Bugünkü aşıqlar
ozan babalarından necə dərs alırlar?
Tarixdən bəllidir
ki, başda Dədə Qorqud olmaqla ondan sonra
gələn ozan-aşıqlarımızın
əsas məqsədi
onları dinləyənləri
yalnız feyziyab etmək, əyləndirmək
olmayıb. İnsanları
vətəni, torpağı,
milləti, zəhməti,
halallığı sevməyə
səsləyib. Oxuduqları
ustadnamələrdə övliyalıq,
dədəlik, ağsaqqallıq
missiyasını yerinə
yetirirdilər. Məlum
olduğu kimi, Dədə Qorqud igidlərə ad qoymaqla, qopuz çalmaqla, mətləb qandırmaqla
hökmdarları haqqa-ədalətə
səsləyib. Hətta
iki qardaşın döyüşlərdə bir-birinin
qanını tökməsinə
etiraz edib. Dədə Qorqudun fikrincə, kiçiklərdə
səhv ola bilər, amma böyüklərin səhvi
olmamalıdır. Ona görə də böyüklərin səhvi
bağışlanılmaz sayılır.
Qorqud atamızın öyüd-nəsihəti, haqlı
iradları hər kəsə dədə nəsihəti sayılıb.
Daha sonra Koroğlu dastanında tez-tez adı hallanan Aşıq Cununun fəaliyyəti daha da qabarıq
şəkildə özünü
göstərir. Belə
ki, Koroğlunun və onun dəlilərinin
dostu olmaqla Aşıq Cunun hər kəsin sevib hörmət etdiyi isimlərdən biri olub. O, təkcə
igidlər oylağı
çənlibeldə deyil,
xotkarla, paşalarla, bəylərlə, sadə
insanlarla bir yerdə oturub-durub. Məsələn: xotkar Koroğlunun üstünə
qırx min qoşunla hücumun toplantısında
o da iştirak edib. Bu xəbəri isə tezliklə Koroğluya çatdırıb.
Koroğlu bu qədər qoşuna 7777 dəlinin necə cavab verəcəyini düşünüb, Aşıq
Cununa müraciət edərək deyir:
- Dədə
ozan, biz quş olsaq uçub gedə bilərik. Bu qədər qoşuna 7777 dəli necə cavab verə bilər?
Aşıq Cunun həmişə olduğu
kimi, yenə də dədəlik missiyasından istifadə edib belə deyir:
- Ay Koroğlu,
bil və agah ol, elm, musiqi,
idman mütaliə və məşqə bağlıdır. Əgər
sənin dəlilərin
məşq edərlərsə,
nəinki qırx min, hətta 70 min qoşuna da cavab verər.
Koroğlu hər zaman Aşıq Cunundan bəhrələnib. Eyni zamanda Koroğlu Aşıq Cunundan aşıqlığı, müdrikliyi, səbrliliyi də öyrənib. Əminliklə deyərdim ki, Aşıq Cununun fəaliyyəti bugünkü heç bir aşıqla müqayisə edilməz dərəcədə yüksək olub. O, çox yerləri gəzərək, zülmkarın zülmünü, hakimin ədalətsizliyini, ediləcək düşmən hücumlarını, tutulub dar ağacından asılacaq dəlilərin xəbərini, harada biq igidin və gözəl-göyçək xanımın olduğunu Koroğluya xəbər verir.
Məlumdur ki, Aşıq Cunun Koroğlu haqqında dastanların yaradıcısı, cəng üstündə musiqilərin bəstələyicisidir. Eynilə Dədə Qorqudun davamçısı kimi yüksəkdə dayananlardan biri olub.
Qüdrətli ozanımız Qurbaninin də dədəlik və müdrikliyi hər kəsə məlumdur. Mürşüdümüz Şah İsmayıl Xətai nahaq yerə Aşıq Qurbanini öz sarayına aparmayıb. Qurbanidə olan ağıllı və müdrik baxışlarla bərabər, onun içtimai-siyasi dünyagörüşü tək saray əhlinin deyil, çoxlarının fikirindən üstün sayılıb. Ş.İ.Xətai bütün döyüşləri, edəcəyi hücumarla bağlı hər zaman Dədə Qurbaninin fikirləri ilə razılaşıb. Qurbani döyüşcülərdə qələbəyə inam yaradaraq onlarda döyüş ruhunu yüksəldib. Məlumdur ki, döyüşçülərdə vətən, millət sevgisininin aşılanması, eyni zamanda Azərbaycanın bütövlüyü naminə Qurbaninin təkcə özü yox, onun rəhbərlik etdiyi 40-dan çox aşıq və şair də öz təbliğatını aparıb. Ş.İ.Xətai məhz buna görə aşıq və şairləri öz ətrafında cəmləşdirirdi. Böyük el şairi Miskin Abdalın da bir müşavir kimi misilsiz xidmətləri danılmazdır. Onun da müdrik və ağıllı fikirləri Ş.İ.Xətainin kamilləşməsində və qələbəsində əvəzsizdir.
