“Yandım
avazeyi eşqinlə sənin”
Əkrəm Cəfər
Füzuli aşiqi idi...
Bu yaxınlarda tanınmış əruzşünas
alim Əkrəm Cəfərin anadan olmasının 105 ili tamam
oldu. Əkrəm Cəfər
1905-ci ildə İsmayıllının Lahıc kəndində
anadan olub. İlk təhsilini mollaxanada
alan Ə.Cəfər sonra
yeni üsullu məktəbdə
oxuyub.
Bakıya gələrək
"Darülmüəllimin"ə daxil
olur. 1925-ci ildə həmin məktəbi
qurtarır, Lənkəranda, Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı
Darülmüəllimi"ndə oxuduğu
illərdə bir ədəbiyyat həvəskarı
kimi "Maarif və mədəniyyət",
"Şərq qadını" jurnallarında şeirlərlə
çıxış edib. 1929-cu ildə ali təhsil almaq üçün Moskvaya
göndərilir, Dövlət Universitetinin
rus dili və ədəbiyyatı
şöbəsini bitirir. Təhsil almaqla yanaşı 1929-1931-ci illərdə Moskva Proletar
Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin
katibi olub. M.Qorki
adına Ədəbiyyat İnstitutu, Moskva vilayəti axşam və
qiyabi pedaqoji
institutlarında da ümumi
dilçilik fənnini tədris edib. 1937-ci ildə Bakıya qayıdan Ə.Cəfər
əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunda, sonra isə
Azərbaycan Dövlət Universitetində kafedra
müdiri olub. Azərbaycan
ədəbi dilinin tədqiqi sahəsində
səmərəli fəaliyyət göstərib. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi
dilinin inkişaf mərhələri"
adlı namizədlik dissertasiyasını, 1969-cu ildə isə
"Əruzun nəzəri əsasları və Azərbaycan əruzu
ərəb, fars, türk,
tacik və özbək əruzları ilə
müqayisədə" adlı dissertasiyanı müvəffəiyyətlə
müdafiə edərək filoloji
elmlər doktoru adı alıb.
"Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili
oçerkləri" kitablarını və bir
çox elmi tədqiqat
əsərləri və məqalələrin müəllifidir.
"Azərbaycan dilinin izahlı
lüğəti"nin çapa
hazırlanmasında əməyi var. Nizami adına Ədəbiyyat, Şərqşünaslıq
İnstitutlarında çalışıb. 1991-ci il avqustun 18-də
Bakıda vəfat edib.
Ötən il "Çaşıoğlu" nəşriyyatında
Əkrəm Cəfərin "Yandım avazeyi
eşqinlə sənin" adlı kitabı nəfis tərtibatla
işıq üzü görüb.
Kitabın tərtibi, transliterasiya və ön sözün müəllifi
filologiya elmləri doktoru
Gülşən Əliyeva-Gəngərliyə, elmi redaktorluğu filologiya elmləri doktoru Tərlan
Quliyevə, redaktorluğu isə Sokrat Cəfərə məxsusdur. Kitabda Əkrəm Cəfərin Füzuli haqqında araşdırmaları
toplanıb. Onun Füzuli
haqında aşağıdakı fikrinə nəzər salmaq yetər ki, böyük şairə sevgisi
haqqında təəssürat yaransın: "Dahi
şairimizlə bizim aramızda dörd əsrdən artıq zaman
məsafəsinə baxmayaraq, o, bu gün
də bizimlə danışır, həyatımızın bir sıra sahələrində mübarizələrimizdə
iştirak edir. O deyir: "Unutma ki, həqiqət həmişə qalib gəlib, haqsızları cəzalandırıb".
