Gözəl oxunmayan
gözəlləmələr...
Sonra da deyirik ki, aşıq musiqisi niyə digər milli
musiqi nümunələrimiz, o cümlədən də
muğamlarımız qədər sevilmir
və dinlənilmir?!
"Gözəlləmə"
dedikdə ilk növbədə
hamının yadına məhz ülvi
gözəlliklərin tərənnüm edildiyi
kövrək ruhlu şeirlər düşür. Həmçinin bu mövzulu fundamental poetik
yaradıcılığın sözün
əsl mənasında banisi sayılan Molla Pənah Vaqif və onun bütöv
yaradıcılıq irsi. Doğrudan da
aşıq poeziyasında gözəlləmələr hər
bir insana bədii-ruhi
və estetik-psixoloji cəhətcə daha çox təsir edən,
ona hər zaman gənclik
hissləri aşılayan və xoş ovqat verən, ən incə, lirik
və aşiqanə şeir nümunələridir.
Şübhə yoxdur ki,
özündə eyni bədii dəyər
və xüsusiyyətləri əks etdirən gözəlləmə
aşıq havaları da ilkin
olaraq məhz bu şeirlərə
rəğmən onların üzərində
yaradılmışlar. Həmçinin zaman
keçdikcə improvizasiyalı ifalarla cilalanaraq daha mükəmməl
melodik formalara yiyələnmişlər.
Təbii ki, həm poetik,
həm də melodik mətnlərin gözəlləmə
ruhlu olması bu
havaları daha xoşagəlimli etmiş və onları insanlara
daha çox sevdirmişdir.
Elə bu səbəbdən də tarix
boyu həmişə bu havaların daha yenilərini yaratmaq və
ya onlara təkrarən qulaq asmaq hamının maraq dairəsində
olmuşdur. Bir qədər bədii dildə desək,
görünür, insanlar
həmişə daha çox
sevdikləri musiqi nümunələrini də
elə öz sevgiləri qədər, yəni
daha çox miqdarda görmək istəmişlər.
ümumiyyətlə, xalq
yaradıcılığından qaynaqlanan
hər bir musiqi
janrında belə hallara çox rast gəlmək olur. Məsələn,
digər Şərq xalqlarında yalnız bir
"Segah" muğamı olduğu halda, Azərbaycanda
segahın üç dəstgah
variantı var: "Zabul
Segah", "Mirzə Hüseyn
Segahı" və "Xaric Segah". Lakin çox vacib olan bir faktı da bilmək lazımdır ki,
şaxələnsə belə, hər üç
variantda "Segah"
öz "Segah"lığında
qalmış və öz orijinal
dəyərlərini qoruyub
saxlamışdır. Təbii ki, gözəlləmə
aşıq havaları da məhz bu cür qanunauyğunluqlara
istinadən inkişaf etmişdir.
Lakin məsələ ondadır ki, əsl gözəlləmə
havalarının ənənəvi dəyər və
xüsusiyyətlərini özündə yaşadan
belə havaların sayı cəmi üçdür.
Bunlar "Aran gözəlləməsi",
"Kərəm gözəlləməsi" və
"Göyçə gözəlləməsi"
havalarıdır.
Yəni
yalnız bu üç
hava istər lad-intonasiya,
istər ritmik vəzn, istərsə də
poetik və melodik mətnlərin
münasibətləri baxımından ənənəvi
gözəlləmə havalarına məxsus normaları
özündə əks etdirir. Daha doğrusu, yalnız bu havalarda poetik
və melodik axar
gözəlləmə ruhlu eyni emosional obrazın
yaranmasına xidmət edir. O cümlədən
də hər iki mətnin ideya
məzmunu bir məcrada birləşərək
bir-birilərini tamamlayırlar. Təbii ki,
ilk yaradılan gözəlləmə
havası "Aran gözəlləməsi"
olmuşdur. Elə bu
səbəbdəndir ki, el
arasında ona bəzən "Köhnə
gözəlləmə" də deyirlər. Digər
iki hava, yəni "Kərəm
gözəlləməsi" və "Göyçə
gözəlləməsi" havaları isə məhz "Aran gözəlləməsi"ndən sonra ümumən gözəlləmə
havalarına xas olan melodik məzmun və quruluşlarda
yaradılmışlar. Bu havaları əsl gözəlləmə havası kimi yaşadan və insanlara daha çox sevdirən də onların məhz bu xüsusiyyətlərə malik
olmalarıdır. çox təəssüflər
olsun ki, bu üç gözəlləmə
havalarından sonra onların yeniləri
yaradılarkən artıq bu prinsiplərə
riayət edilməmişdir. Elə ona
görə də bu üç
gözəlləmə havasından başqa
bu gün gözəlləmə
adını daşıyan bütün
havaları yalnız bir ümumi
cəhət birləşdirir. O da bu havaların gözəlləmə şeir mətnləri üzərində
qurulmalarıdır. Musiqi quruluşu baxımından isə
bu havaların nə öz
aralarında, nə də ümumən gözəlləmə
havaları ilə heç bir
bağlılıqları və əlaqələri yoxdur. İstər texniki,
istərsə də bədii xüsusiyyətləri cəhətcə.
