Nobel Qardaşları
Onları daha yaxından tanıyaq
İsveç vətəndaşı olan Robert Nobel Bakı neft sənayesinin yatırımında iştirak edən ilk əcnəbidir. Əvvəlcə 1875-ci ildə kiçik bir ərazini satın alaraq öz şirkətini quran Nobel daha sonra maddi sıxıntılardan dolayı 18 May 1879-cu ildə bu şirkəti "Tovarişesti o Neftyanogo Proizvodstvo Bratya Nobel" (Nobel Qardaşları Neft istehsal cəmiyyəti) anonim şirkətinə çevririr.
Nobel Qardaşları Rusiya neft sənayesinin hamısına sahib olmaq üçün böyük səy göstərmişdilər. Şirkət fabriklərin qurulmasında böyük rol oynarkən, daşımaçılıq sektorunu və daxili bazarda neft ticarətinin hamısını əlində saxlayırdı. Qurulduğu gündən etibarən uzun zaman özünə aid neft olan torpaq tapmayan və sadəcə, təmizliklə məşğul olan Nobel Qardaşlarının 1910-cu ildə 25 fərqli neft bölgəsində (Bibiheybət, Ramana, Sabunçu, Maykop və çələkən) 1517 desyatin ərazisi vardı. Bu torpaqların min desyatindən çoxu neft istehsalında istifadə olunurdu.
Nobel Qardaşları Bakıda neft sənayesinin inkişaf etməsi üçün hər cür işdə birincilik əldə edirdilər. Xüsusilə Rusiya bazarında böyük ehtiyac duyulan qaz yatağının daşınması məqsədilə Həştərxan, çarçın, Saratov, Babruysk, Nijni Novqorod və Perm şəhərlərində ticarət nöqtələri və depoları ilə birlikdə minlərcə işçisi vardı. Bununla yanaşı, Avropa və Cenevrə, Hamburq, London və Maniçestr və digər şəhərlərdə təmsilçilərə və depolara sahib idi.
Uzun illər
Rusiyada yaşayan Nobel Qardaşlarının qurucusu Robert Nobel
bu ölkə içində sənaye və ticarət fəaliyyətlərində
bütün sərvətini Rusiyada qazandı. Nobellər
İsveç vətəndaşı olmasına baxmayaraq,
özlərini rus yatırımçıları olaraq
görür və sərmayələrini yerli sərmayə
olaraq göstərirdilər. Ayrıca sahibi olduqları gəmiləri
də özlərini rus ictimaiyyətində yerli şirkət
olaraq göstərmək üçün bəzən rus
adları, bəzən də məhəlli adlar vermişdilər.
Əsas məqsəd yerli şirkətlərin
imtiyazlarından faydalanmaq idi.
Qeyd etdiyimiz kimi, Nobellər
Bakıya gələn ilk xarici neft sənayeçiləridir. Ataları
Emmanuel Nobel 24 mart 1801-ci ildə İsveçdə Havel şəhərində
doğulub. Memarlıq təhsili alıb. Stokholm Texnoloji
İnstitutunun yaradıcısıdır. Rus hökumətinin
dəvəti ilə 1837-ci ildə Rusiyaya gedən Nobelin hələ
İsveçdə ikən kəşf etdiyi sualtı
minaları rus əsgəri idarələrinin diqqətini
çəkib.
Özünə bu işi Rusiyada etməsinin qarşılığında 2500 sterlin ödənib. Rusiyaya köçdükdən sonra Sankt-Peterburqda inşa etdirdiyi fabrikdə mina və bunun kimi texniki alətlərin istehsalına başlayıb. 1853-56-cı illərdə, yəni Krım döyüşü zamanı hökumətin əmrilə böyük bir sifariş alan Nobel rus ordusunu silah və minalarla təchiz edib. Dünyadakı elmi və mühəndislik sahəsindəki bütün prosesləri diqqətlə təqib edib. Məsələn, kiçik gəmilərdəki itələyici gücün məsələyə daxil olması və krank mühərriklərinin inkişaf etməsi ilə maraqlanıb. Ancaq iş həyatında yatırımları yaxşı getməyib, müharibə qurtardıqdan sonra sifarişlərin azalmasıyla əlaqədar Emmanuel əvvəlcə işlərini təxirə salmaq məcburiyyətində qalıb, daha sonra borclarını ödəyə bilməyəcəyini açıqlayaraq fabriki bağlayıb ölkəsinə dönüb. Burada oğlanları ilə birlikdə partlayıcı maddə istehsal etmək üçün kiçik bir fabrik ilə yenidən işə başlayıb. 1872-ci ildə öldüyü zaman ailəsinin demək olar ki, pulu yox imiş.
