Azərbaycan-Türkiyə
münasibətlərinin pərdəarxası həqiqətləri
Bu yöndə uzun müddət
xidmətləri olmuş Osman Gəzəkərin "Təzadlar"da
açıqlaması
"Naxçıvan
MR Ali Məclisinin sədri Vasif Talıbov, Xaçmazın
indiki icra başçısı Şəmsəddin Xanbabayev
(o zaman Naxçıvan MR-in baş naziri olub), prezidentin
mühafizə xidmətinin rəisi Bəylər Əyyubov,
daxili işlər naziri Ramil Usubov və digər yüzlərlə
canlı şahidlər də təsdiq edə bilərlər ki, Osman Gəzəkər
həmin illərdə Naxçıvanın blokadasının
yarılmasında yaxından iştirak edib"
Bu sahədə uzun müddət xidmətləri olmuş Osman Gəzəkərin "Təzadlar" qəzetinə açıqlamalarını təqdim edirik.
(Əvvəli ötən sayda)
- Osman bəy, Turqut Ərin "Azadlıqdan tiranlığa" kitabında sizinlə bağlı belə bir qeyd də var: "Osman Gəzəkər mənşəcə gürcüdür və Türkiyənin Azərbaycandakı səfirliyində çalışdığı zaman PKK-çıları və onlara dəstək verən ictimai qurumları müdafiə etmiş, onların yanında yer almışdır". Bütün bunlar nə qədər həqiqətdir?
- Mənim əslim Ahısqa vilayətindəndir. Bu vilayət əslində Osmanlı dövlətinin tarixi torpaqlarıdır. 1870-ci illərdə Rusiya-Osmanlı savaşları zamanı bu ərazilər işğal olunub. Mən özüm türkəm. Türk milləti tarixdə yeganə toplumdur ki, heç zaman hər hansı bir əsarəti qəbul etməyib. Türkləri heç bir dövlət və ya güc istədiyi kimi yönəldə bilməyib. Mən də bir türk kimi həqiqətləri olduğu kimi danışmaqdan çəkinmirəm. Böyük Mustafa Kamal Atatürkün çox gözəl bir sözü var: "Bir türk dünyaya bədəldir!"
Turqut Ərin yazdığı kitabda mənimlə bağlı qeyd etdiyi uydurmalara cavab vermək məcburiyyətindəyəm. Azərbaycan mətbuatında rişxəndlə onun yazmış olduğu mənimlə bağlı belə bir informasiya gedib: "Adam ifşa olundu". Mən ifşa olunmadım. Özümə məxsus olan internet saytımda Turqut Ərin məlum kitabında yer almış yalanlara cavab yazmışam. Bunun qarşılığında isə "Bozqurd" imzası ilə dərhal anonim şəkildə təhqir dolu cavab almışam. Orada belə qeyd olunmuşdu: "Sən satılmısan. Türkiyənin maraqlarını Azərbaycan iqtidarına satmısan".
Belə bir anonim məktubu alan kimi biz həmin elektron poçtuna haqqımızın və hüququmuzun haqlı olması səbəbindən cavabımızı göndərdik. Ancaq bəlli oldu ki, həmin elektron poçtu bizə göndərilən məktubdan sonra dərhal qapadılaraq ləğv edilib. İndi mən soruşmaq istəyirəm: "Əgər sən haqlısansa, niyə gizli imza və ayama ilə bizim internet poçtumuza anonim məktub yazırsan? Bunu açıq şəkildə, kişi kimi yaza bilməzsənmi? Niyə anonim imza ilə bizim yazdığımız həqiqətlərdən yayınırsan? Halbuki mən öz imzamla yalanlara qarşı vətəndaş mövqeyimi ortaya qoyaraq cavab yazmaqla əsl həqiqəti işıqlandırmışam".
- Sizcə, indiki durumda Turqut Əri nə vadar edib ki, belə bir kitab yazmaq təşəbbüsü ilə çıxış etsin?