Əlbəttə, onlarla aşığın daimi örnək olduğu bu ənənə XX əsrin əvvəlindən sonuna qədər Sovet ideologiyası dövründə ikili rol oynayıb. Onlardan bəziləri Sovet quruculuğunu, kommunizmi, rəhbərləri tərifləmiş, bir qrupu isə Hüseyn Cavan və Mikayıl Azaflı kimi irticaçını, qəsbkarları, şovinistləri, xalqımızın qarı düşmənləri ilə barışmaz mövqedə duraraq, onların iç üzünü açıb göstərib. Məhz ona görə onlar daim nəzarət altında qalıblar. Haqqı görüb deyən Mikayıl Azaflını həbsxanada, Hüseyn Cavanı isə qürbətdə çürütdülər. Bu iki möhtəşəm ozanımızı madiyyat deyil, millətin, torpağın azadlığı və müstəqilliyi düşündürüb. Mikayıl Azaflı yazır:
Düzə əyri, haqqa yalan,
çəkin dara, deyəmmərəm.
Yaxud:
Dövran məni
doğrasa da,
Ağa qara deyəmmərəm.
Bütün haqsızlıqları
duyub, bilib, görüb susana saz-söz adamı da demək düz
deyil. Bu gün ölkəsində və dünyanın dünya boyda dərdlərini qələmə almayanlara
qələm əhli də demək günahdır. Qüdrətli
şairlərimizdən söz
düşəndə M.Ə.Sabir,
C.Məmmədquluzadə, S.Vurğun,
Məmməd Araz, Məmməd İsmayıl,
Xəlil Rza, Baba Pünhan və digər söz xiridarlarımızı xatırlayıram.
Bu şairlərin tutduğu
yol əlinə qələm alan hər kəsə örnək olmalıdır.
Əlbəttə, bu şairlərin şeirlərini
məclis və böyük konsert salonlarından söyləməklə
aşıqlar böyük
təbliğatın icraçıları
olmalıdır. Aşıq
nə vaxta qədər primitiv, cılız, çeynənmiş
mövzulardan, güldən,
dağdan, dərədən,
tərifdən oxuya bilər? Əttökən
sözlərlə kimlərəsə
xoş gəlmək üçün kiminsə
təqlidçisi kimi
necə gəldi oxuyursa, buna inqilab da deyilməz.
Muğamda oxunan ərəb, fars sözləri, sevgi qəzəlləri hələlik
siyasi deyim və duyum sayılmır.
Bu gün əldən
getmiş Qarabağ torpağının övladları
"Haydı irəli!"
deyərək vətəni
yağılardan təmizləməyə
çağırmaq əvəzinə,
hıçqırtı, nalə
dolu muğam oxuyurlar. Nədənsə,
üsyankar, çağırış
dolu qəzəllər
oxuyan yoxdur. Məgər qəzəlxanların
üsyankar və çağırış ruhlu
şeirləri yoxdur? Xeyir ola, belə-belə
çənə yorub,
səs nümayiş etdirməkdə layihə müəlliflərinin məqsədi
nədir? Muğam festivalının apardığı
efir vaxtını, ona xərclənən maliyyəni niyə vətənpərvərlik mövzusuna
sərf etmirlər? Bu
işlər baş qatmaq, vaxt öldürmək
deyilmi?
Əsl müxalifətdə
dayananların öncülü
yaradıcı insanlardır.
AYB-nin yüzlərlə
üzvünün qələmi
nə vaxt demokratiya və söz azadlığına
start verəcək? Görəsən,
başqa ölkələrin
deyil, öz ölkəmizin daxilində
olan reallıqları görüb yazıya-pozuya
alanlar varmı? Bizim məqsədimiz xalqımızın və
dövlətimizin haqqlı
olaraq tərəfini saxlamaqdır. Hansısa bir gizlin cinayəti
aşkarlayırıqsa, bunun
xalqa xeyrini nəzərdə tutmalıyıq.
Bu gün
təhsili, savadı, dünya görüşü
dar olan, ağız yamsılayan gənc aşıqlar, öz sənətinin yüksək çəkililiyini
və bu günlərdə pozulmuş
hüquqlarını müdafiə
edərsə, siyasətə
də qarışa bilər. Bir məclisdə bir bənd ustadnamə söyləyən zaman dinləyicisi qayıdır
ki, "ey... ay aşıq, sən savadsız ola-ola mənim kimi universitet təhsilli, altında "Mercedes", "Jeep" olan bir adama
ağılmı öyrədəcəksən?
Əgər belədirsə,
bir özünlə məni müqayisə elə..."
Bəli, mən
də razıyam ki, aşıq savadlı, vətənpərvər,
yaradıcı, natiq olsun. Xalq ondan
içtimai fikrin daşıyıcısı kimi
bədii təfəkkürün
yayıcılığını gözləyir. Məhz buna görə də aşıqlarımız
öz yaradıcılıqlarında
həqiqəti deməyi
bacarmalıdır.
Aşıq şair,
natiq, savadlı sənətkar olmaqla yanaşı, həm də vətənpərvər
olmalıdır. Riyakarlığı,
ələbaxımlılığı, boş tərifi özünə yaxın buraxmamalıdır. Bir bütöv şəxsiyyət
kimi özünü təsdiqləyən aşıqların
layiqli davamçısı
olmalıdır.
Məhərrəm Hüseynli,
aşıq, şair-publisist
Təzadlar.- 2011.- 2-4 iyun.- S.15.