Müasir muğam
ifaçılığının Arif Babayev zirvəsi
Bu gün Azərbaycan
telekanalında, radio dalğalarında Arif Babayevin səsi
eşidiləndə inana bilmirəm ki, hər hansı bir azərbaycanlı
ürək edib kanalı dəyişsin. Oxuyan Arifdir, -
bu ecazkar səs hər bir insanın canına məlhəm kimi
yayılır, ruhunu oxşayır, bir anlığa dayanır,
alim olan qələmi yerə qoyur, kitab oxuyan əlini səhifənin
üstündə saxlayır. Kənddə əlində
yaba, o biri əlində əkinlərə su verən də
belinə söykənib bu mahir sənətkarı, bu təbii
və ecazkar sənət korifeyini eyni məhəbbətlə,
sonsuz bir maraqla dinləyir, - oxuyur Arif Babayev!
Mən bu sətirlər
üzərində düşünərkən görkəmli
filosof, fəlsəfə elmləri doktoru Firudin Köçərlinin
bir sözünü xatırladım.
Ötən əsrin səksəninci illərinin ortaları idi, çöllərdə pambıq, üzüm toplanışı başa çatmışdı, heyvandarlığın qış qayğıları gündəlikdə idi, həm də ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilirdi. O zaman belə bir qayda da vardı, kolxozlar, sovxozlar, zavodlar, tikinti idarələri, səhiyyə ocaqları və tədris müəssisələrində seçim aparırdılar. Raykomun birinci katibinin iştirak edəcəyi ilk partiya təşkilatları seçilirdi, həmin illərin birində də bizim Ağdam şəhərindəki 8 ¹-li orta məktəb də bu siyahıya düşmüşdü.
Hamı kimi biz də hazırlaşmışdıq, məktəbin fəal müəllimlərini də bu açıq partiya hesabat yığıncağına dəvət etmişilər. İşə hazırlıqla əlaqədar Ağdam RXMŞ-nin müdiri Qara Hüseynov, "Kommumist" qəzetinin zona müxbiri Tahir Məmmədov, "Lenin yolu" qəzetinin redaktoru Bəbir Hüseynov bir qədər tez gəlmişdilər. Noyabrın əvvəlləri idi, yağışdan sonra hava açılmışdı, gələn nümayəndələr hazırlıqdan razı qaldılar və bir sıra kiçik tövsiyələr verdikdən sonra həyətə çıxdıq. Bir azdan birinci katibin maşını gəldi, əvvəlcə birinci katib Sadıq Murtuzayev düşdü, sonra Azərbaycan KP MK-nın rayona təhkim olunan təşkilatçısı Kamil Bağırov düşdü, sonra da yuxarıda adını çəkdiyim Firudin Köçərli müəllim. "Müəllim" ona görə dedim ki, bir neçə dəfə təkmilləşdirmə kurslarında çox maraqlı və məzmunlu söhbətlərini dinləmişəm, habelə müxtəlif mövzulara dair televiziya çıxışlarını izləmişəm, oradan tanıyırdım.
Biz adəti üzrə irəli durduq, ev sahibi kimi xoş gəldin elədik. Kamil Bağırov mənim adımı bir dəfə təkrar edəndə Sadıq müəllim söz atdı:
- Bu nədir, Xanış müəllim, adı kim qoyub?
Sadıq müəllim bunları deyəndə Firudin müəllim ona tərəf dönüb qolumdan yapışdı.
- Xanış yaxşı seçilmiş bir addır, Xanış, yəni Xaqan iddiasında olan bir kişi, igid...
- İndi nə deyirsiniz, Firudin müəllim, könlünüzdən keçir ki, bu Qara Hüseynovu çıxarıb yerinə Xanışı göndərim?!
Hamı gülüşdü, sürücülərdən birinin radiosu işləyirmiş, Arif Babayev "Şur dəsgahı"nın "Simayi Şəms" bölməsində idi, səsə hamı dayandı, qurtaranda Firudin müəllim yenə də dilləndi:
- Mən qarabağlılara vurğunam, çoxlu dostlarım var, ən yaxşı dostlarımdan biri də Arif Babayevdir. Altmışıncı illərdə qardaşım Tofiqin ad gününə hazırlaşırdıq, özü də bir az nasaz idi, elmlər doktoru adını təzəcə almışdı, iki işi bir yerə cəm etmək istədik. Bizim elli, ailəmizin yaxın dostu, yazıçı Nahid Hacıyev Dövlət Radio Verilişləri Komitəsində ədəbi-dram redaksiyasının baş redaktoru idi. Onunla bir sıra işləri məsləhətləşdikdən sonra yaxşı, daha məhrəm oxuyub çalanların da gətirilməsini Nahidin boynuna qoyduq.
