"...Vətənə,
torpağa bağlılıq, haqqa tapınma Dədə Şəmşirin
bizlərə öyüdü, əmanətidir"
Azərbaycanın
Rumıniyadakı fövqəladə və səlahiyyətli
səfiri Eldar Həsənovun müsahibəsi
Səfir Eldar Həsənov: "Səməd Vurğun
da, Aşıq Şəmşir də hər ikisi ruhən
bir-birinə çox yaxın olan təbiət və gözəllik
aşiqi, böyük şairimizin bir şeirində ifadə
olunduğu kimi, ilhamını yurdumuzun dağlarından,
düzlərindən, zəngin və füsunkar təbiətindən
alan görkəmli söz ustaları olublar"
- Hörmətli Eldar müəllim, mən görkəmli el sənətkarı, təkcə sənəti, yaradıcılığı ilə deyil, həm də yüksək mədəniyyəti, el-oba təəssübü çəkməyi ilə örnək olmağı bacaran, xalqın dərin hörmət və rəğbətini qazanmış, sazın-sözün böyük ustadı Aşıq Şəmşir haqqında kitab hazırlamaq fikrindəyəm. İstəyirəm ki, kitabda Dədə Şəmşiri şəxsən tanıyan, sağlığında onunla ünsiyyətdə olmuş şəxslərin xatirələri də yer alsın. Başlıca məqsədim sənətindən-peşəsindən asılı olmayaraq ustad sənətkarın yaxınlıq etdiyi, sazını-sözünü dinləmiş dəyərli insanların söhbətlərini, təəssüratlarını qələmə almaq, canlı xatirələrin unudulmaması, itib-batmaması üçün onları yazılı şəklə salıb gənc nəslə çatdırmaqdır. Odur ki, çox da uzaq olmayan ötən dövrün istər siyasi, istərsə də ictimai mühitində tanınmış, sadə xalqın, o cümlədən biz kəlbəcərlilərin həmişə qürur və güvənc yeri olmuş Dədə Şəmşir barədə sizin də ürək sözlərinizi dinləmək xoş olardı.
- İlk növbədə, görkəmli bir sənətkar və el ağsaqqalı olan ustad Aşıq Şəmşir barədə kitab hazırlamaq və onu nəşr etdirib gələcək nəsillərə ərməğan etmək təşəbbüsünüzü alqışlayır və bu nəcib işdə sizə uğurlar arzulayıram. Həqiqətən də Aşıq Səmşir xalqımızın yetirdiyi parlaq istedad sahibi, Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətləri olmuş həqiqi el sənətkarıdır. Belə sənətkarlar heç bir halda unudulmamalıdırlar. Yaxşı yadımdadır, səhv etmirəmsə, 90-cı illərin sonlarında Aşıq Şəmşirlə bağlı keçirilən rəsmi yubiley mərasiminə mən də dəvət olunmuşdum. Tədbirdən sonra jurnalistlərdən biri mənə yaxınlaşıb təəssüratlarımı soruşdu. Mən təəssüratlarımla bərabər, bir arzumu, daha doğrusu, vacib bir məsələ ilə əlaqədar narahatlığımı da bildirmişdim. Söyləmişdim ki, orta məktəblərin tədris proqramlarında aşıq yaradıcılığına lazım olduğundan az yer ayrılıb, ali məktəblərdə də bu tədris folklor bölməsində ötəri xarakter daşıyır. Məmmədhüseyn Təhmasibin, Osman Sarıvəllinin və digər bu kimi folklor bilicilərinin aşıq sənətindən bəhs edən kitablarını nəinki kitab mağazalarında, heç kitabxanalarda da tapmaq olmur. Nəşriyyatlarımız tərəfindən belə qiymətli əsərlərin təkrar çap olunmasına böyük ehtiyac var. Bunlar ictimaiyyətə çatdırılmalıdır ki, müvafiq qurumlar, sənətsevər xeyriyyəçilər yığışıb məsələyə əncam çəksinlər. İqtisadi inkişafımızın daha da yüksəldiyi bu son zamanlar nəşriyyat-poliqrafiya sahəsində müəyyən irəliləyişlər nəzərə çarpsa da, əfsuslar olsun ki, aşıq yaradıcılığının nəşri və təbliğatı istiqamətində görülən işlərin həcmi ilə kifayətlənə bilmərik. Bu mənada, sizin Dədə Şəmşir haqqında kitab hazırlamaq təşəbbüsünüzü yüksək dəyərləndirirəm.
