Qəhrəmanlığın yolu

 

Asif Yusif oğlu Məhərrəmov 1952-ci ilin iyul ayının 26-da Ağdam şəhərində anadan olmuşdu. On bir uşağı olan böyük bir ailənin ilki idi. Altı bacı, beş qardaş idilər. Kasıb olsalar da ataları Yusif kişi, anaları Məhluqə xala övladlarını vətənpərvər, zəhmətkeş və vicdanlı bir insan kimi tərbiyə etməyə çalışırdılar. Asif hələ yeniyetmə yaşlarından qoçaqlığı, sözübütövlüyü, qorxmazlığı və cəsarəti ilə tay-tuşlarından seçilirdi. Fred ləqəbini ona dostları vermişdilər. Ağdamın "Dostluq" kinoteatrında Fransız kinofilminə baxdıqdan sonra dostlarından biri deyib ki, kinonun qəhrəmanı Fred sənə oxşayırdı, elə sənin kimi də dalaşırdı. Həmin gündən dostları onu Fred çağırmağa başladılar. Bütün ömrünü haqq işinə həsr edən Asif dəfələrlə haqlını müdafıə etdiyinə görə məhrumiyyətlərlə üz-üzə qalmalı oldu. Lakin nə həbsxana həyatı, nə yoxsulluq, nə də quruluşun sıxıntı və eybəcərlikləri Asifı sındıra bilmədi. Çünki Asif anadan qəhrəman doğulmuşdu. O, bütün ömrü boyu əqidə və məsləkinə sadiq qaldı. Cəmi qırx iki il yaşasa da elə bir ömür sürdü ki, həyatı gələcək nəsillərə nümunə oldu. Fred Asif əsil azərbaycanlı kişisinə xas olan bütün xüsusiyyətləri özündə cəmləsdirmisdi. Fred Asif sözün əsil mənasında kişilik memuarı, qeyrət nümunəsi və qəhrəmanlıq rəmzi idi.

1988-ci ildə Qarabağ müharibəsi başlayanda Fred Asif hadisələrdən kənarda qala bilmədi. Ağdamın məşhur İmarət stadionunda vətənpərvər oğulları başına yığıb, "Haqq cəbhəsi" yaratdı. Az bir zamanda nəinki Azərbaycanın müxtəlif rayonlarından, hətta keçmiş sovet respublikalarından da say-seçmə igidlər Asifin yanına toplaşmağa başladılar. Qarabağ münaqişəsi meydanlardan səngərlərə keçib, ölüm-dirim məsələsinə çevriləndə bu qeyrətli oğullar özünümüdafıə batalyonu yaratdılar və Fred Asif həmin batalyonun komandiri oldu.

Vəziyyət isə get-gedə pisləşirdi. Ölkə hakimiyyət böhranı yaşayırdı. Bir-birini əvəz edən səriştəsiz ölkə başçıları Moskvanın çaldığı havaya oynayır və bundan yararlanan ermənilər daha da azğınlaşırdılar. Ə.Vəzirov, A.Mütəllibov və Ə.Elçibəy dövründə ölkə elə bir vəziyyətə düşmüşdü ki, xalq kimin arxasınca gedəcəyini bilmirdi. Müxalifət də etibarlı deyildi. Kimin kimə və ya nəyə xidmət etdiyini başa düşmək çox çətin idi. Yağışdan sonra artan göbələk kimi yaranan partiyaların başı hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Qarabağda isə kəndlər bir-birinin ardınca işğala məruz qalırdı. Günahsız ölümlərin, evsiz qalanların sayı günbəgün artmaqda idi. Hakimiyyətə can atan siyasi qüvvələr Fred Asifin xalq arasında olan nüfuzunu görüb, onu öz tərəflərinə çəkmək istəsələr də Asif ömrünün sonuna qədər heç bir partiyanın üzvü olmadı. Vətənə xidmət etməyi, xalq üçün çalışmağı hər şeydən üstün tutdu. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirdi və bundan sonra ordakı sursat yalnız vətənin müdafıəsi üçün istifadə olundu. Çox keçmədi ki, Azərbaycan Respublikasının o zamankı müdafiə naziri D.Rzayevin fərmanı ilə Asif Məhərrəmova polkovnik-leytenant hərbi rütbəsi verildio, 859 saylı həmin batalyonun ilk komandiri oldu. Asifin hərbi təhsili yox idi, lakin döyüşlərdə göstərdiyi rəşadət və bacarıq göstərdi ki, o, əsil komandirdir. Onun rəhbərlik etdiyi döyüşlərin heç biri məğlubiyyətlə başa çatmamışdı. O, çox az bir zamanda nizam-intizamlı bir hərbi hissə yaratmağa müvəffəq olmuşdu. Qardasları Ədalət, Səxavət, Bəhlul və Mahironun batalyonunda döyüşürdülər. Ümumiyyətlə, Fred Asifin nəslində ayağı yer, əli silah tutan elə bir kişi yox idi ki, ermənilərə qarşı vuruşmasın. Ancaq Asif nə qardaşlarını, nə də qohumlarını başqa döyüşçülərdən fərqləndirmirdi. Əksinə, ən çətin tapşırıqlara öz qohumlarını göndərirdi. Hətta bir dəfə qardaşı Səxavət çənəsindən çox ağır yaralanmış və itgin düşmüşdü. Anası Məhluqə xala deyəndə ki, - Ay Asif, başına dönüm, bir soraqlaş, gör, bu uşaq necə oldu? - Cavabı çox qısa və qəti olmuşdu: - Ay ana, o uşaqların hamısı mənim qardaşlarımdır.

