Borc

 

(Novella)

 

(Əvvəli ötən saylarımızda)

 

...O, evə gəldi. Anası onun evə belə tez gəlməsindən təəccüblənib soruşdu:

- Nə əcəb bu gün belə tez gəlmisən?

O, bəhanəni artıq əvvəldən hazırlamışdı:

- Axşam bir evdə iş görməyə gedəcəm.

- Nə işdir ki?

- Bir az santexnika işi var. Bir tanış adam var, o, əlaqələndirib. Dedi ki, "hörmət"ini eləyəcək.

- Lap yaxşı, xeyirli olsun.

- Tikintidə işləyəndə geydiyim əlcəklər durur? Lomla işləyəcəm, əlcək lazım olacaq.

- Hara qoymusan, orda olar. Mən əlcək atmamışam.

O, tikintidə geydiyi qumlu-sementli, qurumuş, köhnə əlcəklərini tapdı. Bu, ona əslində lomla işləmək üçün yox, barmaq izlərinin düşməməsi üçün lazım idi. Evdən bir dənə də yastı formalı yeyə götürdü. Bu ona kilidli plastik qapını açmaq üçün lazım olacaqdı. Mağazanın barmaqlığında gördüyü çin qıfılından evdə də vardı. Bu qıfılı o, əsgərlikdə olarkən anası almışdı. O, hətta anasına bu qıfılın çox etibarsız olduğunu demiş və ondan istifadə etməməyi məsləhət görmüşdü. İndi həmin qıfılın açarı ona lazım olacaqdı.

O, hava qaralanda əlcəkləri, yeyəni və açarı ciblərinə qoyub evdən çıxdı. O, "girəcəyi" mağazanın bağlanmasını gözləməliydi. Deməli, hələ bir neçə saat şəhərin başqa yerlərində vaxt öldürməli idi. O, evdən gec də çıxa bilməzdi, axı anası şübhələnərdi. Zəif yağış başlamışdı və get-gedə güclənirdi. Əslində yağışlı hava da onun şansını artırırdı. Sanki bütün şərait, hətta təbiət də ona işləyirdi.

O, bir neçə saatı dükanlarda, dayanacaqlarda, marşrutlarda və pıyada gəzməkdə keçirdi. Pis hava şəraiti onun vecinə də deyildi. O, ən tezi saat 11-12 arası "iş"ə gedəcəyini düşünmüşdü. Həmin vaxt mağazanın bağlanmış olacağını və oranın "yiyəsizlik" olacağını ehtimal edirdi.

Saat 12-yə qalmış o, mağazanın yerləşdiyi küçəyə gəldi. Bütün obyektlər, o cümlədən "girmək" istədiyi mağaza bəlkə də çoxdan bağlanmışdı. Yağış davam edirdi. Yaxınlıqda heç kim yox idi. Mağazanın qabağında işıq yanırdı. O, əlcəkli əllərini gödəkcəsinin uzun qollarında gizlətmişdi. Başında idman papağı vardı. Mağazaya yaxınlaşıb bağlı qapının düz qarşısında üzü mağazaya doğru dayandı. ürəyi döyünməyə başladı. O, özünü mağazada işləyən şəxs kimi aparmalı idi. Açarı çıxarıb qıfıla saldı. Bu zaman arxadan ayaq səsləri eşitdi. Ürək döyüntüləri bir az da artdı. Lakin başını da döndərmədi. Sonra ayaq səslərinə iki qadın səsinin qarışdığını duydu və bu səs tədricən azalaraq itdi. Köndələn küçədən iki qadın keçib gedirmiş. O, bir az özünə gəldi. Açarı qıfılda oynatmağa başladı. Qıfıl açılmırdı. Əgər qıfıl açılmasaydı, heç nə alınmayacaqdı və o, qayıdıb evə gedəcək, başqa variantlar düşünəcəkdi. O, qıfılı daha möhkəm silkələməyə və dartmağa başladı. Nəhayət, açıldığını gördü. Dərhal qıfılı cibinə qoyub yeyəni çıxartdı. Yeyənin iti saplığını kilidin tuşundan qapının iki layının arasına saldı və onu var gücü ilə sola qanırıb irəliyə doğru itələdi. Plastik qapının elastikliyi hesabına əyilməsi layların biri-birindən aralanmasına və kilidin dilinin yuvasından çıxmasına kifayət etməli idi. Bu zaman qapının şüşəsi çatlaya və dükana "girildiyi" bilinə bilərdi. Əgər bu yolla qapı açılmasaydı, o, qapının lambirinlərini dağıdıb kilidi əli ilə içəridən açmalı olacaqdı və bu da dükana oğru girdiyinə heç kimdə şübhə qoymayacaqdı. Lakin qapı o düşündüyündən də asan açıldı. Çünki laylar arasındakı boşluq çox olduğundan və kilid bağlanarkən açar cəmi bir dövr fırladıldığından kilidin dili yuvaya az daxil olmuşdu.

