Müasir muğam
ifaçılığının Arif Babayev zirvəsi
(Əvvəli ötən saylarda)
...Arif Babayev təkcə xanəndəliyi, xalq mahnıları, muğam ifaçılığında fərqlənib seçilməyi ilə bərabər, həm də layiqli bir pedaqoq olub. Bu barədə öncə bəhs etdim. Ancaq Arif Babayev həm də dövlətin çox ciddi qayğısını görüb, onun əməyinin qiymətləndirilməsini, yüksək ordenlərlə təltifini demək olar ki, hamı bilir. Bu ad, bu mükafatlar dünyanın 60-dan çox ölkəsində əfsanəvi muğam ifaçılığı ilə tamaşaçıları ovsunlayan Arif İmran oğlu Babayev bəzi ölkələrdə 2-3 dəfə olub. Bütün bunlarla yanaşı, Arif Babayev 30-dan çox gözəl mahnı bəstələyib. Başın bir daha uca olsun, Arif müəllim, harda olmusansa, bütün Azərbaycana, o cümlədən doğma Qarabağa fəxarət və başucalığı gətirmisən. Dünyada Ariflər çoxdur, lakin Arif böyüklüyü, Arif ləyaqəti, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən, ifaçılıqda təkkəbürlüyə, özündən razılığa yol verməyən Arif Babayev bu gün yeganə şəxsiyyətdir.
Arif Babayev bütün bunlarla bərabər, çox xeyirxah, mərhəmətli, darda qalanı dardan çıxaran, ehtiyacı olana əl uzadan, elinin-obasının, dostların və tanışların xeyrində-şərində iştirak edən bir ziyalıdır. Elinin-obasının dərdi ilə kədərlənir, sevincini onların sevinci ilə bölüşür. Ağdamdan onlarla ziyalı, alim, mütəfəkkir, müğənni, ifaçı saymaq olar, ancaq onların bir qismi Xudu Məmmədov, Famil Mehdi, Rafiq Əliyev, İxtiyar Bəxtiyarov, Arif Babayev, Süleyman Zeynalov, Bəxtiyar Həmzə oğlu, jurnalist Telman Qarayev və başqaları kimi irəli durub ağdamlıların dar günlərində onların səsinə səs vermədilər. İnsan fəal qüvvədir, insan yaradıcı olduğu, həm də bir-birinə dayaq olduğu üçün insandır. Mirzə Səməndər və onun kimilərinin ziyalı mövqeyi çoxdan ifşa olunub, amma heyif ki, hələ də Mirzə Səməndərlər var, "...canım, mənim nə işimə qalıb, istəyir dünya dağılsın, mən dərsimi deyib məvacibimi alıram, Allaha min şükür edirəm". Bu gün 2-3 ali məktəb bitirib diplomlarını sandıqda saxlayan, lakin heç yerdə işləməyənlər çoxdur, biz onlara ziyalı demirik, ziyalı həmişə mənsub olduğu xalqın içində yaşayır, onun ciyərləri ilə nəfəs alan, dar gündə sözü, işi ilə onlara dayaq olanlardır...
Bu gün bizim bir dərdimiz var - Qarabağ dərdi. Bu gün bizim yer üzündə bir düşmənimiz var - ermənilər. Biz Qarabağı ermənisiz Qarabağ etməliyik.
