"Azərkurort"da Prezidentin sərəncamına
hörmətsizlik
Səhmdar Cəmiyyətin rəhbərliyinin
süni qiymət şişirtməsi sayəsində
sanatoriyalarda korrupsiya üçün münbit şərait
yaradılıb
(Əvvəli ötən saylarda)
Ötən yazıda qeyd etdiyimiz kimi, "Azərkurort" Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyevin və ətrafının fəaliyyətindən narazılar redaksiyamıza göndərdikləri müraciətlərini Prezident İlham Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Dövlət Komissiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlayıblar. Prezidentin 6 fevral 2009-cu il tarixli "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasından irəli gələn vəzifələrin indiyədək niyə icra edilmədiyinin səbəbini bilmək istəyən müraciət müəllifləri, əksinə, yerlərdə ötən müddətdə nəzərə çarpacaq heç bir işin görülmədiyini yazırlar.
Bu və ya digər sənədləri redaksiyaya təqdim edən müraciət müəlliflərindən birinin bildirdiyinə görə, indi əsas problem sanatoriyalara uzun illərdir ənənəvi olaraq tətbiq edilən süni qiymət şişirdilməsinin qarşısının alınmasıdır. Həmsöhbətimiz deyir:
"Doğrudanmı istər AHİK-nin sədri, millət vəkili Səttar Mehbalıyev, istərsə də "Azərkurort" Səhmdar Cəmiyyətinin Prezidenti Əbil Ağasıyev 200 qramlıq, 40-60 qəpiklik kəsmiyin 2 manat 50 qəpiyə, 200 qramlıq, 50-70 qəpiklik xamanın 2 manata, 1kq-lıq, 80qəpik-1manata satılan düyünün 4 manat 50 qəpiyə, 1kq kərə yağının (əslində isə marqarin - red.) 7manata, 1 əd. yumurtanın (12 qəpiklik) 30 qəpiyə, 1kq. toyuq ətinin (əvəzində bud verilir - red.) 6 manata, 1 ədəd elektrik lampasının 2 manat 50 qəpiyə, 1qutu salfetkanın 2 manata, 1 kq-ı 3-4 manata olan balıq ətinin 17 manata, 1 stəkan qatığın 1manat 90 qəpiyə, 1 ədəd zav. çörəyinin 96 qəpiyə və s. satdırılmasından xəbərləri yoxdur?"
Prezidentin sərəncamı niyə
yerinə yetirilmir?
"Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın icrasında maraqlı olmayanlar var.
Redaksiyamıza təqdim edilən sənədlərin
sırasında Dövlət Proqramı da var. Proqramda nəzərdə
tutulan tədbirləri təhlil edəndə maraqlı məqamlarla
"Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Azərbaycan
kurortları" Dövlət Proqramı haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 27 fevral tarixli 2002 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. "Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il
№125
***
Göründüyü
kimi, Prezident 2009-2018-ci illər ərzində görüləcək
işlərin icrasına nəzarəti Nazirlər Kabinetinə
tapşırıb. Bəs bu tapşırıq necə icra
olunur və nəzərdə tutulan işlərin icrasına nəzarət
necədir?
Suala birmənalı
cavab vermək çox çətindir. Hərçənd
ki, indiyədək görülən işlər olsaydı, ən
azından AzTV hər gün Səttar Mehbalıyevin və ya Əbil
Ağasıyevin çıxışlarını
yayımlayardı. Yoxdur. Nə AzTV-də
məlum məzmunlu çıxış var, nə də
sanatoriyalarda əsaslı bir iş.
***
Bu isə
Proqramın özüdür. Bənd-bənd nəzərdən
keçirdikcə gözümüz önündə
kurortlarımızın mövcud durumu canlanır və
Prezidentin sərəncamına laqeyd yanaşanların fəaliyyətsizliyinə
heyifsilənməkdən başqa yolumuz qalmır.
Dövlət
Proqramının girişində deyilir:
"Kurort
işi Azərbaycan Respublikasında ənənəvi olaraq
dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib
hissəsini təşkil etmişdir. Bu sahədə
aparılmış dövlət siyasəti nəticəsində
inkişaf etmiş və kütləvi tələbatı
ödəyən kurort kompleksi yaradılmışdır.
