Borc
Novella
O, işsiz
qalmışdı. İki aydan çox idi ki, hərbi xidmətdən
qayıtmışdı. Tələbə vaxtı və hərbi
xidmətə qədər tikintidə ağır işlərdə
çalışmışdı. İndi o iş də yox
idi. Çünki iqtisadi böhran nəticəsində tikintilərdə
iş dayanmışdı. Elə bir imkanlı, vəzifəli
nə qohumu, nə də tanışı vardı ki, ona
iş tapa bilsin. Atası o, hərbi xidmətdəykən
qaraciyər xəstəliyindən vəfat etmişdi. Atası
neftçi idi. Son vaxtlar həddən çox içirdi.
O da yeniyetmə
vaxtlarında içkiyə meylli idi, son vaxtlar isə, demək
olar ki, arağa nifrət edirdi, bəlkə də atasına
baxaraq. özündən böyük iki bacısı ərdə
idi. Anası ağır şəkər xəstəsi idi. Rəsmi
olaraq heç bir yerdə işləməmişdi. Bir müddət
bazarda xırda alverlə məşğul olmuşdu. İndi
isə əlli manat sosial pensiya alırdı. Son aldığı
pensiyanı da əsgərlikdən yenicə gəlmiş
oğluna iş tapana qədər "fırlanmaq"
üçün vermişdi.
Ailələri rayondan
Bakıya gəlmə idi. Atası iyirmi ilə yaxın ev
növbəsində olsa da, ev ala bilməmişdi. Neft Şirkətinin
balansında olan, şəraiti o qədər də
yaxşı olmayan, təxminən 50-60 kv.m-lik mənzildə
yaşayırdılar. Atası vəfatından öncə
işdən çıxarılmış olmasaydı, onu bəlkə
də atasının yerinə işə götürərdilər.
Neft müəssisələrində belə ənənə
var idi. Amma təəssüf ki, atasını səhhətinin
işləməyə imkan vermədiyini əsas gətirib
işdən azad etmişdilər. Bu olmasa belə,
atasını bir neçə ay sonra pensiya yaşı
çatdığına görə işdən
çıxaracaqdılar.
O, iş sorağı ilə
demək olar ki, bütün qohumlarına,
dost-tanışlarına ağız açmışdı.
Ağız açdığı insanlardan az əhəmiyyət
verənləri də, yanımcılları da,
özünü yanımcıl göstərənləri də
olmuşdu. Amma nəticə yox idi. Ona isə "bir şey
olsa, xəbər edərəm", "soraqlayaram",
"bir-iki aya iş açılacaq" və s. sözlərdən
sonra ümid etmək qalırdı. Hətta ona mühasiblik,
mühəndislik, "prorab"lıq, inzibatçılıq
kimi vəzifələr söz verənlər də olmuşdu.
Nəticə isə yox idi. ümid də get-gedə tükənirdi.
Sözün hərfi mənasında acından ölmək vəziyyəti
də yarana bilərdi.
Bəs nə etməli? O,
beynində bütün mümkün variantları
düşünməyə çalışırdı. Ali təhsilli
inşaatçı kimi dövlətin məşqulluq idarəsinə
müraciət edib ixtisasına uyğun iş tələb etmək
reallıqda ona onsuz da çox mənasız və
gülünc görünürdü. İndi tikintidə ən
ağır fəhlə işinə keçmək belə,
onun üçün ən böyük arzuya, az qala ən
böyük xoşbəxtliyə çevrilmişdi.
Rüşvət verib harasa işə girməkdən də
söhbət gedə bilməzdi, axı onun ailəsində pul
yox dərəcəsində idi. O, yalnız fiziki iş tapa biləcəyini
bilirdi. Fiziki işin ağırlığından da qətiyyən
qorxmurdu. Bu mənəvi keyfiyyət onda hərbi xidmətdən
sonra daha da möhkəmlənmişdi. Belə ki, o, xidmətinin
yarısını əsgər, yarısını manqa
komandiri kimi keçirmişdi. Manqa komandiri keçdikdən
sonra hər cür fiziki işdən azad olsa da, məsuliyyəti
və mənəvi gərginliyi daha da artmışdı, əsgərlərinə
görə komandirləri tərəfindən üzünə
daha çox söz gəlirdi, daha çox danlanırdı,
daha çox əsəbiləşirdi. Əsgər olanda tək
öz işinə cavabdeh idisə, komandir olduqdan sonra 10-15, bəzən
bütün tağımın əsgərlərinin işinə
cavabdeh idi. Bəzən yenidən əsgər olmaq istəyirdi.