Dünyanın hər hansı bir guşəsindən Qarabağa gələnlər bu yerləri behiştin mərkəzi adlandırırlar, xüsusilə Şuşa, Turşsu, Saxsağanlı, insan bu yerlərdən ayrıla bilmir. Professor Bahadur Eyvazov Şuşanı havasına və suyuna görə dünyanın ən tanınmış sanatoriyası olan Davosdan daha üstün tuturdu. Yeri gəlmişkən, məşhur müğənni, dünyasını tez dəyişən, özü çalan, musiqisini və sözlərini çox zaman özü yaradan Qulu Əsgərov bir yay günündə Ağdama gəlir, Arif Babayevin qonağı olur. Arif Babayev qonaq getməyi də sevən adamdır, qonaq çağırmağı da. Ancaq deyirlər ki, Arif müəllim ikincini birincidən üstün tutur. O vaxtlar Arif Babayev öz doğma kəndləri Sarhacılıda şair-publisist, filologiya elmləri doktoru Famil Mehdi ilə çox dost idi və hər ikisi təmtəraqlı evlər tikdirmişdilər. Adam baxanda gözəlliyinə, memarlığına heyranlığını gizlədə bilmirdi. Bəli, Qulu Əsgərov öz həmkarı Arifin evini öz evi kimi hiss edirdi. Arifin onlarla dostu, necə deyərlər, Koroğlu kimi vurğunları vardı. Onlar tez xəbər tuturlar, səhəri günü Abdal-Gülablı tərəflərə çıxırlar, hələ erkən "Damcı bulaq" başında heyvan kəsib hazırlıq görən uşaqlar da Qulu müəllimi böyük hörmət və ehtiramla qarşılayırlar, otururlar, buz bulaqlardan içib, quzu kababından ləzzət alırlar. Eyvazalılar meşəsinə üz tuturlar, Abdal-Gülablının məşhur bağbanlarının neçə illər əvvəl salınan meşənin lap dərinliyindən cır alma, armud, gilas ağaclarına vurduqları calaqların meyvəsindən dərirlər, kef, nə kef...
Səhəri gün uşaqlar bu hörmətli kişiləri Şuşaya aparırlar, Səhər-səhər Cıdır düzünə çıxırlar. Qız-gəlin, yaşlı adamlar Cıdır düzündə hava qəbul edirlər. Birdən Qulu müəllim köynəyinin yaxasını dartıb açaraq, "ayə, ay mənim əzizlərim, qoymayırsınız bu havadan bir qurtum alıb Salyana aparım, hay?" - deyir.
Arif Babayev xoşbəxt sənətkardır, onun şəxsiyyəti ilə sənəti üst-üstə düşür. Ulu Tanrı ona uca boy, enli kürək, azərbaycanlı kişilərə məxsus görkəm verib. Məncə, vətəndaşlıq mövqeyi baxımından müğənnilik bəlkə də vasitədir, bəlkə də Arif Babayev müğənni olmasaydı, xalqına bu qədər yaxın olmazdı, xalqı da Arifi ürəkdən sevməzdi. Həyatda çox müğənnilər olub, özləri də yaradıcı, istedadlı, amma onlar doğma xalqdan ayrı düşüb. Arif Babayev özünü xalqına, elinə-obasına fəda edən vətəndaş müğənnidir. Bakıda, Sumqayıtda, Quzanlıda yaşayan ağdamlılarla Arif Babayev daim əlaqə saxlayır, xəbər tutur, çoxlarının xeyir-şər mərasimlərində iştirak edir...
Deyirlər, insanlar çaylara bənzəyir, dağların sinəsində qaynayan bulaqlar axır, axır, qayalardan süzülür, dərələrdən keçib çay olur, nəriltisi, gurultusu bir köçlüyə yayılır, düzənliyə çıxanda bir qədər toxdayır, bəzən də qollara ayrılır, sulu göllərin, geniş səhraların qoynundan keçə bilmir, batıb qalır qumlar arasında. Ancaq elə çay da var ki, onların mənbəyi çox güclüdür, qayalardan süzülür, dərinlərdən, odlu səhraların qoynundan keçərək dəryalarla qovuşur, istəyinə, arzusuna çatır, bax elə Arif Babayev çayı da belə çay idi, bu çayın mənbəyi isə doğma Qarabağdır.
- Arif müəllim, yəqin ki, "Xarı bülbül" beynəlxalq musiqi festivalını yaxşı xatırlayırsınız, onda festival iştirakçıları Ağdamda da oldular, onları Abdal-Gülablı sağlamlıq mərkəzinə də dəvət etdilər. Onda mən, Knyaz Quliyev, teatrşünas Yelmar Qasımov, Sabir Rəhimov və Ağdamın xeyli ziyalı qrupu ilə oradaydıq, biz yaranmış bir məqamdan istifadə edib Sara xanım Qədimova ilə də görüşdük.
O zaman sizinlə belə bir
söhbətimiz oldu.