- Siz Aşıq Şəmşiri ilk dəfə nə zaman və harada, hansı şəraitdə görmüsünüz? İlk görüşünüzü necə xatırlayırsınız?
- Bu sualla məni çox uzaq illərə, həyatımın indi həsrətlə xatırladığım kövrək məqamlarına, uşaqlığımın, ilk gənclik dövrümün kəlbəcərli günlərinə, hazırda işğal altında olan doğma kəndimizə, nisgili ürəyimdən getməyən dağlarımıza, düzlərimizə qaytardınız. İnanın ki, hər dəfə Aşıq Şəmşirin adı çəkiləndə o qarlı dağların əzəmətini bütün varlığımla duyuram, o yaşıl yamacların məhrəm havasını bütün qəlbimlə hiss edirəm, o buz bulaqların şırıltısını eşidirəm. Mənim uşaqlığım, yeniyetməliyim Murovdağın, Dəlidağın, Camışdağın, Laçın qayasının əzəmətli dünyasında, sirli, əsrarəngiz aləmində və bu əsrarəngiz aləmə qaynayıb-qarışmış həzin, kükrək saz havasında, söz havasında keçib. Ona görə indi o uzaq illərin havasına köklənəndə mənə elə gəlir ki, mən elə bu dünyaya o dağların, o düzlərin doğmadan doğma olan saz-söz havasında göz açmışam, o məhrəmlik dünyaya mənimlə bir doğulub. çünki dünyanın harasına getsəm də, harada və hansı sahədə işləməyimdən, çalışmağımdan asılı olmayaraq o məhrəm hava ana südü, ata öyüdü kimi həmişə qanımda-canımdadır, həmişə yol yoldaşımdır, həmişə mənimlədir.
O ki qaldı konkret olaraq Dədə Şəmşirlə ilk dəfə harada, hansı şəraitdə tanış olmağıma, bu, təxminən qırx il əvvəlin söhbətidir. Lap indiki kimi yadımdadır: onda orta məktəbin yeddinci sinfində oxuyurdum, özü də qonşu kənddə - Qılınclı kənd məktəbində təhsil alırdım. Həmin kənddən mənim doğulduğum Laçın kəndinə bir xeyli yol vardı, mən də günaşırı deyil, yalnız şənbə-bazar günləri evimizə gedərdim. Heç yadımdan çıxmaz, bir gün yenə dərsdən sonra yola çıxıb kəndimizə tərəf gedəsi bir maşın gözləyirdim. Bu zaman bir qədər aralıda bir xeyli adamın toplaşdığını gördüm. Maraq mənə güc gəldi, camaatın niyə yığışdığını bilmək üçün həmin tərəfə getdim. Dedilər ki, bəs Aşıq Şəmşir burdadır. Amma saz səsi gəlmirdi. Yaxınlaşıb gördüm ki, Dədə Şəmşir dastan söyləyir. Yadımdadır ki, Aşıq Alı dastanını danışırdı, bir əli ilə tutduğu sazı da çiynindən üzüaşağı asılmışdı. Adam çox idi, getdikcə də çoxalırdı, amma bir kəsin də cınqırı çıxmırdı, hamı səsini içinə qısıb böyük maraqla, heyranlıqla Dədə Şəmşiri dinləyirdi. Dastanı bitirəndən sonra sazı çiynindən endirib "Baş Sarıtel" çalmağa başladı, hamının üz-gözündə xoş bir ovqat yarandı. Mən arxada dayanıb diqqətlə qulaq asırdım. Sazın havası məni elə tutmuşdu ki, özümdən asılı olmayaraq Dədə Şəmşirin əzbər bildiyim şeirlərindən birinin iki bəndini elə bədahətən söylədim:
Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudur, atam Dəlidağ,
Murov, Lilpar, Qonur, Qoşqar oğluyam.
