Sabah Bəxtiyar Vahabzadənin xatirə günüdür
Bəxtinə Vətən daşı olmaq haqqı düşən şair
Türk dünyasının
böyük şairi Bəxtiyar Vahabzadənin vəfatından 2 il ötür. Şair 2009-cu
ilin fevralın 13-də
Bakıda gözlərini
əbədi olaraq yumdu.
***
Bəxtiyar Vahabzadə cismən
aramızda olmasa da, Azərbaycan ictimai şüurunda həmişə
var və daim xalqın başı üzərində müqəddəs
ruhu ilə təmasdadır. Onun böyük tarixi məna və mahiyyət kəsb edən yaradıcılığı
Azərbaycan ictimai şüurunun formalaşmasında
müstəsna rol oynayıb.
***
...Düz iki il əvvəl aşağıdakı məqaləmi, əslində, şairin sağlığında yazmışdım. Lakin ustad qəflətən xəstələndi və həmin yazını özünə göstərə bilmədim, az sonra ömür vəfa etmədi və həmin yazını şairin sağlığında dərc etdirmək qisməti bizi tərk etdi.
Sonralar isə yazıya qismən dəyişiklik etdim və "Respublika" qəzetində dərc etdirdim, İndi də həmin yazını oxuyanda həmin dövr, şairin müdrik siması yadıma düşür.
Yenə də şairi canlı təsəvvür etmək və o illərə qayıtmaq üçün həmin yazıya qismən dəyişiklik edərək təqdim edirəm. Bununla həm də şairin ruhu qarşısında baş əyir və ona rəhmət diləyirəm:
...Bəxtiyar Vahabzadə
türk dünyasının
görkəmli oğlu,
Azərbaycan xalqının,
həmçinin görkəmli
dövlət xadimi Heydər Əliyevin ən yaxın dostu, məsləkdaşı
idi. 1991- ci ildə parlamentdə Heydər Əliyevin əleyhidarlarının yersiz
səs- küyünə,
ədalətsiz davranışına
qarşı da elə həmin yüksək tribunadan səsini qaldıran və sözünü deyən məhz Bəxtiyar Vahabzadə idi. Hansı ki, uzun illər
bəzi siyasi qüvvələr məhz
həmin ədalətsizliyə
qarşı çıxmış
Bəxtiyar Vahabzadəni
"top atəşinə"
tutmuşdular. Amma tarix ustad və
uzaqgörən şairin
haqq olduğunu sonrakı illərdə bir daha sübut
etmiş oldu...
***
...Ustad şairin yaradıcılığı ilə onun İnternet saytı vasitəsilə bir daha yaxından tanış olmaq imkanımız var. Şairin internet saytında Azərbaycan Yazıçılar Birliyinin təqdimatı yer alıb. Həmin təqdimat- tanıtmada deyilir: "Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır...
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir....B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).
O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı ***
"Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə həyatının son illərində də xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərmişdir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparıb.
B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdü. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışırdı. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdı. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onuın şəxsi mənafeyinə çevrilmişdir..."
***
Bəli, qardaş Türkiyədə hələ 2009-cu ildə sağlığında əməllərinə rəğmən əbədiyyət qazanan və heykəlləşən ustadın adına verilmiş prospektdə addımlamaq hər bir Azərbaycansevər və Bəxtiyarsevər üçün nə qədər şərəflidir. çünki şair bu şərəfi məhz əməli işi, zəngin yaradıcılığı və xalqına olan böyük sevgiləri ilə qazanmışdı.
Sağlığında əməlinə
və əməlinlə
qazandıqların var
olsun, böyük ustad! Allah sənə
min dəfə rəhmət eləsin! Zaman keçdikcə yerin daha çox
görünür.
***
Şairin təxminən 16 il əvvəl yazdığı "Mən türkəmi şeiri nəinki illər dəyişdikcə məzmununu dəyişib, əksinə, illər keçdikcə daha da məzmunlaşıb. Bu şeirin hər sətrindən Azərbaycan və Türkiyə görünür.
Böyük siyasi məna yükü olan şeiri aşağıda təqdim etməyi özümüzə borc bildik:
MƏN TüRKƏM
Sən bizi aldatdın illərdən bəri,
Mən çərxi-fələkdən dərs götürmüşəm.
Özgə anasından süd əmənləri,
Özgə qulluğunda duran görmüşəm.
Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı köhnə nırxa.
Milləti yüz yerə caladın, yetər,
Yüz arxın suyunu qatma bir arxa.
Əslimi, nəslimi
tanıyıram mən,
Qarışıq deyiləm, özümdən
hürkəm.
Sən kimsən,
sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan
türk oğlu türkəm!
Sübutdur, dəlildir,
ağlın qibləsi,
Dəyişə bilərsən ağlımı
ancaq.
Canım çıxanadək
qəlbimin səsi,
"Türkəm"-gerçəyini pıçıldayacaq.
Noyabr, 1995
Asif Mərzili
Təzadlar.- 2011.- 12-15 fevral.- S.7.