Mənim şəhid qardaşım

 

(Şəhid Elşən Rüstəmovun xatirəsinə)

 

Deyirlər, oğullar düşmən çəpəri,

Sən etdin sinəni vətən sipəri.

Qoydun öz arxanda sevən gözləri,

Qəlblərdə işıqtək yanan qardaşım.

 

Ucaldın şəhidlik zirvəsinə sən,

Şəhidlər ölmürlər, bunu bilirsən.

Əbədi dünyanın cənnətində sən

Ürəklərdə məskən salan qardaşım.

 

Elin fəxr eyləyir səntək oğluyla,

Oğul oğul olur cəsurluğuyla.

Ana laylasının oxşamasıyla

Əbədi yuxuya dalan qardaşım.

 

Yolunda baş qoydun bu torpaqların,

Səsinə dözmədin o fəryadların,

Çatdın imdadına axan qanların,

Vətənin yolunda qurban qardaşım.

 

Qaraltək səmada sən qanad açdın,

Qaranlıq yollarla günəştək saçdın,

Düşmənin köksünə nizətək batdın,

Elinə üzüağ dönən qardaşım..

 

Bir gün yaşıdların köç edəcəkdir,

Səninsə həyatın əbədiyyətdir.

Vətənə sənintək oğul gərəkdir,

Hər iki dünyada qalan qardaşım.

 

Qoy anan fəxr etsin sənin adınla,

Atan qürurlansın şərəf-şanınla,

Körpələr çağrılsın Elşən adıyla,

Şöhrət zirvəsinə şəhid qanıyla

Əbədi həkk olan igid qardaşım.

 

 

Unutmaq olmaz

 

Əl uzatma heç vaxt quş yuvasına,

Bilmirsən, yuvanı dağıtmaq olmaz!

Yuva dağıdanın olmaz yuvası,

Atalar sözüdür unutmaq olmaz.

 

"Dünya beş gün deyib", tez vermə qərar,

Gəl nəsihət dinlə, bil faydası var.

Axırda həyatın olar tarimar,

Hər işin sonunu unutmaq olmaz.

 

Hərənin dünyada qismət payı var,

Kiminə dəm verir, kimə ahu-zar.

Yəqin ki, Tanrının bir bildiyi var,

Onun hüzurunu unutmaq olmaz.

 

Rahimə, unutma həyat ibrətin,

Böyüklərdən qalıb bu nəsihətin.

Xoş əməl olubdu sərin sərvətin,

Təmiz ad zinətdir, unutmaq olmaz.

 

 

Oxu

 

(Zahir müəllimə)

 

Oxu gülüm, qoy zəngulən

Haray salsın bu ellərə.

Şaqraq səsin pərdə-pərdə

Qoy yayılsın bu ellərə.

 

Öz səsinlə sehrlə sən

Dil-dil ötən bülbülləri.

İnsanlara unutdurun

Bircə anlıq kədərini.

 

Bu səs sənə Allahından

Bir sovqatdı, ərməğandı.

Öz atandan, öz babandan

Bir qiymətli yadigardır.

 

Qoy köklənsin sərin səsin

Qarabağın qəm tarına.

Bir quş kimi qanad açsın

Şuşamızın dağlarına.

 

 

Toy günlərində

 

Atalar, analar qol-qanad açar,

Hamı xoşbəxt olar toy günlərində.

Xoş sözlər ətrafa çiçəktək saçar,

Doğmalar cəm olar toy günlərində.

 

Sovqatlar, xonçalar səf-səf düzülər,

Ucalar göylərə musiqi səsi.

Üzlərdən-gözlərdən sevinc süzülər,

Oğlanlar qız seçər toy günlərində.

 

Qoy yaddan çıxmasın adətlərimiz,

Toyun axırında bəy təriflənsin.

Qız-gəlin üzündə həya pərdəmiz

Qoy itib-batmasın toy günlərində.

 

 

Rahimə İldırımqızı 1962-ci ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Gənc yaşlarından ədəbiyyata, şeirə böyük maraq göstərib.

 

 

Rahimə İldırımqızı

 

Təzadlar.- 2011.- 5-8 fevral.- S.14.