Cavanşir Paşazadə: "Azərbaycan xalqı prezidentinə vurğundur"

 

Parlamentin İnsan Haqları Komitəsinin üzvü Cavanşir Paşazadə AzadlıqRadiosuna müsahibə verib. İkinci çağırışdır deputat seçilən Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının üzvüdür. O, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin qardaşıdır.

 

"MƏN DEMƏZDİM İNTİHAR HÖKUMƏTƏ ETİMADSIZLIQDIR"

 

- Cavanşir müəllim, müşahidəçilər Azərbaycanda polis məmur özbaşınalığının getdikcə artdığını deyirlər. Bunun qarşısında aciz qalan vətəndaş da bəzən çarəni özünü öldürməkdə görür. Məsələn, ötən ay Gədəbəydə Ədalət Hüseynov adlı bir nəfər həm özünü, həm ailəsini yandırdı. Şəkidə sahibkar Hikmət Səlimov özünü körpüdən atdı. İnsan Haqları Komitəsinin üzvü kimi baş verənləri izləyirsizmi?

- Qubada (Gədəbəy demək istəyir - Ş.B.) baş verənlərdən xəbərim yoxdur. Şəkidəki hadisəyə gəlincə. Deiyrlər ki, həmin adam psixi vəziyyətdə olub, o biri başqa söz danışır. Dəqiq məlumatım yoxdur. Qaldı ki, insan haqlarıyla bağlı. Əlbəttə mənfi şeylər var. Bəzi məmurlar çətinlik yaradırlar, vətəndaşlara əhəmiyyət vermirlər. Bununla bağlı müəyyən işlər aparılır.

- İnsanların intihara əl atması çarəsizliyin,  hökumətə etimadsızlığın bir forması deyilmi, sizcə?

- Mən deməzdim hökumətə etimadsızlıqdır. Xalq hökumətə inanır. Düzdür, problemlər var. Yerlərdə məmurların ola bilər ki, səhvləri var. Bunun üçün istintaq var.

 

"BƏLİ, O POLİS SƏHV EDİBSƏ, YENƏ TƏZYİQ EDƏCƏK"

 

- Necə bilirsiz, Azərbaycanda insan haqları ilə bağlı ən ciddi problem nədir?

- Mən ciddi problem görmürəm. İkinci növbədə insanlar öz hüquqlarını bilməlidirlər. Onun üçün qanun var. öz haqqını tələb eləmək hər bir vətəndaşın borcudur. Dövlət buna zəmin yaradıb.

- Cavanşir müəllim, amma polislə bağlı xeyli şikayətlər var. Yəqin bilirsiz Elivn Əsgərov adlı gənc müəmmalı şəkildə öldü. Buna qədərsə o polis bölməsində olmuşdu. ya Gədəbəydəki ailə polis özbaşınalığına etiraz olaraq özünü yandırdı. Artıq vaxtıdırmı ki, Daxili İşlər Nazirlyində islahatlara başlansın?

- Tək polisdə yox. İkincisi , polislə bağlı neqativ hal varsa, insan öz haqlarını bilməlidir, bunun üçün prokurorluq var.

- Siz hüquqları bilməkdən danışırsız. Həmin gədəbəyli ailənin dediyinə görə, onlara təzyiq var ki, ifadəni dəyişsinlər. Hadisənin ehtiyatsızlıqdan, təsadüfən baş verdiyini desinlər.

- Bəli, o polis səhv edibsə, təzyiq edibsə, ikinci mərhələdə həmin insana yenə təzyiq göstərəcək ki, haqqını tələb etməsin. O insan öz haqqını tələb eləməlidir.

 

"ŞÜBHƏNİ YARADANLAR VAR"

 

- Son günlər hökumət korrupsiya ilə mübarizəyə start verib. Necə bilirsiz effekti olacaqmı, buna şübhəylə yanaşanlar az deyil. Bu müvəqqəti xarakterli mübarizədir, yoxsa...

- Deyərdim ki, şübhəni yaradanlar var. Bu aktual məsələdir. Prezidentin vaxtında qaldırdığı məsələdir. Bu daimi olacaq. Heç kimin şübhəsi olmasın.

- Belə bir rəy var ki, hökumət Misirdə, Tunisdə baş verənlərin Azərbaycanda təkrarlanmaması üçün bu addımları atır.  

 Misirdə baş verənlər 15-20 gündür qalxıb. Əgər prezident bu məsələylə bağlı tapşırıq verirsə, deməli əzəli altı-yeddi ay əvvəl bu məsələlər ortaya çıxıb. Bu beş günə alınan şey deyil.

Azərbaycan xalqı öz prezidentini sevir, Azərbaycan xalqı öz prezidentinə vurğundur. 

 

"KİMLƏRSƏ PREZİDENTƏ NAXƏLƏF ÇIXIBSA"

 

- Prezidentin bütün bunlardan indiyə qədər xəbəri yoxuydumu? Bunu bir-iki il əvəl başlamaq olmazdımı?

- Cənab prezident başqa-başqa məmurlara inanıb, rəhbərliyə gətiribsə, onlar da dövlət başçısına naxələf çıxıbsa, xalqla düzgün işləmirsə, bu İlham Əliyevin günahı deyil. Bu məmurların cənab prezidentə qarşı düzgün olmayan siyasətidir. Hardasa prezident də bunu bilib, məsələni ciddi qoyub. Siz də inşallah bunun ciddiliyini görəcəksiz. Kimlərsə cəzalananda görəcəksiz.

 

 

Təzadlar.- 2011.- 10-12 fevral.- S.12