Sadiqi şeirlərinin ilk nəşri

 

Müəllifin türkcə şeirlərində daha çox dünyəvi məhəbbət, real insani münasibətlər, dostluq, insanlar arasındakı mənəvi bağlar yer alır

 

XVI əsrin ikinci yarısı-XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Sadiq bəy Əfşar dövrünün hərtərəfli istedada malik zəngin bilikli ziyalısı, görkəmli alim, şair və rəsam kimi mədəniyyət tariximizə düşmüşdür. Müxtəlif mənbələrdə adı Sadiq bəy Sadiqi və Sadiqi Kitabdar kimi də qeyd edilən sənətkarın Təbriz Mərkəzi Kitabxanasındakı əlyazma külliyyatında farsca və türkcə şeirləri, "Məcməül-xəvas" adlı şairlər təzkirəsi, rəssamlıq haqqında farsca "Qanunüs-süvar" risaləsi, "Həttiyyat" risaləsi, onlarda digər əsərləri saxlanır.

S.Əfşarın poetik yaradıcılığı zəngin, rəngarəngdir. O, fars və türk dillərində qəzəl, qəsidə, qitə, rübai, müxəmməs, tərcibənd, tərkibbənd, məsnəvi, müəmma janrında gözəl şeirlər müəllifidir. Tədqiqatçı M.Muradovanın hesablamalarına görə, onun 587 qəzəlindən 40-ı türkcədir. Şairin farsdilli poetik yaradıcılığında Şah Abbasın hakimiyyətinin ilk illərindən və onun apardığı müharibələrdən bəhs edən "Fəthnameyi-Abbas-namdar" adlı 2500 beytdən ibarət poeması mühüm yer tutur. Müəllif müxtəlif tarixi hadisələri, döyüşləri yüksək bədii formada təsvir edir, Şah Abbasın müxtəlif müharibələrdən, ən çətin vəziyyətlərdən qalib çıxan qəhrəman obrazını yaradır. Əsəri oxuduqca bu qəhrəmanlıq dastanının yazarının yersiz müharibələrə, qan tökülməsinə qarşı çıxdığını görürük.

Sadiq bəy Əfşarın türkcə yazdığı əsərləri içində "Məcməül-xəvas" təzkirəsini, külliyatına daxil edilmiş şeirlərini və məktublarını (18 məktubundan 14-ü ana dilindədir) göstərə bilərik. Şairin türkcə şeirləri onun Təbriz Mərkəzi Kitabxanasında saxlanan əlyazma külliyatının 888-917-ci səhifələrini əhatə edir. Bundan başqa, Sadiqinin təzkirəsinə daxil etdiyi məktublarında rast gəldiyimiz bəzi türkcə şeirlərinin də olduğunu qeyd etməliyik.

Müxtəlif tədqiqat əsərlərində Sadiq bəyin türkcə şeirlərindən müəyyən nümunələr verilsə də, bu əsərlər bütöv halda çap edilməmiş, buna görə də şairin anadilli lirikasının ətraflı araşdırılması mümkün olmamışdır. Filologiya elmləri namizədi Paşa Kərimovun Sadiqinin türkcə şeirlərini Təbriz Mərkəzi Kitabxanasından əldə edərək çap etdirməsinin əsas səbəbi də bu boşluğu doldurmaqdan ibarət olmuşdur. Kitaba yazdığı ətraflı ön sözdə tədqiqatçı məlumat verir ki, S.Əfşar klassik Şərq ədəbiyyatını, poetikasını gözəl bilmiş, sələflərinin yaradıcılığının ən dəyərli cəhətlərindən təsirlənmişdir. Sadiq bəy böyük Azərbaycan sənətkarlarından ən çox Xaqani Şirvani, Nizami Gəncəvi və Füzulinin, fars şairlərindən Firdovsi, Ənvəri, Kəmaləddin Isfəhani, Zəhir Faryabi, Sədi və Hafizin əsərlərindən bəhrələnmişdir. Ana dilində yazdığı şeirlərində şair türkdilli ədəbiyyatın iki dahisini - Nəvai və Füzulini özünə ustad seçmişdir. ümumiyyətlə, bu dövrdə şeirimizin demək olar ki, bütün nümayəndələri yaradıcılıqları boyu ən dəyərli örnək kimi bu iki sənətkarın poeziyasına üz tutmuşlar.

