Son görüşüm

 

(Milli Qəhrəman Təbriz Xəlil Rza oğlunun övladı Aytacın toy mərasimində gördüklərimi atasının ruhuna ərməğan edirəm)

 

...Bundan bir müddət əvvəl nişanında ağsaqqallıq etdiyim Aytacımızın indi də toy mərasimindəyəm, 19 şölə (iyun) 2011-ci il. Oğlan evindən gətirilən xonçalar, gül-çiçək dəstələri yerbəyer edildikdən sonra qardaşım Xəlil Rzanı, onun oğlu, Azərbaycanın Xalq Qəhrəmanı Təbriz Xəlil Rza oğlunu və başqa doğmalarımızı təmsil etməkdən ötəri xeyir-dua verir, sonra qalxıb "NEON" şadlıq sarayına yollanırıq.

 

Bizi bura nəvəm Vasifin atası öz maşını ilə gətirir. "NEON" şadlıq sarayı səliqə-səhmanlıdır, gözəldir, yaraşıqlıdır.

Yerlərimizi tuturuq. Bir tərəfdə oğlan evinin adamları, başqa tərəfdə də bizimkilər. Oğlan evinin ağ saqqalı 86 yaşında, mən də 76 -nı haqlamışam. Düşündüm ki, Əhməd müəllim məndən xeyli yaşlıdır, qalxıb onunla görüşə getmək istəyirdim ki, üç-beş addımlıqda qarşılaşdıq. Sən demə o da məni görübmüş, qucaqlaşıb görüşdük, xeyir işimizi, toyumuzu təbrik edirdik ki, oğlan evinin başqa adamları da mənimlə görüşməyə gəldilər.

Öz yerimə qayıdırdım ki, məni təbrik deməyə səslədilər. Mən müğəni Ağadadaş Ağayevin mahnı məhəbbətinə təslim olmaya bilməzdim. Bundan əvvəl təbrik demək üçün əlimdəki "kanisbekti" unudub, sağlığı sinədən deməyə ona görə məcbur oldum ki, burada Ağadadaş bəy həm aparıcı, həm bəsdəçi, həm də müğənni idi.

Əziz oxucularımıza xatırladıram ki, yuxarıda qeyd etdiyim kimi, görsünlər ki, mən bu nişanda kimləri təmsil edirəm...

Haşiyə: El arasında belə bir misal dolaşmaqdadır: Deyirlər, yerdə yatan yumurta, göydə uçan quş olar. Türkayımın və Gültacımın anası Sevincimizin ağır zəhmətlərini dilə gətirməli oluram. O, bu müddət ərzində uşaqlara həm analıq, həm də atalıq etmişdir.

Daha sonra gənclərimizi təbrik etmək üçün ölməz şairimiz Nizami Gəncəvinin "Allah"in adı ilə başladığı misralarını dilə gətirirəm.

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin ?

Eşqin qulu ol ki, doğru yol budur,

Ariflər yanında bil, eşq uludur.

 

Sonra X.R.Ulutürkün "ömür" şeirini əzbərdən, özüməməxsus canyanğısı ilə deyirəm:

 

Ömür sənə verilməyib, boş-boşuna keçirəsən,

Verilib ki, ulduzları gözlərinə köçürəsən.

ömür sənə verilməyib girib qına yaşayasan,

Verilib ki, sevə-sevə, yana-yana yaşayasan.

 

Ömür sənə verilməyib, bir uşağa bağışlanan, nobat kimi.

Verilib ki, ram edəsən illəri sən yüyənlənmiş bir at kimi.

 

***

 

Mənim ömrüm min-min ömrün davamıdır,

Çovğunu da, tufanı da bahar qədər səfalıdır.

 

***

 

Bir ömrüm var, ömrü gərək insan kimi başa vuram,

Vurammasam boş bir qədəh kimi çırpam, daşa vuram.

 

...Müğənnimiz mənə öz məftunluğunu, məhəbbətini izhar edir, mərasimimiz iyirmidən çox xalq mahnılarımızla, zəncirvari rəqslərlə davam edir, mən milli oyunlarımıza göz qoyur, fərəh duyur, toyumuzun gedişini, müğənimizin sadə davranışını gözlərimə, ağlıma yığmağa çalışıram. Burada lider müğənimizin təşəbbüsü ilə əllidən çox el havaları, yallı rəqsləri nümayiş etdirildi. Yüzlərlə oğlan qızların rəqs eləmələri bizə ləzzət verirdi.

Bu arada işıqlar azaldıldı, "Yevropeyski" çisko-misko oyunları da oldu. Mən bu arada səslənən əcnəbi mahnıları ətrafımdakılara təsəlli tapmaq üçün qəsdən yanlış olaraq bilərəkdən tərcumə edirdim:-guya əcnəbi mahnıların tərcümələri belədir:

 

Dildən-dilə düşdü bu fəsanə, faş oldu bu məcarə cahanə,

Kim Qeys oluban əsiri Leyli, Leyli dəxi salmış anə meyli.

Tədrici məbad ilə nagah, Leylinin anası oldu agah.

Odlara tutuşdu, yasə batdı, ol qönçə dahanə dil uzatdı.

Yanar od olub çəkir zəbanə, ol gülrüxə dedi yanə-yanə,

Key-şuxi nədir bu kifti külər, qılmaq sənə tənə ey biculər.

Neyçin özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən?

Neyçin qılmaq sənə tənə ey bicu, namusuna layiq işdirmi bu?