O, içəri daxil olub kassa aparatına yaxınlaşdı. Siyirməni çəkdi. Mobil telefonunun işığı ilə daxıla baxdı. Burada o qədər də çox pul görünmürdü. Pərakəndə atılmış qəpikliklər, bir, beş və onmanatlıqlar vardı. Qıraqda isə yüz, əlli və iyirmiliklərdən ibarət bir pul dəstəsi gördü. Bu yəqin ki, min manat idi. O, əlcəkli əlləri ilə yalnız həmin pul dəstəsini götürüb içəridən çıxmağa tələsdi. Güclü ürək döyüntüləri davam edirdi. O, qapını açılmamışdan öncəki vəziyyətinə qaytarmalı idi. Bu, bir az çətin olsa da o, bunu bacardı. Yeyənin köməyi ilə kilidin çıxmış vəziyyətdə olan dilinin yuvaya girməsinə nail oldu. Barmaqlığın qıfılını bağlı vəziyyətə gətirməyi də bacardı. O, vaxt itirmədən, yeyin addımlarla yaxınlıqdakı marşrut dayanacağına doğru getdi. Əgər avtobus olmasaydı evə qədər olan təxminən 7-10 kilometrlik yolu piyada getməyi düşünürdü. Çünki taksi ilə getmək sonradan onun şübhəli şəxs kimi axtarılmasına şərait yarada bilərdi. O, bu əməlindən mümkün qədər heç bir iz qoymamağa çalışırdı. Həbs olunmaqdan qorxmasa da, hər halda, türməyə düşmək istəmirdi. Lakin hələ avtobuslar az da olsa işləyirdi. O, vaxt itirmədən dayanacaqda dayanmış avtobusa oturub onun tərpənməsini gözlədi.

Ömründə oğurluq etməmiş bir adam oğurluğu bəlkə də ən peşəkar oğrular səviyyəsində etmişdi. O, bu əməlində heç bir iz qoymadığını düşünürdü. Lakin kassa aparatının daxılına əlcəyindən qum-sement tozunun töküldüyü ağlına gəlmirdi. O, ən çox yaxınlıqdakı kafel-metlax mağazasına telefon nömrəsini və adını verdiyinə görə narahat idi. Bu, onun şübhəli şəxs kimi axtarılmasına imkan verə bilərdi.

O, saat birin yarısına az qalmış evə çatdı. Evə girəndə anası sevıncək dedi:

- Gəldin çıxdın? Nə oldu, işi qurtara bildin?

- Hə, qurtardım.

Anası bir az qımışaraq soruşdu:

- Nə oldu, bir şey oldu?

- Hə, əlli manat verdilər.

- Allah bərəkət versin.

O, yatağa girəndən sonra qəribə hisslər keçirirdi. Etdiyi əməlin bu qədər uğurlu sonuclandığına inana bilmirdi. Şükür edirdi. Amma buna haqqı vardımı? Axı o, günah əməl etmişdi.