- Son bir ildə Türkiyə və Azərbaycan arasında tarixdə ilk dəfə olaraq hərbi-strateji, təhlükəsizlik, iqtisadi, mədəni, təhsil sahəsində ortaq çalışmalara dayanıqlı olan çox mühüm sənədlər imzalanıb. İki dövlət arasında sıx təmaslar həm də daha iri layihələrə yol açılır. Avropa Birliyinin və digər beynəlxalq güclərin Türkiyənin strateji maraqlarına zidd olan iddiaları sərgilədiyi məqamda rəsmi Ankaranın üzünü Qafqaza və Orta Asiyaya yönəltidiyi məqamda belə kitablarla ictimai proseslərə, strateji müttəfiqliyə xeyli dərcədə zərbələrin vurulması da nəzərdən qaçan amil deyil. Turqut Ərin yalanlarından biri də guya Türkiyə dövləti mənim diplomatik fəaliyyətimə son qoyub. Halbuki əsl gerçəklik belədir. 1997-ci ilin sonlarında Ankaradan mənə bildirdilər ki, sənin diplomatik fəaliyyət müddətin bitib. Geri dönməlisən. O zamankı daxili işlər naziri sayın Murat Başkeskiroğluna prezident Heydər Əliyev müraciət edərək baş nazirlə ümumi razılığa gələrək mənim hər iki dövlətə daha çox fayda verə biləcəyimi bildirməklə Bakıda qalmağımın təmin edilməsini istəmişdi. Ancaq müvafiq qanunlara görə, bu təşəbbüs baş tutmadığı üçün mən geriyə, Ankaraya döndüm. Bundan sonra isə bir müddət sərəncamda qaldım. Qanunla təqaüd yaşım çatdığı üçün ərizə ilə hökumətə müraciət etdim. O zamandan təqüdçüyəm. Yaxşı yadımdadır, məhz belə bir məqamda mənim əleyhimə Ankaraya böhtan dolu dövlət idarələrinə anonim şikayətlər göndərilmişdi. Baş əmniyyət idarəsi dərhal bu məktublar əsasında xüsusi araşdırmalara başladı. Bu anonimlərin iftira və böhtanlardan ibarət olması barədə müvafiq sənədlər tərtib olundu. Etiraf edim ki, bu məktublar məni bir insan kimi çox üzmüşdü. Axı mənim bütün fəaliyyət dairəm iki qardaş dövlətin arasında dərin tellərin bağlanmasına, bunun inkişaf etməsinə xidmət etməkdən başqa bir şey olmamışdı. Mən bütün bunlardan çox üzülmüşdüm, mənən sarsıntı keçirmişdim. O zaman içimdə şübhələr olsa da, bunun dərindən fərqinə varmaq istəmədim. İndi Turqut Ərin kitabını oxuduqda görürəm ki, həmin anonim məktubdakı yazı üslubu, deyim və ifadə tərzi elə onun dəst-xəttidir.
- Siz Turqut Ərin haqqınızda yazdıqlarına bir aydınlıq gətirin. Axı Türkiyə dövlətinin sıravi bir məmuru necə olur ki, Azərbaycanda çox böyük təsisatlara malik olsun?
- Turqut Ərin barəmdə yazdığı uydurmalarından belə çıxır ki, Naxçıvan Muxtar Respublikasının siyasi və iqtisadi həyat tərzinin 75 faizini mən, Azərbaycanın digər ərazilərinin 25 faizini isə ermənilər idarə edir. Guya mən Harun kimi ən zəngin bir şəxsə çevrilmişəm. Halbuki həyatım boyu loxmamı belə paylaşan bir insan olmuşam. Əsl türklük tərbiyəsi alan insanın borcudur ki, belə bir əxlaqa sahib olsun. Mən belə bir tərbiyə içində yaşamış bir insanam.
Turqut Ər qeyd edir ki, Osman Gəzəkər 1992-1993-cü illərdə Kars vilayətinin əmniyyət müdiri vəzifəsində çalışıb. Halbuki mən bu vəzifədə 1988-1993-cü illərdə çalışmışam. O zaman Naxçıvanla Türkiyə arasındakı sərhəddə körpü inşaatına da nəzarət etmişəm. 11 km-lik sərhəd zolağı başdan-başa qamışlıq və bataqlıqdan ibarət idi. Burada qısa bir zamanda müasir standartlara cavab verə biləcək körpünün inşa olunması çox çətin bir iş idi. İnsanlar həyatlarını riskə qoyaraq qayıqla sərhədi keçə bilirdilər. Məhz belə bir şəraitdə mən ulu öndər Heydər Əliyevlə tanış olmuşam. Qars vilayəti olaraq Naxçıvanın blokada şəraitində olması səbəbindən regionun ərzaqla təmin edilməsi, elektrik enerjisinin verilməsi, yanacaqla təmin edilməsi kimi problemlərin həlli ilə məşğul idik. Bütün bunları mərhum Heydər Əliyevin nəzarəti altında edirdik. Ona görə ki, sabah hər hansı bir xoşagəlməz hadisə yaranmasın. Bu faktın canlı şahidlərinin çoxu sağdır. Onların bir qismi Azərbaycanda mühüm dövləti vəzifələrdə çalışırlar. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Xaçmazın indiki icra başçısı Şəmsəddin Xanbabayev (o zaman Naxçıvan MR-in baş naziri olub), prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubov, daxili işlər naziri Ramil Usubov və digər yüzlərlə canlı şahidlər də təsdiq edə bilərlər ki, Osman Gəzəkər həmin illərdə Naxçıvanın blokadasının yarılmasında yaxından iştirak edib. İndi Turqut Ər elə düşünür ki, mən bütün bunlardan öz şəxsi məqsədlərim üçün faydalanmışam. Bir canım var, o da fəda olsun Türkiyə və Azərbaycanın birliyinə. Turqut Ərin can fəda verməyə ürəyi belə yoxdur. Çünki iki qardaş millətin və dövlətin birliyi uğrunda hər hansı bir faydalı işin yanında durmayıb.
