"Çağdaş bir şairin şeirində üç-dörd əsr
əvvələ aid sözlərə rast gələndə diksinirəm"
Səlim Babullaoğlu:
"Mən, beynəlxalq
ictimaiyyət anlayışına,
inanmıram... Və bilirəm ki, donuza dayı deməklə darıdan çıxmaz"
Bu gün ədəbiyyatımızda cərəyan edən hadisələr, cəmiyyət-ədəbiyyat münasibətləri. Hazırkı dönəmdə nə üçün güclü əsərlər yazılmır? Bu və digər suallara tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu "Təzadlar" qəzetinə müsahibəsində aydınlıq gətirdi.
- Səlim bəy, ədəbiyyat bir xalqın formalaşmasında nə kimi rol oynayır və onun ümumiyyətlə, cəmiyyət və insanlara təsir imkanları nədən ibarətdir?
- Sualınızda bir balaca dəyişiklik etmək istərdim: dil bir xalqın formalaşmasında nə kimi rol oynayır? Belə olanda, hər şey öz-özünə aydınlaşır. Məlumdur ki, hər şey ən əvvəl dildi və sözdü. Məsələn, biz bir işi görməmışdən əvvəl onun sözlü variantını təsəvvür edir, onu fikrən icra edirik, yaşayırıq. Yalnız sonra onun əməli variantını icra etmış oluruq. Başqa bir nümunə. Yeni bir uşaq doğulmaq üzrədi. Bu uşaq özüylə, adıyla, taleyi ilə, əməlləri ilə nə qədər yeni imkanlar və sözlər deməkdir. Kim bilir, bəlkə də həmin uşaq böyük bir alim olacaq, kəşflər edəcək, bununla da təkcə öz xalqı üçün deyil, bütün dillər və insanlar üçün o vaxta qədər eşidilməmiş sözlər tapacaq. Başqa variantda həmin uşaq bizə adi, sıravi görünən ömür də yaşaya bilər. Adi, gündəlik sözlərin istehlakçısına və təkrar istehsalçısına çevrilə bilər. Bu halda başqa məqam maraqlı olmalıdır: o adam mövcud sözlərdən necə yararlanacaq? Yəni hər ömür bu mənada dil üçün, lüğət ehtiyyatı üçün yeni sınaq və imtahan olur. Biz, məhz bu məqama diqqət yetirməliyik. Çünki dilin gələcəyi olan hər iki adamın hansı taleyi yaşamalarından asılı olmayaraq yolu ilk növbədə şifahi nitqdən, sonra təhsildən və təhsil vasitəsilə ədəbiyyatdan keçəcək. Onda baxaq şifahi nitqə. Onun vəziyyəti həmişə yaxşı olub, çünki adamlar həmişə danışır. O həmişə tələb olunandı, işləkdi, elmi tərəqqinin bir elə də fərqində deyil. Şifahi ədəbiyyat da elədir. O da dəyışmir, həmişə daha saf və səmimi təsir bağışlayır. Bilirsiz niyə? Adamlar sevib, iztirab çəkib, dərd güc gəlib oxuyublar, deyiblər. Daha yazılı ədəbiyyatdan fərqli olaraq o sözlər ürəkdən qələmin ucuna qədər uzanan mürəkkəb yolu keçməyib, onu yaradanlar təmənnalı olmayıblar, estetik həll, yadda qalmaq kimi, həm də təkəbbürlü arzulardan kənarda qalıblar. Amma bu çox-çox əvvəllər olub. O vaxtlar təhsil ədəbiyyata indiki qədər təsir etmirdi. Amma indi...
- Sizcə, təhsilin vəziyyəti necədi?
- Məncə, yaxşı deyil. Bu isə bilirsiz nə deməkdir? Gələcəyin bütün çalarlarıyla şikəst olması deməkdi. Ədəbiyyatın da. İndi baxaq müasir poeziyanın vəziyyətinə. Qənaətim belədir ki, bu gün yazılan və yazılmaqda olan poeziya yaxşı halda şifahi ədəbiyyat nümunələrini imitasiyadır. Özü də təkcə metrik yox, həm də lüğəti tərkibi ilə. Mən bəzən çağdaş bir şairin şeirini oxuyub orda üç-dörd əsr əvvələ aid sözlərə rast gələndə diksinirəm. Dəhşətə gəlirəm. Mən bu ədəbiyyatı yazanların insani haqlarına hörmətlə yanaşsam da, bu ədəbiyyatın təbliğini müasirlik və çağdaş bazar uğrunda amansız mübarizə aparan KİV və medianı anlaya bilmirəm. Biz qərbi adi məişətimizdə yalnız qılaf, görüntü, tətbiqi olaraq çox uğurla yamsılasaq da, sənətin və ədəbiyyatın tətbiqi, estetik yönlərində bu yamsılamanı da bacarmırıq.
