Sənin yerin ürəklərin
başındadır
Tovuzun beş addımlığındadır Əsrik kəndi. Hər tərəfdən üzük qaşı kimi əhatəyə alınmış başı ərşə bülənd olan dağları, yaşıl ormanları, diş göynədən bulaqları, dillər əzbərinə çevrilmiş Əsrik çayı adamı söz deməyə, saz çalmağa meylləndirir. Hər evdə dinən sazın sehrinə düşənlər öz türklüyü ilə fəxr edir. Burdan çıxan aşıq və şairlərin sorağı da dünyanın hər yerinə yayılıb. Böyük turan şairi Məmməd İsmayıl, Məstan Əliyev, Musa Musayev, Məmməd Namaz, Şahniyar Səfiyev, Bayram Loğmanel, Sabir Nağıyev (istefada olan polkovnik) deyəndə bütöv Azərbaycan ədəbiyyatı və mədəniyyətində layiqli qələm sahibləri yada düşür. Qonşu kəndlərdən olan türk dünyasının böyük ozanı Mikayıl Azaflı, Bayramlı kəndindən Zükür Bayramlının, Zirəddin Qafarlının adları da hər kəsə məlumdur.
Əslində Əsrikli, Bayramlı, Azaflı kəndini bir-birindən ayırmaq qeyri-mümkündür. Onların el şənliklərində Mikayıl Azaflı, Aşıq Yusif Yüsifov, Aşıq Yunis Həsənov, Aşıq İsrayil, Açıq Əli Bayramlı və digərləri çalıb-çağırdığı anlar bu birliyi sübut edirdilər. Əslində əsriklilər şair və aşıqları ilə bu gün də fəxr edir. Hətta Mikayıl Azaflı haqlı olaraq Əsrik kəndi haqqında yüksək fikirlər söyləyirdi. Deyilənə görə, bu kəndin bina olmasında Mirəli Ağanın (Aldədənin) törəmələrinin xidmətləri var. Bununla bağlı başqa kəndlərin də adını saymaq olar.
Mənim bu gün haqqında fikir bildirdiyim şair İbrahim Həmid oğlu İbrahimov - "İbrahim Əsrikli"dir. Bu müqəddəs rüh sahibi sandığımın ulu babaları da müqəddəslərdəndir. Bu doğmalıq məni çox gənc yaşlarımda ikən İbrahim müəllimlə belə tanış etdi. Yadımdadır, mənim ilk dəfə bir neçə şeirim Tovuzun "Həqiqət" (indiki "Tovuz") qəzetində dərc edilmişdi. Artıq həvəsləndiyim üçün istəyirdim şeirin yazılma üslubunu, sözün deyimini, sözün məna dərinliyini Tovuzda yaradılmış ədəbi "Varislər" birliyində iştirak etməklə öyrənəm. Əlbəttə, ilk dəfə iştirakçıların tənqidi yanaşmalarını görcək şairliyin nə qədər çətin olduğunu düşündüm. Sonrakı toplantılarda mən Musa Musayev, Telman Tovuzlu, Həsən Mülkülü, Zükür Bayram, Məstan Əliyev, Səlim Sinədəftər, İbrahim Əsrikli və digərləri ilə də yaxından tanış oldum. Onlar mənim bir şair kimi püxtələşməyimdə xüsusi rol oynadılar. Doğrusu, onların yaradıcılıqları ilə tanış olduqca dərk edirdim ki, indiyə qədər kitablarda şeirlərini oxuduğum şairlərin əksəriyyətindən Tovuzda olan bu el şairlərinin yaradıcılığı seçilmir. ürəyimdən keçirdi ki, pulum olsaydı, bu şairlərin kitablarını nəşr etdirərdim. Daha sonar Bakıya gəldiyim gündən dostum, həmyerlim və qonşum Saleh Hüseynovun vasitəçiliyi ilə İbrahim müəllimin qardaşı, polkovnik İsrail müəllimlə, istefada olan şair Sabir Nağıyev və digər əsrikli doğmalarımızla bir daha dostluğumuz bu gün də davam edir. Hər dəfə sözümüz şeirdən düşəndə İbrahim müəllim daha çox xatırlananlardandır.
