Parisdə musiqimizin matqoyma gedişi...

 

"Hər bir xalqın borcu - bütün dünyada öz milli mahiyyətini ifadə edə bilməkdir.

Dünyaya heç bir şey bəxş etməmək millət üçün elə bir cinayətidir ki, bu ölümdən də pisdir. Və heç vaxt bəşəriyyət tarixi tərəfindən bağışlanmır. Millət özündə ən gözəl nə varsa, onu bəşəriyyətin malı etməlidir."

 

Robirdranat Taqor

 

Soyuq savaşdan sonra yeni dünya düzənini mədəniyyətlərin savaşı təyin edəcək. Alimlər dünyanın 8 mədəniyətini məqbul sayır. 1. Qərb, 2. Latın Amerikası, 3. Hind, 4. çin, 5. Yanon, 6. Zənci, 7. Slavyan, 8. Türk-İslam.

Kültür - bir cəmiyyətin dil, tərbiyə, adət və sənət kimi duyğularından doğan, işlədilərək toplumun həyat tərzi halına gələn təməl, özünütanıma özəlliyi ilə mədəniyyətin var etdiyi bir zəmindir.

Mədəniyyət isə insanların maddi-mənəvi inkişafını təmin edən, qabiliyyətlərin formalaşmasına xidmət edən böyük mexanizmdir. O, könül dərinliyi ilə başqalarına da həyat haqqı tanıdıb, onları da qəbul etməkdir. Mədəniyyətin dəyəri insanlığın maddi-mənəvi inkişafını saxlaması ilə ölçülür. İnkişafın maddi yönünü təmin edən iqtisadi, elmi, siyasi prinsiplərlə, bunların ruhi hökmündə olan gözəl əxlaq, haqq, fəzilət, irfan hissləri də öz mövcudluğunda ruhların təkamülünə şərait yaratimaqla mədəniyyəti yüksəldə bilir.

Kültür - mədəniyyətə zəmin hazırlayır. Mədəniyyət də kültürü uca saxlayır. Mədəniyyətlə kültürü bir-birindən ayırmaq, hər ikisini də inkar etmək anlamına gələr. ümumxalq mədəniyyəti - kültürü, kodlaşmış, inanc və dəyərlərə zərərli, sünicəsinə qəbul edilən kütlə "kültüründən-mədəniyyətindən" fərqlidir. Milli kültür və mədəniyyətə sıx bağlanma əsasdır. Bu əsaslıq dərin, özəlliyə, milli kökə, fitriliyə, şərqli qəlbinə bağlılıqdadır. Mədəniyyətin bütün sahələrində olduğu kimi, musiqidə də "özə" bağlılıq şüuru öz üstünlüyüni həmişə hiss etdirməlidir. Başqa kültür və mədəniyyət təmasları labüddür. Amma indiki kültür və mədəniyyət imperializmində özünəxaslığımıza xələl gətirəcək hallardan qorunmaq daha labüddür.

Musiqi duyğu və düşüncələri səslərlə anlatma və ya səsi nizamlı, estetik məqsədlərə uyğun formada işlətmə sənətidir. Musiqiyə səsləri qulağa, ruha xoş gələcək şəkildə çatdıran sənət kimi də baxıblar. Qəzzaliyə görə, əsl, təbii musiqi İlahi Birliyə dəvət edən ülvi səslərdir.

Orta çağ Avropasında ruhi xəstələr (içlərində şeytan var damğası ilə) diri-diri yandırılarkən Osmanlı İmperatorluğunda, Ədirnədə musiqi ilə Daruş-Şəfa adında özəl xəstəxanada müalicələr aparılıb. Musiqi səsi ruha müsbət təsirilə birgə, sosial münasibətləri də gücləndirir, zehni qabliyyətləri, özünəgüvənc duyğularını möhkəmləndirir.

Azərbaycan musiqiçilərinin Fransa səfərindəki çıxışını AzTV və "Mədəniyyət" telekanalından izlədim. Təbii ki, həmin çıxışların təşkilində Heydər Əliyev Fonudunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri inkar edilməzdir. Tərif deyil, bu haqqdır ki, Mehriban xanım varlığında ictimai vicdanı, xalqın səsini təcəssüm etdirən insandır. Yaxşılığı yaxşılıqla alqışlayarlar.

 

Gözəl proqram, əla tərtibat

 

Mükəmməl bir sənət, o sənətin ustadının da mükəmməl bir istedad qabiliyyətinə sahib olduğuna işarədir. İstedaddakı mükəmməllik isə o ustadın fitrətindəki yüksəkliyə, mahiyyətindəki ucalığa inkar qəbul etməyən dəlillərdən sayıla bilər. Gözəl ölçülü, intizamlı və mükəmməl sənət gözəl proqrama əsaslanır. Mükəmməl və gözəl proqram isə mükəmməl və gözəl elmə, zövqə, ruhi qabiliyyətə istinad edir. Yəni ruhun gözəlliyi elm, zövq vasitəsilə sənətdə təzahür edir. Sevgidə ruhların şəfası - dəvası var. Sevginin qaynağında mükəmməllik varsa, başqa bir əsas aramağa ehtiyac olmur. Musiqiçilərimizin Fransadakı çıxışındakı proqramda böyük və əsl sevgi mövcud idi. çıxışlarda zamanın, ifa vaxtının nə qədər çəkəcəyinin dəqiqliklə öncədən nəzərə alınması da proqramın - tərtibatın tərkib hissəsində xüsusi önəm daşıdı.