Lalədir, nərgizdir evim-eşiyim,
Köynəyim sıx meşə - qoymur üşüyüm,
Qərənfildir, qızılgüldür beşiyim,
Buzbulaqlı göy yaylaqlar oğluyam.
Sözümü bitirən kimi ustad mizrab tutduğu əlinin işarəsi ilə məni yanına çağırdı. Mənsə yerimdə quruyub qalmışdım, irəli getməyə ürək eləmirdim. Onda ustad bir də işarə elədi, bir də məni yanına çağırdı və mən də gəlib onun böyründə dayandım. Dedi ki, mənim şeirimi əzbərdən bilirsən, çox yaxşı, amma Ələsgəri oxuyun; mənimkiləri bilməsəniz də olar, amma ustad Ələsgərin şerlərini bilməyiniz vacibdir. Elə bu dəm kimsə Aşıq Ələsgərdən bir bənd söylədi. Tez də başqa bir nəfər Dədə Şəmşirdən bir ağız söylədi. Beləcə, bədahətən bir deyişmə alındı, bir saz-söz məclisi düzləndi. Söz sözü çəkdi, bir vaxt ayıldıq ki, xeyli vaxt keçib, hava da qaralıb. Sən demə, Aşıq Şəmşir Ağdabana gedirmiş, özü dedi ki, burda təsadüfən ayaq saxlayıb, yolüstü bir nəfərlə görüşməliymiş. Amma Dədə Şəmşiri tanımayan vardımı? Beləcə, ustadın burdan keçdiyini eşidib-bilən camaat yığışmışdı dövrəsinə. Bax, Dədə Şəmşiri ilk dəfə belə görmüşəm, ustadla ilk tanışlığım belə olub. Elə ilk görüşdəcə onun böyüklüyünün, müdrikliyinin, əsl sənətkara məxsus təvazökarlığının şahidi oldum. Heç yadımdan çıxmaz ki, məclisin axırına kimi məni böyründə saxladı. Orası da yaxşı yadımdadır ki, həmin gün evimizə gedib çıxa bilmədim, gec oldu, gecəni Qılınclı kəndində qalası oldum.
- Eldar müəllim, sizin birbaşa vəzifə və peşənizdən əlavə olaraq, xalqımızın mənəvi dəyərlərinə necə önəm verməyiniz, mədəniyyətimizi, ədəbiyyatımızı nə dərəcədə ürəkdən sevməyiniz, təkcə sevməklə kifayətlənməyib, həm də onu xarici ölkələrdə geniş şəkildə təbliğ etməyiniz bizə yaxşı məlumdur. Təkcə elə Rumıniyada çalışdığınız dönəmdə Siz islam dünyasının müqəddəs kitabı "Qurani-Kərim"i, türk xalqlarının ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanını, ulu Füzulinin seçmə qəzəllərini və şah əsəri "Leyli və Məcnun"u, həmçinin müasir Azərbaycan ədəbiyyatının neçə-neçə dəyərli nümunəsini ingilis, rus və rumın dillərində tərcümə və nəşr etdirərək Şərqi Avropa regionunda yayılmasını təşkil etmisiniz. Bəxtiyar Vahabzadə, Anar, Çingiz Abdullayev və digər müasir yazarlarımızın yaradıcılığına həsr olunmuş geniş və sanballı yazılarla dövri mətbuatda çıxış etmisiniz. Bütün bunlar sizin ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevginizdən irəli gəlməklə yanaşı, həm də sözün, sənətin mahiyyətini dərindən duymağınızdan, mənəvi dəyərlərə yüksək qiymət verməyinizdən xəbər verir. Elə ona görə də sizin Aşıq Şəmşir yaradıcılığına münasibətinizi bilmək çox maraqlıdır. Bilmək istərdik ki, ulu Aşıq Ələsgər məktəbinin layiqli davamçısı olan Aşıq Şəmşirin mənəvi dünyası sizi daha çox hansı xüsusiyyətləri ilə cəlb edir?