El-oba arasında böyük hörmət və nüfuza sahib olan İbrahim Əsrikli haqqında qısa tanışlıqdan sonar söhbətimizə nərdivan qoymaq istəyirəm.
İbrahim Əsrikli 1937-ci ildə Tovuz rayonunun cənnət guşələrindən biri olan Əsrik kəndində anadan anadan olub. 1955-1960-cı illərdə APİ-nun tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə qurtarıb, ilk dəfə əmək fəaliyyətinə Tovuzun "Həqiqət "qəzetində ədəbi işçi kimi başlayıb. Sonra orada kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində irəli çəkilib. 1962-ci ildən 1972-ci ilə qədər Yevlax rayonunda çıxan "Qələbə"qəzetində işləyib. 1972-ci ildən 1991-ci ilə qədər Tovuz rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb. Ömrünün ən mənalı çağında, yaradıcılığının parlaqlanan vaxtı 54 yaşında vəfasız dünyayla vidalaşdı. Yaşasaydı 74 yaşı tamam olacaqdı. İnanıram ki, ruhən o, bizimlədir.
Bütün bunları xatırlamaqda məqsədim budur ki, belə bir mənalı ömürün ən yadda qalmalı anları onun poeziya ilə, sazla, həmkarları ilə mütəmadi olaraq əlaqədə olmasıdır. Məhz buna görə də onun şair həmkarları İbrahim Əsriklinin dərin zəkasından, məntiqli və real həyat hadisələrindən bəhrələnərək gözəl qoşqular yaratmasından danışardılar. Hətta dünya şöhrətli aşıqlarımızdan Aşıq İmran Həsənov, Aşıq Əkbər Cəfərov, Mahmud Məmmədov, Əlixan Niftalıyev və onlarla qüdrətli aşıqlarımız onun qoşqularını məharətlə ifa edirdi. İbrahim müəllimin aşıq və xalq arasında sevilməsinin əsas səbəblərindən biri də onun filoloji savadının olması və doğulduğu mühit olmuşdu. O, şair həmkarlarına şeir yazma taktikası barəsində məsləhət və tövsiyələrini verirdi. Ustad qələm sahibi, alovlu tribun kimi tanınırdı. Mətbu orqanlarda şeirləri və ədəbi yazıları dərc edilirdi.
Böyük ustadım Mikayıl Azaflıya sual verdim ki, ustad, şair İbrahim Əsrikliyə münasibətin necədir? Qayıtdı ki, "oğlum, bizim hələ də dırnaqarası baxdığımız şairlərin öz həqiqi qiymətinin alacağı vaxt yaxınlaşıb. Onların şeirlərini oxuyub dərk etməyənlər heç cür onların həqiqi qiymətini verə biləz. Bir də ki, qiyməti qiymətlilər verər. Nəinki İbrahim Əsirikli, eləcə də Tovuzda 500-dən çox qələm və söz əhli var. Bütün bunların kökü türkçülüyə genetik bağlılığa əsaslanır. İbrahim Əsrikli isə savadlı, sadə və mövzusunu real həqiqətlərdən götürən şairdir".
Mikayıl Azaflı bu sözləri deyəndən sonra İbrahim müəllimin bir neçə şeirini əzbərdən söyləyərək, onun yüksək kamalına valeh olduğunu bildirdi. Mən ustada əhsən deyərək, bir neçə kəlmə də demək istəyirəm.
Ataların övladlara töhfəsi
Nəsihətdi, nəsihətdi, nəsihət.
övladların döğru yoldan dönməsi,
Qəbahətdi, qəbahətdi, qəbahət.
Şairin söylədiyi hər kəlmənin yükü milyardlarla əvəz olunmazdı. Yamanlıq etməyə sədd çəkən şairin bu misrası, əsl böyüklük, ziyalılıq, dədəlik tövsiyəsi və məsləhəti deməkdir
Şair acılığa, kinliliyə, qəlbi qaralığa nifrət edir, o, şərəfli ölümü bəxtəvərlilik sayır.