Tənqidçi
Vaqif Yusifli yazır:
"Tale ona
çoxlarına müyəssər olmayan
iti zehin, yaddaş və başlıcası, istedad vermişdi. Elə bir istedad ki,
Ə.Cəfər bəlkə bütün
ömrü boyu,
hansı şəraitdə olursa-olsun, o nadir sərvəti qoruya bildi. Və
Əkrəm Cəfəri 12 il sürgün həyatında da
ruhdan düşməyə qoymayan istedad oldu. 5 illik təhsil həyatında
yorulmaq bilmədən klassik
və müasir türk
poeziyasını, Azərbaycan ədəbiyyatını
öyrənir, Füzuli, Nəsimi, Əbdülhəq
Hamid, Tofiq Fikrət dünyasına
vaqif olur. Burada ona dərs deyən böyük və münəvvər ədib Hüseyn Cavid klassik poeziyanı bir həyat
şirəsi kimi onun
qanına, ruhuna yayır".
Bu yerdə V.Yusiflidən onun haqqında bir xatirə:
"80-ci illərin sonlarında Əkrəm Cəfərdən
müsahibə almaq niyyətilə onun yanına getdim. Məqsədim
bu idi ki,
onun həyatı,
yaradıcılığı və böyük
sənətkarlarla (Cavid, S.Vurğun,
Müşfiq və b.)
görüşləri barədə bir
yazı hazırlayım. Təxminən yüz
sual hazırlamışdım. Görüşdük. Ancaq
bu görüşün
əvvəli bir imtahana
bənzədi. Məndən soruşdu ki, sən heç olmasa, Füzulidən bir qəzəl
bilirsənmi? Dedim ki, Əkrəm
müəllim, nəinki bir, onlarla qəzəlini bilirəm və
imkanım daxilində o qəzəlləri
şərh eləməyə də hazıram. Bu
"sınaqdan" keçəndən sonra
onun üzü güldü. Və yalnız bir-iki
sualıma cavab verdi. Bir saatlıq görüşdə o bir-iki sualı o qədər ətraflı, geniş
cavablandırdı ki, heyrətə gəldim".
Ə.Cəfərin
həyatdan nakam getmiş
şair Mikayıl Müşfiqlə
bağlı xatiratına vaxtilə televiziyada
qulaq asmışam: "O zaman
"Qubernator bağı"nda Belinski adına uşaq
kitabxanası vardı. Burada cümə
günləri "Cocuqlar sabahı" keçirilirdi. Məktəblilər hər
cümə günü bura
yığışıb bədii çıxışlar
edirdilər. Mən də "Cocuqlar
sabahı"na gedirdim,
çıxış edən uşaqlara tamaşa edirdim. Uşaqlar arasında bir əsmər
oğlan da gözə
dəyirdi. Onun şeir
oxuması mənə çox xoş gəlirdi. Həmin oğlanın
özünəməxsus pafosu, əl-qol, baş və mimika hərəkətləri
mənə xüsusi təsir
bağışlayırdı. Bir dəfə
yığıncaqdan sonra bir-birimizə
yaxınlaşdıq, tanış olduq. Mən
də o zaman şeirə
bərk aludə idim. Bizi
bir-birimizə bağlayan, sevdirən də
hər ikimizin də şeirə məhəbbətimiz
idi. 1922-23-cü dərs ili
başlanmışdı. Bir gün birdən həmin əsmər
oğlanı - Mikayılı darülmüəllimin koridorunda gördüm.
Gözəl bir sevinc ruhumuzu qapladı. Mikayıl da
darülmüəlliminə oxumağa girmişdi. O gündən biz
artıq sadəcə tanış deyil, iki yaxın, səmimi dost idik".
Publisist Məhəmməd Hərimanoğlu
isə Ə.Cəfər
haqqında bu qənaətdədir: "Əkrəm
Cəfər təkcə sözün əsgərinə,
sərkərdəsinə çevrilmədi, həm də onun poeziya zirvəsinə aparan yollarına nur
çilədi. Keçdiyi əzablı, məşəqqətli yollar onun xarakterində əzmkarlıq,
bütövlük, həmçinin bir nuranilik də
formalaşdırdı. Yaşadıqları onu
yaşamağa macal
verməsə də, o, sözün
yaşamasını, klassik şeir növü kimi heç də həmişə
anlaşlıqlı olmayan əruzun incəliklərini
incələdi. Beləliklə, Əkrəm Cəfər
özünün söz-sənət məktəbini
yaratmış oldu.