Elə buna görə də Asifi hamı çox istəyirdi. Asif Ağdamdakı digər özünümüdafıə batalyonları ilə birlikdə əməliyyat planları hazırlayır və çox böyük uğurla həyata keçirirdi. Onun rəhbərlik etdiyi bütün hücumlar qələbə ilə başa çatmışdı. Hətta bu mənfur və qaydasız müharibənin elə bir məqamı oldu ki, döyüşçülərimiz Əsgərana qədər gedib, çıxdılar. Ermənilər vahimə içərisində idilər. Qələbənin bir addımlığında hansısa maraqlı qüvvələrin xəyanəti nəticəsində hadisələr tamam başqa istiqamətdə inkişaf etməyə başladı. Bir tərəfdən də ermənilərə havadarlıq edən Rusiya onları silahlandırmaqla yanaşı həm də zabit və əsgərləri ilə ermənilər tərəfdən Azərbaycana qarşı xaincəsinə iri miqyaslı döyüş əməliyyatları hazırlayırdı. Kürsüpərəst rəhbərlərində heç bir qətiyyət görməyən Azərbaycan xalqı böyük bir imperiya ilə üz-üzə qalmışdı. Bundan çox məharətlə yararlanan erməni-rus hərbi birləşmələri 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda tarixdə misli görünməmiş vəhşiliklə soy qırımı həyata keçirdilər. Dinc əhalini süngüdən keçirən erməni-rus silahlılaları körpə uşaqlara belə rəhm eləmədilər. Həmin gecə Ağdamın özünümüdafiə batalyonlarının ciddi cəhdlərinə baxmayaraq Xocalı şəhəri işğal olundu, yüzlərlə insan qətlə yetirildi, minlərlə dinc Xocalı sakini əsir götürüldü. O gecə Fred Asifın də batalyonu Xramord istiqamətindən ermənilərə zərbələr endirərək bu faciənin qarşısını qismən də olsa almağa çalışdı, lakin bu mümkün olmadı. ümumiyyətlə, müharibə ərzində Fred Asifın batalyonu 142 şəhid verdi, onlarla igid döyüşçü yaralandı. Batalyondan iki nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, yeddi nəfər "Azərbaycan Bayrağı" ordeninə, dörd nəfər isə "İgidliyə görə" medalına layiq görüldü. "Azərbaycanın milli qəhrəmanı" adına layiq görülənlərdən biri Fred Asif idi. 1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən təltif olunan Fred Asif bu addan imtina etdi. Cavabı isə çox qəti və məntiqli oldu:

- Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq.