Kurort işinin təşkili iqtisadi və sosial əhəmiyyətli
fəaliyyət olaraq ölkənin bir çox
regionlarının inkişafını, infrastrukturunun
yaradılmasını, əhalinin məşğulluğunu,
xidmət sahələrinin inkişafını təmin
etmişdir. Ölkədə
yaradılmış sanatoriya-kurort sistemi insanların istirahətinin,
sağlamlaşdırılmasının və müalicəsinin
təşkili baxımından olduqca vacib ümummilli
sosial-iqtisadi funksiyaları da yerinə yetirmişdir.
Keçən əsrin 80-ci
illərinin sonunda - 90-cı illərin əvvəllərində,
Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında
baş verən proseslər kurort kompleksinin təşkili, idarə
edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin,
müalicəsinin və
sağlamlaşdırılmasının təşkili, kurort
texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə
təsirsiz ötüşməmiş, nəticədə mərkəzləşdirilmiş
kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin
ümumdövlət sisteminin ahəngdar fəaliyyəti
pozulmuşdur.
Bu kompleksə
olduqca böyük zərər Ermənistanın Azərbaycan
Respublikasına təcavüzü nəticəsində
vurulmuşdur.
Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir
milyondan artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüş,
həmin ərazilərdə unikal təbii xüsusiyyətlərə
malik kurort yerləri dağıdılmış, daimi
yaşayış yerlərindən didərgin
düşmüş soydaşlarımız yaşayış
yerləri ilə təmin edilmək məqsədi ilə sovet
dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki
çarpayı fondunun təxminən 50 faizi nisbətində
ölkənin digər ərazilərində yerləşən
sanatoriya, pansionat və istirahət evlərində məskunlaşdırılmışdır.
Hazırda Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində
ayrı-ayrı bölgələrdə kurortların dirçəldilməsi
istiqamətində həyata keçirilən tədbirlərlə
yanaşı, aparılan işlərin səviyyəsinin
müasir tələblərə
uyğunlaşdırılmasına ehtiyac vardır.
Təcrübə
göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin
sağlamlığının qorunması sahəsində
olduqca mühüm yer tutur. Bu sağlamlıq
ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə
reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi
prosesinin qarşısı alınır və xəstələr
normal həyata qayıtmaq imkanı əldə edirlər.
Səmərəli sanatoriya-kurort müalicəsi
böyüklərdə və uşaqlarda xəstəliklərin
kəskinləşməsi hallarını, habelə
sanatoriyalarda reabilitasiya keçmiş xəstələrdə
əmək qabiliyyətinin müvəqqəti və daimi
itirilməsi hallarının sayını dəfələrlə
azaldır.
Sanatoriya-kurort
müalicəsinə əlillərin, xəstələrin,
ekoloji cəhətdən çirkli zonalarda yaşayanların,
uşaqların xüsusilə böyük ehtiyacı
vardır. Əhalinin
bu kateqoriyalarının sanatoriya-kurort müalicəsinə tələbatı
sanatoriya-kurort şəbəkəsinin inkişafında nəzərə
alınmalı, uşaq sanatoriyaları və istirahət
düşərgələri şəbəkəsi genişləndirilməli,
mövcud uşaq sanatoriyaları müasir avadanlıqlarla təmin
olunmalı, onların maddi-texniki bazası sanitar norma və qaydalara
uyğunlaşdırılmalı, xəstə və
sağlamlıq imkanları məhdud uşaqların tibbi,
psixoloji və sosial reabilitasiyası üçün optimal
şərait yaradılmalıdır.
Azərbaycan
Respublikasında mövcud sanatoriya-kurort şəbəkəsinin
yenidən təşkili və yaradılacaq müəssisələrin
fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində
qurulması mühüm vəzifələrdəndir. "Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı"nda
(bundan sonra - Dövlət Proqramı) həmin vəzifələrin
yerinə yetirilməsi ilə bağlı kompleks tədbirlər
nəzərdə tutulmuşdur".
Azərbaycan kurortları necə təsnifatlaşır?
