insanlara üz tutaraq deyirəm:
- Aşığı sazdan başqa nəinki bir ansambl və ya adi bir balaban müşayiət etsə, hətta ona hər hansı bir musiqi aləti yalnız dəm tutsa belə, artıq onun ifa etdiyi musiqi nümunəsini ənənəvi aşıq mahnısı hesab etmək olmaz. Yəni bununla artıq o mahnı öz melodik və ritmik quruluşunu, fəlsəfi-ürfani dəyərini tam incəliyi ilə desək, xisləti-mahiyyətini dəyişmiş olar.
Biz saza yardımçı olan bir çox musiqi alətlərinin texniki və səs - intonasiya xüsusiyyətləri haqqında növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. Lakin hələlik ən vacib bir şərt kimi onu demək istərdim ki, aşıq musiqisində lad-intonasiya, melodiya və formayaranma qanunauyğunluqları mütləq formada yalnız saz alətini konstruksiyası ilə sıx bağlıdır. Digər heç bir musiqi aləti aşıq musiqisinin ifası üçün bu cür spesifik texniki və bədii imkanlara malik deyil.
Məsələn, sazın diapazonu kiçik oktavanın "si-bemol" səsindən başlanır. Bu, sazda üst simlərin açıq səsidir. Aşıq havalarının ifası zamanı, xüsusilə, akkord səslərinin ardıcıl və daha aydın şəkildə səslənməsi üçün bu cür quruluş sistemi unikal bir effekt yaradır. ümumiyyətlə, sazın hər üç bölüm simlərinin açıq səsi bütün havaların ifasında konsonans rol oynayır. Yəni lazım gəldikdə birgə çalınmaq imkanına malikdir. Bu da simli alətlərimiz arasında yalnız saz alətinə məxsus bir kefiyyətdir. Digər tərəfdən, "Şah pərdəyə" əsaslanan bir kök sisteminin mövcudluğu və imkan genişliyi də saz alətinə məxsus sirf səciyyəvi bir əlamətdir. Yəni eyni bir pərdədə müxtəlif ladlara istinad edən havaların ifası baxımından.
Bu faktların sayını artırmaq və onların hər birini sırf musiqi dilində dəqiqliyi ilə şərh etmək fikrində deyilik. Lakin bununla bağlı hər zaman deyilməmiş fikri nəzərinizə çatdırmağı özümə borc bilirəm.
Hər hansı bir aşıq tək sazla tam düzgün və mükəmməl bir tərzdə müşayiət edə bilirsə o digər heç bir alətin köməyinə ehtiyac duymur. Yaxud əksinə, əgər aşığı sazdan əlavə digər musiqi alətləri də müşayiət edirsə, deməli, o, sazı sözün əsl mənasında düzgün çala bilmir. Daha dəqiq desək, sazı müşayiət xarakterli çala bilmir. Çünki burada söhbət artıq sazın solo - instrumental deyil, onun sırf müşayiət, yəni vokal ifa ilə harmonik tərzdə çalınmasından gedir.
Təbii ki, tək sazla özünü müşayiət ənənəsinin müəyyən çətinlikləri və məsuliyyəti var. Əslində bu ənənəyə o qədər də xoş olmayan ictimai münasibətlər də elə bu çətinliklərlə bağlıdır. Əlbəttə, hamının bir qayda olaraq zəngin tərkibli ansambllara və sazəndə dəstələrinə, bir sözlə, səsli musiqilərə adət etdiyi bir dövrdə tək sazın müşayiəti ilə ifa edilən musiqi nümunələrinə maraq yaradılması çox çətindir. Lakin bununla belə, daha çox diqqət çəkən bir fakt da var. Axı aşıq sənəti tarixində bu ənənənin unikal üstünlüklərini dəyər və şirinliyini insanlara çatdıra bilən, onu sübut edən sənətkarlar olmuşdur. Axı aşıq Əmrah Gülməmmədov, aşıq Sadıq Sultanov, aşıq Kamandar Əfəndiyev başda olmaqla bir çox Borçalı aşıqları məhz belə sənətkarlardandır. Hamısının da lent yazıları bu gün nəinki Azərbaycanda, hətta bütöv türk dünyasında əl-əl gəzir.
(Ardı var)
Lətif HƏSƏNOV
Təzadlar.- 2011.- 1 fevral.- S.14.