Kövrək duyğular

 

Həyat hər kəsə eyni cür ola bilmir. O, kimə şirin, kimə acıdır. İnsan ilkin fəaliyyətindən çalışır ki, həyatı özünə şirin etsin. Həssas qəlbli insanlar həyatın sərt tələblərinə tab gətirməyəndə taleyindən, həyatından şikayət edir bədbinləşirlər. Belə insanlar içində şairlər yazıçılar ön sıradadırlar. Hegelin təbirincə desək, "əsl sənətin başlandığı sahənin hüdudlarına girişmək üçün böyük fitri bədii istedad gərəkdir" ki, qarşısına qoyduğu məqsədə nikbinliklə nail olsun, bədbinliyə uğramasın.

Son dövr nəfis şəkildə çap olunmuş şeir kitablarını nəzərdən keçirməli oldum. Bir-birindən gözəl tərtib edilmiş şeir kitablarında insanı düşündürən, ovqatını oxşayan şeirlərə rast gəlinirdi. Elələri vardı ki, söz yığımından ibarət idi. Bu kitablarda insan zövqünü oxşayan, qəlbə nüfuz edən şeirlər tapmaq mümkün deyildi. Onların içərisində Adilə Nəzərova adlı bir şəxsin şeir kitabı diqqətimi cəlb etdi. Müəllifin şəxsiyyəti ilə tanış oldum. Kitabda onun ünvanı göstərilirdi: Nəzərova Adilə Həsən qızı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Ali təhsillidir. Azərbaycan Müəllimlər İnstitutunun "Azərbaycan dili ədəbiyyatı" fakültəsini bitirib. Hazırda AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun əməkdaşıdır.

Onun qələmə aldığı "Həsrəti öldürürəm" adlı kitab şairin ilk şeirlər toplusudur. Söz, sənət meydanına atılan şairin bəhrələndiyi əsas qaynaqlar müasir həyatımız, siyasi mühitimiz, vətən onun insanlarıdır. Adilənin şeirlərinin əksəriyyətində sevgi, sədaqət, hicran, vüsal mövzuları əsas yer tutur. Şair qəlbinin həzin duyğularla zəngin qəlbi doğma xalqımızla bağlıdır. Onu sevgi ilə səsləşən şeirləri sanki nəğmə çələngidir. Müəllif ilk şeirlər kitabında sevgi, məhəbbətlə bağlı ülvi düşüncələrini, təzətər hisslərini ön plana çəkib. Onun kitabında gah sevib-sevilmə, vüsal, gah da yar həsrətilə qarşılaşırıq. Onun şeirlərində vəfasızlıq, hicran əzabı, intizar yükü, giley, şikayət, ah-nalə canına hopmuş qəmdən, möhnətdən söhbət açılır. Bizə elə gəlir ki, şairin lirik əsərləri bədbinliyin qaçılmazlığını, ayrılığın çarəsizliyini, həsrətin əbədiliyini aşılayır. Əslində heç belə deyil. Gənc şair şeirlərinin bir qismində inamın, ümidin üstünlüyünü açıb göstərir. Şeirlərlə ilk tanışlıqda Adilə xanımın həssas, incə, eyni zamanda kövrək qəlbi ilə tanış oluruq. O, özünün uğursuz taleyindən, sevincindən, həyatın ona göstərdiyi ağır təsirindən şikayətlənir, uğursuz yollardan çıxmaq üçün imkanlar axtarır. Onu tapa bilməyəndə bədbinləşir, özündən küsür:

 

Tanrım, böyükdürmü suçum, günahım,

Atəşdə əriməz həsrətim, ahım,

Yəqin görüşdürər bizi Allahım,

Ümidim içimdə boğuldu mənim.

Qəmimdən rəng aldı solan çiçəklər,

Bu sirri heç kimə açmaz mələklər.

Uzaqdan baxanlar biləcəklər

Ümidim içimdə boğuldu mənim.

 

Həyatın təsirli anları onu tez-tez incidir. Onun həssas qəlbi bu təsirlərə tab gətirmir:

 

Zəng etmirəm amma səsin qulağımda,

etdiyin hər dəqiqə marağımda,

Gözüm gəzir harda olsan sorağında,

At qüruru bir kənara, xəbər eylə.

 

Sevgi gənc şair üçün hər şeydən üstündür. O, insanın ali əxlaqı keyfiyyətlərinə sevgi prizmasından baxır, onunla qiymət verir:

 

Yaxşı ki, məhəbbət var, hər ömrü bəzər,

Göz vurular, ürək sevər, dil bezər,

Ata sözü: "Sevgidə qürur gəzər?"

