Müasir muğam ifaçılığının Arif Babayev zirvəsi

 

(Əvvəli ötən sayda)

 

...Yaradıcı müğənni olan Arif Babayev bir vaxtlar onun iştirakı ilə hazırlanıb lentə alınan "Şur dəsgahı"na yeni gözlə baxmış, çox ciddi və əhəmiyyətli dəyişikliklər etməklə onu daha mükəmməl şəkildə dinləyicilərə təqdim etmişdir. Biz üzeyir Hacıboyovun əsərlərinə dönə-dönə baxıb ləzzət aldığımız kimi, "Şur dəsgahı"nın da yeni quruluşda hazırlanmış variantını dinləməkdən yorulmuruq.

Burada məşhur bəstəkarımız, mərhum üzeyir bəyin adını çəkdim. Yaxınlara qədər istər bəstəkarlar, istərsə də ötən əsrin otuzuncu illərindən bəri nə qədər musiqisevərlər, ifaçılar, hətta bir sıra aktyorları da daxil etsək, onların hansına belə bir sualla müraciət edəndə, - sizi musiqinin bu ecazkar dünyasına kim dəvət etdi? - sualını verəndə onların hamısı ilk növbədə üzeyir bəyin adını çəkir, onun atalıq xidmətlərini qeyd edir. Bu gün də biz 60-cı illərdən bu günə qədər muğam sənətinə bağlanmaları ilə əlaqədar kimlərə sual versək ki, bu yolda sənin əlindən tutan kim olub, onların çox böyük əksəriyyəti Arif Babayevin adını çəkir.

Arif Babayev - bu ada, bu yüksək qayğıya layiq olmaq üçün nə qədər çalışıb, işləyib, qədim kişilərə məxsus içində ağsaqqal xislətini yaşadıb, oğlanlara da, qızlara da müəllimlik, atalıq qayğısı göstərib, ehtiyacı olanlara əl tutub, yuxarı salonlara ayaq açıb, onların işinə əncam çəkib. Çünki Arif Babayev müğənni, kafedra müdiri olmaqla kifayətlənmirdi... Pedaqoji işi bir daha onu nəcibləşdirir, o, insanlara daha çox qayğı göstərirdi. Bir dəfə bir məclisdə görüşdük, hal-əhval tutduqdan sonra orta məktəbi bizim 8 №-li məktəbdə, mənim vaxtımda bitirmiş, indi isə yavaş-yavaş tanınan, Arif Babayevin Sarhacılıdakı evlərinin qonşuluğunda yaşayan Aygün Bayramovanı ondan soruşdum. O da güldü və cavabında:

- Əgər Aygün bu gun tamaşaçılar tərəfindən sevilirsə, deməli, bu qarabağlı qız özünü təsdiq edib.

Bu məqamda Arif müəllim sözünü yarımçıq qoyub mənə üz tutdu, gülümsündü:

- Ay Xanış müəllim, Aygünün vaxtilə pambıqlıqda bir tərəzi məsələsi olub, bəlkə onu deyəsən, başımda dumanlı qalıb.

Mən söhbəti bir qədər dərinləşdirmək üçün dedim:

- Arif müəllim, Aygünlə əlaqədar iki maraqlı söhbət var, hansını danışım, tərəzini, yoxsa "Ay bülbüllər"i?

Arif müəllim maraqla məni süzdü:

- "Ay bülbüllər"i bilmirəm, yaxşı olar ki, "Tərəzi" əhvalatını danışasan.

"Tərəzi" əhvalatı səksəninci illərin əvvəllərində baş vermişdi. Burası da var ki, hadisə pambıq yığımı vaxtı, Ağdamın Sarıcalı kəndində briqadir Fərman Qarayevin başçılıq etdiyi briqadanın sahəsində baş vermişdi. Onda "Qarabağ bülbülləri"nin dünyaya pəncərə açdığı illər idi. Biz isə oktyabrın axırlarında həmin briqadanın sahəsinə göndərilmişdik, iki avtobus uşaq, müəllimlər. Axşamdan yağan yağış səngimişdi, amma hava tutqun idi, arabir çisgin şehləyirdi.