O, bütün bunlardan sonra nə qədər ağır olsa
da, "başı sakit" fiziki işlə məşğul
olmağın mənəvi gərginlikli qeyri-fiziki işdən
daha yaxşı olduğunu başa düşmüşdü.
Ona görə də gücü çatacağı nə qədər
ağır fiziki iş olsa, o, qəbul edərdi. Bəs o,
hansı sənəti bacarırdı? O, az-çox inşaat və
santexnika işinə bələd idi. Lakin onu usta kimi heç
kim tanımırdı ki, gedib evlərdə işləsin. Bəs
nə etməli? Yalnız hansısa şansamı ümid etməli?
Bütün bu fikirlər hər dəqiqə, gecə,
gündüz, küçədə, avtobusda onun beynində
fırlanırdı.
***
İndi də avtobusda idi.
Amma fikir onu elə aparmışdı ki, avtobusda oturduğunu
tamamilə unutmuşdu. Əli zənbilli yaşlı bir
qadının avtobusa minib onun yanında dayanması ona avtobusda
olduğunu xatırlatdı. Qalxıb qadına yer verdi.
Qadın yorğun-yorğun oturdu:
- Sağ ol, ay bala.
O, söz demək əvəzinə,
başını iki dəfə aşağı-yuxarı yellədi.
Üzü pəncərəyə tərəf dayandı.
Yolqırağı düzülmüş saysız-hesabsız
obyektlər - dəmirçi, dülgər, plastik qapı-pəncərə,
mebel və şüşə sexləri, avtoservislər,
tikinti materialları mağazaları və s. gözünün
önündən keçməyə başladı. "Bunlar
ki hamısı real iş yerləridir! Bəlkə işi
adamlar vasitəsilə soraqlamaqdansa birbaşa bu obyektlərə
müraciət etmək daha əlverişlidir? Çəkinməkdən
keçib, mənə nə deyəcəklər ki, iş
axtarıram də. İşçiyə ehtiyacları yoxdursa,
desinlər yoxdur, onlardan nə gedir ki? Qoy düşüb
bir-bir hamısından soruşum", - deyə
düşündü.
O, avtobusda pul yığan
yeniyetmə oğlanın növbəti dayanacaqda
"düşən var?" sualına dərhal "var,
var" deyərək iyirmi qəpikliyi oğlanın ovcuna
qoyub yerə endi. Yaxınlaşdığı birinci obyektdə
dəmir darvazalar, çənlər, kolonkalar və s.
yığılırdı. O, yaxınlaşdıqda yerdə
yeni yığılan darvazanın üstündə işləyən
qaynaqçı qaynaq maskasını qaldırıb ona tərəf
baxdı. Qaynaqçının geyimi, ayaqqabıları və
əlcəkləri həddən artıq çirkli idi. Havada
ayaz və bir az da külək vardı. Hər halda, boz
ayın çıxmasına hələ bir-iki həftə
qalırdı. Yəni hava şəraiti də
qaynaqçı üçün o qədər də əlverişli
deyildi. Bəlkə də kimlərinsə bu vəziyyətdə
işləyən qaynaqçını görüb ona
yazığı gələ bilərdi. Onun isə
qaynaqçıya nəinki yazığı gəlmirdi, hətta
ona qibtə edirdi. O, qaynaqçıya salam verdi:
- Salaməleyküm.
- Əleykəssalam.
- Qardaş, sizə
işçi lazım deyil?
Qaynaqçı əli ilə
arxadakı iki nəfəri göstərdi və
maskasını endirib işinə davam etdi. O, adamların yanına
yaxınlaşdı. Salam verib yenə həmin sualı verdi:
- Sizə işçi
lazım deyil?