Bu havaların hər biri,
sadəcə, ya ixtiyari
bir aşıq havasının
oxşarından, ya da
adi nəğmə yönümlü
qeyri-mükəmməl melodik variasiyalardan ibarətdir. Yəni bu havaların heç birini gözəlləmə havası saymaq düzgün deyil. Məsələn, gözəlləmə
kimi təqdim edilən belə havalardan biri
"çıldır gözəlləməsi"dir.
Bu havanın yaradıcısı
aşıq Şenlikdir. Havanın
şeir mətni təbii ki,
gözəlləmədir, özü də
çox incə, ürəkaçan bir gözəlləmə. Əlbəttə ki, aşıq Şenlik kimi böyük bir sənətkardan yalnız bu
cür şeirlər gözləmək olar. Lakin melodik mətnə gəldikdə, biz bunun tam
əksini görürük. Daha doğrusu, bu havanın yekun kadansa qədər
sabitləşməyən, yalnız yuxarıya doğru qısa sıçrayışlı
və daha çox təkrarlanan
melodik yerdəyişmələri, bəmin
zili kimi səslənən
monoton intonasiyaları, bir
növ zümzümə tərzli ən
sadə musiqi cümlələri və
nəhayət, sonluqda belə tamamlanmayan yarımçıq musiqi
fikirliliyi kimi əlamətlərini.
O əlamətləri ki, onların heç birinin gözəlləmə
havalarına xas olan meldodik kompozisiya elementləri
ilə nəinki eyniliyi, adi
oxşarlığı belə yoxdur.
Bir çox
müğənnilər bu havanı xalq mahnısı variantında da
oxumuşlar ("çalpapaq").
Maraqlıdır ki, bu
ifalar zamanı hər bənd sonluğunda "Segah"
məqamına ayaq verilmişdir.
Baxmayaraq ki, bu havanın öz orijinal quruluşunda belə
melodik gedişlər yoxdur.
Sual olunar: bəs nəyə
görə? Məsələ ondadır ki,
yuxarıda dediyimiz kimi,
bu hava öz
melodik quruluşuna
görə bir növ
"kasıb" bir havadır. Ona görə də bu cür taktiki gedişlər,
daha doğrusu, əlavələr
bu havanı xeyli dərəcədə
zənginləşdirirdi. O cümlədən də
havadakı yarımçıq musiqi fikrini demək olar ki, tamamlayırdı. Yəni təcrübəli
müğənnilər öz ifaları
zamanı bu əlavələri təbii olaraq ona ehtiyac
olduğundan etmişlər. İndi siz deyin,
istər melodik quruluşu,
istərsə də bədii dəyər zənginliyi
baxımından bu cür
sadə və bəsit bir hava
hansı xüsusiyyətlərinə görə məhz
gözəlləmə adlandırılmalıdır? Axı bu dəyərlər onda yoxdur.
Müxtəlif televiziya verilişlərində və dövrü mətbuat yazılarında bir fikrə də çox
tez-tez rast gəlirik.
Qəribədir ki, bu fikri bəzən aşıqların özləri
də deyirlər. Guya "Cəlili"
(Kolanı Bəylər), "Hüseyni",
"Sarıtorpaq" və bir çox havalar da əslində gözəlləmədirlər.
O cümlədən də bir çox Koroğlu
havaları. "Koroğlu müxəmməsi",
"Koroğlu dübeytisi"
və s. Maraqlıdır ki,
bunlar o havalardır ki, onların hər birinin
öz müstəqil və məxsusi
adları var. Yəni bu
havaların gözəlləmə mövzusu
ilə ümumiyyətlə əlaqələri yoxdur. Bu havalardan
birinə, "Koroğlu müxəmməsi"
havasına nəzər salaq. Dastan məqamlarına istinad
etsək, görərik ki, "Koroğlu müxəmməsi" havası bəzən
dəlilərə də
Hoydu dəlilərim, hoydu,
Yeriyin düşmən üstünə.
Bəzən Paşaya da
Canım Paşa, gözüm Paşa,
Paşa, qoy gəlsin
Eyvazım.
