Azərbaycan-Türkiyə
münasibətlərinin pərdəarxası həqiqətləri
Turqut Ərin "Azadlıqdan
tiranlığa" kitabında nələr diqqəti çəkir?
Bu sahədə uzun müddət xidmətləri olmuş Osman Gəzəkərin "Təzadlar" qəzetinə açıqlamalarını təqdim edirik.
Azərbaycan və Türkiyə ictimaiyyətində son günlər yenidən bu iki qardaş dövlət arasında münasibətləri süni şəkildə qarışdırmaq istəyənlər peyda olub. Öz mahiyyətini itirmiş və sovrulmuş yarpaqlar kimi zaman-zaman Azərbaycan və Türkiyə dövlətlərinin arasına sərinlik gətirmək istəyən bu güclər əslində marıqda duraraq, bu iki can və qan birliyi olan dövlətin arasında strateji müttəfiqliyi daha da dərinləşdirən sənədlərə imza atılan kimi dərhal hərəkətə keçərək "aktual" görünən qavramları qabartmağa çalışırlar. Belə bir prosesin maraqlı görünən tərəfi odur ki, həmin güclər bu iki qardaş dövlət arasında xalı kimi hörülən ilmələri yaradan insanlara, dövlət xadimlərinə belə, böhtanlar atmaqla öz niyyətlərinə "inandırıcı" və "ifşaedici" boyalar da qatırlar.
Bir zamanlar Türkiyənin Bakıdakı səfirliyində adi bir mətbuat müşaviri vəzifəsində çalışmış Turqut Ərin yazdığı "Azadlıqdan tiranlığa" kitabında Azərbaycan həqiqətləri heç də yeni dünyanın kəşf olunması kimi xarakterizə olunmamalıdır. ötən yüzilin 90-cı illərinin ortalarında baş vermiş pərdəarxası siyasi qalmaqallarda bu iki dövlətin vahid siyasi kurs götürməsinə qarşı törədilən qalmaqllar olub. Həmin ərəfədə iki dövlət arasında tarixə "ümid körpüsü" kimi daxil olan sərhəd məntəqəsinin inşa olunması və onun qorunması işlərinə Qars vilayətinin əmniyyət müdiri vəzifəsində çalışmış Osman Gəzəkər rəhbərlik etmişdir.
Osman bəy sonralar, yəni 1993-cü ilin dekabr ayından 1998-ci ilə qədər Türkiyənin Bakıdakı səfirliyində əmniyyət şöbəsinin müşaviri vəzifəsində çalışıb. Əslində Turqut Ər öz kitabında iki dövlət arasında ötən 20 il ərzində sıxı bağlantılarını "şübhə" altına alıb. Buna görə də Osman bəylə görüşərək sözügedən kitabda qeyd olunan və proseslərin qaranlıq qalan tərəflərinə aydınlıq gətirməsi barədə onunla söhbətləşdik.
- Osman bəy,
Turqut Ərin Türkiyədə nəşr edilən və Azərbaycan
mətbuatında da yer alan kitabını yəqin ki, oxumusunuz.
Orada sizinlə bağlı bir sıra məqamlara da toxunulub.
Bu faktlar nə qədər realdır?
