"Əsl şairdə
gərək bir anormallıq olsun"
Əhməd Şahidov: "Romanımda
Azərbaycanda baş verən ictimai-siyasi proseslərə maraqlı
yanaşma sərgiləyəcəm"
Son vaxtlar
gənclərin ədəbiyyata
marağı artmaqdadır.
Müasir gənclik, sadəcə, ədəbiyyat
oxumaqla deyil, eyni zamanda ədəbi
yaradıcılıqla da
məşğul olur.
Burada da fərqli zövqləri, fərqli baxışları
sezmək mümkündür.
Amma əsas bu deyil. Əsas
olan yeni ədəbiyyatın yaranması
və ölkədə
baş verənlərin
gənclərin dilindən
poetik tərzdə təsvir olunmasıdır.
Bu baxımdan, yenicə
ədəbi yaradıcılığa
qədəm qoyan, onlarla şeirin, bir-neçə hekayənin
müəllifi olan Əhməd Şahidovla söhbətləşmək qərarına
gəldik:
- Əhməd
bəy, siz ədəbi aləmə necə gəldiniz? İlk yazdığınız
əsər hansı janrda olub?
- Mən
əsasən şeirlər
yazıram. Onlarla şeirin müəllifiyəm.
- Deməli,
şairsiniz?!
- Mən
özümü şair
hesab etmirəm. Sadəcə, təbim gələndə şeir yazıram, vəssəlam.
- Şair
adlandırılmaqdan niyə
qorxursuz?
- Qorxmuram,
sadəcə, düşünürəm
ki, şairlər qeyri-adi insanlardır, hətta mən deyərdim ki, əsl şairdə gərək bir anormallıq olsun. Adi insanlar kimi
düşünməsin, adi
insanlar kimi gəzməsin, baxmasın.
Şairlər məndən
inciməsin, amma əsl şairdə gərək bir az dəlilik olsun. Onda, məncə,
əsl şeir, əsl sənət yaranar. Mən isə normal insanam. (Gülür)
- Şeirləriniz
əsasən hansı
mövzudadır?
- Şeirlərimi
əsasən fikirlər,
düşüncələr içində boğulanda
yazıram. Tez-tez düşünürəm. Düşüncələrimin
əksəriyyəti isə
ana, vətən və Allah barəsindədir.
Odur ki, şeirlərimdə əsas
xətt məhz bu üç müqəddəs varlıqdan
keçir.
- Bəs
sevgi, məhəbbət
barədə yazmırsınız?
Axı bu qəbildən şeirlərinizə
də rast gəlirik...
- Doğrudur,
məhəbbət barədə
də yazıram. Mən deyərdim, bu barədə şeirlərim daha çoxdur. Amma nədənsə, sevgidə
vüsalı, hicranı,
həsrəti, ayrılığı
daha yaxşı təsvir edə bilirəm. Odur ki, xoşbəxt sevgi sonluqlu şeirim heç yoxdur.
- Niyə?
Bəlkə bu, şəxsi həyatınızla
bağlıdır? Məhəbbət
sizə çoxmu acı çəkdirib?
- Ola bilər. Amma bu haqda danışmaq
istəməzdim.
- Ən çox sevdiyiniz, bəyəndiyiniz şeiriniz
hansıdır?
- (Bir qədər düşünür)
Ən çox sevdiyim şeirim "Sənsən" adlanır:
Səni axtarmışam
bir ömrüm boyu,
Həyatda ən böyük uğurum sənsən.
Bir bahar səhəri içimə
dolan
Sevgi dolu təmiz nəfəsim sənsən.
***
Səninlə başladı
sevgi həyatım,
Bu yolda sən mənim əlimdən tutdun.
Birlikdə yürüdük
uzun bir yolu,
Mənə yol göstərən çırağım
sənsən.
Bu şeiri
heç vaxt əldə edə bilmədiyim, amma xəyallarımdan bir an belə çıxmayan bir gözələ həsr etmişəm. Bilmirəm o kimdir, amma bilirəm ki, yaşayır və məni yaşamağa, yaratmağa
sövq edir.