 

***

 

Nə qədər çətin olsa da, Ulu Tanrı özü şahiddir ki, belə yerlərdə ilk dəfə tarlaya özüm girmişəm, hərlənmişəm, pal-paltarım nəmlənsə də, uşaqlara ürək-dirək vermişəm. Onda da belə oldu, amma uşaqları şeh üşütdü, sahədə pambıq nə gəzirdi, orda-burda təzəcə yarılmış gömgöy qozalar və bir də sovkanın yediyi çürük pambıq qozaları. Biz nə qədər desək, tapşırsaq da, kənarda ocaq yandırdıq, uşaqlar iki-bir, üç-bir gəlib paltarlarını qurudurdular. Günorta seyrək yağış yağanda hamımız sahənin kənarındakı çardağın altına yığıldıq, hərə öz dostu, rəfiqəsi ilə çörəklərini süfrəyə gətirdi, bir saatdan çox çardağın altında qaldıq. Yağış kəsmişdi, amma arabir külək yağış gətirirdi.

Mən ağsaqqal briqadir Fərman Qarayevlə (oğlu Telman Qarayev bütün qürurlu həyatını Azərbaycan Radiosuna bağlayıb, məktublar şöbəsinin baş redaktoru olub, indi isə təqaüddədir.) Fərman kişini çox çətinliklə razı saldıq ki, avtobusların sənədlərini imzalayın, biz gizli yollarla aeroporta çıxıb oradan keçib Qullar, Qaradağlı, Muradbəyli, Sarhacılı kəndindən keçib birbaşa məktəbə çatacağıq. Nəhayət, Fərman kişinin razılığı ilə uşaqlar nə yığmışdısa, hərənin pambığını ayrıca olaraq tərəziyə qoyduq, növbə X siniflərə gələndə mən Aygünü tərəziyə çağırdım. Payız günəşi Aygünü yandırmışdı, sifəti tamam qızarmışdı, burnunun üstü və yanaqları soyulmuşdu. Aygün əlindəki at torbası boyda torbanı tərəziyə qoyanda dedim ki, Aygün, özündə çıx tərəziyə.

Aygün bunun zarafat olduğunu bilib gülümsündü. Mən bir də təkid etdim:

- Aygün, çıx tərəziyə!

Aygünün qız yoldaşları irəli durub Aygünü tərəziyə çıxardılar. Mən isə Fərman kişiyə:

- Fərman əmi, niyə çəkmirsən?

- Müəllim, qoy uşaq, bu qız düşsün ki...

- Fərman əmi, heç bilirsənmi ki, bu qız kimdir?

Fərman kişi qıza diqqətlə baxıb mənə tərəf döndü:

- Xeyr, müəllim, tanıya bilmədim!

- Fərman əmi, siz "Qarabağ bülbülləri"nə baxmırsınız?

- Bəli, baxmışam, çox da xoşuma gəlib.

- Bax, həmin filmdə, barının üstündə, ağ milli paltarda oturub "Qarabağ şikəstəsi"ni oxuyan həmin qızdır Aygün!

Elə həmin gündən pambıq yığımının son gününə qədər Aygün nə qədər pambıq yığırdısa, özü də çıxırdı tərəziyə, çəkilirdi, nə qədər olsa, onun adına bir o qədər də pambıq yazılırdı.

 

***

 

Bütün bunları olduğu kimi Arif müəllimə ona görə deyirdim ki, Aygünün işıqlı gələcəyinə inanırdım, onun tanınmış bir müğənni olması göz qabağında idi, Arif müəllimin ona olan qayğısı bir az da artsın.

Aygün barədə ikinci söhbət mənimlə bağlı idi. Mən Aygünün səsini qiymətləndirirdim. O zaman bizim məktəb çox adlı-sanlı bir təhsil ocağı idi, tez-tez yığıncaqlar keçirilir, sonra da məktəbin özfəaliyyət kollektivinin çıxışları olurdu. Nə qədər deyib-danışsaq da, məktəb tədbirləri çətin keçirilirdi. Klub soyuq idi, oxuyanların bir çoxunun səsi elə oradaca boğulurdu. Bir neçə dəfə Aygünlə şəxsən söhbət aparmışdım, təşkilatçı Təvəkgül müəllimə, pioner baş dəstə rəhbəri Fəridə İsrafilovaya da tapşırmışdım:

- Aygünü tez-tez məktəb konsertlərinə cəlb etməyin, onun ailəsi sadə halal çörəkli, zəhmətkeş ailədir. Ulu Tanrı hərəyə bir çörək qismət eləyib, bəlkə Aygünün də çörəyi onun səsindədir, biz onun səsini boğarıq, ömür boyu günaha batarıq. Aygünə də demişdim ki, mənim şəxsən tapşırığım olmasa, heç bir konsertə gəlmə.