Emmanuelin Emil, Ludviq, Robert və
Alfred Nobel adında 4 oğlu vardı. Ən cavanları Emil 28
yaşında ölüb. Alfred mühəndis-ixtiraçı
idi. Robert Bakıdakı ticarət sahəsinə ailənin
diqqətini çəkən ilk insan olub. Ludviq isə Rusiya
neft sənayesinin ən önəmli adları arasında idi.
Alfred 21 oktyabr 1833-cü ildə
dünyaya gəlib və Sankt-Peterburqda təhsil alıb.
Kimyadan xüsusilə xoşu gəldiyini söyləyib. Məşhur
rus akademiki Zeninin rəhbərliyi altında
çalışmalardan sonra xarici laboratoriyalarda işləyib
və tətbiqli kimya sahəsində çox uğurlu işlər
görüb. Ona "honori causa" kimya doktoru adı verilib. Ən
istehsalçı ixtiraçılardan biri olub. 1845-ci ildə
Sobrero tərəfindən tapılan natrium qliserinin sənaye
sahəsində istifadə olunması ilə ailə xüsusilə
maraqlanıb. Alfred, atası və qardaşları ilə bu
partlayıcının istehsalı üçün Hamburq
yaxınlığında Krummeldə ilk
çalışmalarını başlayıb.
Dünyanın hər ölkəsində
ailənin adı icadları olan dumansız barıt və
dinamitlə əlaqələndirilib. Alfred İtaliyada 10 dekabr
1896-cı ildə ölüb, ölümündən bir il
qabaq Parisdə hazırladığı vəsiyyətnamədə
fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələrində
millətlərarası mükafatlarının təsis edilməsini
irəli sürüb.
İlk mükafatlar 1901-ci ildə
Nobelin arzusu ilə İsveçdə Stokholm və
Norveçdə Osloda təqdim edildi. Mükafat sisteminin
qurulmasına Alfred Nobel 30 milyon kron kimi böyük bir məbləğ
ayırmışdı. Bu pulun 5 milyon 200 mini Bakı neftlərindən
qazanılan pul təşkil edirdi.
Robert Nobel 4 avqust 1829-cu ildə
təhsil aldığı Stokholmda anadan olub. Atası
İsveçə qayıtdıqda Robert də Rusiyadan
ayrılıb. 1860-cı ildə geri dönüb və Finlandiyada
bir natrium qliserin fabrikini qurub. Partlayıcıların emal edilməsi
zamanı tez-tez yaşanan qəzalar üzündən
çalışmaları Finlandiya Məclisi tərəfindən
qadağan olunub. Robert İsveçə döndüyü bir
zamanda atası və qardaşının natrium qliserin işlərində
önəmli bir mövqeyə gəlib. 1870-ci ildə
qardaşı Ludviqin dəvəti ilə Sankt-Peterburqa gedib.
Ludviq İzhevdə tüfəng istehsalı üçün
bir güvənlik anlaşması hazırlayıb. Ortaya
çıxan əsas sual tüfəng üçün
Qafqazda yetərli miqdarda yetişən bir ağacın idxal
edilən ağacların yerinə istifadə
olunub-olunmaması idi. Bu vəziyyət meşələrin kəşfini,
xüsusi biçin dəzgahlarının inşasını,
uyğun mövqeləri, ucuz suyolu nəqliyyatını və
qapalı fabrik və ya emalatxanaların təkrar
açılmasını vacibləndirib.
Transqafqaz proyektlərin həyata
keçirilməsi Robertə verilib. Ancaq Qafqaza səyahətində
cansıxıcı problemlər özünü göstərib.