- deyə xitabən,
yüksək intonasiyalarla oxunan
bir havadır. Daha doğrusu, coşqun ruhlu, reçetativ-deklomasiya
xarakterli, hərəkətli bir havadır. Yəni bu havada melodik obraz qəhrəmandır, igiddir,
aşiq və ya
gözəl deyil. Axı bu
hava hansı əlamətlərinə
görə həm də gözəlləmə
sayılmalıdır? Məgər Koroğlu
bu havanı "Xalların qara deyilmi?" və ya "Pulum yoxdu alam səni"
gözəlləmə və məhəbbət şeirləri
üstündə oxumaqla bu
hava öz melodik məzmununu dəyişib gözəlləmə
olur? Yaxud, Koroğlu hər bir dəlisini
evləndirəndə onun
xanımını, daha doğrusu,
gətirdiyi gözəli tərifləyir, yəni ona gözəlləmə deyirdi.
Bu havaların hamısını gözəlləmə
saysaq, onda belə
çıxır ki, təkcə 7777
gözəlləmə havası elə "Koroğlu
dastanı"nda var. Müəllifi də
Koroğlunun özüdür.
Ona görə də bütün
oxuculara üzümü
tutaraq tam məsuliyyətlə
deyirəm:
- Koroğlu havaları arasında, ümumiyyətlə,
gözəlləmə ruhlu bir musiqi nümunəsi, bir hava yoxdur.
Sadəcə, bu dastanda
qəhrəmanlıq lirikası və tərənnüm mövzusunda müəyyən şeir
nümunələri var. Hansı ki, onlar da
müvafiq havalar
üstə oxunurlar. Əgər bu gün kimlərsə bu şeirlər üzərində oxunan istənilən havanı məhz gözəlləmə
sayırlarsa, onlar səhvə yol verirlər. Yox, əgər
bunu ustadlar da belə deyib və belə
ediblərsə, deməli, onlar da səhv ediblər. Zənnimcə, burada elə də paradoksal
bir şey yoxdur. Həyatda hamı səhv edə bilər.
Xüsusən də aşıq sənəti kimi mürəkkəb bir
sənət sahəsində. Əgər ustadların heç biri doğrudan da bu işdə səhvə yol
verməyibsə, onda bəs 50-dən çox gözəlləmə adlanan nərakəndə səs
yığımı bu gün
hardandır? Yaxud, əsrlər boyu 72 deyə-deyə bu gün sayı az qala 1000-ə çatan
aşıq havalarını, daha doğrusu, uşaqlar demiş, nanay-nanayları kim
bizə miras qoyub gedib? Güman edirəm ki, burada bir
faktı da nəzərə
çatdırmaq yerinə düşər.
Təkcə XX əsrdə
yaşayıb-yaratmış aşıqlarımızın az qala yarıdan çoxunun hər birinin
adına ayrıca bir gözəlləmə
havası var. Amma bu
dövrdə, yəni aşıq Mirzə, aşıq Əmrah
və aşıq Sadıq dövründən üzü
bəri aşıq mahnılarımızı milli
musiqimizin digər nümunələri səviyyəsində,
yəni tam professional
tərzdə oxuya bilən
aşıqlarımızı barmaqla saymaq olardı. XX əsrin ikinci
yarısında isə bunlar yalnız iki nəfər idilər. Aşıq Kamandar Əfəndiyev və aşıq Əkbər
Cəfərov. Belə çıxmırmı ki,
bir çox
aşıqlarımız öz dövrlərində
fikirlərini professional aşıq musiqisi ifaçılığının
öyrənilməsinə yönəltmək əvəzinə,
oturub "bəstəkarlıq"la məşğul
olmuşlar. Yaratdıqları havaları (əgər
bunlara hava demək
mümkünsə) isə şeir mətnlərinin
mövzusuna uyğun olaraq ucdantutma gözəlləmə
adlandırmışlar. Amma bu gün biz
bu havaların hamısını
mübağiləsiz olaraq ən mükəmməl
gözəlləmə havaları kimi qəbul
etməliyik. Axı nəyə görə? Ona
görəmi ki, onlar
məhz gözəlləmə şerləri üzərində
qurulub? özlərini də ustadlar bəstələyiblər?
Axı hadisələrə
bu qədər sadəlövhcəsinə
yanaşmaqla heç
nəyin dəqiqliyinə varmaq və təbii
ki, onun
inkişafına nail olmaq
mümkün deyil. O
cümlədən də aşıq musiqisinin.
Görünür, elə bu
səbəbdəndir ki, XXI əsrdə yaşasaq belə, biz hələ
də gözəlləmə havalarının digər
aşıq havalarından konkret olaraq nə ilə fərqləndiklərini
müəyyənləşdirə bilməmişik. Yalnız şeir mətnlərinin eyni
mövzulu, yəni gözəlləmə
olmaları səbəbindən başqa. Düzdür, şeir mətnlərinin
gözəlləmə səciyyəli olması gözəlləmə
havalarını şərtləndirən başlıca amillərdəndir.