- Arif müəllim, məni
bir şey maraqlandırır, sizdəki nəciblik,
danışanda etikanı gözləmək, az
danışmaq, daha çox eşitmək,
başqalarını dinləmək mədəniyyətiniz belə
bir sual doğurur: əgər siz xanəndə
olmasaydınız hansı sənəti seçərdiniz?
- Vallah, nə deyim,
gözümü açandan Sarhacılının geniş
çöllərində dərsdən sonra öz
quzularımı otarmışam, hərdən xalq
mahnıları oxuyurdum, tay-tuşlarım başıma
yığışıb səsimi yaxşı qiymətləndirirdilər,
orda-burda çıxış etdim, o qədər əl
çalıb alqışladılar ki, başqa peşə barədə
fikirləşmədim.
- Arif müəllim, elə
anların olubmu ki, yaranmış vəziyyətə doğru
açılan yoldan qayıtmısan?
- Vallah, desəm ki,
olmayıb, doğru olmaz. Mən müğənni, aktyor olsam
da, həm də bir insanam, başqalarının başına
gələnlər mənim də başıma gəlib, amma
yanlış addım atmamışam, rəhmətlik atam
çox oxumasa da, amma baxıram ki, ağıllı
kişiymiş, mənə hey deyirdi: "Oğul, insan
dünyada hər şeylə qarşılaşa bilər, amma
gərək tamahını dişi ilə sıxıb saxlaya
bilsin, indi artıq beş kişinin birisən, səni hörmətə,
izzətə mindirən bir səbəb varsa o da sənin
kişi kimi oturub-durmağındır".
- Arif müəllim, onlarla
ölkədə olmusunuz, harada olmusunuzsa, böyük təmtəraqla
qarşılanmısınız, hörmət-izzətlə də
vətənə dönmüsünüz. Bunun sirrini nədə
görürsünüz?
- Burada bir neçə tərəf
var; ilk növbədə, peşəkarlıq, indi dünyada
lal, kar adam yoxdur, hamı musiqinin ahəngini tutur və onu qiymətləndirir;
ikinci tərəfdən, tamaşaçı hay-küy,
süni təmtəraq sevmir, harada olmuşamsa Azərbaycan
xalqının tamaşaçısını qarşımda
görmüşəm, mahnılara və muğamlara çox
həssaslıqla yanaşmışam, muğam
ifaçılığında adi geyim formamı da dəyişməmişəm,
necə varam, elə də görünmüşəm. Mən
Azərbaycan xalqının oğluyam, amma Ağdamda
doğulmuşam! Bunlar da şərtdi, kişi doğulduğu
yeri, məkanı unutmaz, o ki Ağdam ola!
Bir dəfə yaxın
rayonların birinə 2-3 günlük istirahətə
getmişdim. Bir gün eşitdim ki, Bakıdan konsert
truppası gəlib, ən məşhur xanəndələr,
vokalçılar. Bulaq başında əyləşmişdik,
iki nəfər yaşlı kişi də gəldi, əllərini
yuyub su içəndə kənarda oturanlardan biri:
- Dadaş dayı, bu
axşam konsertə gedəcəksənmi?
- Nə konsert, ay oğul?
- Bakıdan gəliblər.
- Bəs qoyunları kimə
tapşırım, - sonra nə düşündüsə, -
o qarabağlı oğlu oxuyacaqmı, Arifi deyirəm, o
kişi oxusa, gedərəm, qoyun necə olursa-olsun!
- Görəsən, bu
gün Azərbaycanda nə qədər müğənni var?
Arif müəlim
gülümsədi:
- Nə qədər çox
olursa-olsun! Dəvələrin belə bir təbiəti var, adətən,
dəvəni xıxırdıb, yəni oturdub sonra yük
vururlar, elə ki dəvə bu yükü qaldıra bildi, onda
lap yaxşı, deməli, dəvə yükü mənzilbaşına
aparacaq, yox, əgər dəvə həmin yükü
qaldıra bilməsə, deməli, yük ağırdır,
onu yüngülləşdirmək lazımdır.
Oxuyanların çoxu cavandır, hələ ki orda-burda
görünürlər, vaxt gələcək onlar hər
şeyi anlayacaq və ikinci sənət arxasınca gedəcəklər,
yaxşı olar ki, tez ayılsınlar.