Yaşamaq istəyib əhdi
pozma sən,
Yaşa bu dünyada, öl şirin-şirin.
Və ya
Onsuz da dünyanın
yoxdu vəfası,
Bütün hər bir yeri gəzə, öləsən.
Ürəyində bir nisgilin qalmaya,
Başına gələni yaza, öləsən.
Yaxınlarda tanınmış qələm əhli, alovlu publisist, Tovuzsevər (Tovuzşünas) Həmid Ormanlı ilə görüşümüz zamanı əlindəki "Yolumu gözlə, dağlar" adlı kitabı mənə uzadıb dedi: "Sənətkar, bu İbrahim Əsriklinin kitabıdır. Mənə hədiyyə olunub, sən də oxuya bilərsən. Axı eşitmişəm onunla yaxın dost olmusan".
Doğrusu, çox xoşhal oldum ki, köhnə dostumun kitabını görə bildim. Kitabın ərsəyə gəlməsində yaxın dostlarım olan, Vaqif İsaqoğluna, Çingiz Qəribliyə, Elxan Zala və İbrahim Əsriklinin qeyrətli övladlarına ürəkdən təşəkkürümü bildirib, çox sağ olun deyirəm. Əsl övlad ata qədrini bilənlər sayılır. Əgər övlad bu müqəddəs işin icradarı olmasa, yadlar neyləyə bilər? Mən Elçin İbrahimova üzün ağ olsun deyirəm.
Əlbəttə, hər şair yadda qalmır. Bəxtəvər o şairdir ki, ürəyə-qana köçür. Şeirləri dillər əzbərinə çevrilir. Aşıq və xanəndələr onları sevə-sevə oxuyurlar. Min illər keçsə də, bu şeirlər ruhumuza və qan yaddaşımıza hopa bilir. İbrahim Əsrikli yekəxanalığa, lovğalığa qarşı belə yazır.
Dağ öz
dağlığını başa qaxmadı,
Təpə yekələnib mən dağam, - dedi.
Min nemət yetirdi qoca təbiət,
Tikanlıq
qışqırıb mən bağam, - dedi.
O, böyük məharətlə
dilimizin təmizliyini şeirlərində əks etdirib. Qələmə
aldığı mövzulardan əsasını məhəbbət,vətənpərvərlik, nəsihətamiz
şeirlər tutur. Onun əksər şeirləri
insanları halallığa, zəhmətə səsləyir.
Şair
İbrahim Əsriklinin ilk "Yolumu gözlə dağlar"
adlı şeirlər kitabı 2010-cu ildə nəşr
edilib. Onun növbəti külliyyatı nəşrə
hazırlanır. 1991-ci il Tovuzda
çox nüfuzlu aşıq şairlərin dünyasını
cənnətməkanlıq etdiyi tarix sayılır. Bu sırada İbrahim Əsriklinin də adı var. Əsində
ruhən bizimlə olan əbədiyyət qazananlar ölməzlik
zirvəsindədirlər. Qarşıdan
onun 75 illik yubileyi gəlir. Onun əbədi xatirəsini
uca tutaraq tovuzlular onun adına küçə,
məktəb və xiyaban versələr bu bütün
şeirsevərlərin ürəyincə olacaq. Eyni zamanda öz bilik və bacarığını
elmin-tərəqqinin inkişafına həsr edən belə
insanlar öz qiymətini almağa layiqdirlər. Buna əsas və şərait də var. Təskinliyimiz
odur ki, İbrahim Əsrikli kimi əsl ədəbiyyat
adamları yaratdığı əsərləri ilə əbədiyyət
qazananlardır. Necə ki, biz bunun
şahidiyik.
Ruhun şad olsun, İbrahim
müəllim! Sənin yerin ürəklərin
başındadır.
Məhərrəm HüSEYNLİ,
aşıq, şair-publisist
Təzadlar.- 2011.- 26 fevral- 1 mart.- S.14.