Minnətli salamlar

 

Hal-əhval yerinə, salam yerinə

Adi baş tərpədib, ötüb keçirik.

Canlı söz yerinə, kəlam yerinə

"Quru" SMS- söz göndəririk.

 

İnsan olduğunu unudana bax,

Dünyanın malına gör necə uyub.

Yaxına, doğmaya məhəbbəti

Zahiri bər-bəzək kölgədə qoyub.

 

Sönüb doğmalığın, sönübdü odu,

Minnətli salamlar baş alıb gedir.

Bəlkə səhvim var, gördüyüm budur-

Mənəvi dünyamız boşalıb gedir.

 

Ürəkdə, könüldə yoxdu yerimiz,

Mövqe axtarırıq, post axtarırıq.

Yaxından, doğmadan uzaqlaşaraq

Arxalı, gəlirli "dost" axtarırıq.

 

Hörməti-izzəti dəyərdən salıb,

Əsl insanlığı ucuz tutmuşuq.

Fərdi yaşayışdan hey ilham alıb,

Mərhəmət hissini biz unutmuşuq.

 

Mənəvi qüsurlar artıqca belə,

Görəsən, dərdlərin məlhəmi nədir?

Çoxundan eşitdim: "Bu nədir hələ",

Mənim qəlbimi bunlar göynədir.

 

 

Qayıtmalı səhərim var

 

Boynumuzda yurd minnəti,

Bir atmalı səhərim var.

Cəngilərlə dağı-daşı

Oyatmalı səhərim var.

 

Bağlasa da yolu duman,

Dağ aşmağa itməz güman.

Dağları da dönən zaman

Ovutmalı səhərim var.

 

Elin, yurdun dirəkləri-

Əri, mərdi, zirəkləri,

"İstisu" da ürəkləri

Soyutmalı səhərim var.

 

Boylandıqca üzü bəri,

Şuşam qəlbin göynək yeri.

Qisas alıb, Yusif, geri

Qayıtmalı səhərim var.

 

 

Əli Kərimlə söhbət

 

Ürək tutmasından vaxtsız vəfat edən böyük şairin 80 illik yubileyi tamam oldu

 

Şairlər kiçilir, ay böyük ustad,

Yersiz "böyüklərə" şeir yazanda.

Kişinin ürəyi tab gətirməzmiş

Haqdan danışanlar yolun azanda.

 

Şan-şöhrət üstündə kökləndiyindən

Ləkəli vicdanın paxırı çıxıb.

Haqlının haqları alındığından,

Deyirəm dünyanın axırı çıxıb.

 

Yaltaq olanlara qapılar açıq,

Haqqı olanların haqqı yeyilib.

Bəlkə düzlərə verirlər acıq-

Doğru danışana haqsız deyilib.

 

Mədhlər yazanın fəxri titulu,

Şeirinin duzu, "dadı" vardır.

Baxıram sənintək Ramiz Rövşənin

rəsmi şöhrəti, adı vardır.

 

Qürurlu yaşadın Xan çinar kimi,

Yaltaqlıq bilmədin, qılıq bilmədin.

Kimisə yalandan tərifləyərək,

Əyilib, kiçilib üzə gülmədin.

 

Bəzən yazdıqları sözün oduna,

Şairin taleyi zülmətə düşüb.

Deyə bilmədiyi sözün odunda,

Sənintək ürəyi sinədə bişib.

 

 

Cəmiyyətdə seçiləmməz hər kişi

 

M.Ə.Sabirə rəhmət diləklərilə bəzi kişilərə nəsihət

 

Qılıncdan da iti edib tamahı

Əsl insan düşünməli sabahı.

Pulluları tutan deyil el ahı,

Toplamalı qızıl, gümüş, zər, kişi,

Cəmiyyətdə seçiləmməz hər kişi.

 

Maaş güdüb düşsən halal dalınca,

Kabab, kürü yeyərəsənmi doyunca?

Ehtiyacın izlər ömrün boyunca,

ləzzəti töksən əgər tək, kişi,

Cəmiyyətdə seçiləmməz hər kişi.

 

De, qayğına sən qalmasan, kim qalar?

Bu həyatdan öz kamını kim alar?

"Eli üçün ağlayanlar kor qalar",

Ailəsini düşünəndir ər kişi,

Cəmiyyətdə seçiləmməz hər kişi.

 

Yuxarılar danlayanda üzünü,

"Abır, həya" deyib üzmə özünü.

Sən qürurlu çalış göstər özünü,

Xoruzlanıb sinəni gər, kişi,

Cəmiyyətdə seçiləmməz hər kişi.

 

Rəqib varsa fitnə-fəsad qurmalı,

Pulun varsa lap aşkarsa vurmalı,

Ailəsinin keşiyində durmalı,

Ötkəm-ötkəm danışmalı nər kişi.

Cəmiyyətdə seçiləmməz hər kişi.

 

Çox işlərə yerli-yersiz qarışdın,

Yusif bilir, təhqirlərlə barışdın,

Axşam-səhər yağa-bala alışdın,

Yeyəcəyin səbzə təzə, tər kişi,

Cəmiyyətdə seçiləmməz hər kişi.

 

 

Yusif Millətoğlu,

"Qızıl qələm" mükafatı laureatı

 

Təzadlar.-2011.- 9-11 iyun.- S.15.