"Zərrələr"dən ilhamlanaraq
Vətən dərdi qubarlatdı Ələsgərov Süleymanı,
Üzeyir bəy ocağında Xudum tərk etdi dünyanı.
Qəhər boğdu - Famil, Ağa, Şahmar, Hafiz, Kərimzadə
Tarixlərə həkk etdilər həsrət atəşli dastanı!
Bu misgilli misralar dörd şeir toplusunun, dödr bədii-sənədli-publisistik əsərin, bir bədii-sənədli hekayələr kitabının və bir neçə başqa əsərin müəllifi olan Fətulla Fəcrinin yaxınlarda işıq üzü görmüş "Zərrələr" kitabından götürülüb.
Kitabda Hüseyn Cavidin, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Qılman İlkinin, Vasif Adıgözəlovun, Zeynal Cabbarzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Bülbülün, Əli Kərimin və Azərbaycanın bir sıra görkəmli elm, incəsənət və ədəbiyyat xadimlərinin xatirəsinə həsr olunmuş parçalar oxucunun qəlbini riqqətə gətirir, onu düşünməyə sövq edir. Bu dünyadan nakam köçmüş həmişəyaşar şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş misralar mahir söz ustasının fenomenal bir məziyyətini də göz önündə canlandırır:
Pambıq yığan rayonlara Müşfiq ilə gedəndə biz,
Kupemizdə Füzulidən dada gəldi söhbətimiz.
"Leyli-Məcnun" dastanını əzbər dedi Yevlaxacan,
Bu yaddaşı mən heç kimdə görməmişdim o çağacan!
"Zərrələr"də verilmiş dördlüklər də diqqəti çəkir, müəllif bizi düşmən tapdağı altında qalan torpaqlarımızı xilas etməyə səsləyir:
Zəngəzurum, Qarbağım erməninin dustağı,
Göyçəm, Şuşam millətimə göz dağıdır, göz dağı!
Tanrı bizi bağışlamaz, lənət ilə qəhr edər.
Yağılardan arıtmasaq zəbt olunmuş torpağı!
Şairin bir neçə qəzəli də topluda yer alıb. Qələm dostum
çağdaş həmkarlarını
da unutmayıb. Qəzetdə dərc olunmuş "Sənə
müraciət edirəm,
İlahi!" sərlövhəli
publisistik məqaləmin
təsiri altında yazdığı şeirdən
bir neçə bəndi təqdim edirəm:
Sözün çatmır
ünvanına,
Od tökülür
vicdanına,
Qovrulursan yana-yana,
Məşəqqətdir, məşəqqətdir!
Yerdə baxan yoxdu deyə,
İçərini yeyə-yeyə
üz tutmusan İlahiyə,
İlahidən mərhəmətdir!
Əliabbas Əlimədət!
Fəxri deyir:
"Müraciət"-
Ədalətə, haqqa dəvət,
Bir də xalqa məhəbbətdir!
Kitabda geniş oxucu kütləsinin marağında
olan başqa zərrələr də
var.
Əliabbas Əlimədətoğlu,
əməkdar mədəniyyət işçisi
Təzadlar.- 2011.- 5-8 mart.- S.14.