Seçilmişlər
Məni daha çox düşündürən anomal hadisələrdir. Elə hadisələr ki, onlar baş verir, amma elm hələlik onların izahını elmi əsaslarla aça bilmir. Yəni nə izah olunur, nə də inkar.
Yazının başlanğıcında Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun (Ağdamlı Fred ləqəbli Asifin) bəzi mənəvi keyfiyyətlərindən örnəklər verirəm.
İstər haqqında yazılan kitablarda, istərsə də video çəkilişlərdə hələ fiziki sağlığında böyük qardaşımız Asif özü deyirdi ki, ermənilərin açdığı "qrat-krisstal" atəşlərinin nəticəsində yayılan qəlpələr yanımdakılara dəyib, onları yaralayır, bəzilərini yerindəcə həlak edirdi. Amma çoxsaylı döyüşlərdə o qəlpələr, nədənsə, mənə dəymirdi. Sanki hansısa bir qüvvə ətrafıma gözəgörünməz və keçilməz zireh çəkmişdi.
Bu hadisənin izahını tam vermək məntiq xaricində olsa da, aydındır ki, Asifi Gizli Bir Əl qoruyurmuş..
İkinci hadisə.
Asifgil dağa çıxıb yüksəkliyi götürməli idi. Həmişə öndə gedən komandir Asif təngnəfəs olur və əynindəki ağır qara paltonu çıxarıb atır. Onun arxasınca gedən cəsur və sadiq dostu Adil Kəngərli isə dərhal paltonu götürüb geyinir. Döyüşçülər arasında yeganə qara paltolu olan Fred Asif erməni snayperinin hədəfində imiş. Atəş açılır, Fred Asifin əvəzinə Kəngərli Adil vurulur. Sual doğrur: Asifə təngnəfəslik səbəbi ilə paltosunu çıxarıb atdıran hansı Qüvvədir? Bunun cavabını istəkli oxucuların anlayış səviyyəsinə buraxaq.
Üçüncü hadisə.
Fred Asifi 42 yaşında 1994-cü il yayın göydən od yağan istisində II Şəhidlər Xiyabanında məzara endirilən anda səmada qəflətən ağ göyərçinlər peyda olur. çoxsaylı insanların göyə zillənmiş baxışlarının hüznlü heyrəti ilə məzar üzərində həmin göyərçinlər dəfələrlə dövrə vurub, gözdən itirlər.
Xristian aləmindəki "Əzizlərin bilgisindən" və islam dünyasının övliyalarının həyat hadisələrindən məlumdur ki, belə qeyri-adi olaylar Allah dostlarının məzara enən anlarında baş verən hadisələr sırasındadır.
Dördüncü hadisə.
Müharibədən əvvəl Asif Ağdamda bir yerə gəlib görür ki, kökü 1, budaqları 2 olan tut ağacının arasına bir kubik daşını pərçim ediblər. Həmin kubik daşı illərcə ağacı elə bölüb ki, hər 2 budaq yöndəmsiz halda yerə yaxın sallanırmış. Asif qayıdıb lazımi alət və qayışlar götürərək yenidən ağacın yanına gəlir. Saatlarla ehtiyatla əlindəki alətlə kubiki oya-oya xırda hissələrə bölərək ağacın içindən çıxarıb, yaranan boşluğa palçıq tökür. Sonra yerə dirək basdırıb hər iki budağı qalın qayışla dirəyə bağlayaraq, tut ağacını yuxarı qaldırır. Alar, illər keçdikcə Asif ağaca baş çəkir, böyüməsinə xüsusi qayğı göstərir. Təbii ki, illər keçdikcə ağacın əlavə budaqları da artıb, şaxələnir və tut ağacı öz çətirində böyük kölgəlik yaradır. Asif də kölgəliyə görə ağacın altında oturacaq düzəldir.
İsti yay günlərinin birində Asifin yolu həmin ağacın yanından düşür. Oturacaqda dincini alan bu həssas qəlbli insan qeyri-adi hadisənin şahidi olur. Nəinki küləyin, hətta mehin də olmadığı anda tut ağacının bir budağı Asifin üzərinə əsintilər gətirir.
Burda zaman və məkanüstü fövqalədəlik ondadır ki, ağacın məhz bir budağı meh gətirir, başqa budaqların isə heç yarpaqları da tərpənmir. Bu qeyri-adiliyə Asif özü dəfələrlə şahid olur. Sonralar isə bu hadisəyə Asifin 100-ə qədər dost tanışları şahidlik edib, heyrətlənirlər.
Bu hadisəyə məntiqlə izah vermək mümkünsüzdür. Sadəcə, onu deyim ki, Fred Asif 18 yaşında böyük haqsızlığa məruz qalıb. Həyatının sonrakı 24 ili ərzində isə Asif Yusif oğlu mənəvi nemətlərlə lütfləndirilib, xüsusi seçilən insanlardan olub. Asif haqqında əruzla divan əsəri yazan müəllif kimi əminəm ki, onun böyüklüyünü Milli Qəhrəmanlığında deyil, məhz Seçilmiş İnsanlardan olmağında aramaq doğrudur. Bu arayışlar isə uzun sürəcək. Çünki onun haqqında hələ açılmamış hadisələr, hikmətlər, ibrətlər yetərincə çoxdur. Oxuya bilənə isə hər şey bir kitabdır.
Sıralarında böyük qardaşımız Fred Asif olmaqla bütün şəhidlərimizin, qəhrəmanlarımızın mübarək ruhlarına sayğılarla:
Nizami Heydər
Təzadlar.- 2011.- 22-24 fevral.- S.13.