Proqramda daha bir maraqlı məqam
kurortlarımızın təsnifatlaşması barədədir:
"Kurort təbii
müalicə ehtiyatlarına malik olan və həmin
ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi
ilə istifadə etmək üçün zəruri şəraiti
olan ərazi hesab olunur. Azərbaycanın ərazisi kurortlarla zəngindir.
Belə ərazilərdə
istirahət və müalicəni təmin edən müəssisələr
(sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və
palçıq müalicə ocaqları, kurort
poliklinikaları, bərpa mərkəzləri və s.),
sanitariya mühafizə zonaları və digər kurort
infrastrukturu təşkil olunur.
Təbii
müalicə ehtiyatlarına görə Azərbaycanda
kurortların balneoloji, iqlim, müalicəvi palçıq
kurortları və Naftalan nefti kurortu kimi növləri
mövcuddur.
Balneoloji
kurortlara əsasən təbii mineral sulardan istifadə olunan
kurortlar aiddir.
Azərbaycanın ərazisində müalicəvi
xüsusiyyətlərinə görə dünyada qəbul
olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur.
İqlim
kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları
üçün səciyyəvi olan müalicəvi amillər
(dəniz suyu, günəş vannaları, isti qum
vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin
profilaktikası və müalicəsi baxımından əhəmiyyətli
hesab olunur.
Müalicəvi
palçıq kurortlarında palçıqdan, əsasən
lil palçığından (Masazır və Zığ
gölünün palçıqları) və təpə
(vulkan) palçıqlarından istifadə yolu ilə
müalicə aparılır.
Naftalan nefti
kurortunda unikal müalicə amilli olan və yüksək təsirə
malik Naftalan nefti ilə müalicə aparılır.
Coğrafi yerləşməsinə
görə Azərbaycanın kurort resursları
aşağıdakı zonalara bölünür:
Böyük
Qafqaz zonasında otuzdan artıq termal və soyuq müxtəlif
konsentrasiyalı kükürdlü və üzvi maddələr
tərkibli zəif minerallaşmış mineral su yataqları
mövcuddur. Azərbaycanda geniş yayılmış
palçıq vulkanları da bu zonada yerləşir.
Kiçik
Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin
balneoloji kurortlarla fərqlənir. Şəfalı iqlimə
malikdir. Bu zonada nadir təbii müalicə
amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir.
Xəzər dənizinin
sahil zonası iqlim və balneoloji xüsusiyyətlərinə
görə üç kurort sahəsinə bölünür. Xudat-Yalama
zolağı (Nabran kurortu) qumlu çimərliklər, meşələr,
yod-bromlu su ehtiyatları ilə zəngindir. Abşeron yarımadası Mərdəkan, Bilgəh,
Zuğulba, Buzovna, Suraxanı kurortlarını əhatə
edir. Həmin ərazidə dəniz iqlimi
ilə yanaşı Şıx termal sulfidli suyu,
çoxsaylı yodlu-bromlu sular kimi müxtəlif mineral sularla
müalicə aparılır. Suraxanı
kükürdlü suları, Masazır və Zığ lil
palçıqları da müalicə üçün istifadə
olunur. Lənkəran-Astara subtropik
zolağı termal mineral su bulaqları ilə zəngindir.
Mineral sularla zəngin
bölgədə (150 su bulaqları) kurort müalicəsi
üçün əhəmiyyətli olan Naxçıvan
Muxtar Respublikasının Sirab, Badamlı, Vayxır,
Darıdağ və Batabat kurortları yerləşir.
Kür-Araz
çökəkliyində balneoloji kurortlar yerləşir və
mövcud olan metanlı, azotlu, yüksək və çox
yüksək minerallaşmış, silisiumlu, yodlu-bromlu termal
su ehtiyatları müalicəvi əhəmiyyətə
malikdir".
***
Siz təsəvvür
edirsinizmi, əgər Dövlət Proqramı icra olunarsa, Azərbaycanın
təbii ehtiyatlarla və minerallarla zəngin təbiiəti hər
il ölkəyə milyardlarla dollar pul
axınına səbəb ola bilər. Amma hələki
səbəb olmur. Niyə? çünki bu işdə, yəni dövlətimizin
büdcəsinə külli miqdarda vəsaitin daxil
olmasını istəməyənlər var. Bunun başqa
adı varmı?
