Nə yazıqdı
sənsiz ellər, ay xanım!
Millət vəkili...
Bu iki sözün
birlikdə daşıdığı
məna yükünü
açmağa çalışacam.
İşdi-şayət, aça
bilsəm.
Millət vəkili... çox-çox
ağır məsuliyyətdir.
Milli Məclisin
üzvü olmağına
çox da bənd olmayın. El-oba qadasın aldığım hər adama millət vəkili demir, hər adamı o gözdə görmür.
Millət vəkili olmaq üçün hansısa dairədən deputat seçilmək azdır, həm də gərək millətin dərdini-sərini
içindən keçirə
biləsən.
Bu millət
vəkili dediyimin günü-güzəranı seçicilərinin,
səngərdə dayanan
əsgərlərin arasında,
"Vətənin qıraqda
qalan yerlərində"
(Səməd Qaraçöp)
keçməlidir. Sinəsində
türk ürəyi gəzdirən, 2005 və
2010-cu illərdə Milli
Məclisə seçkilərdə
105 saylı Tovuz seçki dairəsindən
millət vəkili seçilərək parlamentdə
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq
qrupunun sədri,
AŞPA-da Azərbaycan
nümayəndə heyətinin
üzvü kimi səmərəli fəaliyyət
göstərən millət
vəkili Qənirə
Paşa məhz belələrindəndir.
Qənirə xanım
əllərini paltosunun
yaxa ciblərinə salıb Bakıdan Başkeçidin ucqar kəndinə qədər
gedib gözdən-könüldən
uzaq soydaşlarımızın
üzləşdiyi problemlərlə
maraqlanır. Cidd-cəhdlə
həmin problemlərin
həllinə çalışır.
Azərbaycan ordusunun düşmənlə üzbəüz
səngərlərində əsgərlərimizlə
görüşür. Həm
də təkcə özü görüşmür,
xarici ölkələrin
və təşkilatların
ölkəmizdəki nümayəndələrini
də çəkib özü ilə aparır. Tovuz kanalı vasitəsi ilə bütün tovuzlularla (seçiciləri
ilə) canlı əlaqəyə çıxır,
onların qayğıları
ilə yerindəcə
maraqlanır.
Qənirə xanım
həm də milli-mənəvi dəyərlərimizin
get-gedə cılızlaşıb
tamamilə ayrı bir məna kəsb
etdiyi, zövqlərin
günü-gündən korşaldığı
bir zamanda ulu ozan-aşıq sənətinin keşiyində
durur. Ustad aşıqlarımızın (Haqq
aşıqlarının) təbliği
ilə gənc nəsildə milli iftixar və qürur hissi oyadır.
Qoca Azaflıyam,
dilim var, lalam,
Təbrizdə qardaşım,
Sibirdə balam.
Elə dərd
varmı ki, çəkməmiş olam,
Bax onlar ağartdı saçımı
mənim.
Deyən ustad Mikayıl Azaflıya,
1905-1906-cı illərdə ermənilərin xalqımıza
qarşı törətdiyi
qırğınlarına etiraz
edərək
Kəsib dar bərəni deyirlər: -
Dayan!
Hayes, türkes
- ermənisən, müsəlman?
Arifsənsə mənasını
anla, qan,
Gizlində min əməl
tutana lənət.
Deyən haqq aşığı Hüseyn
Bozalqanlıya, Xəyyat
Mirzəyə, Əkbər
Cəfərova, Xanlar Məhərrəmova və
onlarla başqalarına
yubiley keçirib, kitablarını nəşr
etdirib onları yenidən xalqa çatdırdı.
Qənirə xanımın
sehrkar nitqinin ürəkləri asanlıqla
ovsunlaması məlum
həqiqətdir. Ancaq
onu təkcə sehrli nitqinə görə yox, eyni zamanda əməli
fəaliyyətinə görə
nəinki Tovuzda hətta Borçalıda,
Dərbənddə, Kərkükdə,
Təbrizdə... sevirlər.
Nəyə görəmi?
Bax onu yovşan
ətrinə tutqusu olanlar yaxşı bilir.
Qənirə xanım
Azərbaycanın gələcəyi
və gələcək
azərbaycanlılar, eləcə
də məşhur azərbaycanlılar barədə
düşünüb-daşınır.
100 ölçüb, bir
biçir. Qənirə
xanım çıxışında
millət, dövlət,
vətən, torpaq dərdinə ən çox yer verən deputatlardandır.
Onu bu dərdlər
danışdırır, o, bu dərdlərin qabağından qaçmır,
onlarla yaşayır, mübarizə aparır.
Qənirə xanım
millətə yeni standartlarla xidmət etmək nümunəsidir.