At qüruru bir kənara, xəbər eylə.

 

Adilənin sevgi dünyasında hər şey pakdır, səmimidir. Vurulduğu insan onun üçün gerçək varlıqdır:

 

Məşəqqətim, ağrım sənsən, dözürəm,

Həqiqətim, doğrum sənsən, bilirəm,

Leylinəm, Məcnunum sənsən, sevirəm,

Sən mənim gerçəkdə şirin yuxumsan.

 

Adilə üçün sevgisindən küsmək dünyadan küsmək deməkdir:

 

Geniş dünya niyə mənə dar oldu?

Sovruldu gəncliyim, mənə qaldı?

Canımı verdiyim canımı aldı,

Daha səndən umacam, ey dünya?

 

Şairin şeirlərində qəmli notlarla yanaşı, gələcəyə ümid, inam da var:

 

Xoş günləri gəzirəm gələcəkdə,

Bəlkə hələ solmayan bir çiçəkdə.

Sönmür eşqin alovu bu ürəkdə,

Vüsalına yetəcəyəm, bilirəm.

 

Vüsala yetmək şair üçün təskinlik deməkdir. Adilənin sevgi dünyasına həsr olunmuş şeirləri insana xoş bir ovqat bəxş edir.

Ümidvaram ki, şair nikbin şeirlər yazacaq, həyatın gözəlliklərini tərənnüm edəcək, onun kövrək duyğuları doğma vətən torpağında getdikcə möhkəmlənəcəkdir.

Bu yolda ona uğurlar arzulayıram.

 

 

Bir hava çal, mənim üçün

 

Götür sazı bu gün çal, mənim üçün,

Qoy isinək havamıza bircə gün.

Çal, əzizim, mənim üçün

bir "Ruhani" havası çal,

Elə çal ki, çətin olan

mətləbləri qana bilim.

Elə çal ki, itirdiyim

Dəyərləri ana bilim.

Yad et itkin düşənlərin,

Şad et ruhun şəhidlərin,

Bu vətənin igidlərin.

Əli hər yerdən üzülən,

Sirr verməyən, canın verən

Yadına sal bir əsiri,

Çal, əzizim, çal "Misiri",

Sonra bir "Yanıq Kərəmi",

Xəyaldan oyana bilim.

Getmə, yarım, həyatımdan,

Ruhumda qal, canımda qal.

Mənim üçün bir hava çal,

mənim ömür nəğməm olsun.

Sil kədəri taleyimdən,

Ürəyimə sevinc dolsun.

Elə çal ki, məni məndən al, canım,

çalırsan mənim üçün, çal, canım.

Mən yoruldum söyləməkdən,

Çal, ağlasın qoy "Dilqəmi"m,

İlan kimi sürünməkdən

Qaysaq tutdu dildə qəmim.

Sonra da bir qəzəl söylə,

ilk sevginə yazdığın.

O eşqə ki, böyütməmiş

məzarını qazdığın.

O sevgi ki, qızınmadın istisinə,

O sevgi ki, kor olmuşdun tüstüsünə.

O qəzəl ki, saf sevginin yadigarı,

O qəzəl ki, həm bütövdü, həm yarı.

Qovuşmayan sevgilərə yazılan

O ən böyük əsərlər yarıdı.

Səni yaxıb, atəşlərə yandıran

uca dağın zirvəsində qarıdı.

Al sazını bir hava çal, əzizim,

keçmişləri bir yada sal, əzizim.

Bir duyğulu hava çal ki,

dərdimizə məlhəm kimi yarısın.

Bir atəşli hava çal ki,

zirvədəki buzlar, qarlar ərisin.

Bir çal, "Baş Sarıtel"i,

qulaq asım mən doyunca.

Açım, töküm saçı, teli,

axım Arazın boyunca.

Mənim üçün bir hava çal, sevgilim,

Elə çal ki, təkcə onu

mən eşidib, duya bilim,

elə çal ki, doya bilim.

Qoy öpdüyüm barmaqların,

gəzsin sazın tellərində.

Elə çal ki, qoy titrəsin

ürəyimin tellərində.

Çal, əzizim, bir hava çal,

Elə çal ki, sənə qurban ola bilim,

Elə çal ki, bu nəğmədən

qollarında ölə bilim.

 

 

Akif Bayramov,

Dövlət İdarəçilik

Akademiyasının professoru

 

Təzadlar.- 2011.- 1-3 mart.- S.15.