Ən vacibi,
turizm və kurort mədəniyyəti ölkənin imicinin
dünyaya yayılması üçün ən yaxşı
reklamdır. Azərbaycan həm də bu reklamdan məhrum edilir.
İldə on minlərlə xarici vətəndaşın
Azərbaycan kurortlarında dincəlib müalicə
almasının qarşısını almaq məsuliyyətsizlik
deyilmi?
Əbil Ağasıyev Dövlət
Proqramından xəbərsizdir?
Bu sualın
cavabı həm də çox sadədir. Əgər aidiyyəti qurum
rəhbərləri, elə "Azərkurort"un Prezidenti Əbil
Ağasıyev Dövlət Proqramından irəli gələn
vəzifələri, proqramın məqsəd və məramını
bilib düzgün qiymətləndirmiş olsaydı, indiyədək
kurortlarımızın bir çox problemləri mərkəzləşdirilmiş
qaydada aradan qaldırılardı və ən azı mövcud
kurortlarımız "qaçqın evinə" deyil,
Avropanın məşhur sanatoriyalarına oxşayardı. Belə sanatoriyalarda hansı əcnəbi dincələ
bilər ki? Nə yaxşı ki,
az-çox özəl sanatoriyalar fəaliyyətə
başlayıb. Elə isə bəlkə
"Azərkurort"u da özəlləşməyə verib
düşdüyü bataqlıqdan xilas etmək
lazımdır?!
***
Beləliklə, Dövlət
Proqramının məqsəd və məramı ilə
"Dövlət
Proqramının əsas məqsədi Azərbaycanda
kurortların, müalicə-sağlamlıq və istirahət
ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin
qabaqcıl beynəlxalq təcrübə və tələblər
əsasında təşkil olunmasından, ölkə ərazisində
mövcud təbii müalicə ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsindən ibarətdir.
Bu məqsədə nail olmaq
üçün aşağıda göstərilən vəzifələrin
yerinə yetirilməsi zəruridir:
- kurort fəaliyyətinin
qanunvericilik bazasının təkmilləşdirilməsi;
- kurortların
inkişafı sahəsində beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin
görülməsi;
- kurort
müəssisələrinin fəaliyyətinin tənzimlənməsi
sisteminin təkmilləşdirilməsi;
- kurort
sahəsində özəl sektorun fəaliyyətinin dəstəklənməsi;
- kurort
şəbəkəsinin zəruri infrastrukturla, ilk növbədə
elektrik enerjisi, qaz, istilik və içməli su ilə təmin
edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması,
kurortların yerləşdiyi bölgələrə gedən
yolların əsaslı təmir edilməsi;
- kurort
müəssisələri üçün yüksək
ixtisaslı kadrların hazırlanması, mövcud mütəxəssislərin
əlavə təhsili ilə bağlı tədbirlərin
görülməsi;
- kurortologiya
sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi;
- beynəlxalq
kurort xidmətləri bazarına çıxışın təmin
edilməsi üçün reklam-marketinq və digər
işlərin həyata keçirilməsi".
***
- "Azərkurort"
özəlləşməyə verilərsə, nə baş
verə bilər?
- "Bilgəh",
"Abşeron", "Qaranquş", "Naftalan",
"Qala altı" və s. sanatoriyaların özəlləşdirilməyə
verilməsi barədə gəzən söz-söhbətlər
hardan qaynaqlanır və bu halda mövcud problemlər necə
həllini tapa bilər?
- "Azərkurort"dakı
süni qiymət şişirdilməsi ilə bağlı
quruma göndərdiyimiz sorğuya niyə indiyədək cavab
verilməyib və tələb edilən sənədlər niyə
redaksiyaya verilmir?
- Əbil
Ağasıyevin xarici səfərindən bəzi detallar nəyi
xatırladır?
- "Günəşli"
sanatoriyasındakı diaqnostika mərkəzindən hər ay
nə qədər pul yığılır və bu məbləğ
kimə çatır?
- Sanatoriyalarda dünən də
davam edən süni qiymət "pripiska"sı niyə
qarşısıalınmazdır?
(Davamı var)
"Təzadlar"ın araşdırma qrupu
Təzadlar.- 2011.- 1-3 mart.- S.8.