Adamlardan biri (geyimindən
onun obyekti işlədən şəxs olduğunu ehtimal etmək
olardı) cavab verdi:
- İşçi? Hə.
"Svarşik" lazımdır.
- Ancaq "svarşik"?
- Hə, bizdə başqa elə
bir iş yoxdur axı.
O, söhbətdən tez
ayrılmamaq xatirinə bir sual da verdi:
- Sizdə zəhmət
haqqı gündəlikdir, aylıqdır, yoxsa necə?
- İşə görədir,
qaqaş. Hər işin öz qiyməti var. Baxır nə
yığılır. Nədir ki, sən "svarşik"sən?
- Yox, mən "svarka"
bacarmıram, elə-belə maraqlandım.
- "Svarşik" olsa, gəlib
işləyə bilər.
- Oldu, sağ olun.
O, buradan ayrılıb
növbəti obyektlərə doğru getdi. Hardasa bir-iki
kilometr məsafədə demək olar ki, bütün obyektlərə
toxundu. Hamısında da oxşar vəziyyətlərlə
rastlaşdı. O obyektlərə ya ümumiyyətlə
işçi lazım deyildi, ya da ancaq sənətkarlar -
qaynaqçı, dülgər, mebel ustası, maşın
ustası və s. lazım idi. Son ümid yalnız tikinti
materialları mağazalarında mal yükləyib-boşaltma
işi idi ki, onu yaxşı bacarardı. Müraciət etdiyi
bütün mağazalarda isə belə işçiyə
ehtiyacın olmadığını demişdilər. O, avtobusa
minib şəhərin nisbətən mərkəz hissəsinə
doğru getməyi qərara aldı. Bu axtarışdan sonra, hər
halda, bir az ümidlənmişdi. Tanıdığı
başqa "obyektlər silsilələri"ni də gəzməyi
düşünürdü. Əhalinin nisbətən sıx
yaşadığı yerdə bir dayanacaqda düşdü.
Burada daha çox zəngin ərzaq mağazaları yerləşirdi.
Həmçinin mobil telefon, disk, uşaq oyuncaqları, məktəb
ləvazimatları mağazaları, apteklər, kafelər,
dönərxanalar və s. də var idi. Bir sözlə, hər
növ ticarət və biznes sahəsinə rast gəlmək
olardı. Qapısının üzərində "İcarəyə
verilir", "Satıcı qız tələb olunur",
"Aptekçi qız tələb olunur" elanları olan
obyektlər də var idi. Lakin bunların heç biri onluq
deyildi. İrəlidə, nisbətən seyrəklikdə bir
kafel-metlax dükanı da onun gözünə dəydi. Ora
yaxınlaşdı, dükana daxil oldu. Dükan kifayət qədər
zəngin idi, içəridə divara və yerə növbənöv
və rəngbərəng kafel-metlax nümunələri
düzülmüşdü. İçəridə bundan
başqa kassa aparatı, jurnal stolu və iki balaca stul da vardı.
Bu stullarda iki nəfər oturub çay içirdi. Yəqin
ki, artıq nahar etmişdilər. Onlardan biri - ağbəniz,
dolu bədənli, səliqəli geyimli, gənclik təravətini
hələ tam itirməmiş kişi yəqin ki,
dükanın yiyəsi idi. O birisi isə təxminən onunla
eyni yaşda, lakin nisbətən arıq bədənli idi.
İçəridə bir yaşlı qadın və gənc
qız mallara baxırdı. O da özünü orada bir
müştəri kimi aparırdı. Digər müştərilər
dükandan çıxan kimi ona oturub çay içən
adamlara müraciət etmək fürsəti yarandı. O, bu
gün bu sahədə müəyyən təcrübə
qazandığından artıq onlardan birbaşa nəyi
soruşmalı olduğunu bilirdi. O, adamlara salam verib dərhal
soruşdu:
- Sizdə mağazaya fəhlə
lazım deyil?
