Alim "Qızıl medal"a layiq görülüb
Doğma Azərbaycanımız
dünyada təkcə zəngin təbii sərvətləri,
qədim tarixi və mədəniyyəti ilə deyil, həm də
görkəmli şəxsiyyətləri, alimləri ilə
tanınmışdır. Azərbaycanda,
bütövlükdə keçmiş SSRİ-də
qabaqcıl texnika və texnologiyaların kənd təsərrüfatında
tətbiqi məsələlərinə mühüm töhfələr
verən alimlərdən biri də professor Nəriman Məmmədovdur.
Nəriman Rəhim oğlu Məmmədov
1936-cı il mayın 10-da Şəmkir
rayonunun Miskinli kəndində kolxozçu ailəsində
anadan olmuşdur. 1955-ci ildə orta məktəbi
bitirən N.Məmmədov sənədlərini Azərbaycan Sənaye
İnstitutuna vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə
verərək tələbə adını
qazanmışdır. Lakin səhhəti ilə
əlaqədar olaraq o, təhsilini yarımçıq qoymaq məcburiyyətində
qalmışdır. Buna baxmayaraq 1957-ci ildə
Gəncə şəhərində yerləşən Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı
proseslərinin mexanikləşdirilməsi fakültəsinə
daxil olan N.Məmmədov 1962-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına
yiyələnmişdir.
N.Məmmədov
1962-1964-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının Mexanikləşdirilməsi və
Elektrikləşdirilməsi İnstitutunda əvvəlcə
kiçik elmi işçi, sonra isə baş elmi
işçi vəzifələrində
çalışmışdır. Elmi
araşdırmalara, tədqiqat işlərinə olan sonsuz
marağı onu Moskva şəhərində yerləşən
Dövlət ümumittifaq Elmi-Tədqiqat Maşın-Traktor Təmiri
və İstismarı İnstitutunun aspirantura şöbəsinə
gətirmişdir. 1965-ci ilin fevral ayında aspiranturaya qəbul
olan N.Məmmədov üç il sonra
oranı müvəffəqiyyətlə bitirmişdir. Aspirantura təhsili, zəngin savadı və
çalışqanlığı sayəsində o, 1969-cu ildə
dissertasiya işini müvəffəqiyyətlə tamamlayaraq
texnika elmləri namizədi alimlik dərəcəsini
almışdır.
Bununla da gənc
alimin elmi fəaliyyətinin məhsuldar, həm də şərəfli
bir dövrü başlayır. Belə ki, 1968-ci ilin mart ayında
ümumittifaq bölgüsü əsasında Minsk şəhərinə
göndərilən gənc azərbaycanlı mütəxəssis
burada yerləşən ümumittifaq Elmi-Tədqiqat
Heyvandarlıq və Quşçuluq Ferma Komplekslərinin
Maşın və Avadanlıqlarının
Quraşdırılması, İstismarı və Təmiri
İnstitutunda düz 12 il şöbə müdiri vəzifəsində
çalışır. O, eyni zamanda, 1972-1980-ci illərdə
SSRİ "Dövlətkəndtexnika" Komitəsinin kənd
təsərrüfatı obyektlərinin maşın və
avadanlıqlarının yığılması və
quraşdırılması üzrə baş texnoloqu vəzifəsini
icra edir. Bu müddət ərzində
bacarıqlı mütəxəssisin rəhbərliyi və
bilavasitə iştirakı ilə 90-dan çox avadanlıq, tərtibat,
mexanizm və alət yaradılmış və ölkənin
regionlarında müvəffəqiyyətlə istehsalata tətbiq
edilmişdir. Elmi-tədqiqat sahəsində
yüksək uğurlara imza atan Nəriman Məmmədov
ictimai siyasi xadim kimi də fərqlənmişdir.
