"Qalxın, jurnalist
gəlir!"
Asif Mərzilinin
yeni kitabı işıq üzü görüb...
"Qanun" Nəşriyyat Evi
tanınmış jurnalist Asif
Mərzilinin peşəkar fəaliyyətinə dair yeni kitabını nəşr
edib.
Qeyd edək ki, kitab
müstəqil və tərəfsiz mətbuat nümayəndələrindən
biri, uzun illərdir
peşəkar mətbuat sahəsində
çalışmış, Azərbaycanın müstəqilliyi
və azadlığı, həmçinin müstəqil
düşüncənin formalaşması yolunda
mübarizələrdən keçmiş,
dəfələrlə
jurnalistlərin hüquqlarının müdafiəsinə
yönəlmiş kütləvi aksiyaların və tədbirlərin
iştirakçısı olmuş, jurnalist hüquqlarının, söz
və ifadə azadlığının müdafiəsinə
yönəlmiş çoxsaylı Beynəlxalq simpozium və konfransların dəvətli
iştirakçısı olaraq məruzələrlə çıxış etmiş, peşə fəaliyyəti ilə
bağlı dəfələrlə məhkəmələrə
çəkilmiş, barəsində xüsusi
ittiham qaydasında məhkəmə
çəkişməsi olmuş,
1993-cü ildən nəşr olunan "Təzadlar"
qəzetinin baş redaktoru
Asif Mərzilinin (Məmmədov) keşməkeşli
və çətin jurnalist fəaliyyətinə
həsr olunmuşdur.
Kitab daha çox Azərbaycan
media ailəsində böyük
rezonans doğuran-Azərbaycan Beynəlxalq
Universitetinin qanunsuz fəaliyyətinə
dair araşdırma yazılarına
görə 2009-cu ilin aprelin
7-də Azərbaycan CM-nin 147 və 148-ci
maddələri ilə təqsirləndirilərək
Bakının Yasamal rayon
Məhkəməsinin (hakim Tahir İsmayılov) hökmü ilə
məhkəmə zalından həbs edilən və 1 il müddətinə azadlıqdan məhrum
edilən baş redaktorun
bundan sonrakı mübarizəli həyatından,
həmçinin jurnalist Asif
Mərzilinin məhbəs həyatının bəzi məqamlarından,
ictimai təşkilat olan
Azərbaycan Mətbuat Şurasının qəzetə
qarşı təpkilərindən, ümumiyyətlə, Azərbaycanda
müstəqil medianın daim basqılar
altında əzilməsinin səbəblərindən, bu sahədə hələ də davam edən mübarizəli və
sınaqlı fəaliyyətdən və s.
bəhs edir.
Kitabda 2009-cu ildə jurnalist Asif Mərzilinin həbsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu həbsə
etiraz dolu rəsmi mövqeyi, beynəlxalq və yerli
ictimaiyyətin, beynəlxalq jurnalist və
insan hüquqlarının müdafiəsi
ilə məşğul olan təşkilatların,
Azərbaycanın çoxsaylı media
orqanları və qurumlarının reaksiyaları, bunları əks
etdirən mətbu yazılar, nəhayət, çağdaş
araşdırma və tənqidi jurnalistikanın problemləri,
bu problemlərin görünməyən tərəfləri,
ən vacibi, jurnalistlərin
hüquqlarını müdafiə etməli olan
Azərbaycan Mətbuat Şurası rəhbərliyinin qəzetə
qarşı sifarişli qərarlar qəbul
edərək çapına, yayımına və fəaliyyətinə
mane olmaq cəhdləri
kitabda öz əksini
tapıb.