***
UIu Tanrı Arif müəllimə
çox gözəl, yumşaq, məlahətli bir səs
verib, eşidənlər düşünürlər ki, bu səslə
"Şur", "Mahuri-hindi", "Segah",
"Rast" muğamları daha yaxşı mayalanır,
onların zili də, bəmi də Arifin səsində
çox doğmadır. "Segah"da sanki Arif müəllim
Qarabağ döyüşlərində həlak olanların
arasında oturub ağı deyir. Onun insanların qəlbini
kövrəldən və arabir yüksələn fəryadına
dözmək nə qədər də çətindir. Yaxşı
ki, "Şur" varmış, yaxşı ki,
"Şur"un "Simayi Şəms"i varmış,
burada sanki başqa bir Arif qalib pəhləvanlar kimi qalibiyyətin
bayrağını qaldırır, insanları vəcdə gətirir.
"Qarabağ şikəstəsi", "Heyratı" zərb
muğamları Arif müəllimin ifasında daha doğma, daha
yapışıqlı və həm də yanıqlı
görünür, başqa muğam və xalq
mahnılarında da belədir.
Bu uğurlar təkcə səsin
payıdır desək, doğru olmaz. Ulu Tanrı Arif müəllimə
daha başqa iradi keyfiyyətlər verib, ağıl verib, kamal
verib, səsi olub, ağlı özünü gizləməyən
xanəndələr keçmişdə də olub, indi də
var, gələcəkdə də olacaq, amma inana bilmirəm ki,
ağlı özünü idarə edə bilməyən
müğənni yüksək bir zirvəyə
çatsın. Böyük Nizami demişkən:
İnsana arxadır onun
kamalı,
Ağıldır hər kəsin
dövləti, varı.
Arif Babayev hərdən
Sumqayıt şəhərinə də gəlir,
dost-tanış məclislərində iştirak edir. Bir dəfə
də həmyerlimiz skripkaçı Kazbekin vəfatını
eşidib gəlmişdi xalq artisti Canəli Əkbərovla.
Yas mərasimi bizim yaşadığımız məhəllədə
idi. Həyətdə oturacaqlar, stollar qoyulmuşdu. Arif müəllimin
başına çox adam toplaşmışdı, məni
görən kimi ayara qalxdı, görüşdük,
yanında yer elədi, şirin söhbətlər davam edirdi.
Canəli Əkbərov atası Xanəli ilə (o da
adlı-sanlı bir xanəndə olub) Xan Şuşinskinin
dostluğundan danışırdı. Söhbətdən bir
az sonra Arif müəllimi və onun dostlarını evə
qonaq dəvət etdim.
- Bax budur evimiz,
üçüncü mərtəbədə şüşəbəndli
balkon, gedək, rahatlanın, o tərəflərdən - Tərtər
tərəfdən kəklikotu gətiriblər, yaxşı
bir çay dəmləsinlər.
Arif müəllim təşəkkür
etdi:
- Xanış müəllim,
çox yaxşı bilirsiniz ki, Qarabağda yas mərasiminə
gələndə başqa yerə getməyi irad sayıblar,
ikincisi də, Qarabağ adətidir, süfrəyə ilk dəfə
çay gələr, sonra da aləm olar...
- Orası düzdür, Arif
müəllim, axı bura Ağdam deyil, bununla belə,
heç bunun özü də qəbahət
sayılmamalıdır. Mən Ağdamda çox
görmüşəm, uzaq rayonlardan yas mərasiminə gələnlər
üçün bəzən otaq ayrılardı. İlk
növbədə, onların rahatlığı təmin
edilirdi.
Bu vaxt Sumqayıt şəhərindəki
musiqi kollecinin direktoru Rasim Quliyev söhbətə qarışdı:
- Vallah, bir saatdır təkid
edirəm, yola gətirə bilmirəm...
Söhbətin istiqaməti dəyişdi,
ordan-burdan kiçik atmacalar, xanəndələrin həyatından
xatirələrə baş vuruldu, mən vəziyyətdən
istifadə edib Arif müəllimə:
- Arif müəllim, bu
gün siz belə şanlı-söhrəti bir zirvəyə
yüksəlməniz üçün kimlərə minnətdarsınız,
kimləri daha çox xatırlayırsınız?