- Bilavasitə ədəbiyyat mütəxəssisi olmadığım halda, mənə bu cür yüksək qiymət verdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Amma bunu təvazökarlıq kimi qiymətləndirməyin. Mən həqiqətən özümü ədəbiyyat bilicisi saymıram və belə bir iddiadan da çox uzağam. Sizin bir qismini sadaladığınız işləri yerinə yetirməyim isə mənim, sadəcə, bir vətəndaşlıq borcum olub. Eyni zamanda, belə hesab etmişəm və belə düşünürəm ki, bütün imkanlarım daxilində xarici ölkədə çalışan bir səfir olaraq dövlətimizin siyasətini çalışdığım regionda həyata keçirmək mənim həm də bir vəzifə borcumdur və mən bu borcu hər zaman yerinə yetirməyə hazıram. Təkcə mədəniyyətimizin, ədəbi-bədii dəyərlərimizin xaricdə daha geniş miqyasda tanıdılması, təbliğ edilməsi deyil, həmçinin müstəqil Azərbaycanımızın digər istənilən sahədə əldə etdiyi uğurlar da hər birimizi sevindirir və bir vətəndaş olaraq bizdən öz vəzifəmizə daha məsuliyyətlə yanaşmağı tələb edir. Mən bu məsuliyyəti harada çalışmağımdan, hansı vəzifəni tutmağımdan asılı olmayaraq öz üzərimdə daim hiss etmişəm. Vətəndaşlıq məsuliyyəti - bu çox böyük bir məsuliyyət və çox nəcib bir duyğudur. Elə haqqında danışdığımız Dədə Şəmşir də bizə bunu tövsiyə etmirdimi? Sözə, sənətə məsuliyyət, vətənə, torpağa bağlılıq, dövlətə və dövlətçiliyə sədaqətli xidmət, vəzifə və peşə borcuna hörmət, haqqa, doğruluğa tapınma - bütün bunlar Dədə Şəmşirin bizlərə öyüdü, əmanətidir. Bunu heç vaxt yaddan çıxartmaq olmaz. Onun yaradıcılığında insanın ən ali duyğuları önə çəkilir, bəşəri dəyərlərə hörmət hissi, vətənə, torpağa məhəbbət təbliğ olunur. Ustad sənətkarın yaratdığı lirik şeirlər, gəraylı və qoşmalar, xüsusən də onun gözəl diyarımızın füsunkar təbiətinə həsr etdiyi bir-birindən gözəl əsərlər öz bənzərsizliyi, təkrarsızlığı ilə seçilir.
Yazda bəzənir xalı tək,
Yaşılı, alı dağların.
Quzu mələr yaylağında
Xoş keçir halı dağların.
Bulaq üstə gəlir nazla,
Qız sənəklə, aşıq sazla,
Bülbülü ötür avazla,
Gözəl, səfalı dağların.
Yaşadığı dövrün, mühitin elə bir ictimai hadisəsi yoxdur ki, ustad sənətkar ona münasibət bildirməsin. Bu da təsadüfi deyildi. Köklü bir ailədə, həm də şeir-sənət mühitində dünyaya göz açan Aşıq Şəmşir ilk növbədə zəngin bir həyat məktəbi keçmişdi, yaradıcılıq sirlərini isə ustad Aşıq Ələsgər kimi bir söz sərrafından, sənət xiridarından əxz edib mənimsəmişdi. Eyni zamanda, bilirsiniz ki, Aşıq Şəmşir Kəlbəcərdə çox yaxşı tanınan, böyük hörmət və nüfuz sahibi olmuş Aşıq Qurbanın oğludur. Belə bir mənəvi mühitdə tərbiyə alan, saza-sözə müqəddəs yanaşılan bir ocaqda Aşıq Şəmşir kimi bir sənətkarın yetişməsi, püxtələşməsi təbii idi.