Yalnız 1998-ci ildə, Asifın ölümündən dörd il sonra prezident Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa etdi və vəsiqəsi ilə qəhrəman ulduzunu anası Məhluqə xalaya təqdim etdi. H.Əliyev Fred Asifı şəxsən tanıyırdı və rəğbət hissi ilə yanaşırdı. Bu rəğbətin nəticəsi idi ki, Asif Yalta şəhərində vəfat edəndə prezident H.Əliyev onun xüsusi təyyarə ilə gətirilib, ikinci Fəxri xiyabanda dəfn olunması üçün xüsusi sərəncam verdi. Ancaq bu sonralar olacaqdı. 1994-cü ilin iyul ayının 1-də. Hələ o vaxta xeyli vaxt vardı. Qarabağda ölüm-dirim mübarizəsi davam etməkdə idi. Hər gün yüzlərlə insan həlak olur, Tanrının Yer üzərində Cənnət misalında yaratdığı Qarabağın şəhər və kəndləri xarabazara çevrilirdi. Ağır döyüşlərin birində Qara qaya ətrafında Fred Asifın yaxınlığında partlayan mərminin dalğası onu götürüb, qayaya çırpdı və Asifın həbsxanada onsuz da zədələnmiş ciyəri daha da bərbad vəziyyətə düşdü. Dəfələrə döyüş vaxtı səhhəti pisləşib, qospitala gətirilən Asif özünə gələn kimi müalicəsini yarımçıq qoyub, döyüşə yollanırdı. Deyirdi ki, müalicə vaxtı deyil, komandir əsgərlərinin önündə olmalıdır ki, əsgərlər də ruh yüksəkliyi ilə döyüşə atılsınlar. Amma Fred Asifın tökülən qanlar bahasına azad etdiyi kəndlər o, xəstəxanada olanda qanıxarabların xəyanəti nəticəsində düşmənə təslim edilirdi.

1992-ci ilin yayı Ağdam və ağdamlılar üçün çox ağır oldu. Batalyon komandirləri, Azərbaycanın milli qəhrəmanları Şirin Mirzəyev və Allahverdi Bağırov müəmmalı şəkildə minaya düşüb, həlak oldular. Ala Yaqubya Qatır Məmməd kimi tanınan Yaqub Rzayev səbəbsiz həbs edildi. Hadisələr ermənilərin xeyrinə inkişaf edirdi.

Fred Asif meydanda tək qalmışdı. Bir tərəfdən də bu zəhrimar xəstəlik... Bununla belə Ağdam hələ bir il də dözdü. Çətinliklərə, məhrumiyyətlərə, tökülən qanlara və atılan saysız-hesabsız raketlərin vahiməsinə baxmayaraq, Ağdam dözdü. Və nəhayət 1993-cü ilin iyul ayının 23-də, təxminən axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qaldılar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı. Vəziyyəti daha da pisləşdi. Axın-axın onu yoluxmağa gələn insanlarla görüşməkdən imtina edirdi. Sanki onların gözünə görünməkdən utanırdı. Ona elə gəlirdi ki, Ağdamın işğal olunmasında günahkar odur. Asif Ağdamsızlıqda bir ildən də az yaşadı.

İkinci Fəxri xiyabanda uyuyan Asif Məhərrəmovun adına Bakı şəhərində kiçikolsa bir küçə var. Adı orta məktəb dərsliyinə salınıb. Yəqin ki, sözünə düz, hərəkətlərində məsuliyyətli, bütün əqidəsi və məsləki vətənpərvərliklə yoğrulmuş Fred Asifın adı Azərbaycanın tarixində qəhrəmanlıq rəmzi kimi əbədi yaşayacaq.

 

 

Tənha çiçək

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin xatirəsinə)

 

Zülmün, ey çərxi-fələk, gətirdi fəryada məni,

Möhtac etdin samana kükrəyən dəryada məni.    

güman eyləmisən məndəki səbrü - qərarı, 

Yandırırsan anbaan alovlanan oda məni.

Ölüm hökmü hamının son yazısı, aqibəti, 

Vətənin qeyrətinə eyləginən fəda məni.

Sənin hər gərdişini lənət ilə yad edirəm,  

Dolanıb, həp arayır bəla məni, qada məni.

Xürrəm görmək yer üzün ən böyük arzumdu mənim, 

Dünyanın sevincindən eyləyirsən cüda məni.

Allahın yaratdığı ən sadiq insan mənikən,

Bəs niyə naxələflər qurban edir yada məni. 

 

Eşq, məhəbbət carçısı, sevənlərin arzusuyam, 

Yaradıb Tanrı özü sevgi dolu səda məni.   

Məhəbbət atəşinə pərvanətək yanan mənəm, 

Sevənlər oxşadırlar dağ yaran Fərhada məni.  

Germanam, şükr edirəm Xudavəndə şamü - səhər,

Yaradıb tənha  çiçək qumlu bir səhrada məni.

 

İyulun 3-də, saat 11.00-da Milli Qəhrəman Asif Yusif oğlu Məhərrəmovun (Fred Asifin) məzarı ziyarət olunacaq.

 

 

German,

şair-publisist

 

Təzadlar.- 2011.-2-5 iyul.- S.14.