- Bəs
nəsr necə? Ədəbiyyatın bu janrıyla aranız necədir? Nəsə yazmısınızmı?
- Bir-iki hekayə yazmışam. Amma qısa hekayələrdir. Hazırda
isə roman yazıram.
Bu romanın böyük
hay-küyə səbəb
olacağını zənn
edirəm.
- Romanınız
nədən bəhs edir və necə
adlanır?
- Artıq
bir aydır ki, yazmağa başlamışam. Adını
hələ qoymamışam,
axırda bir ad fikirləşəcəm. Özüm
üçün də
maraqlıdır. Hər
gün yeni hadisələr baş verir romanda. Bu gün oturub yazıram, amma sabah nələr yazacağımı dəqiq
bilmirəm. Hər günün ssenarisini öz gününə saxlayıram. Ona görə də özüm üçün
də maraqlı gəlir. Bu marağı, həyəcanı daha çox yaşamaq üçün asta-asta yazıram. Güman edirəm ki, 3-4 aya bitirərəm. Roman süjet xətti bir cavan oğlanın
başına gələnlərdən
bəhs edir. Kənddə böyüyüb
başa çatmış
bu cavan oğlan daha sonra Bakıya gəlir, burada özünə iş və ev tapır,
siyasətə qoşulur,
yeni-yeni simalarla tanış olur, ölkə siyasətinin içinə qədər
daxil olur, eybəcərlikləri, xəyanətləri,
ikiüzlülükləri öz gözləri ilə görür. Bu qədər... qalanını
hələ özüm
də bilmirəm.
- Romanda qəhrəmanlarınız uydurma
olacaq, yoxsa reallıq təsvir olunur?
- Yox. Mən digər müəlliflər kimi qəhrəmanlarımı ya
tam, ya da qismən gizlətməyəcəm.
Qəhrəmanımdan başqa
bütün personajlar
real həyatda yaşayan,
siyasətlə məşğul
olan insanlardır. Odur ki, onların
hamısını bildiyim
qədər canlandıracam.
Hansı siyasətçini
necə görürəmsə,
elə də canlandıracam.
- Bəs
qorxmursuz ki, roman çıxandan sonra bəzi siyasi dairələrdən sizə
qarşı təzyiqlər
yönəlsin?
- Hər
şey ola bilər. Ancaq hesab etmirəm ki, hansısa siyasətçi bədii əsərə görə
roman müəllifini məhkəməyə
verəcək qədər
cılız düşüncə
sahibi olsun. Amma hər şey
ola bilər. Yaxşı olar, inşallah.
- Ümumiyyətlə,
çağdaş yazıçılardan,
xüsusən də Azərbaycan yazıçılarından
kimləri oxuyursunuz və kimi bəyənirsiz?
- Heç
kimi oxumuram. ümumiyyətlə, özüm
nəsə yaratmağı
xoşlayıram. Kimisə
oxuyub, sonradan təqlid etməklə aram yoxdur. Mən
real həyatı, gördüyüm,
şahidi olduğum və qavradığım
həyatı yazıram.
Mənim tarixi fantastikayla, uydurma əsərlərlə aram
yoxdur.
- Bəs
şairlərdən kimi
bəyənirsiz?
- Salam Sarvanı, Aqşin Yeniseyi, Ramiz Rövşəni və Zəlimxan Yaqubu çox bəyənirəm.
- Şeirlər
kitabınızı nə
zaman oxucuların ixtiyarına verəcəksiniz?
- Şeirlər
kitabımı bir-neçə
aya təqdim edəcəm. Amma oxucularım şəxsi saytımdan (shahidov.com) şeirlərimi
oxuya bilərlər. Romanımı isə yayda dərc etdirəcəm.
Fərid Şahbazlı
Təzadlar.- 2011.- 17-19 fevral.- S.15.