- Sizin də qeyd etdiyiniz kimi, həqiqətən də Aşıq Şəmşir ustad Ələsgərdən şeir-sənət dərsi alan, onun məktəbinin layiqli davamçısı olan bir sənətkardır. Amma təbii ki, indi onun öz davamçıları olan xeyli aşıqlarımız da var. Əlbəttə, bu təqdir olunası bir cəhətdir ki, aşıq sənətinin müasir nümayəndələri arasında Aşıq Şəmşir məktəbinin davamçıları da kifayət qədərdir. Bununla belə, ustad Şəmşirin onlardan fərqli cəhətlərini nədə görürsünüz?
- Məktəb - böyük və ciddi bir anlayışdır, Aşıq Ələsgər məktəbini keçmək, bu məktəbin layiqli nümayəndəsi, davamçısı olmaq isə bu sənətin hər hansı bir nümayəndəsi üçün böyük şərəf və xoşbəxtlikdir. Bu mənada, Aşıq Şəmşiri Ələsgər bulağından su içmiş xoşbəxt bir sənətkar da hesab etmək olar. Bununla belə, istənilən yaradıcı sənətdə təkrarçılıq - əslində zəiflik, istedadsızlıq əlamətidir. Yəni ustaddan öyrənmək lazımdır, vacibdir, amma bu bir həqiqətdir ki, yalnız ustadı təkrarlamaqla kifayətlənsən, heç bir ciddi uğur qazana bilməzsən, öz üslubun, öz dəsti-xəttin yaranmaz və bu halda sən xalqın ürəyini fəth edə, könüllərdə yaşaya bilməzsən. Aşıq Şəmşirin böyüklüyü orasındadır ki, o, ustad Ələsgərin məktəbindən yaradıcı şəkildə bəhrələndi, buna görə də onun kor-koranə təqlidçisinə çevrilib kölgədə qalmadı. Mən arzu edərdim ki, aşıq sənətinin müasir nümayəndələri də bu yolla getsinlər, ustada bu cür yanaşma üsulunu Aşıq Şəmşirdən əxz etməyə çalışsınlar. Əfsuslar olsun ki, bir çox hallarda cağdaş aşıqlarımızda məhz bu xüsusiyyət, bu cəsarət çatışmır, yəni əksər hallarda onların fərdiliyinin, yenilikçi cəhətlərinin, bir sözlə, özünəməxsusluğunun şahidi olmuruq. Qoy onlar illərin sınağından keçmiş bir məsələni, bir həqiqəti unutmasınlar ki, mövcud olanın kor-koranə təkrarı əsl sənətkarlıq yox, ən yaxşı halda, sənətin təqlidi, imitasiyasıdır. Bu isə o qədər də arzu olunan hal deyil.
- Deyirlər, Aşıq Şəmşir yaradıcılığında və onun ədəbi ictimaiyyətə təqdim olunmasında xalq şairi Səməd Vurğunun rolu əvəzsizdir. Bu fikrə münasibətiniz necədir? Sizcə, hər iki söz sərrafının bir-birinə oxşar cəhətləri hansılardır?
- Qeyd edim ki, sualınızdakı "deyirlər" kəlməsi bir qədər yerinə düşmür. Böyük şairimiz Səməd Vurğunla Aşıq Şəmşirin tanışlığı, ünsiyyəti, dostluğu ədəbi ictimaiyyətə çoxdan bəlli olan məlum bir faktdır. Bu barədə çox yazılıb, çox deyilib. Hətta Səməd Vurğun haqqında vaxtilə çap olunmuş xatirələr kitabında Aşıq Şəmşirin də xatirəsi yer alıb. Səməd Vurğun da, Aşıq Şəmşir də hər ikisi ruhən bir-birinə çox yaxın olan təbiət və gözəllik aşiqi, böyük şairimizin bir şerində ifadə olunduğu kimi, ilhamını yurdumuzun dağlarından, düzlərindən, zəngin və füsunkar təbiətindən alan görkəmli söz ustaları olublar. Elə onları yaxınlaşdıran, doğmalaşdıran ən ümdə cəhət də bu sənətkarların vətənə, torpağa olan məhəbbət və bağlılıqlarıdır. Məlumat üçün bir faktı da nəzərinizə çatdırım ki, vaxtilə Səməd Vurğunla Aşıq Şəmşirin Kəlbəcərdə xüsusi görüşləri olmuşdu və sonradan Aşıq Şəmşir həmin görüşlə əlaqədar Səməd Vurğuna bir qoşma da yazmışdı:
Gəlişinə bizim ellər sevindi,
Yoluna şam tutan əllər sevindi,
çəmənlər bəzənib, güllər sevindi
Şəmşir ilə görüşünə şairin.