 

***

 

O, səhər yerindən həmişəkindən xeyli gec qalxmışdı. Bu gün nə edəcəyini hələ dəqiqləşdirməmişdi. Anasından evə nə almaq lazım olduğunu soruşdu. Anası isə evə pul xərcləməyə tələsməməyi məsləhət gördü:

- Evə görə narahat olma, əlinə pul gələn kimi evə xərcləməyəcəksən ki. Hələ öz ehtiyaclarına, əyninə-başına sərf elə.

O, israr etmək istəyəndə mobil telefonuna zəng gəldi. Nömrə tanış deyildi. Bir az qorxdu. çölə çıxıb zəngə cavab verdi:

- Alo.

- Salaməleküm.

- Salaməleküm.

- Qaqaş, kafel dükanındandı ey, nömrəni vermişdin ki, fəhlə lazım olsa çağırarsan. İndi bura gələ bilərsən?

Onun ürəyi döyünməyə başladı. Ya onu həqiqətən işə çağırırdılar, ya da polis onu oğurluqda şübhəli şəxs kimi axtarırdı. Bəlkə onun barmaq izlərini götürəcəkdilər? İstənilən halda çağırışın səbəbini soruşmağın mənası yox idi. çünki onsuz da o, polis tərəfindən axtarılsaydı, bunu telefonda ona deyəsi deyildilər. Odur ki, zəng edən adama təxminən yarım saata orada olacağını dedi.

O, cəld üst geyimini geyib evdən çıxdı. Oğurluq pulu evdə qoymuşdu. Anası arxadan hara getdiyini soruşdu. O, geri burulub tələsik cavab verdi:

- Bir mağaza var, demişdim işçi lazım olsa çağırarsınız. İndi ordan çağırıblar. Mən də gedirəm, görüm...

- Lap yaxşı, uğurun xeyir olsun, get.

O, mağazaya çatanda mağaza yiyəsi içəridə idi. Ona salam verdi. Mağaza yiyəsi onu tanıdı və tez şərtləşməyə başladı:

- Hə, gəldin, qaqaş? Yəqin bilirsən dəə, işin nə olacaq, mal yükləyib-boşaltmaq...

Onun ürəyi sakitləşdi. Amma dünənki əməlinə görə peşman olmağa başladı.

Mağaza yiyəsi sözünə davam edirdi:

- Zəhmət haqqın da ki, gündəlik olacaq - 12 manat, "kliyent"lərə də nə işləsən özünündür. Yəni əlavə qazancın da olacaq. İstəyirsənsə, elə bu gün başlaya bilərsən.

Əlbəttə, istəyirdi. Bu, onunçün bu vəziyyətdə ən böyük müjdə idi. O, işin şərtləri ilə razılaşdığını və bu gündən işə başlaya biləcəyini dedikdən sonra mağaza yiyəsi əlavə etdi:

- Lap yaxşı. Amma sənə bir köhnə paltar lazım olacaq.

- Gedib evdən gətirərəm.

- Evin yaxındır? Nə qədər vaxta qayıda bilərsən?

- Uzaq başı bir saata gedib qayıdaram

- Onda get. Amma çalış gecikmə, çünki bir azdan mal gələsidir, boşaltmaq lazımdır.

O, evə tərəf yollandı. çox sevinirdi. Amma dünənki əməlinin peşmançılığı sevincinə xeyli mane olurdu. Bircə gün də səbr edə bilmədiyinə görə çox təəssüflənirdi. "Bəlkə bu bir imtahan imiş? Mən imanımı itirməməliydim", - deyə özünü çox qınayırdı. O, bu peşmançılıq hissini əməlinə görə Allahdan cəza kimi qəbul edirdi və Allaha imanı daha da güclənirdi. Amma qarşıda onu daha böyük vicdan əzabının gözlədiyini hələ bilmirdi. O, hələ bilmirdi ki, etdiyi əməlin cəzası kimi sadəcə peşmançılıq hissi azdır və onu qarşıda vicdanlı adamlar üçün ən böyük əzab olan vicdan əzabı gözləyir.