Bəli, vaxt-vədə çatanda hamımız Tofiqgilə yığışdıq, Nahid də gəldi, amma musiqi tutumlu adamlarsız. Səbəbini soruşduq, - narahat olmayın, elə bu saat...
Qapı döyüldü, orta yaşlı üç adam içəri girdi. Birinin əlində tar, o birinin əlində kamança, balaca kişinin də əlində qaval. Amma onlarla bərabər ucaboylu, qala bürcü kimi qamətli, qara qaş, qara göz, saçları gur bir oğlan da gəldi, Onlara yer göstərdilər. Biz də ora-bura vurnuxur, gələn adamları qəbul edirdik. Məclis başlanmazdan əvvəl uşaqlar musiqi səslənməsini eşitmək istədilər, ifaçılar öz yerlərinə keçdilər. "Qarabağ şikəstəsi" çalındı, bu ucaboy, qədd-qamətli oğlan qavalı əlinə aldı, bir-iki boğaz oxumuşdu ki, məni öz cazibəsinə aldı, bəmi bəm yerində, zili zil yerində, onun ifa tərzi, özünə məxsusluğu oturanları heyran etdi. Əyilib Nahiddən soruşdum:
- Bu oxuyan oğlan kimdir belə?
- Siz yaxşı oxuyan dediniz, mən də onu seçdim!
- Yox ey, ay Nahid, bu oxumaq deyil, bu oxuyanlara meydan sulamaqdır, yadında saxla, bu çox böyük bir müğənni olacaq, adı kimi Arif müğənni.
Bax budur, filosof uzaqgörənliyi, budur görkəmli akademikin sabahı daha parlaq görünən gəncə verdiyi qiymət! Kaş Firudin müəllim sağ olaydı, o da vaxtında Arifə düzgün qiymət verməyi ilə bir daha qürur duyardı.
O zaman şəhər 8 ¹-li orta məktəb dillərdən düşmürdü, qonşu rayonlardan, hətta Laçından və Qubadlıdan buraya dəstə-dəstə pedaqoji işçilər gəlirdilər. Məktəbdə o dövrün tələblərinə uyğun fənn kabinələri - "Qarabağ" muzeyi, "çörək" muzeyi, "İnsan və təbiət" aləmi, Əlifba dünyası, "Ədəbiyyat aləmi", "Hərbi vətənpərvərlik guşəsi" və s. yaratmışdıq.
Gələn nümayəndələrlə söhbət hələ də davam edirdi. Bu vaxt Qara müəllim ortalığa bir söz atdı.
- Baxıram ki, bir qədər də vaxtımız var, bəlkə Xanış müəllimin muzeylərinə bir baş çəkək, MK-nın katibi Svetlana Qasımova da həmin muzeylərdən razı qalıb.
Muzeydə
televizor da vardı, işləyirdi. Onlar muzeyi gəzdilər,
yüksək elmi və estetik cəhətdən
hazırlanmış tablolar onları da razı saldı.
Firudin müəllim Arif Babayev və Famil Mehdi
üçün hazırlanmış bir lövhənin
qarşısında dayandı. Arif Babayevin
ayaqüstü şəklinə xeyli baxdı.
- Elə bilirəm ki, dünən
bizdə Tofiqin ad günündə oxuyurdu, heç dəyişməyib
Arif, mənə elə gəlir ki, Arif elə burda da
"Qarabağ" şikəstəsi oxuyur.
Arif Babayev
Sarhacılıda anadan olmuşdu, 8 ¹-li məktəb istifadəyə
veriləndən xeyli əvvəl, 1958-ci ildə şəhər
5 nömrəli məktəbi bitirmişdi. Məktəbdə
keçirilən özfəaliyyət məşğələlərində
Arif tezliklə tanınmışdı. Bir dəfə də
məktəbin direktoru Şahmar Kərimov valideynlər
yığıòcağında
Arifin atası İmran kişini ayağa qaldırıb demişdi:
- Özünün gözəl
səsin olsa da bir gün ağlamadın! Ancaq oğlun Arif
başqa aləmdir, ondan müəllim, həkim olmaz, ora-bura
aparıb uşağın başını qatma, apar
Bakıya, onun da alimləri var, baxıb qiymətini verəcəklər!