Professor Turxan Gəncəyinin dediyi kimi, Sadiqi üç türk ədəbi dilini (Azərbaycan, Osmanlı və cığatay) mükəmməl bilmiş və türkcə şeirlərini də bu şivələrdə yazmışdır. P.Kərimovun göstərdiyinə görə, S.Əfşarın 478 beytdən ibarət türkcə şeirlər toplusuna 5 qəsidə, 40 qəzəl, 1 saqinamə, I Şah Abbasa müraciətən məsnəvi formasında yazılmış 1 şeir, 1 tərkibbənd və 1 qitə daxil edilmişdir. Bu şeirlər əlifba sırası ilə düzülmüşdür.

Buradakı şeirlərdən birincisində şair obrazlı şəkildə, alleqoriyadan istifadə etməklə havaların soyumasını, qışın gəlməsi ilə təbiətdə baş verən dəyişiklikləri təsvir edir. 43 beytdən ibarət bu şeiri ədəbiyyatımızda qışın təsvirinə həsr edilmiş ən uğurlu qəsidələrindən hesab etmək olar. Əsər Sadiqinin həyatı diqqətlə müşahidə etmək, yüksək bədiiliklə oxucuya çatdırmaq istedadına malik olduğunu sübut edir. İkinci qəsidə Həzrəti-Əlinin mədhinə həsr edilmişdir. üçüncü qəsidə şairin qurbətdə olduğu zaman yazdığı şərhi-haldır. O, bu şeirdə qürbətdə olmasının səbəbini izah edir. "Əgər qürbətdə zarət, izzətini yox, ariyəm qəmdən" deyən şair vətənindən kənarda tanınmasa da, izzəti, hörməti olmasa da, qəmdən azad olduğunu söyləyir. S.Əfşar istedadının yetərincə dəyərləndirilməməsindən, cəmiyyətdə əsl qiymətini almamasından narazıdır. O, vətənindən kənarda yaşamasını cəmiyyətdən narazılığının ifadəsi, bir etiraz aksiyası kimi təqdim edir.

Şair külliyatındakı türkcə qəsidələrindən dördüncüsünü mürşidi-kamil, dinin dayağı adlandırdığı I Şah Abbasın mədhinə həsr etmişdir. Şeirdə şahın ədaləti, mərhəməti, din düşmənlərinə qarşı mübarizə aparması xüsusilə nəzərə çarpdırılır.

Beşinci qəsidəsində şair təbiətin gözəlliklərindən danışaraq, bütün bunlara görə Yaradana dua edir.

Sadiqinin türkcə şeirlər toplusuna daxil edilmiş qəzəllər onun lirik yaradıcılığının tədqiqi baxımından böyük önəm daşıyır. Məhəbbət mövzusu, dostluğun tərənnümü, insan taleyi ilə bağlı düşüncələr, təbiət mənzərələrinin təsviri bu şeirlərdə ilk diqqəti cəlb edən cəhətlərdəndir. Lirik şeirlərində məhəbbəti insanın ən ülvi duyğusu, onun mənəvi yüksəlişinin səbəbi olan qüvvə kimi tərənnüm edən şair eşqi yolunda hər cür cəfaya hazır olan aşiq obrazı yaradır. Sadiqinin lirik qəhrəmanı eşqi yolundakı fədakarlığı ilə fəxr edir, özünü klassik Şərq ədəbiyyatının aşiq obrazları ilə müqayisə edir. Şairə görə, Məcnunla Fərhad eşqin tüstüsünü götürüb, dövrlərini sürüb getmişlər. İndi onun növbəsidir və eşqin oduna dözmək onun bəxtinə düşmüşdür.