O, evə çatıb anasını da müjdələdi. Anası da çox sevindi. Evdən bir dəst kohnə paltar götürüb çıxdı. Mağazaya çatanda mal gətirmiş yük maşınının artıq mağazanın anbarının qarşısında dayandığını gördü. İçəri girəndə mağaza yiyəsinin yanında iş axtarmağa gələrkən gördüyü həmin arıq bədənli adamı gördü. Sən demə, həmin adam mağazaya işləyən yük maşınının sürücüsü imiş. Sürücü də maşından düşüb elə yenicə içəri girmişdi. Mağaza yiyəsi onun gəldiyini görən kimi içəridən anbara giriş qapısını göstərib dedi:

- Keç orda dəyiş paltarını. O biri dükandan bir nəfər də gələcək köməyə.

O, anbara keçib paltarını dəyişməyə başladı. Ara qapı açıq idi və mağaza yiyəsi ilə sürücünün söhbəti aydın eşidilirdi.

Sürücü mağaza yiyəsindən soruşdu:

- Təzə fəhlə götürmüsən?

- Hə.

- Bəs burda işləyən uşaqlar necə oldu? Özləri getdilər, yoxsa sən çıxatrdın.

- Mən çoxdan onları burdan uzaqlaşdırmaq istəyirdim. İşləyən uşaqlar deyildilər. İstədikləri vaxt çıxıb gedirdilər, tapılmırdılar. Qohum adam idilər, sərt də danışa bilmirdim. Amma elə çox vaxt qohumlar adamı pis vəziyyətdə qoyur. Gah deyirdilər ki, iş ağırdır, pulu az verirsən, gah deyirdilər, başqa işə gedəcəyik. Deyirdim, mən bundan artıq verə bilmərəm, qane eləmir, gedin. Öz aramızdır, gündə 12 manat az deyil də, subay uşaqlardılar, hələ ailə-uşaq dərdi çəkmirlər. Hələ gündəlik əlavələri də olurdu. Hamısı cəhənnəm ey, son vaxtlar dükandan oğurluq da eləyirdilər. Məndən gizlin mal da satırdılar, kassaya da "girirdilər". Neçə dəfə üstünə də çıxmışdım, xəbərdarlıq da eləmişdim, xeyri yox idi. Bu səhər də şərikimnən təzə açdığımız o "produkt" mağazasının satıcısı gəlib deyir ki, kassadan min manat yoxdur. Bildim ki, onların işidir...

O, bu sözləri eşidincə bir anlığa donub qaldı, sanki şoka düşdü. Son dəfə sevincdən döyünən ürəyi indi həyəcandan döyünməyə başladı. Söhbətin davamına diqqətlə qulaq asdı. Sürücü mağaza yiyəsindən soruşurdu:

- Min manatın olmadığını səhər görüblər?

- Hə.

- Axşam dükanı bağlayanda pul yerində imiş?

- Ona dəqiq baxmayıb. Mən baxdım, pul olan yerdə sement tozu, bir də əlcək qırıntısı vardı. Dünən əlcəklə sement boşaldan onlar olub. Özləri də axşama kimi ora girib-çıxırdılar, tez-tez "ştuçnu" siqaret götürürdülər. Yəqin elə orda əlcəyi çıxardıb pulu götürəndə tökülüb.

- Səndən əməlli başlı müstəntiq çıxar ki. Deməli, pulu gündüz götürüblər?

- Az yaşım yoxdur. Mən o yolları çoxdan keçmişəm. Nə bilim, bəlkə açarların üzünü çıxardıb gecə giriblər. Mağaza açılmamışdan açarlar onlarda çox olub. Amma hər halda, onların işidir.

- Bu gün gəlmişdilər?

- Bu səhər 11-in yarısı gəlib çıxıblar. Yəqin götür-dükləri pula o qədər yeyib-içiblər ki, "paxmel"dən ayıla bilməyiblər. Gecikməklərini də bəhanə eləyib acıqlı danışdım. Açıq üzlərinə vurmasam da, dolayısı ilə başa saldım ki, əliəyri adamlarla mən işləyə bilmərəm. Öz sözlərini götürdülər. Hələ mənə minnət də qoyurlar ki, onsuz da burda işləmək bizə sərf eləmirdi, çıxıb gedəcəkdik. Gərək onları çoxdan uzaqlaşdıraydım, özü də bilirdim ki, oğrudurlar. İndiyə qədər nə götürüblər, "haram xoşları" olsun.