Əkrəm
Cəfəri - XX əsrin dahi əruzşünas
alimini, bu vəznin incəliklərini
duymaq, anlamaq və tədqiq
etmək üçün Hüseyn
Cavidin yaradıcılığına baş vurması, türk
dünyasının, xüsusən də Şərqin klassiklərini
dərindən mütaliə etməsi onu ədəbiyyat
və incəsənət
aşiqinə çevirdi. Əqidəsindən
dönməyən Ə.Cəfər 1942-ci ilin
sentyabrında həbsə məhkum olunub,
məhkəməsiz Kuybışevə katorqaya
göndərilib. Məsləkdaşları olan Hüseyn Cavidə, Əhməd
Cavada, Mikayıl Müşfiqə, Həmid
bəy Şaxtaxtinskiyə pərəstiş etməsi, antisovet ideologiyasının
daşıyıcılarından biri kimi onun sonrakı taleyini Vətəndən uzaqlarda,
Krım çöllərində keçirməsi iradəsi poladdan olan Əkrəm Cəfəri
sındıra bilməyib. Əkrəm Cəfərin
ömrünün doğma
Azərbaycanı ilə bağlı illərinə nəzər
saldıqda qürur hissi
keçirməyə bilmirsən. 1940-cı ildə namizədlik,
1969-cu ildə isə doktorluq
dissertasiyasını müdafiə edən Əkrəm Cəfər
sıradan bir alim deyildi. O, Şərq və Azərbaycan ədəbiyyatşünaslığına,
dilçiliyinə və türkologiyaya həsr
olunmuş 230-dan artıq əsərin və
neçə-neçə monoqrafiyanın müəllifidir. Ə.Cəfər poliqlot alim idi: o,
8 dildə sərbəst danışır və
yazırdı. Ömər Xəyyamın rübailərini ilk dəfə öz vəznində
tərcümə edərək 1984-cü ildə kitab halında buraxdırıb. Əkrəm Cəfərin
Azərbaycan və ümumiyyətlə, Türk
ədəbiyyatına, Şərq poeziyasına göstərdiyi
tükənməz məhəbbət, azalmayan
sevgi onun adını
şərəflə yaşadacaq".
Oğlu Sokrat Cəfər
isə atası haqqında ardıcıl araşdırmalar
aparır: "Alimin vəfatından
ötən 20 il ərzində tərəfimizdən
onun nəşrlərdən kənarda
qalmış 80-ə qədər elmi-ədəbi
yazıları, məktublaşmaları, poeziya
nümunələri və "Mirzə Ələkbər Sabir şerinin qafiyə
lüğəti" adlı monoqrafiyası filoloji
ictimaiyyətimizə çatdırılıb. Lakin böyük, iri
miqyaslı nəşrlər hələ qarşıdadır. Əkrəm
Cəfərin mükəmməl "Əruz"
kitabının II cildi olan
"XIII-XX əsrlər Azərbaycan şeirində əruz və
əkrəmi vəznləri" adlı əsərini
xüsusilə qeyd etmək
lazımdır. 450 səhifədən ibarət olan bu fundamental monoqrafiyada
İzzəddin Həsənoğludan, Qazi
Bürhanəddindən, İ.Nəsimidən başlayaraq,
H.Cavid, M.Müşfiq,
S.Vurğun, A.Səhhət, A.Şaiq, Ə.Vahid, R.Zəka,
R.Əhmədzadə, R.Zəbioğlu, M.Seyidzadə, H.Mail, H.C. Pəncəli,
H.Cənublu, Ə.Bakir və s. kimi XX yüzilin
ən müasir şairlərinə qədər
700 il ərzində
yazıb-yaratmış ədiblərin əsərləri praktik əruz baxımından (misallar
gətirilən poeziya nümunələrinə
əruzşünaslıq şərhləri verilərək) tədqiqatlara
cəlb edilib. Bu
əsərdə əruzda yazmış elə bir
klassik və müasir
şairin şeirləri yoxdur
ki, təhlillərdən kənarda
qalmış olsun".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 14 iyul.- S.14.