- Turqut Ər Türkiyənin
Bakıdakı böyükelçiliyində 1993-2001-ci illərdə
mətbuat xidmətinin müşaviri vəzifəsində
çalışıb. Mənim səfirlikdəki vəzifəm
əmniyyət müşaviri olub. Bu vəzifə nə kəşfiyyat,
nə də təhlükəsizlik xidməti kimi başa
düşülməməlidir. Mənim əsas
vəzifəm yenicə özünün dövlət müstəqilliyinə
qovuşmuş Azərbaycanda təhsil almağa və
işadamı kimi çalışmağa gələn
Türkiyə vətəndaşlarının polis və
hüquqi məsələləri barəsində xidmət
göstərmək olub. Turqut Ərin kitabında və
Azərbaycan mətbuatında haqqımda yazdıqları tamamilə
yalandır. Öncə
qeyd etməliyəm ki, mən milliyyətcə Ahısqa
Türküyəm. Mənim babalarım 1877-1878-ci illərdə
Rusiya və Osmanlı savaşı zamanı məlum səbəblərdən
Anadolunun Artvin bölgəsinə köç etməyə məcbur
olmuşlar. Hər zaman nəslimizdə, elə öz ailəmizdə
Ahısqa Türkü olmağımızla fəxr etmişik və
bununla qürur duymuşuq. Mənim zənnimcə, Turqut Ər
yaşlanmışdır. Türkiyədə
qanunla yaşı 65-dən yuxarı olan insanlar əmlak və
digər alğı-satqı məsələlərində həkimdən
ağlının yerində olması və səhhətinin
durumu ilə bağlı hökmən müvafiq sənəd
almalıdırlar. çünki yaşlı adamların
övladları "atamızın ağlı yerində
deyil, yaşlanmış birisidir" - deyə
alğı-satqı məsələlərində etiraz edə
bilərlər. Turqut Ərin yaşının 65-dən
yuxarı olması səbəbindən öncə onun həkimdən
müvafiq sənəd almasına ehtiyac var. Onun
ağlının yerində olmasını məhz bu mənada
yoxlamaq lazımdır. Mənə görə, ağlı
yerində olan hər bir insan Azərbaycan və Türkiyə
dövlətləri arasındakı münasibətlərə
bunca iftiralar atmaz. İndi siz özünüz son duruma diqqət
edin. Azərbaycan və Türkiyə arasında hərbi-strateji,
milli təhlükəsizlik, işğal olunmuş ərazilərin
azad edilməsi istiqamətində çox ciddi və önəmli
anlaşmalar imzalanıb. Bu anlaşmalara görə,
özünün türk kimliyini tanıyan hər bir kəs
qürur duymalıdır. Ancaq təəssüflər olsun ki,
belə bir qlobal prosesi anlamayan bəzi insanlar bu tarixi həqiqətlərə
kölgə salmağa çalışırlar.
- Türkiyə və Azərbaycan
arasında uzlaşma nöqtələrinin dərinləşdiyi
bir məqamda, nədən bu iki dövlət arasında belə
qalmaqallar gündəmə gətirilir?
- Öncə onu qeyd edim ki, əvvəllər biz bir millət - iki dövlət anlamını sadəcə Türkiyə və Azərbaycan anlamında gündəmə gətirirdik. İndi isə bir millət, yeddi dövlət və iyirmi doqquz qohum toplumlar siyasəti güclənməkdədir. Türk dünyasının qlobal mənada vahid etnik, mədəni, iqtisadi və sosial qavramda mövcudluğu artdıqca, bu prosesi sevməyən böyük güclər gündəmi diqqətə alaraq eyni kökə, mədəniyyətə, tarixə, mentalitetə malik olan türk xalqlarını süni şəkildə və demaqoqcasına üz-üzə qoymaq üçün tarixdə tətbiq etdikləri fitnə-fəsadları gündəmə gətirmək istəyirlər. Bu güclər hətta sapı özümüzdən olan baltaları belə hərəkətə gətirərək onları türk birliyinin əleyhinə yönəltmək təşəbbüslərini irəli sürürlər. Bu güclərin çörəyini yeyənlər öz millətinin coğrafiyasının, iqtisadi və mədəni çevrəsinin böyüməsinə qarşı vurduqları zərbələrin miqyasının belə, fərqində deyillər.