O, artıq iş paltarını geyinib gözləyirdi. Mağaza yiyəsi bilmirdi ki, min manatın həqiqi oğrusu yanında dayanıb. Onlar çölə çıxdılar. Sürücü yük maşınının arxasını açıb malın boşaldılmalı olduğu yeri göstərdi. O, ikinci fəhlənin gəlməsini gözləmədən yükü boşaltmağa başladı. Ağır qutuları götürüb-qoymasına baxmayaraq, əzələlərinin ağrısını demək olar ki, hiss etmirdi. O, sanki yuxuda idi. Sürücü onunla ilkin tanışlıq söhbətinə başlamışdı. O, bu söhbətdə yalnız sürücünün suallarına qısa cavablar verirdi. Sürücü mağaza yiyəsinin "insan adam" olmasından da danışırdı, ona ağılla-başla işləməyi də məsləhət görürdü. O, bu sözləri eşitdikcə vicdan əzabı daha da artırdı.

Onu hələ uzun müddət vicdan əzabı rahat buraxmayacaqdı. Dükanından oğurluq etdiyi adam onu işə götürmüşdü, hətta, məhz öz oğurluq əməli onun işə götürülməsinə səbəb olmuşdu. üstəlik, onun bu əməlində haqsız təqsirləndirilərək işdən qovulan adamların yerinə işə götürülmüşdü. Bütün bunlar ona günah etdiyinə görə verilən "mükafat" idimi? O, özünü mağaza yiyəsinə çox borclu hiss edirdi və borcunu qaytarmaq istəyirdi. Amma necə qaytaracaqdı? O, hətta mağazaya ikinci fəhlənin tezliklə işə götürülməsini istəmirdi ki, iki nəfər yerinə işləsin və mağaza yiyəsinə borcunu bu yolla qaytaracağını düşünüb təskinlik tapsın.

 

***

 

Onun artıq işi vardı. Minimum maddi ehtiyacları - yemək və geymək ehtiyacı təmin olunmuşdu. Gəliri ona hətta başqa ehtiyaclarını da ödəməyə imkan verirdi. Oğurluğunun da üstü açılmayacaqdı, buna görə həbs olunmayacaqdı. Amma demək olmazdı ki, cinayəti cəzasız qalıb. O, türməyə düşsəydi bunu özü üçün cəza kimi qəbul etməyəcəkdi, çünki o, orda gündəlik yemək haqqı qazanacaqdı. O, oğurluqdan əvvəl özünü mənəvi cəhətdən məhz belə hazırlamışdı. O, türmə həyatını özü üçün cəza kimi yox, əksinə, "mükafat" kimi qəbul edəcəkdisə, deməli, əslində cəzasız qalacaqdı. Cinayət isə cəzasız qalmır, ən azı Tanrı tərəfindən. Sanki türmənin onun üçün əsl cəza olmayacağından Tanrı onun əməlini Onun üçün ən böyük əzab olan vicdan əzabı ilə qarşılamışdı. Sanki Tanrı özü onun oğurluqda ilişib və ya iz qoyub tutulmasını istəməmişdi ki, cəzasız qalmasın. O, bütün bunları özü də dərk etdikcə həddən artıq peşmançılıq və mənəvi əzab çəkirdi və imanı daha da güclənirdi.

Kim bilir, bəlkə də o, həbsə düşsəydi, heç də düzəlməyəcək, daha da pozulacaqdı, sonradan bir cinayətkara çevriləcəkdi? İndi isə o, o qədər peşman olmuşdu və o qədər vicdan əzabı çəkirdi ki, indən sonra heç vaxt oğurluq etməyəcəkdi, hətta acından ölsə belə! Bəlkə də Tanrı bu "dərs"lə həm də bir sevimli bəndəsini yolunu azmaqdan qorumuş və hidayət etmişdi...

 

 

Şirvani Ədilli

 

Təzadlar.- 2011.- 22-24 fevral.- S.12.