Qənirə xanıma
görə, köhnə
standartlar aradan qaldırılmalıdır. Dağılmış
sovetin vaxtında millət vəzifədə
olanlara xidmət göstərməli idi. Yazılmamış işlək
qanun belə idi. Başqa cür ola bilməzdi.
Elə indi də bəzi məmurlar işlərini həmin qafa ilə qururlar. Qənirə xanım isə millət əfəndidir, biz xidmətçiyik
deyir.
Yaxınlarda xalq arasında maraqlı bir söhbət eşitdim. Deyir, Qənirə xanım dərs dediyi "Xəzər" Universitetində
işğal olunmuş
rayonların adını
və işğal tarixini bilməyən tələbələrini dərsə
buraxmır. Hətta bu səbəbdən bir çox tələbələrini (əsasən
qızları) dəhşətli
burmanca (çimdiyə)
qonaq edir. Bəlkə də belə hal, ümumiyyətlə, baş
verməyib, sadəcə,
xalqın öz sevimli qızına sevgisindən əfsanə,
rəvayət yaranıb.
Lakin bu cür şirin faktlar məhz Qənirə xanımın
simasında mənim üçün olduqca inandırıcı görünür.
Bir türk millətçisi (özümə
bu şərəfli və məsuliyyətli adı verdiyim üçün məni bağışlayın) olaraq
bu faktları alqışla qarşılayıram.
Mürşüdüm Akif Səməd deyirdi ki, seçicilərin ürək qızdırıb
səs verdiyi adam öz halal-hümbət
səsilə milli məclisə düşürsə,
onda həmin seçicilər də özünü sanki deputat seçilmiş kimi hiss edirlər. Bu mənada, tovuzluları sevincək və qürurlu görəndə
onları yaxşı
başa düşürəm.
Sevinib kövrəlirəm.
Sağ əliniz saxta səslə milli məclisi yağır eləyənlərin
səsini qazana bilmədiyi seçicilərinin
başına. O seçicilərin
ki, aylarla Milli Məclisin qapısında öz deputatları ilə "fiqli-miqli" oynayırlar,
axırda tuta bilməyib yenə də Qənirə xanımın qeyrətinə,
vicdanına sığınırlar.
Bəlkə elə deyil?
Bütün bunları
gözü götürməyənlərdir
bu gün Qənirə xanımı
PKK ilə əlaqədə
şərləmək istəyənlər.
Arxayın olsunlar ki, nəyi bacarsalar
da onu bacarmayacaqlar.
Xalq yaxşı bilir ki, Qənirə
xanım şəxsi keyfiyyətləri, danışıq
tərzi, çəkici
xarizması, düşüncə
tərzi ilə əsl türk qadınıdır, Azərbaycan
qızıdır. O, danışanda
sözümüzün bal kimi
dadını, bir də ruhumuzun saflığını hiss edirik.
Qoy onun el-oba məhəbbəti ilə döyünən ürəyi, düşünən
beyni, görən gözləri var olsun.
P.S. Dostum
Əfqan Nəsirliyə
dedim ki, qəzetin gələn nömrəsi üçün
Qənirə xanım
haqqında çoxdan
yazdığım bir
yazı verəcəm.
Dedi yox, o yazını bu nömrə üçün
mütləq mənə
çatdır. Lap yerinə
düşər dedi. Bəzi dairələrin (yaxud da halqaların)
özlərinə yaxın
qəzetlərdə Qənirə
Paşanı PKK ilə
əlaqələndirərək, onu vurmaq planının
başladıldığını dedi. Dərdiş, dedim, narahat olma, Qənirə xanımın yeri xalqın ürəyinin başındadır. Uzaqbaşı
vuracaqlarmı? Ay vurdular,
vura bildilər haaa! Onda da
olacaq xalqın ürəyinin dərinliyində.
Necə deyərlər,
it hürər, karvan keçər.
P.P.S. Bu yazını
Tovuz və Başkeçid rayonlarının
qardaşlaşmış rayon elan olunması münasibətilə yazdım.
Bu o demək deyil ki, yoxsa bu
yazını yazmayacaqdım.
Kərküklü, dərbəndli,
təbrizli olsaydım,
yenə də yazardım.
Nə yaxşı
ki, türkəm. Nə yaxşı ki, Qənirə xanım da türkdü.
"Nə mütlu türkəm deyənə"
(M.K.Atatürk). Nə
yaxşı ki, elimiz Turandı, Qənirə xanım da bizim ellidir.
İbrahim İlyaslı
deyir ki, "Nə yazıqdı sənsiz ellər, ay xanım..."
Həmid ORMANLI
Təzadlar.- 2011.- 10-12 fevral.- S.6.