Kitabda, həmçinin "Təzadlar"
qəzeti ilə Mətbuat Şurası arasında hələ
də davam edən məhkəmə prosesi, jurnalistin həbsindən
sonra haqq-ədalətin öz yerini tapması və Təhsil
Nazirliyinin ABU-da apardığı yoxlamalar əsasında
TQDK-nın adı çəkilən özəl universitetə
tələbə qəbulunu iki il ardıcıl olaraq
dayandırması, 2010-2011-ci tədris ilində isə ABU-nun
tamamilə bağlanması-lisenziyasının əlindən alınması
barədə qərar qəbul edilməsi, 2010-cu ilin noyabr
ayında isə ABU-nun nəzdində fəaliyyət göstərmiş
Tibb Mərkəzində insan orqanlarının qanunsuz
transplantasiyası ilə məşğul olunması
faktlarına görə başlanılmış cinayət
işi barədə Azərbaycan Baş Prokurorluğu və
DİN-in birgə rəsmi açıqlama verməsi, bununla da
jurnalistin araşdırma yazılarında nə qədər
haqlı olması və s. öz əksini tapıb.
Kitab Azərbaycanda müstəqil, araşdırma və tənqidi
jurnalistikanın hansı problemlərlə üz-üzə
qalmasının konkret faktlar
əsasında işıqlandırılması
yönümündə də xüsusi
önəm daşıyır və müasir
tənqidi və müstəqil, tərəfsiz mətbuatımızın
gələcək taleyi, mövcud problemlərin
həllinin istiqamətləri barədə nəticəyə
gəlməyə imkan verir.
Kitab geniş oxucu kütləsi, həmçinin jurnalistika fəaliyyəti ilə məşğul
olanlar və hüquqşünaslar
üçün də dəyərli mənbə
sayıla bilər.
Kitabın
adının "Qalxın, jurnalist gəlir!"
olmasının da özəl mənası
var. Bu barədə
müəllif Asif Mərzili belə şərh
verdi:
-
Yəni jurnalistin peşəkarlığı
ondadır ki, qələm, söz
ona deyil, o qələmə və sözə, jurnalistikaya hörmət gətirsin. 2009-cu ilin aprelin 7-də həbs olunub məşhur "Bayıl türmə"sinə
aparılanda nəzarətçi məni istintaq
altında yatan məhbusların
qaldığı bir kameraya gətirdi. Qapını
açıb heç nə demədən
içəri keçməyimi bildirdi.
İçəridə 6-7 məhbus vardı. Salam verdim. Salam alan
kimi məndən
"statya"nı soruşdular.
Mən isə "Jurnalistəm..." dedim. Məhbuslar dərhal ayağa qalxıb təkrar salamlaşdılar. Sonra
hansı qəzetdə
çalışdığımı soruşdular... Açığını deyim ki, müstəqil və müxalifət mətbuatına
xüsusi rəğbətli
idilər...Və nəhayət, mən aprelin 9-da Bakı Apellyasiya Məhkəməsinə
gətiriləndən sonra
buradakı çoxsaylı
məhbusların olduğu
gözləmə kamerasına
yerləşdirildim. Artıq
bizimlə gələn
"konvoy" kimliyimi
bilirdi və mənə qarşı münasibətdən başa
düşürdüm ki,
"Bayıl" rəhbərliyi
xüsusi tapşırıq
vermişdi... Mən məhkəmədə gözləmə
kamerasına çatanda
"konvoy" qapını
açdı və
"Jurnalist gəldi...
Təhvil alın" deyərək
qapının ağzındakı
növbətçiyə məruzə
etdi. Dərhal qapı açıldı
və içəridəki
məhbusların hamısı
ayağa qalxdı... Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin
iclas zalına daxil olanda da
içəridəki jurnalistlər,
dostlar və qohumlar ayağa qalxdı... Elə bütün bunlara görə də kitabın adını
"Qalxın, jurnalist
gəlir!" qoydum...
Onu da xatırladırıq
ki, kitab min tirajla çap olunub və bu gündən ölkənin, o cümlədən
Bakının bütün
kitab satışı
məntəqələrində (metro keçidlərində də),
kitab mağazalarında
satışa verilib.
"Təzadlar"ın
təəssübkeş oxucularından
istəyimiz budur ki, kitabın alışında səxavətli
olsunlar. çünki bu, həm də "Təzadlar"a az da olsa maddi
dəstəkdir.
Həsən Ağa
Təzadlar.- 2011.- 5-7 iyul.-
S.4.