Ağbəniz adam altdan
yuxarı sanki heyrətlənmiş halda ona baxdı. O, dərhal
cavab verilməməsindən istifadə edib sualına bu
sözləri də əlavə etdi:
- Mal yükləyib-boşaltmağa.
Ağbəniz adam
düşünə-düşünə cavab verdi:
- Ola bilər lazım olsun.
Yanındakı kişi astaca
soruşdu:
- O biri obyektə?
- Yox, ora adam
götürdük. Bəlkə bura lazım oldu.
- Bəs bu uşaqlar?
- Onlar gedəsidirlər.
Dükanın yiyəsi ondan
soruşdu:
- Özün istəyirdin?
- Bəli.
- Hesabdan başın
çıxır, kvadratı-zadı çıxartmaqdan?
- Hesablama barədən
heç bir problem yoxdur, özüm ali təhsilliyəm.
Mağaza yiyəsinin
yanındakı kişi gülümsünərək dedi:
- Ali təhsilli olmaqla deyil
ki. Elə ali təhsillilər tanıyıram ki, heç vurma
cədvəlini də düz-əməlli bilmir, pulnan girib,
pulnan da oxuyub.
O da bir az
gülümsünüb dedi:
- Yox, mən öz
gücümə girib, öz gücümə də
oxumuşam.
- Səni demirəm ey,
ümumiyyətlə, deyirəm.
- Düz deyirsiniz.
Mağaza yiyəsi ondan
soruşdu:
- Haranı qurtarmısan?
- İnşaatı. Əsgərlikdən
təzə gəlmişəm. Əvvəl tikintidə fəhlə
işləmişəm.
- Yaxşı, qaqaş.
Bir-iki günə əlaqə saxlayarsan.
Yanındakı kişi yenə
müdaxilə etdi:
- İstəyirsən,
nömrəsini versin, lazım olsa çağırarsan.
- Hə, mobilini dee,
qaqaş...
O, mobil telefonunun nömrəsini
və adını mağaza yiyəsinə dedi. Mağaza yiyəsi
nömrəni və adı kağız parçasına qeyd
etdi. O, sağollaşıb dükandan çıxdı. Xeyli
ümidlənmişdi. Axşama qədər başqa obyektlərə
də toxundu. Amma bir şey çıxmadı.
Artıq onun günləri
obyektləri gəzməklə keçirdi. Bir neçə
başqa obyektdə də ondan telefon nömrəsi
almışdılar. Ancaq çağıran yox idi. Günlər
keçdikcə bıçaq sümüyə dirənirdi. Əsgərlikdən
təzə döndüyü vaxt anası 50 manat verdikdən
sonra heç kimdən bir qəpik də istəməmişdi,
anası vermək istəsə də, götürməmişdi.
O, anasının sosial pensiyasını da bankomatdan alan kimi
özünə verirdi. Atasının yas mərasimində
qohum-əqrəbanın yardımından sonra anasında
iki-üç yüz manat pul vardı. İndi yəqin ki, o
pulun da çoxu xərclənmişdi. O, evdə yemək yeməyə,
hətta evdə oturmağa da utanırdı. O, adətən səhər
tezdən evdən çıxıb, axşam
qayıdırdı və demək olar ki, evdə yemək
yemirdi. Bəzən gününü 20 qəpiklik bir
"peraşki" ilə ötürürdü. Günlər
biri-birini əvəz etdikcə son iş
axtarışlarından sonra yaranmış ümidləri də
ölürdü. Artıq gündəlik qidasını belə,
təmin etmək üçün bir halal yol tapmaq
qeyri-mümkün olmuşdu. Nə etməli? Haram yolamı əl
atmalı? Oğurluqmu etməli? Bəs onu oğurluğa
görə tutsalar necə? Onda hər halda, ona türmədə
gündəlik verilən yeməyi ən azı minnətsiz yeyə
biləcəkdi! Bəs anası? Onun onsuz da anasına heç
bir maddi xeyri yox idi. Ən azından anasının ayda 50 manat
gəliri vardı. O, bir gecə yataqda bunları
düşündükcə sanki oğurluq etməyə əsas
taparaq ürəklənirdi. O, təxminən iki-üç
saat yata bilməyərək düşündü. Sonda sabahdan
oğurluğa gedəcəyinə qəti qəqrar verdi! Nə
vaxt yuxuya getdiyini bilmədi. Səhər oyanan kimi gecə
verdiyi qərar haqqında düşündü və bir az tərəddüd
etdi. Lakin düşdüyü vəziyyəti bir daha düşündükdə
verdiyi qərara görə özünə "haqq"
qazandıra bildi. Artıq onun düşdüyü vəziyyət
oğurluq etmək üçün ona bəraət və cəsarət
verirdi. O, imanlı adam idi. Haram gəlirin heç kəsə
xeyir verməyəcəyinə, "Zəhmətsiz gələn
ləzzətsiz gedər" deyiminə inanırdı və həmişə
haramdan uzaq olmağa çalışırdı. Amma
düşdüyü bu çətin vəziyyət onu haram
yola əl atmağa məcbur edirdi.