İmran kişi
iş adamıydı, Ağdamdakı rayonlararası elektrik mərkəzində
işləyirdi. Onda ora-bura getmək indiki kimi də asan
deyildi, elə buna görə Arif bir müddət rayonda qalsa
da, Ağdamdakı Xalq teatrında çalışır,
arabir ad günlərinə, ailə şənliklərinə
dəvət edilirdi. İstər teatr və ya
incəsənətin hər hansı bir növü olsun,
bunların hamısının etibarlı bir dayağı var -
dövlət. Bir var uşağın doğma atası ola, biri də var ögey ata. Xalq
teatrları da belədir. Əgər rayon
partiya komitələrinin birinci katibləri bu sahəyə diqqət
yetirirsə, hamı bu tərəfə baxır, amma bunun
özü də hələ doğmalıq deyildi, təkrar
edirəm, doğmalıq dövlətdir, dövlətin diqqətidir.
O zaman Ağdamda Xalq teatrı ilə bərabər, məşhur
"Şur" ansamblı da vardı. Elə məşhur
Xosrov Fərəcov ona rəhbərlik edirdi, el arasında ona
tarçalan Xosrov da deyirdilər. Həmin
illərdə hamı kimi, Arif Babayev də "Şur"
ansamblının konsertlərini dəfələrlə dinləmişdi.
Ansamblın tanınmış
ifaçıları Hafiz Məhəmməd oğlu, Barat
müəllim, Aydın Niftəli oğlu, Aydın Məmmədov
və başqaları ilə yaxınlığı da
vardı. Əvvəllər onun da bu
uşaqlarla birgə bu ansamblda işləməyə
marağı vardı. Ancaq möhtəşəm
Bakı həyatı, görkəmli musiqiçilərin onun
yaradıcılığına göstərdikləri maraq
Arifi cazibə qüvvəsi ilə Bakıda
saxlamışdı. Bütün bunlara
baxmayaraq, Arif bu nəcib, qeyri-adi istedadların öz
xoşlarına, heç kəsdən, heç yerdən əmək
haqqı almayan, hər hansı bir yerdən verilən köməyin
tez-tez daşa düşdüyünü görəndə o
da narahat olurdu.
Əslində
"Şur" ansamblı çox gözəl təşkil
edilmişdi, möhkəm daxili intizam vardj. Ansambl
çıxışa başlayanda 300-400 nəfərlik salona
dərin bir sükut çökürdü, çalan da
ansambldı, oxuyan da, danışan da. "Şur"un "Simayi Şəms" bölməsi gələndə
Arif yerindən atlanırdı. Arifə elə gəlirdi
ki, oxuyan da onun özüdür, çalan da. "Simayi
Şəms" "Şur"da çox ciddi bir mərhələdir,
bunu hər müğənni oxuyur, yekunlaşdıra bilmir,
ancaq çox adamlar hələ də bilmirdilər ki,
"Simayi Şəms"in də vurğunları var, onunla nəfəs
alanlar, onun eşqi ilə yaşayanlar var. Onlardan biri də
Arif Babayevdir. 1958-ci ildən bu günədək
dünyanın neçə-neçə ölkələrində,
Azərbaycan Dövlət Opera və Balet Teatrında (1960),
radio və televiziya verilişlərində bir muğam ulduzu
kimi yanmaqda olan Arifimiz də vardır. Bəlkə elə
buna görə də məşhur tarzən Əhmədxan
Bakıxanov "Şur" dəsgahını hazırlayarkən
Arifə müraciət etmiş və o da əsas bölmələrin
ifaçısı, xüsusilə "Simayi Şəms"
gələndə Arif elə Arif zirvəsinə də
qalxmışdı.
Gəlmişəm,
ey təbib, dərdimə dərman edəsən, Gəlməmişəm
ki, bağrımı al-qan edəsən.
- deyə
həmyerlisi, həmkəndlisi, qonşusu, yaxın dostu və əzizi
şair-publisist Famil Mehdini dindirir, onun bədii və estetik cəhətdən
daha zəngin daha cazibəli sözlərini dinləyicilərə,
tamaşaçılara çatdırır.
Ağdamdakı
"Şur" ansamblı Nadir Abbasov raykomun birinci katibliyindən
gedəndən sonra baxımsızlıq ucbatından xeyli zəiflədi. Xosrov Fərəcovu
vəzifədən götürdülər.
"Şur"un ifaçılarından
bir çoxu Üzeyir Hacıbəyov adına musiqi texnikumunda
işləyirdi. Onları da ordan uzaqlaşdırdılar və
beləliklə, "Şur"un adı
qaldı. Ancaq dövlətin ciddi qəyyumluğu
Arif Babayevə hər yerdə, hər işdə dayaq oldu.
O zaman Ağdamda çox
cavanlar qaval tutub oxuyurdu, bəzən toylar da aparırdılar.
Ancaq dünyaya gəlmiş ağsaqqallar, musiqi
məktəbinin mütəxəssisləri Arifi yaxşı
tanıyır və onun Bakıya getməsini məsləhət
edirdilər.
