Başqasının kədərini
özününküləşdirən şairə
"Mən onun publisistikasında insanı düşünməyə
vadar edən sözlərin rənglərini
görürəm"
Bu günlərdə Cəbrayıl rayonu Hafiz Fətəliyev adına Şahvəlli kənd orta məktəbində üç kitab müəllifi, şairə Tahirə Kədərli ilə görüş keçirilmişdir. Görüşə Tahirə xanımla birlikdə onun iş yoldaşları "Vətən səsi" qəzetinin baş redaktor müavini, şair Nəsib Qaramanlı və şöbə müdiri İsa Musayev də dəvət olunmuşdular.
Tədbirin təşkilatçısı Fatma Abbasova yaradıcılığına dərindən bələd olduğu müəllifə ürək sözlərini belə ifadə etdi: "Deyirlər, şairlər yaranmışların ən əzizi, ən ülvisi, ən sevimlisidir. Elə ona görə də şairlər Yaradana daha yaxın olur və Tanrı tərəfindən sevilirlər. Bu baxımdan da onlar ilk növbədə vətənə bağlılıqları ilə, əmin-amanlıq, dinclik, tərəqqi, açıq səma arzusu ilə yaşayıb yaradırlar.
Yəqin elə buna görədir ki, onların nuru, işığı, bütün insanlara çatır və hər bir çöhrəni nurlandırır, işıqlandırır. Yurd, vətən şairlərin ən yaralı yeri, ən çox sevdikləridir. Yurd ağlayanda, vətən haraya çağıranda şair ürəyi bu ağrı-acıların məskəni, həm də izharedicisi olur. Yaxından tanıdığım, dərdin qucağında böyüyən Tahirə xanımın da ürəyi vətən ağrı-acısıyla qovrulur. O, yeni deyim tərzi ilə uzun illərdir ki, erməni işğalında tapdalanan, xarabalıqlara çevrilən yurdlarımıza sözlərdən çələng toxuyur. Şairə sanki bununla özünə təsəlli verir və elə güman edir ki, onun səsini vətən eşidir, sözü vətənin yaralarına məlhəm olur.
Pəncərən döyülmür, qapın bağlıdı,
Dərdin dözülməzdi, sinən dağlıdı,
Sənə gələn yolum hələ bağlıdı,
Canım Dəmirçilər, bağışla məni!
Mən şairənin
müqəddəs kədərinin
sona çatmasını
Uca Tanrıdan diləyərək ona yeni-yeni yaradıcılıq
uğurları və yurda qovuşmasını arzulayıram".
Sonra söz məktəbin direktoru, şair-publisist Sahib Abdullayevə
verildi.
Sahib müəllim
qonaqları salamlayıb
çıxışına müəllifin bir bənd şeri ilə başladı:
Qırpma gözlərini
- beləcə dayan,
Hopum gözlərinin
dərinliyinə.
Hər dəfə
aynaya baxdığın
zaman,
Gözünün içindən
boylanım sənə.
Sonra əlavə
etdi ki, əsl poeziya, söz budu: "Sanki o, bir rəsm əsəri
yaradıb. Məhz belə sözləri əsrəyə gətirənlərə
şair demək mümkündü. Sözün
ucuzlaşdığı bir
vaxtda yazılan yaxşı şeir ixtiyara bənzəyir. Məhz elə ona görə də Tahirə xanımın ərsəyə
gətirdiyi şeirləri
çox bəyənirəm".
S.Abdullayev şairənin
müxtəlif illərdə
qələmə aldığı
yurd nisgilli şeirlərində də
onun vətənə bağlılığını, yurd itkisinin bütün ağrı-acılarını
öz ürəyində
yaşatdığını, bu həsrətin közündə qovrula-qovrula
qələmə aldığını
qeyd etdi. "Qubadlı adında yurdum var mənim",
"Azərbaycanım", "Mən çadırda doğulmuşam", "Dəmirçilər
için-için ağlayır",
"Ayağa qalx, vətən oğlu" və digər yazıların əsl şair qələmindən
süzülüb yaralı
könüllərə məlhəm
olduğunu bir daha vurğuladı ki, şairənin yaradıcılığı təkcə
şeirlə bitmir, o,
nəsrlə də oxucu diqqətini özünə çəkməyi
bacarır: "Mən
onun publisistikasında
insanı düşünməyə
vadar edən sözlərin rənglərini
görürəm. Təəssüflə
qeyd edim ki, əlinə qələm alanların hamısı bu rənglərdən istifadə
etmək gücündə
deyil. Çox sevinirəm ki, Tahirə xanım bunu məharətlə bacarır".
Sonra söz şagirdlərə verildi.
Onlar şairənin şeirlərindən bir neçəsini ifa edib bir anlığa
tədbirə toplaşanların
fikirlərini o yurd yerlərimizə tərəf
yönəldə bildilər.
Tədbirin bu yerində söz şairənin iş yoldaşı İsa müəllimə verildi.