Kereste layihəsi məhv olunub. 1873-cü ildə Sankt-Peterburqa
geri döndüyü vaxtda neft sənayesinin önəminə
diqqət çəkib. İran yolu ilə Bakıya gəldikdə
neftin mövcudluğunu görüb və bu işə girməyi
çox arzulayıb. Qardaşı Ludviqin balaca bir neft
yatırımı üçün maraqlanmasını təşkil
edib. Qafqaza geri dönüb və 1875-1876-cı illərdə
işlərinin birinciliyini əldə edib. Robert neft sənayesinin
gələcək üçün böyük bir fürsət
olduğuna inanıb. 1875-ci ildə 1000 sterlin ödəyərək
Qaraşəhərdə balaca bir neftayırma zavodunu Tiflis
Companijdən alıb.
Uzun müddət Ludviq
qardaşı Robertin Bakıdakı fəaliyyətinin
uğurlu olacağına inanmayıb. O, neft işinin gələcəyinə
o qədər də inanmırmış. Ancaq qardaşları
Alfredin Parisdən göndərdiyi bir teleqraf fikirlərinin
tamam dəyişməsinə səbəb olub.
Bakı neft sənayesinin vəziyyətini
yaxından gördükdən sonra Ludviq həqiqi bir uğur
qazanmaq istəsə də hər şeydən əvvəl
yeni texnologiyaların istifadə olunmasına ehtiyac olduğunu
görüb. Əsas yatırımlar edildikdən sonra
Sabunçuda şirkətin idarə binası inşa edilib. Yeni
texnika və texnologiyanın tətbiq edilməsi
üçün mütəxəssislərə ehtiyac
vardı. Bunun üçün yüksək ödənişlərlə
qabiliyyətli, bacarıqlı elm adamları, mühəndislər
və iqtisadçılar şirkətə cəlb etməyə
çalışıb. İstər istehsal, istərsə də
iş ənənələrinə sahib Nobel Qardaşları
illər boyu qazandıqları təcrübələri
Bakıya da tətbiq etməyə başlayıblar. Bu
üsulun nəticələri qısa zaman sonra neft sənayesinin
hər sahəsində özünü göstərməyə
başlayıb Şirkətin fəaliyyəti neft sənayesinin
hər sahəsini əhatə edib (neft axtarışı,
istehsalı, emal, nəqli və çağdaş
texnologiyanın uyğulanması).
Bir neçə neft sahəsinin
güvənliyini təmin etdikdən sonra çoxlu miqdarda pul
qazanmağa başlayıb. Robert Balaxanıdan həm neftin vedrələrdə
neftayırma zavoduna gəlməsilə neft
daşınmasında bəzi problemlər olduğunu anlayıb.
Digər firmalar boru xətti layihəsi üçün
işbirliyini qəbul etməsə də, Ludviq bunu etmək məcburiyyətində
idi.
"Bakı neft sənayesinə
bir baxış" adlı məqaləsini də Ludviq Nobel həm
neftin nəql edilməsinin çox bahalı olduğunu ifadə
edib. Çünki yerli sənayeçilər nefti
maşınlarla daşımaqda idi. Ancaq qısa məsafə
üçün daşınan 20 pudluq bir çəlləyin
hər funduna 2 qəpikdən 10 qəpiyə qədər pul
vermək lazım olurdu. Bu da məhsulun özündən 10
qat baha olurdu. Bu məsələni problem olaraq ortaya qoyan Ludviq
ekonomik səmərəni artırmaq üçün yeni
fabriklər axtarmaqda və çağdaş metodları tətbiq
etmək istəyində idi. Bu, eyni zamanda texniki inkişafa
doğru atılacaq önəmli bir addım olacaqdı.
(Ardı var)
Mötəmər Eyniyev,
Azərbaycan Milli Aerokosmos
Agentliyi Ekologiya İnstitutunun
aparıcı elmi işçisi, tex.e.n.,
dosent
Vüsalə Hacıyeva,
Ekologiya İnstitutunun
kiçik elmi işçisi
Təzadlar.- 2011.- 1-3 mart.- S.14.