- Sonda istərdim ki, Aşıq Şəmşirlə bağlı bir xatirə danışasınız, yaxud onunla bağlı eşitdiyiniz hər hansı bir söhbəti xatırlayasınız.
- Bayaq Dədə Şəmşiri ilk dəfə necə gördüyümü, onunla hansı şəraitdə tanış olduğumu, yəni özümün bilavasitə şahidi olduğum hadisəni danışdım. İndi də ustadla bağlı eşitdiyim, o vaxtlar dildə-ağızda əfsanə kimi dolaşan, olmuş bir əhvalatı danışmaq istərdim.
Bir dəfə Kilsəli kəndindən Quzey çirkin kəndinə bir qız qaçırmışdılar. O vaxtın yerli adətlərinə görə, qız qaçırılandan sonra oğlan evi ilə qız evi arasında barışıq əldə edilməsi üçün müəyyən müddət keçməliydi. Bu müddət bəzən üç, bəzən beş ay çəkərdi. İndi də belə olmuşdu. Bir müddət keçəndən sonra oğlan tərəfin adamları yığışıb barışıq üçün Kilsəliyə getmişdilər. Kilsəlilərdə belə bir adət vardı ki, başbilənlər içəridə məsləhət-məşvərət apardıqları vaxt qız evinin cavanları oğlan tərəfin cavanlarını guya cəzalandırardılar. Bu bir zarafat olardı, yəni gələnləri qapının ağzında saxlayıb içəri buraxmazdılar və onların ayaqlarını çubuqlayardılar. Elə olur ki, oğlan tərəfin adamları zarafata dözməyib cırnayırlar, zarafat əməlli-başlı davaya, münaqişəyə çevrilir və münasibətləri aydınlaşdırmaq üçün cavanlar kənddən aralanıb üz tuturlar dağa, yarğanın başına. Yaşlılar məsələnin ciddiləşdiyini, bu işin qan-qadasız ötüşməyəcəyini görüb bərk təşvişə düşürlər və məsələni çözməyi Dədə Şəmşirdən xahiş edirlər. Dədə Şəmşir dərhal işə qarışır, iki topaya ayrılıb qarşı-qarşıya dayanan, davaya hazırlaşan cavanların arasına girir, sazı köynəkdən çıxarıb bir hava çalır, saza bir divan tutur ki, axırda hər iki tərəfin gözü qızmış cavanlarının əl-qolu sustalıb yanlarına düşür. Beləcə, iki nəsil, iki kənd arasında baş verə biləcək düşmənçiliyin qarşısı alınır, barışıq baş tutur. Onda mənim bibim Gözəl həmin kənddə yaşayırdı, mən də onlara qonaq gəlmişdim. Yadımdadır ki, o vaxt bütün kənd bundan danışırdı, camaat Dədə Şəmşirin sazından, onun çaldığı havadan möcüzə kimi söz açırdı.
Dədə Şəmşirlə bağlı bizim el-obada belə hadisələr, əhvalatlar çoxdur. Mən eşitdiklərimdən, yadıma düşənlərdən yalnız birini sizə söylədim. O, həqiqətən müdrik el ağsaqqalı, əsl təəssübkeş idi. Allah ustada rəhmət eləsin!
Cəmilə İSBƏNDİYAROVA
Təzadlar.- 2011.- 19-22 fevral.- S.6.