Sadiqi şeirlərində aşiqanə lirika və ictimai motivlər bir-biri ilə üzvi surətdə bağlanmışdır. Zəmanəsinin kədərindən, qayğılarından qocaldığını bildirən şair

"Məni-üftadəni ənduhi-dövran gərçi pir etdi" deyir. Xüsusilə ictimai fikirlərində Sadiqinin Nəvai və Füzuli yaradıcılığı ilə nə qədər sıx bağlı olduğunu görə bilərik. Şair bu dahi ustadların ədəbi irsində onu narahat edən məsələlərin bədii həllini görürdü, bundan ilhamlanırdı. Məsələn, Nəvainin "Bolmasun" rədifli qəzəlinə yazdığı nəzirəsini oxuduqca Sadiq bəyin ustad şairin əsərinə çox diqqətlə yanaşdığını, sadəcə nəzirə deyil, orijinal bir şeir yazdığını görürük.

S.Əfşar bir çox şairlərimiz kimi Füzulinin möhtəşəm poeziyasını özü üçün ən gözəl örnək saymışdı. Şairin yaradıcılığında Füzuli sənətinin bədii təsvir vasitələrinin və ifadə xüsusiyyətlərinin təsiri aydın görünür. Sadiqi şeirlərində dahi şairin poetik ustalığından, təşbih, istiarə, mübaliğə və təzadlar yaratmaq üsullarından geniş istifadə etmişdir. Füzulinin gözəlliyi, eşqi tərənnüm edən, həyatdakı ədalətsizliklərə, insanlar arasındakı qeyri-bərabərliyə etirazını bildirən ictimai-fəlsəfi poeziyası Sadiqi yaradıcılığına güclü təsir etmişdir.

S.Əfşarın əsərlərindən onun dostlarını çox yüksək dəyərləndirdiyini, onlardan çox şey öyrəndiyini, ustadlarına da dost kimi yaxın, mehriban münasibət bəslədiyini, çoxsaylı şəxslərlə dostluq etdiyini görürük. Şairin haqqında danışdığımız kitabına salınmış "Saqinamə və bərxi əz şikayəti-ruzigar quyəd" başlıqlı, məsnəvi formasında yazdığı şeirində onun dostları ilə mənəvi bağlarının necə güclü olduğunu görürük.

Sadiqinin I Şah Abbasa halını ərz etdiyi 34 beytdən ibarət, məsnəvi formasında yazdığı türkcə şeiri onun ömrünün İsfahanda yaşadığı son dövrünə aiddir. Buradan şairin həmin vaxtlardakı vəziyyəti, səhhəti barədə bəzi şeylər öyrənirik.

S.Əfşarın türkcə şeirlər toplusundakı sonuncu əsəri şah sarayındakı bir qorşubaşıya müraciətən yazdığı qitədir. Məzmunca həcv olan bu şeirdə müəllif şah fərmanına riayət etməyən dövlət məmurunun özbaşınalığını kəskin tənqid edir, onu əhli-şər adlandırır.

P.Kərimov ön sözdə haqlı olaraq qeyd etmişdir ki, Sadiqinin türkcə şeirlərində daha çox dünyəvi məhəbbətin, real insani münasibətlərin, dostluğun, insanlar arasındakı mənəvi bağların təsvirini görürük. Müxtəlif dini təriqətlərdən uzaq olan şairin əsərlərində təsəvvüf eşqinin mədhinə rast gəlmirik.

Lirikasında həyatı sevən, lakin ətrafındakı haqsızlıqlara göz yummayan, istedadının, xidmətlərinin yetərincə dəyərləndirilməməsindən narazı olan, bununla bərabər, təmkinini, müdrikliyini itirməyən Sadiqinin məğrur səsini eşidirik.

Sadiq bəy Əfşar doğma dili gözəl bilən, onun zəngin xəzinəsindən bacarıqla istifadə edən şairdir. Əsərlərini oxuduqca onun doğma dilin söz və ifadələrini yerli-yerində işlətdiyinin, dilin incəliklərinə bələdliyinin şahidi oluruq.

Şübhəmiz yoxdur ki, Arif Ramazanovun redaktorluğu ilə ərsəyə gələn Sadiqinin türkcə şeirlər toplusunun bu ilk nəşri XVI-XVII əsrlər ədəbiyyat və dil tariximizi araşdıranlar üçün maraqlı mənbələrdən biri olacaq.

 

 

Nailə Mustafayeva,

filologiya elmləri namizədi

 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu

 

Təzadlar.- 2011.- 14-16 iyul.- S.14.