Zənnimcə, Turqut Ərin də yazmış olduğu həmin kitab elə bu məqsədlərə xidmət edir. Sovetlər Birliyi çökdükdən sonra Türkiyənin bir dövlət olaraq geostrateji və geosiyasi mənada önəmi də artıb. İndi Balkanlar, Orta Şərq, Qafqaz və Orta Asiya siyasətində artıq üstün mövqelərə çıxan Türkiyə dünyadakı böyük güclərin yanında yer almağa başlayıb. Çünki Türkiyə dinamik və assimetrik şəkildə sürətlə böyüyən dövlətlərin sırasında ilk yeri tutur. Bu önəmli hədəfləri qəbul etmək istəməyən güclər isə bütün imkanlarından yararlanaraq Türkiyəni "küçümsəmək", onun önəmini və dəyərini daraltamaq üçün bütün imkanlardan yararlanmaq istəyirlər. Mərhum prezidentimiz Turqut özal sağlığında bu hədəfləri görərək, haqlı olaraq demişdi: "21-ci yüzil türk əsri olacaq".
Bir zamanlar
böyük Mustafa Kamal Atatürk də bu məsələyə
bir sıra işarələr vurmuşdu. Azərbaycanın mərhum
prezidenti Heydər Əliyev uzaqgörən və strateji hədəflərə
yönələn bu siyasətin təməl prinsiplərini
zaman-zaman həyata keçirmişdir. İndi bu siyasəti
hörmətli prezident İlham Əliyev davam etdirir. Bir əlin bir, iki əlin iki səsi olar. İndi Azərbaycan
və Türkiyənin arasında dərinləşməkdə
olan uzlaşmalar əslində həmin əllərin güclənməsini
təsbit edən varlığın ortaya qoyulması deməkdir.
İndi bu hədəflərin Azərbaycanda inkişaf etdiyi
bir məqamda Turqut Ərin kitabı insanları
oyandırmaqdan ziyadə, daha çox cəmiyyəti bir-birinə
qarşı qoymaq hədəfini seçib. Heç bir
türk insanı digər bir türk cümhuriyyətinə
qarşı bunca həqarətli münasibət sərgiləməməlidir.
Hər bir türk insanı digər türk cümhuriyyətlərinə
olan münasibətdə barış siyasəti sürəcində
davranmalıdır. Bu bir türk əxlaqı məsələsidir.
Bizlər ortaq nöqtələrdə bütünləşmək
yolunu tutmuşuq. Heç zaman bir-birimizə qarşı
separatçı münasibətlər çərçivəsində
ola bilmərik.
- Sizcə, Turqut Ərin
kitabında və açıqlamalarında haqqınızda
qeyd etdiyi faktların yalnışlığı nədən
ibarətdir?
- Turqut Ər qeyd edir ki, Osman Gəzəkər milliyyətcə gürcüdür. Mən hər hansı insanın gürcü, alman, ərəb olmasına qarşı deyiləm. Hamımız Adəm və Həvvanın övladlarıyıq. Mənə görə, yetər ki, insan oğlu insan olsun. İnsanlıq ordur ki, öz dinini və milli kimliyini dünyada sevdirə bilsin. Amma öz soyum və nəsəbim haqqında qeyd etməliyəm ki, mənim babalarım Gürcüstanın Ahısqa vilayətindəndir. Biz Ahısqa Türküyük. Ahısqa Türkləri dünyada yeganə toplumdur ki, heç bir halda assimlasiya olunmurlar. Baxın, 1944-cü ildən Ahısqa Türkləri qanunsuz olaraq Sibir və Orta Asiyaya sürgün ediliblər. Bu gün 300 minlik Ahısqa Türkü Qazaxıstan, Qırğızıstan, özbəkistan, Ukrayna, Rusiya, ABŞ və digər dövlətlərdə dağınıq şəkildə yaşamaq məcburiyyətində qalıblar. Onların ana dilində məktəbi belə yoxdur. Amma bütün ağırlıqlara və problemlərə baxmayaraq, öz dillərini, dinini, mədəniyyətini və kimliklərini qoruyub yaşada bilirlər. Mən ulu öndər Atatürkün "Nə xoşbəxtəm türkəm" kəlməsindən hər zaman qürur duyan bir türkəm. Turqut Ər məni zatən çox yaxşı tanıyır. İndi mənim milli kimliyimə bunca böhtan atırsa, o zaman qeyd etməliyəm ki, elə onun özünün etnik kimliyi məsələsində şübhələrim yaranıb. Haqqımda belə bir böhtanda bulunması əslində Turqut Ərin arxasında qaranlıq mətləblərin olmasını təsdiq edir. Həyatım boyu türkü sevməyən və türkə qarşı daim çamurlar yağdıran tək bir toplum gördüm. O da ermənilərdir. Turqut Ərin mənim türk kimliyimə böhtan atması isə düşündürücü məqamdır. Türkləri bunca sevməməsi, böhtanlar uydurması artıq onun kimlik məsələsinə aydınlıq gətirməsinə ehtiyac var.