Həmin illərdə Aygün Bayramova Xb sinfində oxuyurdu, Tacir Şahmahoğlu (Allahverdiyev Tacir Şahmalı oğlu) isə Xv sinfində, mən isə onlara ictimaiyyətdən dərs deyirdim. Tez-tez Maarif Nazirliyinin əmr və göstərişlərini alırdıq, şagirdlərin illik imtahan və yekun qiymətləri düzgün çıxarılmalıdır, bəzi rayonların məktəblərinin bu barədə buraxdıqları ciddi nöqsanlar, verilən cəzalar da qeyd edilirdi. Həmin dövrdə şagirdlərin orta attestat qiymətləri də onun ali məktəbdə topladıqları balın üstünə gəlib sonra müsabiqəyə təqdim edilirdi. Bəzən orta səviyyəli şagirdlərin valideynlərinin təsiri ilə orta attestat balı yüksək çıxarıldığına görə belə uşaqlar da ali məktəbə qəbul edilməliydi, bizim məktəbdə isə 110-115 nəfər məzun olardı. Mənim diqqətim isə ən çox Aygünlə Tacirin üstündəydi. Şagirdlər çox ayılmışdılar, haqsız qiymətləndirməni və ya şişirdilmiş qiymətləri də dərhal dilə gətirirdilər. Bəzən bu haqsızlığı valideynlərinə çatdırırdılar. Hər halda, mən direktor idim, uşaqlar haqqı-ədaləti ən çox mənim dərslərimdə görməliydilər.

Mən isə nə Tacirə, nə də Aygünə yüksək qiymət verə bilmirdirn. Beləliklə, bir müddət də keçdi, sual-cavab müsabiqəsində uşaqları birtəhər sudan çıxarırdım, amma əsaslı qiymət vermək mümkün olmurdu. İctimaiyyətdən sosial bölməyə dair mövzular arasında sovet adamının şəxsi hazırlığı, onun ədəbi-bədii yaradıcılığı və ona dövlət yardımı, qiymətləndirmə mövzusu çatanda bütün siniflərdə elan etdim: növbəti dərslərimizdə mən şagirdlərin şəxsi yaradıcılığı, musiqi ifaçılığı, musiqi alətlərində nəyi istəyirsə çalmasını, bədii qiraət, aktyorluq sənəti, rəssamlıq, şeir, hekayə yazmaları və s. üzrə sorğu aparacağam, şəkillər bizim gözlərimiz qarşısında çəkilməli, uşaq burada oxumalıdır ki, qiymətini birlikdə verəcəyik.

Hamı razı oldu, mənim məqsədim bu barədə qabiliyyəti olan bütün uşaqlara müvafiq yüksək qiymət vermək, xüsusilə Aygünlə Taciri çıxartmaq idi.

Növbəti dərsdə bir neçə uşaq hazır gəlmişdi, şeir deyən, rəsm çəkənlər də oldu, sonra növbə ifaçılara çatdı, hamı Aygünə baxdı, mən özümü o yerə qoymadım, uşaqlar Aygünü tərpətdilər, mən də onu qabağa çıxartdım:

- Aygün, nə oxuya bilərsən?

- Müəllim, nə deyirsiniz oxuyum!

- Mən istəyirəm ki, bir xalq mahnısı oxuyasan.

Şagirdlərdən Kazım Quliyev tarını köynəkdən çıxartdı və çox həzin halda "Ay bülbüllər" mahnısını çaldı, ayaq verəndə Aygün başladı, qızın həzin və mahnının təbiətinə xas olan iniltiləri uşaqları tilsimə saldı. Bir də baxdım ki, üçüncü mərtəbədə dərs keçən uşaqlar müəllimləri ilə bərabər qapının ağzına yığılıb Aygünə qulaq asırlar. Sən demə, dərsin vaxtından xeyli keçib, biz tənəffüsə çıxmamışıq, onda Aygün, sonra da Tacir yüksək qiymət aldılar, heç kəs incimədi. O biri müəllimlər də buna baxıb onların qiymətini yüksəldib orta attestat balının daha yüksək olmasına müsbət təsir etdilər. Bax bu da Aygünün məktəbdə qiymət məsələsi!