Bakı həyatı,
Bakı mühiti başqaları kimi, Arif Babayevin də
qarşısında geniş üfüqlər açdı,
musiqi məktəbini, sonra isə Bakı Musiqi
Konservatoriyasını bitirdi. Arif Babayev başqa
müğənnilərdən təkcə səsi,
ifaçılıq mədəniyyəti ilə
seçilmirdi, o həm də yaradıcı müğənniliyi,
səsindəki təbiilik və doğmalığı ilə
seçilirdi. Onu Azərbaycan Dövlət
Opera və Balet Teatrında işə qəbul etdilər.
1966-ci ilə qədər Arif Babayev "Leyli və Məcnun"da
Məcnun, "Əsli Kərəm"də Kərəm,
Müslüm Maqomayevin "Şah İsmayıl"
operasında Şah İsmayıl, Şəfiqə Axundovanın
"Gəlin qayası" operasında Camal
partiyalarının əvəzolunmaz ifaçısı oldu. Səhnədə
olduğu otuz il ərzində o Leyli
obrazının ifaçıları məşhur müğənnilər
Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə
İsmayılova, Nəzakət Teymurova ilə
çiyin-çiyinə işləmişdir.
Ancaq bunlar da
Arif Babayevin silinməz xidmətlərini tam əhatə edə
bilmir. Nəhayət
ki, bir neçə adamla, yaradıcı təşkilatlarla məsləhətləşmələr
apardıqdan sonra səksəninci illərin ortalarında Arif
ali təhsil aldığı Bakı Musiqi
Konservatoriyasının nəzdində tariximizdə ilk dəfə
olaraq "Muğam" kafedrasını açmağa nail
oldu. Düzdür, o vaxta qədər Arif Babayev pedaqoji işlə
Bülbül adına məktəbdə məşğul
olmuşdusa, indi bu fəaliyyətini bir mərhələ də
artırdı. Bütün muğamsevərləri
çayxanalardan, bulvarlardan və s. yerlərdən
yığaraq "Muğam" kafedrası ətrafında
birləşdirdi. Kafedra təkcə muğam
ifaçılarının səsini, zəngulələrini
hamarlayıb cilalamırdı, həm də onlara pedaqoji
işçi, müəllimlik, uşaqlara xidməti, biliyini,
gücünü gələcək nəslə vermək
bacarığının, habelə oturuş-duruş,
danışığın daha məsuliyyətli prinsiplərini
öyrədirdi. Ancaq cavan muğam ifaçıları
baxırlar ki, onların kafedrasına rəhbərlik edən
Arif Babayevin oturuşu, duruşu, danışığı və
adamlarla söhbəti onların dərs vəsaitlərindən
heç də geridə qalmır. Onlar Arif
müəllimi "Canlı dərs" kitabı kimi qəbul
edir, hər kəlməsini eşidib yaddaşlarında
saxlayırlar.
O vaxtlar artıq Arif Babayev
inkişaf etmiş, püxtələşmiş arif bir
müğənni idi. Onun başçılığı ilə
"Rast", "Şur", "Çahargah",
"Zabul" və s. muğamları dəsgah halında
tamaşaçılara çatdırılmış və
lentə köçürülmüşdü. Onun ifasında digər muğamları da heç
zaman tamaşaçılar unutmurlar. Musiqiçilər
arasında belə bir deyim də vardır, - əgər
bütün muğamlar bir gül çələnginə bənzəyirsə,
"Segah" bu çələngin tacıdır. Arif Babayev isə "Segah"ın ən mahir
ifaçısıdır, Arif "Segah" muğamından
manevr edib hər hansı muğama asanlıqla keçə
bilir.
Azərbaycanda
Musiqi Akademiyası yarananda Arif Babayev daha bir addım atdı. Akademiyada muğam
kafedrası yaratdı və bu gün də Arif Babayev kafedraya
rəhbərlik edir, kafedra Akademiyadan kənarda muğam sənətini
daha da inkişaf etdirir, yeni-yeni ifaçılar aşkar etmək
üçün son dövrlərdə daha ciddi addımlar
atmışdır. Muğam müsabiqələri
Təyyar Bayramov, İlkin Niftəliyev, Vəfa Orucova və
başqa istedadlı ifaçıları ortaya
çıxarmışdır. Bu
müsabiqələrin hamısında münsiflər heyətinin
tərkibində Arif Babayev olmaqla kafedranın digər əməkdaşları
fəal iştirak etmişlər.
(Davamı var)
Xanış Məmmədov,
"Qızıl Qələm" mükafatı
laureatı
Təzadlar.- 2011.- 17-19 fevral.- S.11.