- Turqut Ər açıqlamalarında qeyd edir ki, siz səfirlikdə çalışdığınız zaman Azərbaycan dövlətinin xüsusi qayğısına və imtiyazlara sahib olmusunuz. Guya restoranlar və kafelər şəbəkəsinə, yük ambarlarına, bahalı maşınlara malik olmusunuz. Halbuki diplomatik işdə çalışan insan başqa bir dövlətdə bunca hüquqlara malik ola bilməz.
- Bu növ ilk xəbərlər "Azadlıq" qəzetinin 29 yanvar 2011-ci il tarixli sayında dərc edilib. Bununla bağlı bir sıra araşdırmalardan sonra qəzetin baş redaktoru Qənimət Zahidi buldum. Onunla telefonda söhbətimiz də oldu. Bildirdim ki, haqqımda qəzetinizin "informasiya şöbəsi"nin məlumatı kimi qeyd olunan bu məlumatlar tamam yalandır. O da bildirdi ki, istənilən an müxbir göndərərək məndən müsahibə almağa hazırdır. Haqqımda adı çəkilən qəzetdə böyük bir başlıqla gedən həmin yazının şəxsiyyətimi ləkələdiyini, bundan çox üzüldüyümü Qənimət bəyə açıq şəkildə bildirdim. Bu yalan dolu informasiyaların birbaşa Turqut Ərdən gəldiyi qənaətindəyəm. çünki bu faktların tək müəllifi məhz Turqut Ərdir. Halbuki mən diplomatik işimdən təqaüdə çıxdıqdan sonra 7 ildir Azərbaycanda yaşayıram. Hər kəs də məni yaxşı tanıyır. İstər müxalifətdə, istərsə də iqtidarda olan əksər insanlar Osman Gəzəkərin kim olduğunu çox yaxşı bilir.
Turqut Ərin haqqımda uydurduğu yalanlar əslində onun kitabında yer alan həqiqətdən uzaq fikirlərinin davamıdır. Onun kitabındakı yalanların, böhtanların, əsl həqiqətin nədən ibarət olmasını kim istəyirsə aydınlıq gətirməyə, hamıya gerçəklikləri açıqlamağa hazıram. Turqut Ər belə bir informasiya savaşına qalxaraq qeyd edir: "Danışdırılan insan ifşa olundu". Halbuki mən öz adıma olan internet səhifəsində Turqut Ərin yalanlarını ifşa edən şeir yazmışam. Bu şeir onun iç üzünü açan və həqiqətin nədən ibarət olması haqqındadır. 1991-1997-ci illərdə Azərbaycan və Türkiyə arasında yaşanan proseslər barədə bilgili insan olaraq həqiqətləri açmaq məcburiyyətindəyəm. Turqut Ərin Azərbaycanda hansı əməllərin sahibi olmasını, mənim isə ən azından Naxçıvanın blokada şəraitində mövcud problemlərin həlli istiqamətində xidmətlərimi Azərbaycan və Türkiyədə bütün dövlət xadimləri bilir.
Ardı var
Ə.YUSİFOĞLU,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Təzadlar.- 2011.- 3 fevral.- S.7.