Sənət xalq üçün, bəşər üçündür. Məqsəd insanlara xidmətdir. Müqəddəs dəyərlərə sayğını uca saxlayıb, sevib, sevdirməkdir, yaşatmaqdır.

İfaların söz, musiqi axımında gecikmə, dayanma, tərəddüd yox idi. Musiqi qabiliyyətinin onda biri duyumla təsirlənmə, onda doqquzu çalışqanlıqdır. Bu çalışqanlıq ifaçılarımızın çıxışına yüksək keyfiyyətlər və xüsusi canlılıq bəxş etdi. Bu da onu göstərir ki, hər bir ifaçıda özünə güclü inam vardı. Bu inamdakı profesionallıq da təbii ki, təsdiq olunmalı idi. Əslində musiqiçilərimizin Paris çıxışı yalnız musiqiyə xidmət deyil, vətənə, xalqımıza, dövlətimizə xidmətin yeni bir gösləricisi idi. Bu göstəricinin, təzahürün yaradıcısı, öncülü isə məhz Mehriban xanım idi.

 

Qəlb gözlərin təsiri altındadır

 

Hər çıxışa uyğun ifa tərzi fərqli orijinallığı ilə heyranlıq yaradırdı. Dinləyicilərin üzərində, nəzərində unudulmaz təəssürat izləri buraxılmasını gerçəkləşdirən ifaçılar, müsiqiçilər səmimi olduqları qədər də səmimiyyətlə alqışlanırdılar. İfaların üstün təşkili, musiqiçilərin seçimi, müstəsna çalğı qabiliyyətlərinin vəhdəti xüsusi özəllik ərz edirdi. çıxışlardakı konkretlik, lakoniklik təsirli və qüvvətli idi. Bütün uğurlu ifalar qəlbən, ruhən yaşanmaqla bəyənilərək tamaşaçıları dərindən-dərinə duyğulandırır, onlara əsl musiqi zövqü daddırırdı.

İfaların ekran görüntüsü ilə seçim ardıcıllığına ciddi diqqət yetirən kübar zövqlü tamaşaçılar hansı ifanın ya çıxışın daha gözəl və daha üstün olduğunu təyin edə bilmirdilər. Azərbaycanın incəsənət ustaları, musiqiçilərimiz fransızlara bu gözəllikləri dərəcələndirmə imkanı saxlamamışdılar. Bax budur fövqəladəlik, budur Azərbaycan musiqisinin ecazkar gücü. Bütün çıxışlar şedevr nümunəli idi. Plan da, tərtibat da, kompozisiya da, sərbəstlik də, təqdimat da müstəsna idi. Parisdəki salonda zalın, binanın, lojaların akustik keyfiyyətini bilməsəm də, sakitlikdən, musiqiçilərimizə zillənən gözlərdən, dinləyən qulaqlardan, baxan simalardakı heyrətdən, nəhayət, alqışlardan bəlli olurdu ki, tamaşaçılar çıxışlardan hədsiz həzz alır.

 

Musiqi eşqdir, ondan doyulmaz, onunla yaşanılar

 

Azərbaycanda muğamata, musiqiyə... yetərli şərait yaradılıb. Bu baxımdan, zamanın arxasında olmaqdansa, önə çıxmaq niyyəti ilə öncə ortaya çıxmaq vacibdir. Onda həyatın acı dərsləri insanı özünə kəşf etdirər. Xalqımız həm də hüznlü sevdaların vurğunudur.

Sual doğur: Nəyə görə Paris (Fransa) Azərbaycan musiqisini sürəklə alqışladı?

çünki insanların mayasında, fitrətində əsl gözəllikləri qəbul edən mərkəz var, həmin mərkəz hərəkətə keçmişdi. Bəs Mehriban xanım musiqiçilərimizin çıxışı ilə fransızlara nəyi anlatmaq istəyirdi? öncə birinci xanım xalqımızın qəlb gözəlliyini göstərməklə, bu xalqın bütün dünyada vəhşiliyə, haqqsızlığa deyil, sevgiyə, sayğıya layiq olduğunu xatırladırdı. Qarabağın işğalına son qoyulmasını israr etdirirdi və sairələr. Həmin çıxışın alt qatında yatan dərin anlamlar var ki, bunlar yeri gəldikcə xalqımızın lehinə işləyəcək.