İndi qayıdıram sualınıza və cavab verirəm: ədəbiyyatın xalqın, daha az pafosla desəm, insanın formalaşmasında rolu əvəzolunmazdır. Bu iki üz-üzə oturan adamın bir-birinə təsiri qədərdir, bəlkə də güzgü qarşısında oturan adamın özünə reaksiyası kimidir.
- Qərbdə hansısa maraqlı əsər yazılanda cəmiyyət tərəfindən böyük rezonansla qarşılanır. Yaxşı mənada əsər səs sala bilir. Ədəbiyyatımızda nə vaxtsa belə əsərlər yazılacaqmı?
- Fikrimcə, bizdə ciddi əsərlər yazılır. Ola bilsin ki, estetik
planda onların əskiyi çoxdur. Amma onların
təbliği metodları,
infrastrukturu yoxdur.
Təhsil və media barədə
isə danışdıq.
Hesab edirəm ki, bizim ən ciddi
düşmənimiz fərqində
olmadığımız etik
bazisdən məhrum vərdişlərimizdir.
- Bəzən
eşidirik ki, bizdə ədəbiyyat ictimai-siyasi və sosial-mədəni proseslərə
təsir imkanlarını
itirib. Bu fikirlə
razılaşırsınızmı?
- Əgər ədəbiyyat
insana təsir imkanını itiribsə,
yaxud müxtəlif səbəblərdən ona
gedib çatmırsa,
demək ki, insanla bağlı bütün proseslərə
təsir imkanını
itirib, yaxud azaldıb. Bunun belə olub,
olmadığını hər
kəs özü üçün müəyyənləşdirsin.
Şəxsən bu problem mənim
maraq dairəmdə deyil.
- Akademik
Ramiz Mehdiyevin bir il öncə çap edilən ədəbiyyatla
bağlı məqaləsində
toxunduğu amillərdən
biri də budur ki, yazarlarımız
müstəqillikdən sonra
cərəyan edən
əhəmiyyətli siyasi-iqtisadi
və mədəni hadisələri (beynəlxalq
sazişlər, regional iri
iqtisadi layihələr,
dövlət çevrilişləri
və s.) əsərlərinə
gətirmirlər...
- Nəsr,
özü də spesifik nəsr bunu edə də
bilər, etməyə
də. Məsələ necə etməkdədir
ki, bu da
bütövlükdə ədəbiyyatın
ən vacıb sualıdır. Amma mən
şairəm, ədəbiyyat
cəmiyyət münasibətlərini
bir başqa cür görürəm.
- Cəmiyyətimizdə
ən çox narahatedici faktorlardan biri də kitab
oxuyanların sayının
azalmasıdır. Məsələn, ən çox çıxan kitabın tirajı 500-ü keçmir.
Hansı addımları
atmaq lazımdır ki, insanlarda kitab oxumağa maraq yaransın?..
- Təhsil...
təhsil... təhsil...
sonra nəşriyyat-poliqrafik
institutlar, münbit təşkilati və yayım münasibətləri
formalaşdıqca məsələ
yerini tutacaq...
- Səlim
bəy, bir yazar olaraq Dağlıq
Qarabağ məsələsi
ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Münaqişə bu il həll
oluna bilərmi?
- Amerikalı
şairlərdən biri
deyirdi ki, əgər bu gün yazdığım şeirdə "yağacaq
yağış" yazıramsa
və sabah
doğrudan da yağış yağırsa,
heç kim mənim bunu niyə yazdığımın
fərqində olmur, halbuki mən qarğış sözünə
qafiyə tutmuşdum.
Üstəgəl, mən
beynəlxalq ictimaiyyət
anlayışına inanmıram...
Və bilirəm ki, donuza dayı deməklə darıdan cıxmaz. Bu isə yəqin bilirsiz, əsrlərin sınağından çıxmış
şifahi xalq ədəbiyyatıdır.
- Suallarımızı
cavablandırdığınız üçün sizə təşəkkürümüzü bildirir, yaradıcılıq
işlərinizdə uğurlar
arzu edirik.
- Mən
də sizə öz təşəkkürümü
bildirirəm.
Elnur Eltürk,
"Təzadlar" qəzetinin
xüsusi müxbiri
Təzadlar.- 2011.- 2-4 iyun.-
S.13.