 

Yəni əcnəbi rəqs mahnılarına qəzəbim tutduğundan Füzulinin anasının Leyliyə nəsihəti fraqmentlərindən təsəlli tapmaq üçün dilə gətirib şuxluq etmək məcburiyyətində qalırdım.Yəqin ki, zamanın tələbinə uyğunlaşmaq zəruruyyətində oluruq. Bu arada tamadamız məni təkrar olaraq şeir deməyə dəvət edir. X.R.Ulutürkün "Həyat düşüncələri" şerini əzbərdən deməli oluram:

 

Sən elə bilmə ki, köçdüyüm zaman,

Dünyadan bir yolluq köçəcəyəm mən.

Bir dəfə ölüncə bəlkə min dəfə,

Ölümü tapdayıb keçəcəyəm mən.

Bir gün öz yanında görməsən məni,

Çıx yaşıl bağlara, quşları dinlə.

Okean qüdrətli, Araz nəhrini,

Saxlamaq istəyən daşları dinlə!

 

***

 

Dinlə küləkləri, küləklərdəyəm!

Ürəklərdən soruş, ürəklərdəyəm!

Bütün ulduzlarda, bütün çaylarda,

Bütün güllərdəyəm, çiçəklərdəyəm.

 

Buludu şimşəklə parçalayaraq,

Zülməti nur ilə boğacağam mən.

Qərbdə ulduz kimi batsam, Şərqə bax!

Şərqdən Günəş kibi doğacağam mən!

Qanadlanacağam sənin yanına,

Qışla əlbəyaxa ilk bahar ilə,

Savalan dağının zirvələrindən,

Qərbə- Şərqə düşən şüalar ilə!

İtib - batmaq üçün yaranmamışam.

Dünənəm! Bu günəm! Gələcəyəm mən!

 

Bir gün bu dünyadan getsəm qəm, Dünyaya təzədən gələcəyəm mən.

 

***

 

X.R.Ulutürkün şeirləri toya, nişana gələnlərin ürəyinə yağ kimi yayılırdı. ülvi ilə Gültac sevinib fərəhlənir, müğənnimiz iftixar hissi keçirir, şairin "Gəldin " rədifli qəzəlini böyük ustalıqla oxuyur, axırda da bu qəzəlin Şamaxı tarixçəsindən söhbətlər açırdı. Müğənnimizin X.Rza barəsindəki real, səmimi, sadə danışıqları məclisə təzə nəfəs, təzə ruh gətirirdi. Mən müğənnimiz Ağadadaş Ağaya, oğlan evindən gələnlərə, gənclərimizə xoş arzularımı bildirə-bildirə bacılarım Böyükxanım Ulduzu dinlədikcə kövrəlir xəyalım keçmişlərə boylanırdı. Atam Rza, anam Xanım, qardaşlarım Xəlil, Tofıq, Rüstəm, Məhəmməd, xalam Gülnisə, bacım Arifə, ömür-gün yoldaşım Həqiqət Sahib qızı başqa doğmalarımız gözlərim önündə canlandıqca başqalaşırdım.

 

***

 

1991-ci ilin 31 dekabrında gecə Təbriz məni Rzanın toyundan evlərinə gətirdi. Səhər açılar -açılmaz Təbrizlə əmi-qardaşoğlu söhbətləşirdik, "sabah əsgər gedirəm" dedi. Dedim əsgərlikdən təzə gəlmisən, atan bilirmi? Dedi, atam deyəcək? Deyəcək ki, döyüşə getmə? Sonra o mənə dedi ki, biz öz rayonumuzdan əlliyə yaxın könüllülər bir-birimizə söz vermişik, qərarım qətidir.

O zaman Dərbənd oğlum Bakının Güzdəkində hərbi xidmətdə idi. Təbriz toy yeməklərindən 4 araq da daxil olmaqla böyük bir "veşmişok" doldurub məni "Aazneft"ə kimi gətirdi. Bu mənim Təbrizlə son görüşüm oldu. O, çox sadə mehriban bir oğul idi. Heyf ki, Allah onu da bizə çox gördü.

 

***

 

...Firəngizin, Böyükxanımın, Ulduzun çıxışları daha məzmunlu oldu. Ona görə Gültacım üçün yazdığım çıxışımı nəsillərə nümunə başlığı altında, babası Xəlil Rza Ulutürkün "Gültac balam" şeirini "Gəldin" rədifli qəzəlini macal tapıb bu mərasimdə oxuya bilmədiyim üçün indiki yazıma əlavə edirəm.

 

Gəldin

 

Sən incə çiçəklərdəki, jaləm kimi gəldin,

Bir qan bahası, bağçama laləm kimi gəldin.

Aldın da ucaltdın məni əflakə özünlə,

Endikdə, müqəddəs, yeni Aləm kimi gəldin.

Doldum nəfəsindən saçılan rahiyələrlə,

Getdikdə apardın fərəhi, qəm kimi gəldin.

Şahlar mənə qibtəylə baxır, ən ulu şah mən,

Çün sən ulu göydən, ulu töhfəm kimi gəldin.

Bir qanlı gül ağzında mey kasəsi əldə,

Bircə telinə gözlərimin nuru da qurban,

Eşqim fərəhim, ah ilə naləm kimi gəldin.

Dünya bağı qarlı, mən üzülmüş qoca bağban,

Ruhunda qərənfil, mənə həmdəm kimi gəldin,

Qüdrət , məhəbbət , mətanət özünsən,

Yığdın dağınıq gülləri bir cəm kimi gəldin.

Verdin alıb içdim meyi... Könlüm dağa döndü,

Dağdan tökülən nurlu şəlaləm kimi gəldin.

Aləmlərə bildir ki, Xəlil heç zaman ölməz,

Çün ovcuma əfsunlu piyaləm kimi gəldin.

 

 

Fərhad Rza Ulutürk,

Bakı-Salyan,

19-20 şölə (iyun) 2011

 

Təzadlar.- 2011.- 12-14 iyul.- S.15.