Bir xalqa hörmət etmək üçün gərək o xalqı yaxşı tanıyasan. Bu tanıtma əyani şəkildə Parisdə ortaya qoyuldu, fransızlara ibrət dərsi keçildi. Parisdə anladılırdı ki, musiqisi, mədəniyyəti, incəsənəti böyük olan xalqın qəlbi kiçik ola bilməz, əksinə, bunu illər uzunu anlamamaq, fərqinə varmamaq ya qərəzdir, ya da qəlbi kiçiklik.

 

Gözəllik - duyan qəlblər üçündür

 

Azərbaycanın musiqi aləmindəki sənətkarlıq fransızları ilahi feyzlərin, Rəbbani ilhamların sirayətinə məruz qoydu. Paris Azərbaycan musiqisində xalqımızın ülvi xarakterinə, qəlb fəzilətlərinə yaxından şahid oldu. Həqiqət aşkarlandı. Həqiqət - görülən, duyulan və ağıla gəlib qavranılanların xaricində nəyin nə olduğunun, nə idafə etdiyinin və nəyi göstərdiyinin bilinməsidir. Mehriban xanım Azərbayan xalqının həqiqi kimliyini ünvanlandırdı.

Dilin, sözün təmizliyi və musiqinin gözəlliyi xalqımızın yetkinliyini, kamilliyini əks etdirirsə, bu kamilliyi tərənnüm etməyi bacarmaq da əsl sənətkarlıqdır. Paris həm də buna görə sənətkarlarımızı alqışladı. çünkü musiqimiz bütün tamaşaçıların reaksiyaları üzərində hökmranlığı ilə, onların varlığını musiqinin idarəedici impulsları altında saxlaya bilmişdi. Əleyhimizə olanların şərçi fəaliyyətinin geniş olduğu Fransa kimi bir ölkənin mərkəzində musiqi -incəsənət elitasının alqışlarını qazanmaq asan məsələ və adi uğur deyil.

MEHRİBAN XANIM ƏLİYEVA FRANSANIN QƏLBİNİ MUSİQİMİZLƏ FƏTH ETDİ.

Proqramda başlanğıc da, orta çıxışlar da, sonluq da əla tamamlandı. Yəni proqramdakı bu üçlük uyğun, bağlantılı və olduqca tutarlı idi. Belə çıxışlarla musiqiçilərimiz hətta dünyanın qəlbini də fəth etməyə qadirdir. Fransa səfəri bunu açıq-aydın sübut etdi.

Məqsədlərin fərqli həyatakeçmə mexanizmi, realizə imkanları, həll variantları olur. Rəftar modelləri, üsullar, davranışlar, təmaslar və sairələr ümumi strategiyanı təşkil edir. Fransa çıxışında uyğun taktikaları tamamlayan strategiya çox gözəl idi.

 

Məna

 

Musiqi duyumundakı mənalar, sadəcə, onu dinləməklə əhatələnmir, çünki məna quru bir gerçək deyil. Ağıl, könül, xəyal, təcrübələr, sezgilər, duyğular, hisslər və ilham mənanın yaranmasında mühüm rol oynayır. Mənalar anlamaqla əlaqəlidir. Həm də tək ağlın sərhədləri içində deyil, mənəviyyatla da çox bağlıdır. Bu mənada, Azərbaycan musiqisi Azərbaycan xalqının mənəvi böyüklüyünü və bu böyüklükdəki bəşəri-ilahi dəyərləri yetərincə anlatdı. Ağlın yolu ürəkdən keçir. Musiqiçilərimiz tamaşaçıların qəlbinə elə təsir göstərdi ki, onların ağlı sözün bəzək-düzəksiz mənasında Azərbaycan musiqisinə itaətə gəldi.

Sonda Azərbaycan xalçalarına baxış, Qarabağ mədəniyyət nümunələrinin təqdimatı, eləcə də nəfis "Azərbaycan" kitabı bir daha Azərbaycanın sevilməyə, sayğıya həqiqətən layiq bir tolerant ölkə olduğunu təsdiq etdirdi. Biz dünyadan nə istəyirik? Bizə qarşı haqqsızlığın durdurulmasını! Əvəzində, biz maddi və mənəvi nemətlərimizlə bəşəriyyətə xidmətimizlə varıq. Paris bunu gördü. Başqaları da bunu görəcək, inşallah! Sadəcə, biz israr etməliyik. Paris çıxışı sübut etdi ki, müharibə yalnız silahla aparılmır və milli özünütanıtmanın xalqa, dövlətə, eləcə də bəşəriyyətə böyük faydası ola bilər. Bu faydalanmadan faydalanmalıyıq. Örnək Paris səfəri və çıxışı...

Bu yazını yalnız oxuculara deyil, həm də Mehriban xanım başda olmaqla, Parisdə çıxış edən Azərbaycan musiqiçilərinə dərin təşəkkür əlaməti olaraq qələmə aldı:

 

 

Nizami Heydər

 

Təzadlar.- 2011.- 22-24 fevral.- S.6.