 

***

 

Harada olubsa, harada işləyibsə, Arif Babayev şərəflə işləyib, canıdildən işləyib, kişi kimi işləyib. 1996-cı ildə Arif Babayev nə az, nə çox, düz otuz il işlədiyi, dəfələrlə Məcnun kimi, Kərəm, Şah İsmayıl kimi səhnəsinə çıxdığı Opera və Balet Teatrından çıxdı. Əlbəttə, nə qədər yüksək danışılsa da, nə qədər qiymətləndirilsə də, yaş öz işini görür. Arif müəllim bu səhnədə can qoymuşdu, onun Məcnunu, insafən desək, daha canlı, daha maraqlı idi. Bu, Arif Babayev Məcnunu idi, amma indi yaş bu Məcnunu yaxalayıb, indi yaş imkan vermir ki, Məcnun öz məcnunluğunu göstərə bilsin. Bütün bunları nəzərə alaraq Arif müəllim Mənsum İbrahimova və bir neçə ifaçıya üz tutdu, seçdi, "Məcnun" partiyasının ifaçılarını yerbəyer edib Opera və Balet Teatrından çıxdı. İndi də tanıyanlar səmimiyyətlə deyirlər: "Arif Babayev səhnəyə bəy kimi gəldi, səhnədən bəy kimi də getdi".

Bax, bu da Arif müəllimin gəlişinə və gedişinə verilən xalq qiyməti.

Əlbəttə, bir dəfə gələn bir dəfə də getməlidir. Arif müəllimin isə öz meyarı, öz ölçü-biçisi vardı, o baxırdı ki, artıq 70-80-ci illərin Arifi deyil, yaş artır, ifaçılığı, hərəkətləri məhdudlaşdırır, bütün bunların cavabı isə səhnədən uzaqlaşmaq idi.

 

***

 

Arif Babayev xoşbəxt sənətkardır, özü şirin, səsi məlahətli, cazibəli bir sənətkardır, Xan Şuşinskidən sonra muğamlarımızın mahir ifaçılıq missiyası onun üzərinə düşdü, o, bu missiyanı şərəflə qoruyur. Onunla oturub-duranlar elə hey danışırlar: "Biz heç vaxt Arif Babayevin kiminsə əleyhinə danışdığını, qiybət etdiyini eşitməmişik, ağzı təmiz, əli təmiz, sözü təmiz bu kişi həm də qeyrətli, namuslu bir kişidir, xalqımızın milli və əxlaqi dəyərlərini görmək istəyənlər Arif müəllimi görsün".

Qohumcanlı, dostcanlı, el canlı Arif Babayevin qapısı, süfrəsi də dostcasına hamının üzünə açıqdır. Dost səsi eşidəndə, dost əlini açanda elə bil ki, Arif müəllim Ağdama, doğma Sarhacılıya gedir, Yolçu, Fikrət Mehdiyev, Rüstəm, toyların Koroğlu təbiətli padşahı missiyasını axıradək saxlayan Şahmalı, Yəhya, Süleyman, Şahmar müəllim, Xürrəm müəllimlə görüşür.

Adam uşaq olanda, cavan, yeniyetmə çağlarında onun fiziki, xarakter oxşarlığını əsasən valideynləri, yaxın qohumları və qonşuları verirlər. O zaman onlar deyirdilər ki, "Arif atası İmranla bir almadır, səsi səs, xasiyyəti xasiyyət, oxşarı oxşarlıq"

İndi Arif müəllim səkkizinci onilliyini yaşayır, özü də Bakıda, özü də xaq artisti, dövlətimizin ifaçısı - indi də Arif barədə Azərbaycan xalqı danışır:

- Arif Babayev kişi adamdır!

- Arif Babayev qeyrətli Qarabağ kişilərindəndir!

- Arif Babayev qardaşıma oxşayır, atama oxşayır!

- Əmim filankəsə, dayım filankəsə... oxşayır!

Bunların hamısı inandırıcıdır, əslində Arif Babayevdə bütün azərbaycanlılara məxsus oxşarlıq və keyfiyyətlər var, Arif Babayev azərbaycanlıdır, bizim hamımızın əzizimiz, qohumumuzdur...

 

(Davamı var)

 

 

Xanış Məmmədov,

"Qızıl Qələm" mükafatı laureatı

 

Təzadlar.- 2011.- 19-22 fevral.- S.11.