O, səhər tezdən evdən
çıxdı. Ən çox ümid etdiyi obyekt kafel-metlax
mağazası idi. öncə həmin mağazaya getməyi qərara
aldı. Oraya gedib yolun əks tərəfindən mağazaya
baxdı. Təxminən 17-20 yaşlarında iki nəfər
cavan uşaq yük maşınından mağazanın
anbarına mal böşaldırdı. O, buraya işə
götürüləcəyinə ümid etdiyinə görə
bir anlığa özünü axmaq hesab etdi. "Nə
çox qohum-əqrəbası, dost-tanışı, onlardan
götürər də işə, daha
tanımadığı bir adamı niyə işə
götürür?" - deyə özünü
qınadı. O, arxa küçəyə keçdi. Burada
mağaza yiyəsinin o biri obyekti - tikinti materialları
mağazası yerləşirdi. Oranın da fəhlələri
yerində idi. O, məyus oldu. Artıq oğurluq
qaçılmaz olacaqdı. Asta addımlarla mağazanın
qarşısından keçib getdi. Bir az getmiş həmin
sırada o qədər də böyük olmayan bir mağaza
göründü. Bir cavan oğlan mağazanın
qapısının qıfılını açıb
içəri girirdi. Onun gözü dəmir
barmaqlıqdakı çin istehsalı olan boz rəngli iri
qıfıla sataşdı. Sanki səksəndi: "Bu
qıfıl ki həddən artıq etibarsızdır, demək
olar ki, hər açarla açılır!" Dəmir
barmaqlıqdan sonra isə ikilaylı plastik qapı gəlirdi.
Bu qapının yuxarı hissəsi şüşə,
aşağı hissəsi lambirin idi. Axı belə plastik
qapılar da o qədər etibarlı deyildi. O, tikintidə
işləyərkən belə qapılar kilidli olduqda da
onları açmağın mümkünlüyünü
öyrənmişdi. Onun ürəyi döyünməyə
başladı. Mağazaya döşənmiş metlaxların
təzəliyindən və vitrinlərdəki malların seyrəkliyindən
mağazanın təzə açıldığını
bilmək olardı. O, mağazanı uzaqdan xeyli seyr etdi.
Mağazada əsasən ərzaq malları
satılırdı. İçəridə kassa
aparatının olduğu da görünürdü. Təzə
açılmasına və o qədər də zəngin
olmamasına baxmayaraq, alver pis getmirdi. Axı bura
yaşayış zonası idi. Amma o biri küçə kimi
tünlük də yox idi. üzbəüz ağaclıq idi.
Bəlkə bu şərait bir şans idi?
O, edəcəyi cinayəti
beynində planlaşdırmağa başladı. Əslində
gördüyü mənzərədən sonra oğurluq
avtomatik olaraq asanlıqla beynində planlaşmışdı.
Axı o, polis tərəfindən tutulmaqdan da qorxmurdu. Amma
mülki insanlar tərəfindən yaxalanıb biabır
olmaqdan çox qorxurdu
(Davamı var)
Şirvani Ədilli
Təzadlar.- 2011.- 12-15 fevral.- S.13.