- Turqut Ərin digər yalanları nədən ibarətdir?
- O qeyd edir ki, Osman Gəzəkər əmniyyət müdiri olduğu zaman Ramil Usubov Naxçıvan MR-in daxili işlər naziri vəzifəsində çalışdığı üçün onunla bir sıra qaranlıq işlərdə əlbir olublar. Halbuki o zaman nazir vəzifəsində bütün naxçıvanlıların çox yaxşı tanıdığı soyadını unutduğum Məhəmməd Xeyrullayeviç adlı bir polis albayı çalışırdı. Bax onun yazdıqlarından biri olaraq bu faktın özü yalandır. Ramil müəllim 1993-cü ildə Naxçıvanda bu vəzifədə çalışıb. Mən isə ulu öndər Heydər Əliyevlə daha öncələrdən tanış idim. Bu tanışlığımız da əmniyyət müdiri kimi vəzifə borcumu yerinə yetirdiyim zamana təsadüf edir. Biz 1991-ci ildə Naxçıvanda Türkiyə ilə Azərbaycanı birləşdirən və "Ümid Körpüsü" adlandırılan körpünün inşaatı və təntənəli açılış mərasimi ilə bağlı mütəmadi olaraq görüşürdük. Çünki sərhəd zolağı və körpünün özü də Ermənistanla tam sərhəddə yerləşirdi. Ermənilər Araz çayı vasitəsilə üzən minaları işə salaq istənilən anda bütün əməyimizi məhv edə bilərdilər. Digər tərəfdən isə körpünün təhlükəsizliyini qorumaq üçün xüsusi avadanlıqar belə yox idi. Biz Naxçıvanın qorunması, əhalinin təhlükəsizliyi ilə məşğul olanda, görəsən, Turqut Ər harada idi? İnsanlar danışıqlarında hər zaman bilgilərə və bəlgələrə söykənməlidirlər.
Turqut Ərin başqa bir yalanı ondan ibarətdir ki, guya mən Bakıya dəfələrlə xüsusi tapşıqırlarla gəlmişəm. Halbuki əmniyyət müdiri kimi hara gedirdimsə, bu barədə öncə təlimata görə, Ankarada nazirliyimizə məlumat verməli və geri dönəndə isə bu barədə raport yazmalıyam. Belə bir iş olmayıb. Çünki Bakıya getmək o zaman mənim səlahiyyətimə aid olan bir iş deyildi. 1993-cü ildə Naxçıvanda olduğum zaman qanlı 20 Yanvar hadisələrinin anma günü münasibətilə Bakıda nümayəndə heyətinin tərkibində olmuşam. Bu ərəfədə Heydər Əliyevin qardaşı akademik Həsən Əliyev rəhmətə getdiyindən mən də sayğı əlaməti olaraq hüzn mərasimində iştirak etdim. O zaman Heydər Əliyev yas mərasiminə qatılmaq üçün Naxçıvandan Bakıya təyyarə ilə uçmaq istədikdə aeropotu təmir adı ilə bağladılar ki, o qardaşının yas mərasimində iştirak edə bilməsin. Buna görə elə mən özüm də Naxçıvana geri dönə bilmədim və bir neçə gün Bakıda qalmağa məcbur oldum. Bir neçə gündən sonra yollar açılan kimi Naxçıvana döndüm və Heydər Əliyevlə görüşərək ona da başsağlığı verdim. Söhbət əsnasında Bakıda şahidi olduğum durumu ona söyləyərək dedim ki, sayın Heydər müəllim, mənim qənaətimcə, ən yaxın altı ayda siz Azərbaycanın prezidenti olacaqsınız. O isə mənə xitabən sual verdi: "Bunu haradan bilirsən?" Mən də dedim ki, Bakıda öncələr müxalifət çox səssiz bir durumda idi. İndi isə Azərbaycanın xilası naminə müxalifət bar-bar bağırır ki, ölkənin üz-üzə qaldığı problemləri həll edə bilməyən hökumət istefa vermərli və hakimiyyətə dərin dövlət təcrübəsi olan Heydər Əliyev gəlməlidir. Siz Bakıya hakimiyyətə getsəniz, mənim qəlbim qırılacaq. Çünki neçə vaxtdır ki, ən yaxın dostlara çevrilmişik. Sizin kimi dostdan ayrı düşmək mənim üçün çox ağır olacaq. Bakıya getsəniz, haqqımı sizə halal etməyəcəyəm. Ancaq Bakıya getməklə məni də yanınıza götürsəniz, o zaman haqqımız sizə halal edərəm.
Heydər Əliyev bir qədər kədərli halda mənə dedi ki, bu mümkün olsa, dərhal səni Bakıya dəvət edəcəyəm.
(Ardı var)
Ənvər Yusifoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
P.S. Turqut Ərin də
mövqeyini dərc etməyə hazırıq.
Təzadlar.- 2011.- 5-8 fevral.- S.7.