Lakin bu heç də o demək deyil ki, bu
şeirlər üzərində qurulan bütün havalar da elə gözəlləmədirlər.
Yeri gəlmişkən, eyni bir qəzəl
nümunəsi muğamın da şeir mətni ola bilər,
təsnifin də. Məgər bu o deməkdir ki, muğamla təsnif eynidir?
Yaxud, eyni bir xalq şeiri
nümunəsi prinsipcə təsnifdə də ola bilər, xalq
mahnısında da, həmçinin
aşıq mahnısında da. Amma bu musiqi
nümunələrinin hər biri
özündə tamamilə ayrı-ayrı janrlara
məxsus xüsusiyyətləri əks etdirir.
Digər tərəfdən, gözəlləmə adlanan hər hansı bir hava yanlışdırsa, yəni melodiyası
gözəlləmə məzmunlu deyilsə, onun
kim tərəfindən
yaradılmasının nə əhəmiyyəti var? Yəni ustad
aşıq tərəfindən, ya
naşı aşıq tərəfindən. Axı burada söhbət havanın özündən
gedir, onun müəllifindən
yox. O ki qaldı
yuxarıda adlarını çəkdiyimiz digər havalara, onların da hər
birinin dediyimiz kimi, yenə də öz melodik mövzusu və təbii
ki, buna da uyğun obrazlı məzmunu
var. Düzdür, bu havalar da
yeri gəldikcə lirik,
aşiqanə şeirlər üzərində oxuna
bilərlər və oxunurlar da. Lakin bu
onların gözəlləmə havası sayılmaları üçün heç bir əsas vermir. Çünki gözəlləmə
havalarının özlərinə məxsus orijinal
xarakter göstəriciləri var. Təbii ki, müvafiq məqamlarda biz bu haqda ətraflı məlumat
verəcəyik.
***
Çox təəssüflər olsun ki,
bu cür "yaradıcılıq" prosesləri bu gün
də davam edir. Bir qədər
əvvəl yenə də televiziya
verilişlərinin birində ustad
aşıq Mais Gəncəliyə qulaq asdım. Söhbət zamanı ustad yeni bir
aşıq havası yaratdığını dedi.
Həmçinin onu bu
prosesdə iştirak etmiş
bir nəfərin adı ilə
bağlı "Cuma gözəlləməsi"
adlandırdığını da bildirdi. Sonra isə bu havanı ifa etdi. Açığını deyim ki, məni elə ilk baxışdan təəccübləndirən
yenə də bu havanın adı oldu. Əlbəttə ki, bu havaya ən sadə
şəkildə "Cuma" havası,
"Cümayi" və s.
adlar verilə bilərdi. Bəs nəyə
görə məhz gözəlləmə? Sonra
məlum oldu ki, bu hava şair
Məzahir Daşqının bir gözəlləmə
şeiri üstə bəstələnib. Ona görə də məhz gözəlləmə
adlandırılıb. Yenə də həmin mövzu
və orta əsrlərdən üzü bəri uzanıb gələn həmin
problem. Daha doğrusu, gözəllər
eşqinə deyilib, sonra
da yanlış oxunan
gözəlləmə problemi. çox qəribədir, onda
belə çıxır ki, "Baş Divani"dən tutmuş
"Müxəmməs"ə qədər bütün
aşıq havalarını, o cümlədən
də "Mansırı", "Bəhməni",
"Yanıq Kərəmi" və digər havaları
da gözəlləmə şeirlər
üzərində oxumaqla, onlara
da gözəlləmə demək olar. Yəni "Mansır gözəlləməsi",
"Bəhmən gözəlləməsi", "Yanıq
Kərəmin gözəlləməsi" və s. Qəribədir, deyilmi? Sonra da deyirik
ki, aşıq musiqisi
niyə digər milli musiqi
nümunələrimiz, o cümlədən
də muğamlarımız qədər sevilmir
və dinlənilmir?! Axı melodik və metro-ritmik quruluşu oyun havası (havanın ölçüləri
belə idi), şeir mətni,
gözəlləmə, ifaçısı isə balabanla oxuyan aşıq olan bu musiqi
nümunəsini kim və necə sevməlidir?
Oyun havası kimi, yaxud ara mahnısı kimi, yoxsa da
şeir mətnindən və adından başqa heç bir gözəlliyi və özəlliyi olmayan gözəlləmə aşıq
havası kimi?
(Davamı var)
Lətif HƏSƏNOV
Təzadlar.- 2011.- 7-9 iyul.- S.14.