- İlk növbədə, məni
yaradan, mənə tükənmək bilməyən bu qiymətli
səs sərvəti verən Ulu Tanrıya, sonra da atama, anama
minnətdaram! Xanış müəllim, siz bizim Sarhacılı
kəndini yaxşı tanıyırsınız, yaxşı
oxuyanlardan ən çox tanınan, xalq artisti, sizin ən
çox sevimli şagirdiniz Aygün Bayramovanı, Tacir
Şahmalıoğlunu, gözəl tarzən, hərbi
podpolkovnik Kazım Quliyevi, daha kimləri deyim, onların
ortalığa çıxmasında sizin də az-çox xidmətiniz
olub. Odur ki, bir minnətdarlığım da səsimi qiymətləndirən,
mənə bitib tükənməyən hörmət gətirən
xalqıma minnətdaram. Mərhum prezidentimiz Heydər Əliyevə,
onun siyasətini cəsarətlə davam etdirən prezidentimiz
İlham Əliyevə, neçə-neçə onilliklərdə
tərki-vətən kimi dolaşan Azərbaycanın muğam
ifaçıları üçün çox böyük bir
iş gördüyünə görə millət vəkili,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
minnətdaram.
- Arif müəllim, orta məktəb
müəllimlərindən kimləri daha çox xatırlayırsınız?
- O vaxtlardan əlli il
keçməsinə baxmayaraq, çoxlarını
xatırlayıram, məktəbin direktoru öz kəndçimiz
idi, Daşkəsəndə raykomun birinci katibi, Ağdamda
icraiyyə komitəsinin sədri işləyən Şahmar Kərimov
idi, Əfqan Mikayılov, Xürrəm Quliyev, Zülfüqar Səfərəliyev,
Hacı Hacızadə.
Axırıncı müəllimin
adını deyəndə Arif müəllimin dodağı bir
balaca qaçdı. Mən də Hacı müəllimi
yaxşı tanıyırdım. Ağdamda xalq hakimi, sonralar Kənd
Təsərrüfatı Texnikumunun direktoru olmuşdu. Çox
düz və həm də sərt müəllim idi. Yüksək
vəzifələrdə işləyən Hacı müəllim
qəza vəziyyətində olan dövlət binasında
yaşayırdı, amma bir balaca əlini "əysəydi",
bəlkə də böyük bir imarətdə
yaşayardı. Amma indi müəllim idi, sıravi müəllim.
Arifin fizika müəllimi Arif müəllimlə paralel sinifdə
oxuyan Əsgər Qurbanov mənə söylədi. Əllinci
illərin axırları Arifin şanlı-şöhrətli
günlərinə yol açıldı.
Toylara getmirdi, ad günlərinə,
dost-tanış məclislərinə, Şuşaya,
Turşsuya aparırdılar. Onda əsas minik
maşınları "Moskviç", "Qaz-21" idi.
Bir də baxırdıq ki, məktəbin doqqazında bir
neçə maşın durub Arifi gözləyirlər.
Atası İmran kişi də bir neçə dəfə məktəbə
gəlib ki, heç kəs Arifə dərsdən icazə verməsin.
Amma Arifin arxasınca mötəbər vəzifədə
işləyən adamların oğlanları gəlirdi. Bir dəfə
Şahmar müəllimdən icazə alırdılar, bir dəfə
direktor müavinindən, bir dəfə Zülfüqar müəllimə
üz tuturdular. Lakin iş bununla bitmirdi, növbəti gün
Arifin yolunu yenə gözləyirdilər. Bu dəfə də
Arif heç kəsə heç nə demədən aradan
çıxırdı. Çox vaxt belə hadisələr
Hacı müəllimin fizika dərsinə təsadüf
edirdi. Hacı müəllim bu hərəkətin ona yad
olduğunu bildirir, irad tutur, qiymətini endirir. Ancaq, insafən,
Hacı müəllim indi olmasın, onu çox istəyirdi, səsinin
vurğunu idi. Amma Hacı müəllim də bir Hacı
müəllim idi, dinəndə deyirdi, - ay Arif, ay oğul,
fizika dərsi də mənim səsimdir, mülkümdür, sənin
kimi mən də onu çox istəyirəm...