Professor N.Məmmədov
maşın və avadanlıqların quraşdırmaya
yararlılığı sahəsində böyük alimdir. O, ilk dəfə olaraq
etibarlılıq nəzəriyyəsinin tərkib hissəsi
olan maşın və avadanlıqların quraşdırmaya
yararlılığı nəzəriyyəsini işləyib
hazırlamışdır. Həmin nəzəriyyə
əsasında doktorluq dissertasiyası üzərində
işləmiş və onu başa
çatdırmışdır. Alimin
doktorluq dissertasiyası ölkənin kənd təsərrüfatında
geniş tətbiq edilən stasionar maşın və
avadanlıqların quraşdırmaya
yararlılığının qiymətləndirilməsi
metodlarının işlənib hazırlanmasına,
quraşdırmaya yararlılıq göstəricilərinin
qiymətlərinin optimallaşdırılmasına və
onların proqnozlaşdırılmasına, konstruksiyaların
istismar obyektlərində asanlıqla
quraşdırılması probleminin həllinə həsr
edilmişdir. O, bu dissertasiyanı müvəffəqiyyətlə
müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi
almışdır. Tədqiqatçı alimin
doktorluq dissertasiyasının nəticələrinə əsasən
dövlət və sahə standartları, metodikalar, normativ sənədlər
yaradılmış və keçmiş Sovet
İttifaqının maşınqayırma müəssisələrində,
xüsusi konstruktor bürolarında, dövlət sınaq
stansiyalarında geniş tətbiq edilmişdir. Professor N.Məmmədovun rəhbərliyi altında
və bilavasitə iştirakı ilə kənd təsərrüfatında
istifadə edilən maşın və avadanlıqların
istismar obyektlərində quraşdırılma
texnologiyaları işlənib hazırlanmış,
quraşdırmada istifadə olunan avadanlıqlar, cihazlar, tərtibatlar
və alətlər layihələndirilmiş və müxtəlif
zavodlarda geniş çeşiddə istehsal edilərək
istehsalatda uğurla tətbiq olunmuşdur. Tədqiqatçı
alim, professor N.Məmmədovun nəzəri tədqiqatlarının
nəticələri hazırda respublikamızda neft-mədən
avadanlıqlarının quraşdırmaya yararlılıq
probleminin həllində də geniş tətbiq olunur. Yeri gəlmişkən, alimin quraşdırmaya
yararlılıq sahəsində apardığı elmi-tədqiqat
işlərinin nəticələri onun müxtəlif illərdə
Professor N.Məmmədovun
çoxşaxəli elmi fəaliyyəti, uğurlu tədqiqat
işləri, əldə etdiyi yüksək elmi nəticələri
ona bütün İttifaq miqyasında böyük nüfuz
qazandırmışdır. Təsadüfi deyil ki,
tanınmış mütəxəssis alim 1975-1980-ci illərdə
kənd təsərrüfatı obyektlərində
quraşdırma işlərini yerinə yetirmək
üçün mexanikləşdirilmiş istehsal vasitələrinin
yaradılması üzrə SSRİ - Macarıstan qrupuna rəhbərlik
etmişdir. Həmin qrupun
yaratdığı avadanlıqlar, mexanizmlər və nəzarət
vasitələri uzun illər hər iki ölkədə geniş
tətbiq edilmişdir.
Professor Nəriman Məmmədov
1980-ci ilin mart ayında Azərbaycana dəvət olunaraq iki il müddətində "Azərkəndtexlayihə"
İnstitutunun direktoru vəzifəsində
çalışmışdır. 1982-ci ilin yanvar ayında
partiya işinə irəli çəkilən alim dörd il ərzində Azərbaycan KP MK-nın kənd
təsərrüfatı və yeyinti sənayesi şöbəsində
əvvəlcə bölmə müdiri, sonra isə
şöbə müdirinin müavini kimi məsul vəzifələrdə
işləmişdir. 1986-cı ildə isə o,
on bir nazirlik və komitənin birləşdirilməsi əsasında
yaradılmış Azərbaycan SSR Dövlət Aqrar-Sənaye
Komitəsi sədrinin müavini vəzifəsinə irəli
çəkilmişdir. Tanınmış alim, yüksək
təşkilatçılıq qabiliyyətinə malik olan Nəriman
Məmmədov bu vəzifədə
çalışdığı iki il ərzində, əsasən,
kadrların seçilməsi, yerləşdirilməsi,
hazırlanması, ixtisaslarının artırılması
işlərinə, eləcə də xarici əlaqələr
üzrə məsələlərə bilavasitə rəhbərlik
etmişdir.
1988-ci ilin
yanvar ayında yenidən partiya işinə göndərilən
N.Məmmədov 1990-cı ilin oktyabr ayınadək Azərbaycan
KP Yevlax Şəhər Komitəsinin birinci katibi vəzifəsində
çalışmışdır. Sonradan ailə vəziyyəti
ilə əlaqədar olaraq Bakı şəhərinə
qayıdan Nəriman Məmmədov 1991-1992-ci illərdə Azərbaycan
Dövlət Aqrar-Sənaye Komitəsinin "Elektromexanikləşdirmə"
Tresti müdiri müavini vəzifəsində
çalışmışdır.