O, ilk növbədə məktəbin
direktoru Sahib müəllimə
soyuq bir qış günündə
belə gözəl görüş təşkil
etdiklərinə görə
minnətdarlığını bildirdi və qeyd etdi ki,
bu gün burada onu kədərlə
bərabər, qürur
hissi də bürüyüb: "Ona
görə ki, biz müdrik xalqıq. Bizi sındırmaq olmaz. Baxmayaraq ki, illər boyu torpaqlarımızda gözü olan və dəfələrlə
bizə arxadan zərbə vuran erməni separatçıları
insanlarımızı zor
gücünə öz
dədə-baba yurdlarımızdan
çıxarıblar. Lakin
bizi bütünlüklə
məhv edə bilməyiblər. Yurdunu, yuvasını, evini-eşiyini
itirmiş, çoxlu itkilərlə üzləşmiş
insanlar nə yaxşı ki, yenidən ayağa qalxmağı bacarmış,
məğrurluğunu, ümid
və inamını itirməmişdi. İnanırıq
ki, tezliklə torpaqlarımız işğaldan
azad olacaq, biz də Tahirə xanımın növbəti
görüşünü özünün
də doğulub boya-başa çatdığı
Qubadlıda keçirəcəyik. Mən müəllifin yaradıcılığını
yüksək dəyərləndirirəm.
Tahirə xanımın
kədəri yalnız
şəxsi kədəri
deyil. O, başqasının
kədərini özününküləşdirməklə,
dərdindən dərd
götürməklə fərqləndiyinə
görə qəlbini
qəm, kədər məskəninə çevirib.
Torpağa, yurda insanlığa olan sonsuz sevgisi onu oxuculara Kədərli
təxəllüsü ilə
tanıdıb".
Azərbaycan dili və ədəbiyyatı
müəllimi Gilə
Hüseynova və Sənubər Şamıyeva
"müəllifi kitablarından,
şeir və hekayələrindən, nisgilli
yazılarından tanımışıq"
- dedilər. Xüsusilə
də onu diqqətə çatdırdılar
ki, yurd, vətənlə bağlı
yazıları şagirdlərə
həyatın çətin
yollarından keçməyi,
vətənə sonsuz
sevgini aşılayır.
Nəsib Qaramanlı
bildirdi ki, torpaqlarımızın düşməndən
təmizlənəcəyinə, məcburi köçkünlərin
öz ata-baba yurdlarına qayıdıb
həsrətə son qoyacaqlarına
şubhə olmamalıdır:
"Biz, doğrudan da
döyüşkən xalqıq.
Bayaq İlkin adlı şagird Tahirə xanımın şeirini elə ürəklə, təpərlə
dedi ki, heyran olduq. Bu o deməkdir ki, onun özünün içində düşmənə
qəzəb var. Belə
qəzəblər yumruğa
çevrilib duşmən
sifətinə çırpılanda
məcbur olacaq ki, zəbt etdiyi
torpaqdan çıxsın..."
Sonra o, Tahirə
xanımın iki kitabının redaktoru kimi qeyd etdi
ki, T.Kədərlinin nə şeirlərinin, nə də publisistikasının redaktəyə
ehtiyacı yoxdur. O ədəbi mühitdə
öz sözünü
deməyi bacaran əsl şair-publisistdir. Mövzu baxımından isə o qədər geniş, əhatəli, ruhludur ki, ona
yalnız əhsən
deməyin qalır. Onun istər bədii, istərsə də publisistik yazıları həm dəyərli ədəbiyyat,
həm vətənə,
millətə layaqətli
xidmət nümunələri,
həm də Tanrıya əsl bəndəlikdir, desəm
yanılmaram".
Daha sonra söz alan şairənin
qızı, Moskva Dövlət Texniki Universitetin tələbəsi
Zöhrə Allahverdiyeva
tədbir iştirakçılarına
minnətdarlığını bildirdi və üzünü şagirdlərə
tutaraq dedi ki, "vətənimiz siz şagirdlərdən çox şey gözləyir. Bunun üçün hər biriniz yaxşı oxumaqla vətənə olan borcunuzu ödəmiş olarsınız".
O, anasının
yaradıcılığına xüsusi qiymət verdiyini qeyd edib bildirdi ki,
"anam olduğu üçün yox, bir oxucu kimi
onun yazdıqlarını
çox bəyənirəm,
çünki o yazdıqlarının
hamısını göz
yaşlarıyla yazıb.
Mən Qubadlıdan olsam da oranı
görməmişəm. Amma
anamın o yurda sevgisi, bağlılığı
mənə nəinki Qubadlını, bütün
işğal olunmuş
yurdlarımızı sevdirib".
Sonda söz Tahirə Kədərliyə
verildi. O, tədbir iştirakçılarını salamladı, yaradıcılığına,
insanlığına xüsusi
önəm verdiyi
Sahib müəllimə, tədbirin
ağırlığını öz üzərinə götürən Fatma müəlliməyə və
öz köməyini əsirgəməyən Arif
Mahmudova, bütün müəlim kollektivinə,
xüsusilə onun şeirlərini ürəklə
ifa edən şagirdlərə dərin
minnətdarlığını bildirdi. Vurğuladı ki, bundan sonra
daha oxunaqlı şeirlərlə oxucuların
könlünü oxşayacaq.
Şagirdlərin "siz
nə vaxt kədərinizi atacaqsınız",
- sualına isə o, belə cavab verdi: "Bütün torpaqlarımız işğaldan
azad olunandan sonra. O yurd yerlərimizə
qədəmlərimiz dəydiyi
zaman. Mən bunun tezliklə olacağına inanıram.
Çünki bizim öz torpaqlarını müdafiə və azad edəcək güclü ordumuz, yenilməz Ali Baş Komandanımız, mübariz
igidlərimiz var. Azərbaycanımızın
güclü dövlətlər
sırasında tanınması
imkan verəcək ki, ədalət zəfər çalsın.
Bizimsə işimiz haqq işidir, ədalətlidir".
Novruz CƏFƏRZADƏ
Təzadlar.- 2011.- 24-26 fevral.- S14.