Ancaq bununla iş bitsəydi
nə vardı ki, amma bir dəfə Arifi möhkəm
sıxdı.
- Bax, sənə bir
sualım var, ancaq gərək kişi kimi cavab verəsən, əgər
cavabın məni qane etsə, sənə qiymət verəcəyəm,
yox, qane, təmin etməsə məndən qiymət gözləmə,
- deyə Hacı müəllim yazı taxtasına tərəf
döndü. Ortadan düz bir xətt çəkdi, sol tərəfdə
yazdı:
APİ Musiqi texnkumu
ADU Musiqi Konservatoriyası
Politexnik İnstitutu Asəf
Zeynallı adına musiqi məktəbi
Xalq Təsərrüfatı
İnstitutu Bülbül adına musiqi məktəbi
Sonra Arifi ayağa
qaldırıb soruşdu:
- Bax, bunlardan hansında
oxumaq istəyirsən, birinci sıradakılarda, yoxsa ikincidəkilərdə?
Arif də heç fikirləşmədən,
- ikinci sıradakılarda, - deyə cavab verdi. Bundan sonra
Hacı müəllim onun bütün qaiblərini düzəltdi,
ara-bərəyə müsbət qiymətlər atdı. Sən
demə, Hacı müəllimin narahatlığı Arifin ali
məktəbdə fizikadan imtahan verməsi imiş...
***
Bizim hamımızı
yaradan Ulu Tanrıdır. Arif müəllim, siz Tanrının
xoş günündə dünyaya gəlmisiniz. Muğam, xalq
mahnıları taleyinizə yazılıb. Məcnun, Kərəm,
Şah İsmayıl və digər ədəbi qəhrəmanlar
sizin səsinizdə ən yüksək zirvəyə
çatıb. Bu yolda sıxıntılarınız da olub,
daşlı-kəsəkli yollardan keçmisiniz, çətinlikləri
dözümünüzlə dəf etmisiniz...
Azərbaycanda ilk dəfə
siz - Arif Babayev ali təhsil ocağında - Ü.Hacıbəyov
adına Milli Konservatoriyada ilk dəfə muğam
kafedrasını yaratdınız, orada sizə professor adı
verildi və həmin kafedranın müdiri kimi şərəfli
vəzifə də sizə verildi. Bu gün sizdən dərs
alan və Azərbaycanda çox böyük hörmətlə
qarşılanan Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə
İsmayılova, Aygün Bayramova, Səbuhi İbayev, Feyruz Səxavət
və digərləri dövlətin fəxri adlarına layiq görülsələr
də Arif Babayev indi də onların ən sevimli ustadı
olaraq qalır.
Hər yerdə böyük
hörmətlə qarşılanan Arif Babayevin üzünə
bu gün də bütün azərbaycanlıların
qapıları açıqdır.
Bu sətirləri qələmə
alanda qarşımda bir tablo canlandı. Ucaboylu Arif Babayevin
özü boyda rəngli portreti: bir sinəsində şərəf
ordeni, o biri sinəsində isə Azərbaycanın ən
yüksək "İstiqlal" ordeni, Arif müəllimin
qarşısında Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev, arxasında isə böyük xalq
dayanmışdı. Bu, dünyanın çox az sənətkarına
nəsib olan xoşbəxtlikdir. Deyirlər, xoşbəxtliyin
zirvəsi görünmür, amma biz görürük. Bu
gün Arif Babayevin adı klassik muğam
ifaçılarımızla - Cabbar Qaryardıoğlu, Seyid
Şuşiniski, Xan Şuşiniski ilə bir sıradadır.
Deyirlər, bu dünyada
mütləq xoşbəxtlik yoxdu. Sadə adamın da,
şahların və hökmdarların da az-çox özlərinə
məxsus dərdi olur. Arif Babayevin də dərdi,
qayğıları ürəyindən asılan daş
Qarabağdı. Sizə bir daha deyirəm: Allah
adamısınız. Allah verdiyini almır, siz Ağdamı
görəcəksiniz...
Xanış Məmmədov,
"Qızıl Qələm" mükafatı
laureatı
Təzadlar.- 2011.- 22-24 fevral.- S.11.