Kənd təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsinə
mühüm töhfələr verən, tanınmış
alim Nəriman Məmmədov 1993-cü ildən etibarən
pedaqoji fəaliyyətlə məşğuldur. O, 1993-1996-cı illərdə
Azərbaycan Texniki Universitetinin metrologiya və standartlaşdırma
kafedrasının professoru vəzifəsində
çalışmışdır. 1996-cı
ilin sentyabr ayından 2000-ci ilin iyun ayına kimi Bakı
Dövlət Əmtəəşünaslıq - Kommersiya
İnstitutunun standartlaşdırma və
sertifikatlaşdırma kafedrasının müdiri vəzifəsində
çalışan alim o vaxtdan eyni vəzifəni Azərbaycan
Dövlət İqtisad Universitetində daşıyır.
Professor N.Məmmədovun
çoxillik elmi fəaliyyəti öz məhsuldarlığı
ilə diqqəti cəlb edir. Təkcə onu demək kifayətdir
ki, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsinə
xüsusi töhfələr verən alim 240-dan çox
sanballı elmi əsərin, o cümlədən 5
ixtiranın, 7 irihəcmli monoqrafiyanın, 4 dövlət və
sahə standartının, 12 dərslik və dərs vəsaitinin,
10 metodiki göstərişin, 19 tədris proqramının, 51
elmi-istehsalat xarakterli kitabın, albom və
broşüraların və 130-dan artıq elmi məqalənin
müəllifidir. Alimin əsərlərindən
154-ü Moskva və
Ali təhsil
müəssisələrində
çalışdığı ötən dövrdə, o
bakalavr və magistr pillələri üçün bir
sıra dərslik və dərs vəsaitləri
hazırlamış və nəşr etdirmişdir. "Standartlaşdırmanın
əsasları" (Bakı. "Elm",
2003), "Sertifikatlaşdırmanın əsasları"
(Bakı. "Elm", 2001),
"Qarşılıqlı əvəzetmənin əsasları"
(Bakı. "Elm". 2004),
"Kvalimetriya və keyfiyyətin idarə edilməsi"
(Bakı, "Elm", 2007), "Eksperimentin nəticələrinin
riyazi işlənməsi" (Bakı, "Elm", 2005),
"Metrologiya" (Bakı. "Elm",
2009) və digər bu kimi əsərlər məhz alimin
çoxillik elmi-tədqiqatlarının, gərgin əməyinin
nəticəsidir.
Professor Nəriman
Məmmədov 1993-cü ilin yanvar ayından 2003-cü ilin iyun
ayına kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının texnika elmləri üzrə
ekspert şurasının üzvü kimi fəaliyyət
göstərmişdir. üç illik fasilədən sonra
o, 2006-cı ilin mart ayından yenidən adı çəkilən
qurumun ekspert şurasının üzvü kimi fəaliyyətini
davam etdirir.
Azərbaycan texnika elminin
tanınmış siması, yorulmaz tədqiqatçı, elm
fədaisi Nəriman Rəhim oğlu Məmmədov
keçmiş sovet dönəmində Belorusiya və Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətlərinin fəxri fərmanlarına
layiq görülmüş, SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin gümüş medalı ilə
təltif olunmuşdur.
Görkəmli
alimin elmi fəaliyyəti dünyanın bir çox
qabaqcıl elm müəssissələri tərəfindən də
yüksək qiymətnəldirilmişdir. Təkcə onu xatırladaq
ki, ötən ilin may ayında görkəmli alim Nəriman Məmmədov
Türk Dünyası Dövlətlərarsı
Araşdırmalar Elmlər Akademiyasının həqiqi
üzvü seçilmiş, dekabr ayında isə o, yüksək
elmi ixtiralarına və əldə etdiyi göstəricilərə
görə akademiyanın "Qızıl medal"ı ilə
təltif edilmişdir.
Biz də Azərbaycana şərəf
gətirən görkəmli alimimizi bu ali
mükafat münasibətilə ürəkdən təbrik
edir, ona səmərəli elmi fəaliyyətində yeni-yeni
uğurlar diləyirik.
Zabit Aslanov,
texniki elmlər namizədi,
dosent
Təzadlar.- 2011.- 1
fevral.- S.10.